Annotasiya
“İngilis pasiyent” (ingiliscə “The English Patient“) – əslən Şri-Lankadan olan kanadalı yazıçı Maykl Ondatcenin 1992-ci ildə çapdan çıxan romanıdır. Kitab elə işıq üzü gördüyü il Buker mükafatına layiq görülüb, dörd ildən sonra 1996-cı ildə isə rejissor Entoni Minqell tərəfindən filmə adaptasiya olunub. Ekran işi “Ən yaxşı film”, “Ən yaxşı rejissor işi” olmaqla 69-cu mükafatlandırma mərasimində 9 “Oskar”a layiq görülüb. Üstəlik, 2018-ci ildə xüsusi mükafat – “Qızıl Buker” qazanıb. Qeyd edək ki, “Qızıl Buker” mükafatın 50 illiy münasibətilə təşil olunub və oxucuların səsverməsi nəticəsində verilib.
Bu roman İkinci Dünya müharibəsinin sonlarında İtaliyada tərk edilən bir villaya sığınmış dörd nəfərin eyni nöqtədə kəsişən keşməkeşli həyatından bəhs edir. Müharibənin dəhşətlərini görməkdən tamam tükənmiş tibb bacısı Hana özünü sonuncu pasiyentinə həsr edir. Keçmiş oğru Karavaco bir əlini itirəndən sonra həyatdakı yerini tapmağa çalışır. Hindistanlı minaaxtaran və mühəndis-istehkamçı Kip almanların məharətlə gizlətdiyi minaları tapıb zərərsizləşirməklə məşğuldur. O, əsl peşəkardır, özündən başqa hər şeyə şübhə ilə yanaşır. Bu labirintin ortasında adı-soyadı naməlum olan bir ingilis xəstə uzanıb. Almanların vurduğu təyyarədə yanaraq tanınmaz hala düşən sirli pasiyent villada yaşayan digər üç nəfər üçün böyük bir tapmacadır.
Karandaşın izi ilə
Mən həftələrlə səhrada qalmışam, amma başımı qaldırıb Aya belə baxmamışam: arvadının üzünə baxmağı unudan evli kişi kimi.
***
Bombardman edilmiş ibadət salonundan altı fut uzunluqda xaçı gətirib şitilliyinə basdırmış, bostan uyuğu düzəltmişdi. Uyuğun qollarından sardina konservlərinin boş bankalarını asmışdı. Külək əsəndə bankalar bir-birinə dəyib danqıldayırdı.
***
Mən elə adamam ki, yad adamın evində tək qaldımsa, ilk növbədə onun kitab rəfinə yaxınlaşacağam, bir kitab götürüb gözümə təpəcəyəm, su kimi içəcəyəm.
***
Əvvəllər uzun saçları incə üzünün ifadəsini maskalayırdı, lakin hazırda saçı qısadır. İndi dünyasında kifayət qədər sakit görünür.
***
Karavaco fikirləşir ki, bəlkə də, tibb bacısı müharibənin ağrılarından bu yolla qurtulmağa çalışır. Yanmış bir kişiyə qulluq etməklə, kranın altında ağları yumaqla, divarlarına bağ motivləri çəkilmiş bir evdə yaşamaqla.
***
Nə vaxtsa bir nəfərin uşağına öz kölgəsini axtaran kişinin hekayəsini danışmışdı. İndi özü də o kişinin günündədir. Öz fotosunun plyonkasını axtarır.
***
Sən kiməsə yaxşılıq eləməkdən ötrü, guya həmin adama şəfa verməkdən ötrü onun qismətində olan zəhəri bölüşmək istəyəndə, əslində, o zəhəri içində salxayırsan.
***
Dünyanı mühakimə etməyib olduğu kimi qəbul etmək Hana üçün ən böyük istirahət idi.
***
Hana naməlum olana sevgi ilə yanaşmağı özünə sevgi ilə yanaşmaq kimi qəbul edirdi.
***
Saçını qulağının dibindən kəsəndən sonra arxayın olmuşdu ki, daha onun əl-ayağına dolaşacaq, onu ölümə bağlayacaq heç nəyi yoxdur.
***
– Əcəb qəribə dövrdür bu müharibənin sonları.
– Hə. Dil tapmaq, uyğunlaşmaq dövrü.
– Elədir.
***
– Qadınları sevirsən, hə? Sən qadınları sevirdin axı.
