Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Nikol Krauss “Məhəbbət tarixçəsi”

Annotasiya

“Məhəbbət tarixçəsi”(ingiliscə “The History of Love“) Nikol Kraussun sayca ikinci və ən məşhur romanıdır. Otuz beşdən çox dilə tərcümə edilən kitab beynəlxalq bestsellərə çevrilib.

Son günlərini tək-tənha Nyu Yorkdakı darısqal mənzilində keçirən Leo Qurski keçmiş günlərini yada salır. O, altmış il əvvəl aşiq olduğu qıza kitab həsr edir, müharibə onları ayrı salır və Leo əlyazmanın it-bat olduğunu düşünür. Günlərin bir günü kimsə həmin kitabı poçtla ona göndərir. Paralel olaraq həmin romanın baş qəhrəmanının şərəfinə adlandırılan on dörd yaşlı Alma anasının həyatını dəyişən bu müəmmalı əsərin müəllifinin axtarışına çıxır. Bəs bu iki insanın yolu kəsişəcəkmi?

Rejissor Radu Mixaylyanu 2016-cı ildə kitab əsasında eyniadlı film çəkib.

Karandaşın izi ilə

Amerikaya gələndə burada əmim oğlundan başqa heç kimim yox idi. O da çilingər idi, xarab qıfılları düzəldirdi. Mən də onun yanında işləməyə başladım. O, pinəçi olsaydı, mən də pinəçi olacaqdım; pox təmizləsəydi, pox təmizləyəcəkdim. Ancaq o çilingər idi.

***

İstənilən axmağı pəncərənin qarşısına qoyun və Spinozanız hazırdır.

***

Uşaqlığımızdakı sözlər bizə yad oldu – onlardan əvvəlki kimi istifadə edə bilmirdik,buna görə də onları ümumiyyətlə tələffüz etməmək qərarına gəldik. Həyat yeni dil tələb edirdi.

***

Mən dünyanı təsvir etmək istəyirdim, çünki təsvir edilməmiş dünyada yaşamaq çox tənha hiss etdirirdi.

***

Hər şeyi inkar edirdik: otaqları, illəri, havanı. Bir gün, lap qızışmışdıq, Quşcuğaz dərin bir nəfəs aldı və var gücü ilə qışqırdı:

– Bütün! Həyatım! Boyu! Bədbəxt! Olmamışam!

– Axı sənin cəmi yeddi yaşın var, – mən dedim.

***

Çöldən evə gələndə məni yataq otağına çağırır, qucaqlayır və öpüşlərə qərq edirdi. Saçlarımı sığallayır və “səni elə çox sevirəm ki” deyirdi. Asqıranda “sağlam ol, sən ki bilirsən, səni necə çox sevirəm?” deyirdi. Burun dəsmalımı götürməyə gedəndə isə “mənimkini götür, səni elə çox sevirəm ki” deyə xahiş edirdi; ev tapşırığımı etmək üçün qələmimi axtaranda “Mənim qələmimi götür, sənin üçün hər şey edərəm” deyirdi; ayaqlarım qaşınanda “Bura da qaşınır? Gəl səni qucaqlayım” deyirdi; öz otağıma getdiyimi deyəndə “Sənə nəsə hazırlayım? Axı səni çox sevirəm” deyə ardımca qışqırırdı və həmişə də demək istəyirdim, ancaq cəsarət etmirdim: “Məni az sev”.

***

Heykəltəraş və rəssam Alberto Cakometti deyirdi ki, bəzən başı yaxşı təsvir etmək üçün bütün bədəndən imtina etmək lazım gəlir (bunu mənə Culian dayı demişdi). Yarpaq çəkmək üçün bütün peyzajı qurban verməli olursan. Əvvəlcə elə görünə bilər ki, özünü məhdudlaşdırırsan, amma bir müddətdən sonra başa düşürsən ki, təkcə balaca bir detalın köməyi ilə Kainat hissini daha dəqiq ötürmək olur, nəinki bütün göy üzünü bütöv təsvir etməyə çalışanda. Anam nə yarpağı seçmişdi, nə başı. O, atamı seçmişdi və bir hissə sadiq qalmaq üçün bütün dünyanı qurban vermişdi.

***

Anam gödəkcə və şapka ilə yanaşı mənə hansısa Deniel Elricin kitabını hədiyyə etdi. O dedi ki, Nobel mükafatı paleontoloqlara verilsəydi, Elric bu mükafata layiq görülərdi.

