Annotasiya
“Keçmiş satan adam” (portuqalca “O vendedor de passados“) – anqolalı yazıçı Joze Eduardu Aqualuzanın 2004-cü ildə işıq üzü görən romanıdır. Əsərdə Müasir Anqola – ölkə sakinləri, siyasi sarsıntılar, vətəndaş müharibəsindən sonrakı vəziyyət, insanların bir-birlərinə münasibəti ev gekkosunun dili ilə nəql olunur.
Karandaşın izi ilə
Amma bu qorxunc qurğu belə oğlan uşaqlarının aradabir divarı aşıb avakado, yapon əzgili və papayya oğurlamasına mane ola bilmir. Onlar divarın üstünə taxta lövhələr qoyur, sonra da meyvələrə doğru uzanırlar. Məncə, belə bir mənasız qazanc üçün bu, olduqca böyük riskdir. Çox güman ki, onlar bunu heç meyvə yemək üçün də eləmirlər. Mənə elə gəlir, uşaqlar məhz riskə görə bu işə əl atırlar. Bəlkə də, gələcəkdə onlar üçün risk yetişmiş əzgil dadında olacaq?!
***
Əlbəttə, Eşperansa həyatı boyu Bakunini oxumamışdı. Əslində, heç ümumiyyətlə, kitab oxumamışdı. Çünki hərfləri güclə höccələyirdi. Ancaq onun gah evi təmizləyə-təmizləyə, gah nəşğmə oxuyurmuş kimi astadan donquldana-donquladana, gah da kimisə danlayırmış kimi bərkdən deyinə-deyinə danışdıqlarına qulaq asanda mən istər ümumilikdə həyat haqqında, istərsə də bu sərxoş ölkənin vəziyyəti haqqında daha çox şey öyrənirdim.
***
Nahar vaxtı Feliks Ventura qəzetləri gözdən keçirir, diqqətlə vərəqləyir və əgər hansısa bir məqalə ona maraqlı gələrdisə, bənövşəyi mürəkkəbli qələmlə işarələyirdi. Yeməyini bitirəndən sonra məqaləni səliqə ilə kəsir və bir qovluqda saxlayırdı.
***
“Heç vaxt sevməməkdən pis heç nə yoxdur”. Mənim həyatımda çox qadınlar olub, ancaq təəssüf ki, heç birini sevməmişəm. Heç birinə qarşı ehtiras duymamışam. Çox güman ki, təbiət belə tələb edir. Yadıma düşəndə dəhşətə gəlirəm.
***
Sizə elə gəlir ki, həyat bizdən mərhəmətli olmağımızı istəyir? Şəxsən mən belə düşünmürəm.
***
Bir dəfə məni, necə olmuşdusa, bir şənliyə aparmışdılar. Bir qoca öz yüzillik yubileyini qeyd edirdi. Mən onun özünü necə hiss etdiyini öyrənmək istədim. Zavallı adam çaşqınlıqla gülümsəyib dedi: “Mən bunun necə olduğunu, doğrudan da, bilmirəm. Hər şey o qədər sürətlə baş verdi ki…”
***
Keçmişin yükü və boşluğu ruhumu əzir.
***
Xairələrimizi oyadan, bizi şənləndirən və birləşdirən bu gözəl şərabın şərəfinə!
***
Müasir insanları nə dərəcədə meymun adlandıra biləriksə, Anjela Lusiyaya da bir o qədər qadın demək olar.
***
Adlar insanın alın yazısı ola bilər. Çünki elə adlar var ki, öz sahibini ardınca sürükləyir. Lap lilli-palçıqlı çay suları ağuşuna aldğını alıb-apardığı kimi… Və insan nə qədər müqavimət göstərsə də, bu ad onun taleyini müəyyənləşdirir. Bəzi adlar var ki, əksinə, maska kimidir. Öz sahibini gizlədir, insanların fikrini çaşdırır.
***
Keçmiş əsasən, stabildir, gözəl olsun, ya dəhşətli fərq etmir, həmişə oradadır, həmişə var və həmişə də olacaq.