– “Sevirdin” niyə? İndi də sevirəm.
– Çünki indi müharibə hər şeyi mənasızlaşdırıb.
***
Müharibənin bu vurhavurunda xarakter, fərdi keyfiyyətlər ovulub yoxa çıxırdı. Onlar bircə kitablarda, ya da divar rəsmlərində, freskalarda olurdu.
***
Mən artıq ölümü tanıyıram, Devid. Onun bütün qoxularını tanıyıram. Ağır yaralını ölüm əzabından qurtarmağı bacarıram. Venesına yüksək dozalı morfin vurmağın vaxtını bilirəm. Ya da Ringer məhlulu. Mən elə edirdim ki, yaralılar ölməmişdən öncə bağırsaqlarını boşaltsınlar… Bu generalları gətirib oturdasan mənim yerimdə, məcbur edəsən ki, bu dəhşətləri görsünlər. Hamısını, bircə-bircə. Əsgərləri o çayları keçməyə göndərməzdən əvvəl gəlib bu dəhşətləri görsünlər.
***
Adam bəzən yabançıların yanında hisslərini daha rahat büruzə verə bilir. Bəzən yad adamın qolları arasında seçimlərini daha yaxşı görürsən.
***
Aramla oxuyun, əzizim. Kiplinqi həmişə aramla oxumaq lazımdır. Vergüllərə fikir verin ki, fasilə yerlərini biləsiniz. Kiplinq yazıçı olub, qələmlə, mürəkkəblə yazıb. Əminəm ki, təkliyə çəkilib işləyən yazıçıların çoxu kimi, o da tez-tez fasilə verib pəncərədən bayıra baxır, quşların səsinə qulaq asırmış. Quşların adını hər yazıçı bilmir, o isə bilirmiş. Sizin göz yaddaşınız güclüdür, həm də Şimali Amerikadansınız. Yazı sürətini nəzərə alın, yoxsa əsər elə birinci fəsildən sizə bezdirici görünəcək.
***
Süıh vaxtı elə xəyanətlər olur ki, müharibə xəyanətləri onların yanında uşaq zarafatına oxşayır.
***
Eşq hekayəsi, sadəcə, qəlbini kiməsə verənlər haqqında deyil. İçində kök salan hissi gəzdirirsən, gəzdirirsən, bir gün başa düşürsən ki, ehtirası aldatmaq mümkün deyil. Onu yuxuya verə bilməzsən. Onu nə müdrikliklə, nə əxlaq qaydaları ilə ovundura bilərsən. O sənin mayandır, o sənin keçmişindir.
***
Karavaconun bir tablosu var. Ömrünün axırlarında çəkib. “Davud Qoliafın başı ilə”. Adı belədir əsərin. Gənc qəhrəman bir qolunu açıb, həmin əlində qoca Qoliafın başını tutub. Amma əsərin dramatizmi heç də bu səhnənin özündə deyil. Deyirlər ki, Karavaco hər iki qəhrəmanın surətlərini yaradanda öz çöhrəsindən istifadə edib. Davud Karavaconun uşaqlıq şəklidir. Qoliaf isə artıq yaşa dolmuş rəssamın portretidir. Beləliklə, gənclik qocalığı əlində tutub mühakimə edir – əsərin gerçək mənası bu imiş.
***
De görüm, adamın özündən zəif birini sevməyi mümkündür?
…
O səndən ağıllı olmasaydı, sən ona vurula bilərdin? Necə fikirləşirsən, sənin ona vurulmağın üçün onun səndən ağıllı olmağı vacibdir, ya yox?
…
Hananın ona vurulmağı daha asandır, nəinki sənə. Niyə? Çünki biz öyrənmək istəyirik, biliklərimizi artırmaq istəyirik. Dildən iti olanlar bizi yoldan çıxarır, küncə qısnayır. Bizim ən çox istədiyimiz inkişaf eləməkdir, dəyişməkdir. Yeni, cəsur dünya bunu tələb edir.
***
Kip onunla arada məsafə saxlayır, hesab edir ki, hərəkət azadlığı hər iki tərəfin haqqıdır. Onun bu mövqeyi Hananın xoşuna gəlir. Bu onların hər ikisinə enerji verir, başqa işlərə köklənməyə şərait yaradır.
