Annotasiya
“Zolaqlı pijamalı oğlan”(ingiliscə “The Boy in the Striped Pyjamas“) – irland yazıçısı Con Boynun 2006-cı ildə nəşr olunan romanıdır. Əsər həm müəllifin vətənində, həm də dünyada müxtəlif nüfuzlu mükafatlara layiq görülüb.
Yazıçının cəmi iki gün yarıma yazıb bitirdiyi bu roman dünyada ən qısa müddətə yazılmış kitabların siyahısında ilk yerdədir. 1943-cü ildə faşist Almaniyasında baş verən hadisələr Bruno adlı alman oğlanın dilindən nəql edilir. Brunonun atası zabitdir. O, Auşvitsdə əsir düşərgəsinə rəhbərlik edir. Bir gün Bruno ilə yəhudi saatsazın düşərgədə yaşayan oğlu Şmulun tale yolları tikanlı məftillərin yanında kəsişir. Onlar dostlaşırlar, bu iki uşağın öz dünyası, oyunları var. Onlar heç zaman ağıllarına gəlməyən dəhşətli bir sonluğun astanasında əyləncə axtarışındadırlar.
Amerikalı rejissor Mark Herman 2008-ci ildə əsərin motivləri əsasında film çəkib.
Karandaşın izi ilə
Düşündü ki, heç nə, hətta həşəratlar belə Auşvitzdə yaşamaq istəmir.
***
– O dəlidir. Bir dəfə gördüm ki, küçə pişiyini günorta çay içməyə dəvət edir.
– Pişik nə dedi?
– Heç nə. O axı pişik idi.
***
…leytenant Kotlerdən xoşu gəlmirdi. Elə bil ətrafa soyuq saçırdı. Bruno onu görəndə az qala jaket heymək istəyirdi.
***
Gecə səmadakı ulduzlara baxan hər kəsə astronom deməzlər, bilirsən də.
***
– Dünyada baş verənlərdən bəhs edən kitablar əlbəttə vacibdir. Əlbəttə nağıl kitabları olmaz. Heç zaman olmayanlardan bəhs edən kitablar da olmaz. Öz tarixini nə qədər yaxşı bilirsən, gənc oğlan?
– Mən bilirəm ki, min doqquz yüz otuz dördüncü ilin aprel ayında anadan olmuşam.
– Söhbət şəxsən sənin tarixindən getmir. Sənin mənsubiyyət tarixindən gedir, kimsən, hardan gəlmisən. Nəslinin tarixini. Atanın torpağının tarixini bilməlisən.
***
Sadəcə, bilməlisən ki, kəşf etdiyin nəsə kəşf edilməyə dəyərmi. Elələri var, heç nə etmir, sadəcə öz işləri ilə məşğul olur və kəşf olunmağını gözləyir. Amerika kimi. Başqa şeylər var ki, onları boşuna buraxmaq lazımdır. Məsələn, şkafın arxasında olan ölü siçan.
***
– … onlar kimi olanlarla.
– Onlar kimi olmaq nə deməkdi?
– Başqa yəhudilərlə birlikdə, Bruno. Bunu bilmirdin? Ona görə də onlar ayrı saxlanılır. Bizə qarışa bilməzlər.
– Biz yəhudilərik?
Qretelə elə bil kimsə şillə vurdu, ağzı açıq qaldı.
– Yox, Bruno. Yox, tamamilə yox. Özü də bir də belə şeyi dilinə gətirmə.
– Niyə? Bəs biz kimik?
– Biz… Biz… Biz yəhudi deyilik.
Tərcümə: Şahbaz Xuduoğlu