Annotasiya
“Mülksüzlər” (ingiliscə “The Dispossessed, An Ambiguous Utopia“) – amerikalı fantast Ursula Le Quinin 1974-cü ildə nəşr olunan və “Nebula”, “Huqo”, “Lokus”, “Promotey” kimi ən nüfuzlu mükafatlara layiq görülən romanıdır. Əsər sosial-fəlsəfi fantastika janrında qələmə alınan ən yaxşı ədəbi nümunələrdən biri hesab olunur.
Müəllif iki müxtəlif ictimai formasiya modeli təqdim etməklə yanaşı, onları ciddi şəkildə təhlil və müqayisə edir.
Karandaşın izi ilə
Açıq şəkildə fərqində olduğu bircə şey vardı – o da özünün tam təcrid olunması gerçəyi idi. Dünya ayaqlarının altından qaçmış, yalnız qalmışdı. Bunun baş verə biləcəyi ehtimalı onu həmişə ölümdən daha çox qorxutmuşdu. Ölmək özünü itirmək və digərlərinə qovuşmaq idi. O isə özünü saxlayıb, digərlərini itirmişdi.
***
– Həqiqətən, sizdə kişilərin işi ilə qadınların işi arasında fərq yoxdur? – Bəli, yoxdur. Bu daha çox mexaniki bölgü deyil? İnsan işi öz marağına, istedadına, gücünə görə seçir, cinsiyyətin bura nə dəxli var?
– Kişilər fiziki cəhətdən güclüdürlə, – həkim ekspert qətiyyəti ilə təsdiqlədi.
– Bəli, çox vaxt. Həm də cüssəlidirlər. Ancaq maşınlarımızın olduğu yerdə bunun nə mənası var? Maşınlarımız olmasa belə… tutaq ki, yer qazırıq, yaxud kürəyimizdə nəsə danışıyırıq… ola bilər ki, kişilər – iriləri – daha sürətli işləsinlər, amma qadınlar daha uzun müddət işləyirlər… Qadınlar kimi dözümlü olmadığıma tez-tez təəssüf etmişəm.
***
Nitq bölüşməkdir. Kooperativ sənətdir. Sənsə bölüşmürsən, daha çox lovğalanırsan.
***
Bir kitab yalnız ədədlərlə yazılmış olsaydı, doğru olardı, ədalətli olardı. Sözlərlə ifadə edilmiş şeylər açıq-aydın, tamamlayıcı olmaq əvəzinə, qarışır, dolanbaclaşıb bir-birinə girirlər.
***
Şevek gözləməyi yaxşı öyrənmişdi… Səkkiz yaşında nə üçün, necə və bəlkə suallarını verirdi. Nə vaxt sualı isə çox nadir idi.
***
Yaxşı. Razıyam. Urrasdan qorxmaq ağıllı addımdır. Bəs nifrət etmək niyə? Nifrət funksional deyil. Bizə niyə bunu öyrədirlər?
***
– Ah, kaş yenə o biri düşərgədə olardım və üzərdim. İylənirəm!
– Mən də.
– Hamımız iylənirik.
– Ah, bu həmrəylik.
***
Zövq almadığın işlə məşğul olmaq əxlaqsızlıq deyilmi?
***
– Kişiyə azadlıq lazımdır. Qadına isə mülkiyyət. Qadın səni yalnız o zaman buraxar ki, nə iləsə dəyişə bilsin. Bütün qadınlar… mülkiyyətçidirlər.
– Bəşəriyyətin yarısı haqqında əcəb sözlər deyirsən.
***
– Düşünürəm ki, kişilər anarxist olmağı öyrənməlidirlər. Qadınların isə buna ehtiyacı yoxdur.
– Hər şeyin başında uşaqlar durur. Doğmaq onları mülkiyyətçi edir. Yapışırlar, buraxmırlar.
