Annotasiya
“Mükafat” (fransızca “Le prix“) – fransız ssenaristi Siril Jelinin 2019-cu ildə işıq üzü görən debüt romanıdır. Çağdaş Fransız ədəbiyyatında görkəmli adlarından biri olan müəllif teatr ənənələrini bu əsərində də davam etdirir.
10 dekabr 1946-cı il, Stokholm Qrand Hoteldə alim Otto Han kimya üzrə Nobel mükafatı almağa hazırlaşır. Tədbirə bir neçə saat qalmış Liza Meytner adlı bir qadın onun hotel otağına daxil olur. Liza təsadüfi qonaq deyil. O, otuz il Han ilə birlikdə çalışıb. Bu iki insan keçmişdə həmkar olmaqla yanaşı, dost olublar. İndi üzləşmə, hesablaşma vaxtıdır. Onlar keçmişi unudub, yollarına davam edə biləcəklərmi?
Karandaşın izi ilə
Keçmişin bizim üçün nələr gizlətdiyini heç kim bilmir…
***
Çərşənbə günü Stokholma gəldiklərindən bəri baş-başa bir gecə keçirməmişdilər; yeməklərdə, ziyafətlərdə, dəvətlərdə iştirak etmişdilər. Həddindən çox yemək yemişdilər. Almaniyada heç nə yox idi. Halbuki burada marketlər ərzaqla dolub-daşırdı. Müharibədə bitərəf ölkə olmağın üstünlüyü bu idi.
***
Edit həmin vaxt rəssamlıqla məşğul olurdu. Berlin Sənətkarlıq Akademiyasından müvəffəqiyyətlə məzun olmuşdu. Müəllimlərindən biri bir gün qulağına yaxınlaşıb, “böyük sənətkar olacaqsan” demişdi. Amma qəribədir ki, evləndikdən sonra heç nə olmamışdı.
***
Editin gözləri qarşı divardan asılı olan Monenin tablosuna sataşdı. “Sağa dönmüş çətirli qadın”. Tablonun qəhrəmanı tək başınaydı. Rəsm aşağı rakursdan çəkilmişdi. Parlaq dekorasiyanın içində idi. Üzü aydın görünmürdü. Gözləri və ağzı güclə seçilirdi. Sanki gözləyirdi. Yaxşı nəyi gözləyirdi? Kimi gözləyirdi? Edit onda özünü gördü. Üzü olmayan bir qadın.
***
Liza gedəni 8 il keçmişdi. Səkkiz ildir, Stokholmda yaşayırdı. Başlanğıcda əlaqəni kəsməmişdilər. Bir-birlərinə hər gün məktub yazırdılar. Sonra həyatlarına müharibə girdi. Aralarındakı məsafə böyüdü, yaşamlarını səssizlik bürüdü.
***
Həyatı başqalarının gözündən yaşamaq çox böyük iztirabdır.
***
̶ Bunu necə etdin? Bilmək istədiyim də budur.
̶ Sənin köməkçin olduğumu dedim. Və sənə vacib məktub gətirdiyimi söylədim.
̶ Köməkçimmi? İnandılar yəni?
̶ Mən qadınam.
̶ Nə demək istəyirsən? Qadın olduğun üçün köməkçim olduğuna inanmaları normaldır? Yoxsa qadın olduğun üçün onları asanlıqla aldatmağın?
̶ Cavabı sənə buraxıram.
***
Liza arxasını Uilyam Törnerin “Dənizdə qar fırtınası” tablosuna çevirdiyini də bilirdi.
Bu tablo otağın önəmli bir parçası idi. Liza 1842-ci ildə çəkilən rəsmin hekayəsini bilirdi. Törner həmin vaxt Liza və Hanın bu gün olduğu yaşda idi. Heç nəyə fikir vermədən Londonun şimal-şərqində yerləşən və Şimal dənizinə açılan Hervitç şəhərindən gəmiyə minmişdi. Gəmi limandan ayrıldıqdan cəmi bir neçə dəqiqə sonra güclü fırtınaya düşmüşdü. Dəniz birdən-birə yüksəlmiş, dalğalar dəhşətli şəkildə sallanan gəmiyə çırpılmağa başlamışdı. Kapitan gəminin limana dönməsini əmr etsə də, Törner səfərin pulunu ödədiyi üçün bu əmrə qarşı çıxmışdı. Hətta fırtınanı daha yaxından izləmək üçün heyət üzvlərinə onu gəmi dirəyinin təpəsinə bağlamalarını istəmişdi. Rəssamı dirəyə bağlamışdılar. Gəminin çevrilməməsi üçün dua etmişdilər.
Kətan tablonun ortasında tünd rəngli bir yer, gəmi dirəyi və bunların ətrafında çalxanan dəniz görülür. Dalğalar və küləyib dəhşətə salan gücü hiss edilir, arada tək-tük parlaq işıqlar seçilir. Rəsmdə görülməyənlər də təxmin edilir. Törner bizi də özü ilə birlikdə fırtınaya, xaosun ortasına sürükləyir. Böyük ehtimalla o qorxulu gündə onun da elədiyi kimi durmadan sağa-sola baxmağımıza imkan yaradır.
Tablo əsl istedadın, dühanın məhsuludur. Rəsmdə hərəkəti, coşqunu, qəzəbi, aydınlığı, kölgələri və qeyri-müəyyənliyi əks etdirən fırça zərbələri bir-birinə qarışıb.
“Halbuki…”, – Liza öz-özünə dedi. İstər-istəməz gülümsədi. Hervitç şəhərinin dənizçilik arxivində 1842-ci ilin dekabrında belə bir qar fırtınasının olduğuna dair heç bir qeyd yoxdur. Həmin vaxt sağ olan dənizçilərin heç biri dirəyə bağlanmış rəssamı xatırlamır. Törnerin Hervitçə heç ayağı dəyməmişdi. Hər şey yalandır. Öz-özünə əfsanə uydurubmuş.
***
Amma bizi biz edən keçmişimizdir, səncə də elə deyil? Keçmiş bizi şəkilləndirir, bizə təsir edir. Keçmişi olmayan bir insanın gələcəyinin də olmayacağını mənə neçə dəfə demisən?
***
Qısqanclıq başqa birinin sahib olduğum şeyi məndən oğurlama ehtimalına qarşı hiss etdiyim duyğudur. Məsələn, Edit. Bir sevgilisi olsa, onu qısqanaram.
Paxıllıq başqasının sahib olduğu şeyi istəməkdir.
***
Məncə, hamımız qəlbimizin dərinliyində geriyə baxmamıza mane olan peşmanlıqlar daşıyırıq.
Tərcümə: Lamiyə Göycəyeva