***
Qocalanda bizim əmin olduğumuz yeganə şey tezliklə daha qoca olacağımızdır. Mənə elə gəlir, kiminsə haqqında “o cavandır” demək doğru deyil. “O cavandır”, – demək eynilə stəkanın yerə düşüb sınmasından bir neçə saniyə əvvəl sağ-salamat olmasını demək kimi bir şeydir.
***
Bir sıra cəsur insanlarla dostluq edirdim, amma təəssüf ki, bunun mənə bir köməyi olmadı. Cəsarət yoluxucu deyil, amma bax qorxu – yoluxucudur.
***
Ədəbiyyat əsl yalançıların cəmiyyətə özünü qəbul etdirmək üçün baş vurduğu bir metoddur.
***
Hesab edirəm ki, mənim gördüyüm iş də ədəbiyyatdır. Mən də süjet qururam, personajlar uydururam, ancaq onları bir kitabın içinə zəbt etməkdənsə, həyat verib, reallığın qoynuna atıram.
***
Sevgi etirafı, hətta ən gülünc olanları belə, qadınları riqqətə gətirir.
***
Mən rəngsiz adamam. Təbiət isə, sizin də bildiyiniz kimi, boşluqdan qorxur.
***
– Məsəl günəşdə deyil! Mənim problemim melaninin çatışmazlığı il bağlıdır. Heç fikir vermisiniz, cansız hər şey günəşdə solur, canlıların isə rəngi daha da tündləşir? Həqiqətənmi, o onda həyatın çatışmadığını demək istəyirdi?! Onda?! Mən kəskin bir şəkildə etiraz etdim. Həyatım boyu bu qədər canlı olan bir insan görməmişdim. Hətta mənə elə gəlir, onda həyat deyil, çoxlu həyatlar vardı. Daxilində, bir də əhatəsində.
***
Mən artıq başa düşmüşdüm ki, Anjela Lusiya ciddi məsələlərdən gülə-gülə danışır və əksinə, həmsöhbətinə sataşanda çox ciddi bir görkəm ala bilir.
***
– Bəs adı? Bu adam, nəhayət ki, kim olduğunu sənə dedi? – Heç kim yalnız addan ibarət deyil!
***
Keçmişdə bütün uşaq nağılları eyni cümlə ilə qurtarırdı: “və onlar həyatlarının sonuna qədər xoşbəxt yaşadılar”. Bu, şahla şahzadə ailə qurub, çoxlu uşaqları olduqdan sonra baş verirdi. Əlbəttə ki, həyatda heç bir əhvalat belə bitmir. Şahzadələr mühafizəçilərə, jonqlyorlara ərə gedirlər, həyat davam edir və boşanana qədər də heç biri xoşbəxt olmur. Bir neçə il keçir, hamımız kimi onlar da ölürlər. Biz həqiqi mənada yalnız sevgimiz sonsuza qədər davam edərsə, xoşbəxt oluruq, hər şeyin əbədi olduğu zamanda isə ancaq uşaqlar yaşayır.
***
Keşiş bizə mələklərdən danışardı, mənsə gözümün qarşısında toyuqları görərdim. Yeri gəlmişkən, elə indiyədək də bildiyim məxluqlardan mələklərə ən çox bənzəyəni toyuqlardır.
***
Niyəsini özüm də bilmirəm, amma Riçard Bartonun ingilis dilinə tərcümə etdiyi “Min bir gücə nağılları”ndan ötrü darıxıram. Atamdan gizli ilk dəfə oxuyanda təqribən səkkiz-doqquz yaşım olardı. Ona görə gizli oxuyurdum ki, o vaxtlar hələ də ədəbsiz kitab hesab olunurdu. Artıq “Min bir gecə nağılları”na qayıda bilmirəm, əvəzində, daim yeni yazıçılar kəşf edirəm. Məsələn, buralardan olan Kutzeeni çox bəyənirəm. Heç bir mərhəmət və qəzəb bilməyən kəskinliyinə və dəqiqliyinə görə…
***
Reallıq insana əzab veir və mükəmməlikdən uzaqdır. Təbiəti belədir və məhz buna görə biz onu yuxulardan fərqləndiririk. Bir şey bizə çox gözəl görünəndə düşünürük ki, bu ancaq bir yuxu ola bilər və belə olanda yuxu görmədiyimizə əmin olmaq üçün özümüzü çimdikləyirik: ağrıyırsa, demək, yuxu deyil. Reallıq hətta bəzən yuxu kimi görünsə belə, insanı yaralayır.