***
Əzab mövcuddur. Realdır. Mən onu anlaşılmazlıq adlandıra bilərəm, amma özümü elə apara bilmərəm ki, guya mövcud deyil və ya nə vaxtsa mövcud olmayacaq. Əzab mövcudluq səbəbimizdir. Onu çəkəndə hiss edirsən, iliklərinə qədər hiss edirsən. Əlbəttə, xəstəlikləri müalicə etmək, aclığa və ədalətsizliyə yol verməmək lazımdır. Sosial orqanizm bunu edir. Amma heç bir cəmiyyət mövcudluğun təməlini dəyişə bilməz. Biz əzabın qarşısını ala bilmərik. Sənin ağrını, mənim ağrımı sağalda bilərik, amma Ağrını yox. Cəmiyyət ancaq ictimai əzablara, lazımsız ağrılara son qoya bilər. Digərləri isə qalıcıdır. Bünövrədir, gerçəkdir. Burada oturan hər kəs kədəri dadacaq. Əli il yaşasaq, əlli il ağrı hiss edəcəyik. Sonra isə öləcəyik. Bu, dünyaya gəlməyimizin şərtidir. Həyatdan qorxuram! Bəzən məni çox… çox qorxudur. Xoşbəxtlik bayağı görünür. Yenə də özümdən soruşuram: bəlkə hər şey anlaşılmazlıqdır? Xoşbəxtlik dalınca qaçmaq, əzabdan qorxmaq… Bəlkə ondan qorxmaqdan və qaçmaqdansa… onu arxada qoymaq, hüdudlarından kənara çıxmaq olar? Ondan kənarda bir şey olmalıdır. Axı bizim “mən”imiz əzab çəkir, “mən”imizin… mövcud olmadığı bir məkan var. Necə deyəcəyimi bilmirəm. Amma düşünürəm ki, əzab çəkdiyim zaman tapdığım gerçəyi və həqiqləri qəlbin rahatlığında və xoşbəxt anlarda tapmaq mümkün deyil… ağrının reallığı onu geridə qoya bilirsənsə, ona axıra qədər tab gətirə bilirsənsə, heç də ağrı deyil.
***
– O zaman anladım ki… başa düşürsünüz… anladım ki, heç kəs heç kimə heç nə ilə kömək edə bilməz. Bir-birimizi xilas edə bilmərik. Özümüzü də.
– Bəs onda yerdə nə qaldı axı? Təcrid və ümidsizlikdən savayı heç nə! Sən qardaşlığı inkar edirsən, Şev!
– Yox… yox, inkar etmirəm. Sadəcə, mənə görə, gerçəkdə qardaşlığın nə olduğunu söyləməyə çalışıram. O… o paylaşılan ağrıdan başlayır.
– Bəs harada qurtarır?
– Bilmirəm. Hələ ki bilmirəm.
***
İdeyanın təbiəti ünsiyyət tələb edir: yazı, danışıq, fəaliyyət. İdeya ot kimidir, günəşə can atır, izdihamı sevir, calaq olduqca daha da çiçəklənir, tapdalandıqca daha yaxşı böyüyür.
***
Üstünlük məsuliyyətdir.
***
Əlbəttə ki, azadlıq gizlilikdən çox aşkarlıqdan doğulur. Və azadlıq hər zaman uğruna təhlükəyə atılmağa dəyər şeydir.
***
Mənəvi rahatlığı və praktiki əlverişliliyi eyni tərəziyə qoydu, sonuncu daha ağır gəldi.
***
Çox nəzakətli idi. Üstün olmaq uğrunda mübarizə aparmırdı, ona görə də ona üstün gəlmək mümkün deyildi.
***
Olmaya qorxursunuz ki, tələbələr anarxist olar? Gənclər başqa nə ola bilərlər ki? Gənc olan üsyançı olmalıdır, elə deyilmi?
***
İmtahan sistemi isə onu dəhşətə gətirmişdi. Təbii öyrənmə istəyini beyni məlumatla doldurub, sonra tələb olunanda qusmaq vərdişindən daha çox öldürən başqa bir şey düşünmək çətindir.
***
Əgər hər hansı bir işi etmək istəmirsinizsə etməməlisiniz.