***
O səhralarda nə qədər tayfa, qəbilə var. Mən ömrümdə o qədər gözəl insanlar görməmişəm. Bizim milli mənsubiyyətimiz onlar üçün əhəmiyyətsiz idi. Alman, ingilis, macar, afrikalı – onlara fərq etmirdi. Yavaş-yavaş biz özümüz də milli mənsubiyyətimizi itirməyə başlayırdıq. Mən özüm bu milli mənsubiyyətə nifrət edirdim. Millət-dövlətlər bizi əzir.
…
Səhraya iddia eləmək, onu özününküləşdirmək olmaz. O, küləklərin qanadlarında yerini dəyişən qum okeanıdır. Onun qarşısını daşlar, qayalar da ala bilmir
***
Ora təmiz əqidə yeri idi. Biz orada əriyirdik, yox olurduq. İstidə, qumda… Biz vahələrin sahillərini tərk edirdik.
…
Soyaddan imtina etmək! Milli mənsubiyyətdən, vətəndaşlıqdan imtina etmək! Səhra mənə bunları öyrətdi.
***
Səhrada suyu sevgilinin adı kimi əziz tutursan, ehtiyatla dodaqlarına yaxınlaşdırırsan, içirsən.
***
Adlarımız bizi şöhrətpərəstə çevirir.
***
Birdən o mənim biləyimə toxunub dedi:
– Mən ömrümü sənə qurban versəm, qəbul eləməzsən, hə?
Cavab vermədim.
***
– Ən çox nifrət elədiyin nədir?
– Yalan. Bəs sənin?
– Kiminsə mülkiyyəti olmaq.
***
Gah sənsizliyə dözə bilmirəm, gah da mənə elə gəlir ki, səni bir də görməsəm, heç nə dəyişməz. Bu, əxlaq məsələsi deyil. Dözüm məsələsidir.
***
– Qoşunlar hərəkət elədikcə həmin casus Dafna dü Moryenin “Rebekka” romanından kod kitabı kimi istifadə eləməklə Rommelə ismarıclar, xəbərlər göndərirdi. İngilis kəşfiyyatçıları o kitabdan ayrılmırdılar. Hətta mən də oxumuşdum.
– Sən kitab da oxumusan?
***
Heç bir qadın məşuqundan ayrılıb ərinin yanına qayıtmır. Almaşi sevgidən, insan təbiətindən az-çox baş çıxaran adam kimi buna əmin idi.
***
Hövlnak ətrafa baxdı və ortayaşlı katibə qadının onu tərs-tərs süzdüyünü gördü. Neyləsin? Bəyəm ömründə hindistanlı ilə rastlaşmışdı? Kirpal gülümsədi və kitab rəflərinə yaxınlaşdı. Yenə heç nəyə toxunmadı, sadəcə, kitabların kötüklərindən adlarını oxumağa başladı. Ser Oliver Hodc. “Reymond və ya həyat və ölüm”… Adı buna oxşayan başqa kitab da vardı: “Pyer və ya qeyri-müəyyənlik”. Bir də qanrılıb gördü ki, katibə hələ də ona baxır. Utandı, sanki kitabı rəfdən çıxardıb cibinə dürtmüşdü. “Yəqin, indiyə kimi əmmamə görməyib. İngilis ki ingilis. Gəlib bunlardan ötrü can qoyuram, amma adamla danışmağı özlərinə yaraşdırmırlar. “Sinqh və qeyri-müəyyənlik”. Hmmm…”
***
Sanki Kirpal əyninə çox böyük olan bir kostyum geyinmişdi, qolları yerdə sürünürdü.
…
Sonralar Hananın onda müşahidə etdiyi soyuqluq, çəkingənlik, qapalılıq, sadəcə, İtaliya kampaniyasında minaaxtaran olmasının nəticəsi deyildi. Bu, Kirpalın başqa irqin anonim nümayəndəsi, görünməyən bir dünyanın adamı olmasından irəli gəlirdi. O da ətrafına çəpər çəkmişdi və yalnız onunla dostluq edənlərə bel bağlayırdı.
***
Kipin aləmində dodaqlar insan üzünün ən mühüm əzasıdır. Gözlərin ifadəsini isə aldadıcı, çaşdırıcı sayır, çünki onu gün işığının parlaqlığı, düşmə bucağı da dəyişdirir. O hər şeyə başqa bucaqlardan, fərqli mühitlərdə baxır. Sevgilisini məkanca, zamanca fərqli mühitlərdə görür. Bu mühitlər Hananın səsini, təbiətini dəyişir. Xilasetmə qayığını atıb-tutan, onu istədiyi səmtə yönəldən nəhəng dalğalı dənizlər kimi.