***
Həyatda mövcud olan hər şey çox vatx kitablarda daha orijinal çalarlarla və daha real təsvir edilir, lakin reallıqda yaşatdığı ağrını yaşatmır. “Həyatla kitab arasında qalsan, oğlum, kitabları seç”, – deyərdi.
***
Xoşbəxtlik, demək olar, həmişə məsuliyyətsizlikdir.
***
Artıq heç kim məktub yazmır. Səmimi deyim, insanların yaxşı kağızlara yazılan, üstünə ətir damladılan, zərfinə qurudulmuş çiçəklər, rəngarəng lələklər, saç tellləri qoyulan əsl məktublarda bir-biri ilə əlaqə saxladıqları zamanlar üçün çox darıxmışam. Poçtalyonun məktubları evimizə gətirdiyi zamanlar üçün, məktubu aldığımızda, açdığımızda, oxuduğumuzda yaşadığımız sevinc və təşviş üçün, cavab yazarkən – hər bir kəlmənin sonra ölçüləcəyini, mühakimə ediləcəyini, qoxulanacağını, dadına baxılacağını, hətta bəzilərinin zamanın burulğanından sağ çıxa bilərsə, illər sonra təkrar oxunacağını bildiyimizdən sözləri diqqətlə seçərək, məktuba ötürdüyümüz işığı və hərarəti ölçüb-biçərək, ətrini hiss edərək göstərdiyimiz etina üçün içimdə xəfif bir niskil hissi var.
***
Mən əminəm ki, bizim hər birimizin yaxşı bir keçmişə ehtiyacımız var. Xüsusən də bu kasıb məmləkətimizdə ancaq öz qayğılarına qalıb bizi taleyin umuduna buraxanların.
***
Biz göyə baxdığımız zaman çirkab görmürük, o çirkabın içərisində əlləşən kiçik varlıqları da görmürük. Necə bilirsiniz, əziz Feliks, vacib olan nədir: gözəlliyi tərənnüm etmək, yoxsa dəhşətlərin varlığı ilə bağlı insanları xəbərdar etmək?
***
Nəticələri təhlil edən Milqrem gördü ki, məktub göndərənlə məktub alan arasında orta hesabla altı əlaqələndirici şəxs var. Stenli Milqremin bu nəzəriyyəsi eyni zamanda “Altı əlsıxma qaydası” kimi də tanınır.
***
Anjela Lusiya nadir bir istedada malikdir: demək olar ki, heç danışmadan belə söhbəti davam etdirməyi bacarırdı. Sonra dostum evəg əldi və mənə: – Çox qeyri-adi bir qadınla tanış olmuşam. Ah, dostum, onu təsvir etmək üçün söz tapa bilmirəm. Elə bil təpədən-dırnağa kimi işıqdır! – demişdi. Mən isə, təbii ki, onun mübaliğə etdiyini düşünmüşdüm. Axı işıq olan yerdə kölgələr də olur.
***
İnsanların gördüyü bütün yuxularda inandırıcılıq olmasa da, həqiqət vardır. Məsələn, yaxşı bir romanın səhifələri arasında çiçək açan quayava ağacı öz xəyali ətri ilə müəyyən fərqli salonlara sevinc bəxş edə bilər.
***
Yeri gəlmişkən, bəzi ədəbi personajların ölümünə tökdüyüm göz yaşları dünyadan köçən bir çox dostlarım və qohumlarım üçün axıtdığım göz yaşlarından daha səmimi olub.
***
Mənə burda qeyri-adi görünən Joze Buxmanın arxasındakı divarda asılan kədərli kompozisiya idi; mövzusu baxımından deyil, çünki onsuz da, mövzusunu təxmin etmək mümkün deyildi; bəlkə də müasir sənətin ən böyük fəziləti elə məhz budur.