***
Sadə bir iqtisadi mətni oxumağa çalışdı; dözülməz dərəcədə darıxdırıcı idi. Bu, dayanmadan uzun və axmaq bir yuxusunu danışan birisinə qulaq asmağa bənzəyirdi.
***
Kapitalizmin bütün prosesləri ona ibtidari bir dinin ayinləri kimi mənasız, barbarsayağı, mürəkkəb və lazımsız görünürdü. Tanrıya insan qurban vermə mərasimində heç olmasa yanlış və qorxunc bir gözəllik vardı. Tamah, tənbəllik və paxıllığın bütün insan davranışlarına təkan verdiyini hesab edən pul ayinlərində isə hətta yanlış və qorxunc olan da bayağılaşmışdı.
***
– Paltonun qiyməti 8400 vahiddir? – gözləri bərəlmiş Şevek heyrətlə soruşdu. Heyrətlənmişdi, çünki yaxınlarda bir qəzetdə oxumuşdu ki, illik minimum əmək haqqı təxminən 2000 vahiddir.
***
Sizi əmin edirəm ki, Annaresdə o qədər də çox idealist qalmayıb. Bəli, ilk mühacirlər idealist idilər. Bu dünyanı bizim səhra üçün tərk etdilər. Ancaq bu yeddi nəsil əvvəl idi! Cəmiyyətimiz həddən artıq praktikaya yönəlib. Başı həddən artıq sadəcə sağ qalmağa qarışıb. Yalnız sağ qalmaq üçün istifadə olunan sosial əməkdaşlığın, qarşılıqlı yardımlaşmanın nəyi idealistdir ki?
***
– Mülk olan yerdə oğurluq da var?
– Oğru istəyirsənsə, sahib yarat, cinayət istəyirsənsə, qanun yarat.
***
Tənha idi. Hər gün görüşdüyü bu qədər insanın arasında tamamilə tənha idi.
***
Əşyalara malik olmaq istəyinin təbii, estetik mənşəyi iqtisadi və rəqabətçi meyllərlə təhrif olunmuşdu ki, bu da öz növbəsində əşyaların keyfiyyətinə təsir edirdi – hər biri cansız və həddən ziyadə dəbdəbəli idi.
***
Məcburetmə intizam yaratmaq üçün ən səmərəsiz üsuldur.
***
Fikirləri güclə əzə bilməzsən. Onları sadəcə məhəl qoymamaqla əzə bilərsən. Düşünməyi, dəyişməyi rədd etməklə. Bizim cəmiyyətin elədiyi də elə budur!
***
İnsanı əsl dəli edən şey reallıqdan kənarda yaşamaq cəhdidir. Reallıq dəhşətlidir. İnsanı öldürə bilər. Kifayət qədər vaxt verilsə, mütləq öldürər. Reallıq əzabdır. Ancaq insanı dəli edənsə yalanlar, reallıqdan qaçışdır. İnsanı özünü öldürməyə vadar edən yalanlardır.
***
Hakimiyyət – iqtidarı əldə tutmaq və genişləndirmək üçün gücün qanuni istifadəsi. Qanunların yerinə ənənə qoy.
***
– Şev, sən heç analogiyada “xəstəlik” adlanan, sosial sevgisizlik, narazılıq, yadlaşma deyilən şeylərin analoji olaraq əzab da adlandırıla biləcəyini düşünmüsən? Sənin əzab dediyin şeylərdən bəhs edirəm. Yaxud əzab kimi bunun da orqanizmdə bir funksiyası olduğunu?
– Xeyr! – Şevek şiddətlə etiraz etdi. – Mən fərdi, mənəvi terminlərlə danışırdım.
– Amma fiziki ağrıdan, yanıqlardan ötrü ölən insan haqqında danışırdın axı. Mənsə mənəvi əzab haqqında danışıram! İnsanların bacarıqlarının, zəhmətlərinin, həyatlarının bada getməsinə tamaşa etməkləri haqqında. Ağıllıların dəlilərə tabe edilməsi haqqında. Güc və cəsarətin qısqanclıq, dəyişmə qorxusu tərəfindən boğulduğunu görmələri haqqında. Dəyişiklik azadlıqdır, dəyişiklik həyatdır.