***
Adam öləcəyini dərk eləyəndən sonra sevgilisinin hər toxumasına əziz bir şey kimi yanaşır.
***
Ketrinin öz üzərində müstəqil işləməsi, biliklərini artırmaq cəhdləri adamın ürəyini ağrıdırdı, çünki Klifton bunu görmürdü.
***
Səhrada eyni sözü təkrar etmək suyu quma tökmək kimi israfçılıq idi. Burada hər sözə, hər işarəyə görə bəzən yüz mil yol ölçürdük.
***
İnsanın şöhrətpərəstliyi elə həddə çatır ki, hamının ona həsəd aparmağını arzulayır. Ona elə gəlir ki, sözlərinə inanmırlar. Başqalarını inandırmaqdan ötrü ağlısığmaz hərəkətlərə əl atır.
***
Hər çılğın şeir bir qadını
Əvəz etmək cəhdidir.
Bir rapsodiyanı saxta biriylə
əvəz etmək cəhdi.
***
Onun boğazında bir çökək vardı. Biz həmin çökəyə Bosfor deyərdik. Mən onun çiyinlərindən Bosfora dalardım.
…
Yadımdadır, sağollaşandan sonra gülə-gülə qayıtdı, şəhadət barmağını hülqumundan aşağı qoyub dedi:
– Bunun adı isə suprasternal çökəkdir.
***
Onun tanışlarından biri məni ədviyyatçı ilə oturan görmüşdü. Həmin kişi bir dəfə Ketrinə üskük boyda metal qabda bir-iki çimdik zəfəran bağışlamışdı. Min cür başqa malından yox, təkcə zəfəran…
Məni ədviyyatçı ilə bir yerdə görən Beqnold bunu Ketrinin də iştirak elədiyi bir nahar zamanı demişdi. Bu mənə necə təsir eləmişdi? Ketrinin əri şəhərdə olmayanda üskük boyda qalay qaba qoyub qara rəngli nazik zəncirlə boynundan asıb gəzdirdiyi bir iki çimdik zəfəranı aldığı ədvaçının adını eşidəndə məni xatırladığını düşünməklə təskinlik tapmışdımmı? Zəfəran hələ o qabın içində idi və sinəsini qızılı rəngə boyayırdı.
***
Biz sonuncu dəfə ayrılanda Medoks həmişəki kimi alqış etdi:
– Allah amanında.
Mənsə cavab verdim:
– Allah yoxdur.
***
Ölmüsənsə, artıq üçüncü şəxsin təkindəsən…
***
İçimizdə çox həssas, bəlkə də, xırdaçı bir tarixçi var, hər şeyi yazır, qeyd eləyir. Nə vaxtsa sənə əhəmiyyətsiz kimi görünən bir hadisəni yadında saxlayır.
***
İçində bir çaqqal yaşayır, bir gözü arxada qalır, bir gözü isə getdiyi yolda. Ağzında keçmişdən bir parça gəzdirir. Lazım olan anda sənə verir. Onda hər şey aydınlaşır, başa düşürsən ki, sən bunu artıq bilirsənmiş.
***
İnsan özü yaşadıqlarının xəritəsi olmalıdır. Var-dövlətin artıqlığından harınlayıb, şöhrətpərəstliyə uyub öz adını xəritələrə saldırmağa, binalara verməyə çalışmamalıdır, özü xəritə olmalıdır. Biz cəmiyyətin tarixiyik, cəmiyyətin kitablarıyıq. Biz heç kimin mülkiyyəti ola bilmərik, zövqlərimizdə, təcrübələrimizdə monoqam deyilik. Mənim ən böyük arzum heç bir xəritəsi, bölgüsü olmayan bir Yer üzündə gəzib-dolaşmaq idi.
***
Bəlkə, bu villanın özü də həmin tablolardan biridir. Müharibənin acı təsadüfü nəticəsində bir yerə düşmüş dörd nəfərin müxtəlif vəziyyətlərdə, pozalarda donmuş dörd tablosu.
***
– O heç ingilis deyil.
– Olsun amerikalı, fransız. Mənə dəxli yoxdur. Siz qara millətlərin başına boma yağdıranda hamınız ingilis olursunuz.
***
İynə gözündən keçən cılız sevgilər də var.
Tərcümə: Anar Mahmudov