***
Qatar…Bu mexaniki astmalı-bədheybət…
***
Təbiətin özü belə insanı aldadır. Məsələn, kamuflyaj yalan deyilsə, bəs nədir? Buqələmun yazıq kəpənəyi aldatmaq üçün yarpaq cildinə belə girə bilir. “Həyəcanlanma, əzizim, görmürsən, mən sadəcə küləkdə dalğalanan yaşıl bir yarpağam?” – deyir, sonra da dilini saniyədə altı yüz iyirmi beş santimetr sürətlə atıb onu udur.
***
Yalana nifrət edirəm, çünki o, qeyri-dəqiq bir şeydir.
***
“Mənə yalan gəlməyən heç nə gerçək gəlmir”. Aldatmağın böyük bir bacarıq hesab edildiyi onlarla peşə mövcuddur. Diplomatları, dövlət xadimlərini, hüquqşünasları, aktyorları, yazıçıları, şahmatçıları nəzərdə tuturam.
***
Şayiələrə nəzarətin mümkünsüzlüyü sistemin əsas üstünlüyüdür.
***
Təsadüflər həmişə təəccübləndirir, dostum. Eyni formada və eyni çaşqınlıqla… Ağaclar kölgə verən kimi…
***
Yaddaşımız daha çox başqalarının bizə dair xatirələrindən bəslənir. Biz başqalarının xatirələrini – onlar hətta uydurma olsalar belə – öz xatirələrimiz kimi xatırlamağa çox meyilliyik.
***
İnsan var, qismətinə xəyal qurmaq yazılıb (bəziləri buna görə hətta yaxşı pul da alırlar). İnsan var, işləmək üçün doğulub, praktik, konkret və yorulmazdır. Hətta yataqdan heç vaxt çıxmadan mənbədən mənsəbə çay kimi axan insanlar da var.
***
Ən yaxşı şəkillər şəxsiyyəti deyil, dövrü təsvir edənlərdir.
***
– Bilirsən, həyatımdan yaxşı bir roman çıxardı, elə-belə roman yox ha, böyük bir roman… Mənə elə gəlir, bu, bir dəfədən çox baş verib. Bu insanların çoxu, əminəm ki, heç vaxt böyük bir roman oxumayıblar. İndi isə bilirəm, hətta əvvəllər də bilirdim ki, bütün həyatlar qeyri-adidir.
***
Əgər bir qadın gecə vaxtı qolumdan tutub mənə: “Bilirsən, həyatımda diqqətəlayiq heç nə yoxdur, mən, demək olar ki, yaşamıram”, – desəydi, bəlkə də, ona vurulardım.
***
– Dövlət Təhlükəsizliyi Nazirliyinin keçmiş agenti, dostum Edmundo Barata duş Reyşi sizə təqdim etmək istəyirəm. – Eks-eqo! Düzünü desək, eks-insan! Nümunəvi eks-vətəndaş. Eksklüziv ekzistensial nəcis eksponatı, ekstatik və ekspressiv eksplantant. İkicə sözlə desək, peşəkar bir avara. Çox məmnun oldum…
***
– Bəlkə, o, doğrudan da, dəli deyil. Bəlkə də, özünü dəliliyə qoyub. – Bunlar arasında heç bir fərq görmürəm. Küçədə, kanalizasiya quyusunda yaşamağı seçən, Rusiyanın kommunizmə qayıdacağına inanan və üstəlik, özünü dəli kimi tanıtmaq istəyən bir adam mənim elə dəlidir.
***
– Bəs siz xoşbəxtsiniz? – Axır ki, dinclik tapmışam. Heç nədən qorxmuram. Heç nəyin həsrətini çəkmirəm. Məncə, buna xoşbəxtlik demək olar. Bilirsiniz, Haksley nə deyirdi? Xoşbəxtlik heç vaxt təntənəli deyil.
***
Martin Lüter Kinqin xalqın qarşısında nitq deyərkən çəkilən ağ-qara fotoşəkli yadıma düşdü: “Mən bir yuxu gördüm….” Belə desə, daha doğru olardı: “Mən bir yuxu uydurdum”. Yuxu uydurmaqla yuxu görmək arasında fərq var. Bəli, mən bir yuxu uydurdum.
Tərcümə: Vüsalə Hacıyeva