***
Əslində heç düşünməmək hər zaman daha asandır. Ürəyəyatan, etibarlı iyerarxiya tapıb, ona sığınmaq olar. Heç nəyi dəyişdirmə, başqaları tərəfindən bəyənilməmə təhlükəsinə düşmə, əməkdaşları narahat etmə. Sənə hökmranlıq etməklərinə icazə vermək hər zaman daha asandır.
***
Əcaib görünmək bahasına öz vicdanlarının azadlığını qoruyurdular.
***
– Kamera musiqisi üçün əsərlər yazıram. Bəlkə Eynizamanlılıq Prinsipi adını verdim. Beş alət. Hər biri ayrı-ayrı dövri mövzunu ifa edirlər; melodik şərtilik yoxdur; bütün irəli hərəkət prosesi müstəsna olaraq partiyaların qarşılıqlı əlaqəsindən ibarətdir. Ortaya möhtəşəm bir harmoniya çıxır. Amma eşitmirlər. Eşitməyəcəklər də. Eşidə də bilməzlər!
– Həmrəylik Coşğusu adını versəydin, eşidərdilər?
– Lənət şeytana, həyatın boyu dediyin ilk kinayəli söz idi, Şev. Aramıza xoş gəldin!
***
Bir də musiqi sənəti, ümumiyyətlə bütün incəsənət növləri təbiət etibari ilə paylaşmaqdır. Sənətkar paylaşır.
***
Müxtəliflik heyrətamiz idi. Şevek heç həyatın bu qədər hüdudsuz, bərəkətli şəkildə çoxala biləcəyini ağlına gətirməmişdi. Bolluğun əslində həyatın ən əsas xüsusiyyəti olduğunu fikirləşməmişdi.
***
– Nəyisə bütün olaraq görə bilirsənsə, o həmişə gözəl olacaq. Planetlər, həyatlar… Amma yaxından baxanda, dünyanın ancaq toz və qayadan ibarət olduğunu görürsən. Gün keçdikcə həyat daha da çətinləşir, yorulursan, ahəng itir. Uzaqlaşmaq lazımdır. Məsafə zəruridir. Dünyanın nə qədər gözəl olduğunu başa düşməyin yolu onu ay kimi görməkdən keçir. Həyatın nə qədər gözəl olduğunu başa düşməyin yolu ölümün içindən baxmaqdan keçir.
– Bir qəbir daşının üstündə durub həyata baxıb, “nə gözəlsən” demək mənlik deyil. Burada, həyatın ortasında, indi, bu anı yaşamaq istəyirəm. Əbədiyyət heç vecimə deyil.
***
– Məyus oldum, sizi kobud və təhlükəli təsəvvür edirdim.
– Mən elə təsəvvür etdiyiniz kimiyəm.
***
Bəzi məsələlərdə cəmiyyətdən uzaq dursa da, bu cəmiyyətə nə qədər yad olsa da, həyatı boyu qazandığı vərdişi hələ də qalmışdı: insanların ona kömək edəcəyini düşünürdü. İnsanlara inanırdı.
***
Bu, ədalətsiz gözəllik idi. Uraslılar bu gözəlliyə layiq olmaq üçün nə etmişdilər? Niyə onlara hər şey bu qədər səxavətlə, bu qədər zərifcəsinə, amma onun xalqına belə az, çox az verilmişdi?
– Urraslı kimi düşünürəm, – öz-özünə dedi. – Lənətə gəlmiş mülkiyyətçi kimi. Layiq olmağın bir mənası varmış kimi. Sanki həyatı və gözəlliyi qazanmaq olurmuş kimi!
***
Nə desəm də, nə etsəm də, gözünüzdən düşməyəcəyimi hiss edirəm, çünki onsuz da ən dibdəyəm!
***
İnsanlar ana-bala, həkim və xəstə, ya da sevgili deyillərsə, adətən, bir-birinə belə yaxından diqqətlə baxmırlar.