***

Lazımi məqam keçdi, ola biləcəklə ola bilənin arasındakı qapı üzümüzə bağlandı. Daha doğrusu, üzümə bağlandı. Həyatımın qrammatikası: qarşına çıxan istənilən yerdə cəm şəkilçisini dərhal tək şəkilçi ilə əvəzlə.

***

– Gəl ağacın altında dayanaq.

– Niyə?

– Çünki belə yaxşıdır.

– Bəlkə sən kresloya oturasan, mən yanında dayanım. Ər-arvadları həmişə belə çəkirlər.

– Axmaqlıqdır.

– Niyə?

– Çünki biz evli deyilik.

– Bəlkə əl-ələ tutaq?

– Olmaz.

– Axı nyə?

– İnsanlar biləcək.

– Nəyi?

– Bizi.

– Bilsinlər də.

– Yaxşısı budur, sirr qalsın.

– Niyə?

– Onda onu heç kim bizdən ala bilməz.

***

Biz çox gənc ikən görüşmüşdük və heç xəyal qırıqlığının nə olduğunu əməlli-başlı bilmirdik, biləndə isə məlum oldu ki, bu, bir-birimizə hiss etdiyimiz duyğulardır.

***

Günlərin bir günü kimsə qığılcım çıxarmaq üçün iki çubuğu bir-birinə sürtüb. Eynilə bu şəkildə kimsə bir gün ilk dəfə sevinc və ya kədər hiss edib. Elə bir dövr olub ki, yeni hisslər daim, bir-birinin ardınca kəşf edilib. İstək eynilə peşmanlıq kimi çox tez doğulub. İnadkarlıq meydana çıxanda zəncirvari reaksiyaya səbəb olub, bir tərəfdən hiddət, digər tərəfdən soyuqluq və tənhalığı yaradıb. Çox güman, ombanın saat əqrəbinin əksi istiqamətində hərəkəti coşğun vəcdə səbəb olub, şimşək çaxması isə ilk dəfə kimisə xilaskar qorxuya salıb. Bəlkə bu, Alma adlı qızın əndamı olub. Paradoksal səslənsə də, təəccüb hissi birdən ortaya çıxmayıb. Bu hiss yalnız insanlar əşyalara öyrəşdikdən sonra gəlib. Və kifayət qədər vaxt keçdikdən və birinci adam təəccüblənəndə, elə həmin an başqa biri ilk dəfə nostaljiyə qapılıb.

***

O, “Kəndir əsri”nin on dördüncü fəslini təkrar-təkrar o qədər oxumuşdu ki, kitab artıq istər-istəməz həmin yerdə açılırdı: “İtən o qədər söz var ki. Onlar insan ağzını tərk edirlər, cəsarətləri onları tərk edir və quru yarpaqlar kimi kürünüb arxa tökülənə qədər məqsədsiz şəkildə dünyanı dolanırlar. Yağışlı günlərdə onların xorunun yaxınlıqdan necə keçdiyini eşitmək olar:

MənGözəlQızİdimXahişEdirəmGetməyinMənDəİnanıramKiBədənimŞüşədənHazırlanıbMənHeçVaxtHeçVaxtSevməmişəmÖzüməGülməliGəlirəmMəniBağışla…

Sözlərin yolda it-bata düşməməsi üçün ipdən istifadə edilən vaxtlar olub. Utancaq insanlar həmişə ciblərində balaca yumaq gəzidrirdilər. Hamıdan möhkəm qışqıranlara da ən az onlar qədər yumaq lazım olub. Axı onlar öyrəşmişdilər ki, hamı onları eşidir. Təkcə bir adamın eşitməsi üçün nə etməli olduqlarını bilmirdilər. İpdən istifadə etmək qərarına gələn iki insan arasındakı fiziki məsafə adətən elə də uzun olmurdu; lakin bəzən məsafə kiçildikcə, ipə bir o qədər ehtiyac olurdu. Daha sonra, çox sonra ipin ucuna fincanlar bağlamağa başladılar. Bəziləri deyir ki, dünyanın ilk səslərinin hələ də canlı qalan əks-sədasını eşitmək üçün balıqqulağını qulağa sıxmaq kimi qarşısıalınmaz istək bununla əlaqədardır. Başqaları isə deyir ki, bunu Amerikaya köçən qızın okeanın üstündən uzatdığı ipin ucunu tutan şəxs kəşf edib. Dünya böyüdükdən və iplər bəs etməyəndən sonra insanların söyləmək istədiyi sözlər it-bat olmasın deyə telefon ixtira edildi. Bəzən söyləmək lazım olanları söyləmək üçün heç bir ip kifayət etmir. Belə hallarda necə olursa-olsun bir ipin əlindən gələn yeganə iş insan səssizliyini ötürməkdir”.