***
Həyat mübarizədir və ən güclülər qalib gəlir. Sivilizasiyanın yeganə uğuru isə gözəl sözlərlə qanı və nifrəti ört-basdır etməkdir.
***
– Deməli, zamanın axdığını, önümüzdən keçib getdiyini düşünürük. Bəlkə biz önə doğru, keçmişdən gələcəyə, davamlı olaraq yeni olanı kəşf edərək gedirik? Zamanın bu cür axışı bir az da kitab oxumağa bənzəyirdi, başa düşürsünüz? Kitab oradadır, bütünlüklə, başdan ayağa üz qabığının içindədir. Amma siz hekayəni başa düşmək istəyirsinizsə, ilk dəhifədən sona doğru irəliləməlisiniz və bütün səhifələri oxumalısınız. Beləliklə, kainat çox nəhəng bir kitabdır, biz də onun çox kiçik oxucuları.
– Amma həqiqət budur ki, kainatı bir ardıcıllıq, bir axış olaraq başa düşürük. Əgər belədirsə, hansısa daha yüksək səviyyədə, hər şeyin sonsuza qədər və eyni anda möcud ola biləcəyini deyən bu nəzəriyyə nəyə lazımdır? Ola bilər ki, siz nəzəriyyəçilər üçün əyləncəlidir, amma real həyatda heç bir praktik əhəmiyyəti, real həyata heç bir xeyri yoxdur! Ən azından, zaman maşını düzəltmək olmursa!
– Amma biz kainatı təkcə davamlı olaraq başa düşmürük. Heç yuxu görmürsünüz, cənab Dearri?
– Bunun nə dəxli var?
– Görünür, biz zamanı yalnız şüurumuzla qəbul edirik. Südəmər körpə üçün zaman anlayışı yoxdur: keçmişlə arasındakı məsafəni ölçə bilmir, keçmişin indi ilə necə əlaqəl olduğunu dərk etmir, indinin gələcəklə necə əlaqələnəcəyini planlaşdıra bilmir. Yetkin insanın təhtəlşüuru da eynilə bu cürdür. Yuxuda zaman yoxdur, ardıcıllıq tamamilə dəyişir, səbəb və nəticə qarşı-qarşıya dayanır. Mif və əfsanələrdə də zaman yoxdur. “Zaman zaman içində, xəlbir saman içində…” kəlmələri ilə başlayan nağıllarda hansı zaman nəzərdə tutulur? Bu səbəbdən də mistik öz şüuru ilə təhtəlşüuru arasındakı əlaqəni bərpa edəndə, hər şeyin vahid və bütöv olduğunu görür və əbədi qayıdışı dərk edir.
***
Zaman irəliyə uzanan bir düz xətt olduğu qədər həm də dövridir. Planet fırlanır, başa düşürsünüz? Bir dövrə, günəş ətrafında bir tam dövrə bir il edir, elə deyilmi? İki dövrə – iki il və s. Kənardan müşahidə etsək, dövrələri sonsuza qədər saya bilərik. Əslində zamanı elə bu sistemlə sayırıq, beləcə, zaman sayğacı – saatlar alınır. Amma sistemin, dövrənin içərisində zamanın yeri haradadır? Başlanğıc və son haradadır? Əbədi tləkrarlanma – zamansız prosesdir. Onu zamanlı proses kimi görə bilmək üçün hər hansı digər dövri və ya qeyri-dövri proseslə müqayisə etməliyik. Bu çox qəribə və heyrətamiz bir şeydir. Bilirsiniz, atomlar da dövri hərəkət edir. Sabit birləşmələr bir-birilərinə görə sistematik, dövri hərəkətə malik hissələrdən ibarətdir. Əslində maddəyə lazımi sabitliyi verib təkamülü mümkün edən atomin kiçik, zaman nöqteyi-nəzərindən tərsinə çevrilə bilən dövrələrdir. Ardıcıl düzülən kiçik zamansızlıqlardan zaman əmələ gəlir. Sonra isə daha böyük ölçüdə – Kainat; bildiyiniz kimi, bütün qalaktikanın dövri bir proses, bir genişlənmə və sıxılma titrəmələri olduğunu, əvvəli və sonrası olmadığını düşünürük. Yalnız içində yaşadığımız böyük dövrlərin hər birində düzxətli zaman, təkamül və dəyişiklik var. Deməli, zamanın iki aspekti var: birincisi, onsuz da heç bir dəyişikliyin, irəliləyişin, istiqamətin və ya yaradılığın mümkün olmadığı ox, axan çay var. İkincisi isə, onsuz xaosun hökm sürəcəyi, anların mənasızcasına ard-arda düzüləcəyi, saatların, fəsillərin və ya verilən sözlərin olmadığı bir dünyada yaşayacağımız çevrə və ya dövr.
***
Zamanşünaslıq gerçəkdən əxlaqa toxunur. Çünki zaman hissimiz səbəblə nəticəni, vasitə ilə məqsədi ayırd etmək bacarığıızla əlaqəlidir. Körpələr və ya heyvanlar bu anda etdikləri ilə onların səbəb olacaqları hadisələr arasındalı fərqi qavramırlar. Bir yumaq düzəldə bilmirlər, söz verə bilmirlər. Amma biz edə bilirik. İndi ilə indi olmayan arasındakı fərqi gördüyümüz üçün bu əlaqəni qura bilirik. Bax elə burada əxlaq işə qarışır. Məsuliyyət.
***
İnsanlığın dərdi həmişə eynidir – sağ qalmaq. Növ, qrup və ya fərd olaraq.
***
Onda cəhənnəm sözü nədir? Mən əvvəllər elə bilirdim ki, o, böyüdüyüm şəhərdəki pox anbarıdır. Cəhənnəm ol. Ola biləcəyin ən pis yer.
***
Ruhu qaraldan faydasız əməkdir.
***
Birgə inam bədbinliyi, təşvişi yüngülləşdirirdi.
***
Təxminən iyirmi yaşda xüsusi bir an gəlir: seçim etməli olursan, hamı kimi olub həyatının geri qalanını elə yaşamaq, yoxsa öz qəribəliklərindən kəramət yaratmaq?
***
Bolluqda paylaşmaq asandır. Qıtlıqda belə, şeylərin yetərli miqdarda olmadığı zamanda paylaşmaq çətin deyildi. Bəs yoxluq? Burada güc dövrəyə girirdi; doğru yaradan güc; güc və maşası, zorakılıq və ən sadiq müttəfiqi, kənara baxan gözlər.
***
Heç nə yox olmamışdı. Yox olmalı heç nə yox idi onsuz da.
***
Seks kirli bir anlayış olmadıqda, günah deyilən şey mövcud olmayanda söyüş söymək çətinləşir.
***
– Pis vaxtlardır. Hə? Pis vaxtlardır.
– Daha da pis olacaq.
***
Cəmiyyətin bir gəncdən tələb etdiyi ilə özünün görməyi xoşladığı işlər həmişə üst-üstə düşmür.
***
Şevek elə bilmişdi ki, onlarla sövdələşə bilər. Nə qədər sadəlövh anarxist qavrayış imiş. Fərd Dövlətlə sövdələşə bilməz. Dövlət hakimiyyətdən savayı heç bir maliyyə sistemi tanımır.
***
Bizi bir-birimizə yaxınlaşdıran əzabdır. Sevgi deyil. Sevgi təfəkkürə itaət etmir. O, təzyiq altında olanda nifrətə çevrilir. Bizi bir-birimizə bağlayan bağlar bizim əlimizdə deyil. Bizlər qardaşıq. Ona görə qardaşıq ki, bölüşürük. Hər birimizin tək çəkməyə məcbur olduğu ağrıda, aclıqda, yoxsulluqda, ümiddə qardaşıq. Bunu bilirik, çünki öyrənməli olmuşuq. Bilirik ki, bir-birimizdən başqa köməyimiz yoxdur. Bir-birimizə yardım əlimizi uzatmasaq, heç kim bizi xilas etməyəcək. Həm də bu əlllər boşdur. Mənim əlim kimi. Sizin heç nəyiniz yoxdur. Heç nəyə sahib deyilsiniz. Heç nəyə malik deyilsiniz. Azadsınız. Sahib olduğunuz yeganə şey özünüz və verdiklərinizdir.
***
İnsan özünü digərlərinə qarşı tənha hiss edəndə qorxmağı gözləniləndir.
***
Onu demək istəyirəm ki, biz işimizdən imtina edirik deməyə utanırıq. İctimai şüur fərdi şüurla tarazlığa girmək əvəzinə ona hökmranlıq edir. Əməkdaşlıq etmirik – tabe oluruq. Qovulmaqdan, tənbəl, xeyirsiz, eqoist adlandırılmaqdan qorxuruq. Qonşumuzun fikrinə qarşı duyduğumuz qorxu öz seçim azadlığımıza duyduğumuz hörmətdən daha güclüdür.
***
Elmlə məşğul olan insan yalandan elə davrana bilər ki, əsəri onun şəxsiyyətini əks etdirmir, qərəzsiz həqiqətdir. İncəsənət adamı həqiqətin arxasında gizlənə bilməz. Gizlənməyə yeri yoxdur.
***
Divarları tilənlər öz divarlarının məhbuslarıdır.
***
Cəmiyyət təhlükəsizlik və sabitlik hissi versə də, təkcə fərd, şəxsiyyət əxlaqi seçim gücünə – həyatın təbii funksiyası olan dəyişmək gücünə malik idi.
***
Doymaq zamanın funksiyasıdır. Həzz axtarışı dövridir, təkrarlanır, zamandan asılı deyil. Tamaşaçının, həyəcan ovçusunun, dağınıq cinsi həyat sürənin müxtəliflik axtarışı nə vaxtsa qurtarır. Sonu var. Sona çatır və yenidən başlamalıdır. Bu, səyahət və qayıdış deyil, qapalı çevrədir, bağlı otaqdır, hücrədir. Bağlı otaqdan çöldə qəlbin uğurla və cəsarətlə kövrək, əldəqayırma, inanılmaz yollara malik və insanların məskunlaşdığı sədaqət şəhərləri qura biləcəyi zaman landşaftı var. Hərəkət yalnız o zaman insani addım sayılır ki, keçmişin və gələcəyin landşaftı daxilində baş verir. Keçmiş və gələcəyin davamlılığını qoruyub saxlayan, zamanı bir bütöv olaraq əlaqələndirən sədaqət insan gücünün köküdür, o olmadan yaxşı heç nə etmək mümkün deyil. … Zamana qarşı yox, zamanla birgə işləmək fikri də budur. Hətta əzabın da öz rolu var.
***
– Bizi bir-birimizdən yola çıxmaqla çatmaq arasındakı, sualla cavab arasındakı aylar, illər ayırır. Siz sanki dili yenidən kəşf edirsiniz! Danışa biləcəyik… Nəhayət ki, söhbət edə biləcəyik.
– Bəs siz danışa biləndə nə deyəcəksiniz?
***
– Mənə elə gəlirdi ki, realizmin nə olduğunu bilirəm.
– Ümidin nə olduğunu bilmədən bunu necə bilərsiniz ki?
***
– Mən sadəcə sizdən kömək diləyirəm, əvəzində sizə verəcək heç nəyim yoxdur.
– Heç nə? Nəzəriyyənizi heç nə adlandırırsınız?
– Onu bir insan varlığının azadlığı ilə tərəziyə qoyub ölçün. Hansı daha ağır gələr? Deyə bilərsiniz? Mən deyə bilmərəm.
***
Düşmən həvəslə səni qucaqlayırsa, öz həmvətənlərinsə səni amansızcasına rədd edirsə, həqiqətən də, satqın olduğunu fikirləşmək çətin deyil.
***
Mənim istədiyim qədər uzağa getməyəcək bir insanın mənim getməyimə mane olmağa haqqı yoxdur.
***
Həqiqi Səyahət qayıtmaqdır…
Tərcümə: Araz Bağırov, Araz Zeyniyev, Ləman Orucova