***

Səssizliyin cinayət olmasında ittiham edildikdən sonra Babel dünyada susmağın bir çox yolu olduğunu öyrəndi. İndi o, musiqiyə qulaq asanda səsləri deyil, onlar arasındakı sakitliyi dinləyirdi. Kitab oxuyanda bütövlükdə vergüllərə, nöqtələrə, nöqtələrdən sonrakı və növbəti cümlənin başladığı böyük hərfdən öncəki boşluğa dalırdı. Otaqda səssizliyin toplandığı yerləri açırdı: pərdələrin büküşlərini, ailəyə məxsus dərin gümüşü qabları. Ona müraciət ediləndə insanların ona söylədiklərindən getdikcə daha az, susduqlarından daha çox eşidirdi. O, səssizliyin müxtəlif növlərini ayırd etməyi öyrənmişdi – bu, yalnız intuisiyanın köməyi ilə mürəkkəb tapşırıqların həllinə oxşayırdı. Seçdiyi sənətdə uğur qazana bilmədiyi üçün heç kim onu ​​qınaya bilməzdi. O, hər gün sükut dastanları yaradırdı. Əvvəlcə çətin olurdu. Təsəvvür edin, uşaq sizdən Allahın olub-olmadığını, sevdiyiniz qadın sizdən onu sevib-sevmədiyinizi soruşanda susmaq necə çətindir. Əvvəlcə Babel yalnız iki sözlə – “hə” və “yox” ilə kifayətlənməyə çalışırdı. Lakin o bilirdi ki, kiçicik səs belə səssizliyin kövrək bütövlüyünü dağıda bilər.

***

Qaranlıq pəncərədəki əksinə baxan Litvinov gözündəki pərdənin düşdüyünü və həqiqətin ona agah olduğunu hiss etdi: o, istedadsız adamdır. O, hər şeyi olduğu kimi qəbul etməyə hazırdır və ona görə də orijinal ola bilməz.

***

– Qəribədir. Mən həmişə elə fikirləşirdim ki…

– Nə fikirləşirdin?

– Fikirləşirdim ki, biz nəsə məhəbbətdən böyük bir şey uğrunda mübarizə aparırıq.

– Məhəbbətdən böyük nə ola bilər ki?

***

Yəhudi dua edərkən Tanrıya cavabsız sual verir.

***

İtlərə görə Sara və Hannanı itirdim. Yağışa görə Gerşeli itirdim. Zəmanə dəyişəndə İosifi itirdim. Gülüşümü itirdim. Bir cüt çəkməmi itirdim. Axşam onları çıxardım, Gerşelin hədiyyə etdiyi çəkmələri, səhər duranda artıq yox idilər. Günlərlə ayaqyalın gəzdim, sonra dözmədim başqasının ayaqqabılarını oğurladım. Sevmək istədiyim yeganə qadını itirdim. İllərimi itirdim. Kitablarımı itirdim. Doğulduğum evi itirdim. İsaakı itirdim. Və kim iddia edə bilər ki, bu yol boyu ağlımı itirməmişəm?

***

Niyə insanlara həmişə ölmüş adamların adını qoyurlar? Əgər mütləq nəyinsə adını vermək lazımdırsa, qoy onda bunlar daha daimi şeylər olsun: məsələn, səma, dəniz və ya ideyalar – hətta pis ideyalar da heç vaxt ölmür.

***

Ən azından yaşadım. Necə yaşadaım? Sadəcə yaşadım. Asan olmadı. Və? Həyatda yaşana bilməyən çox az şey var.

***

İndi həyatımın sona çatdığı bir vaxtda deyə bilərəm ki, məni ən çox insanın dəyişmək qabiliyyəti təəccübləndirir. Bu gün sən şəxsiyyətsən, sabah isə sənə it olduğunu deyirlər. Əvvəlcə dözülməz görünür, lakin sonra bunu itki kimi qəbul etməməyi öyrənirsən. Və elə bir vaxt gəlir ki, necə deyərlər, insan olaraq davam edə bilməyin üçün nə qədər az şeyə ehtiyacın olduğunu dərk edirsən.

Tərcümə: Lamiyə Göycəyeva

2.5 (50%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram