Annotasiya
“Dəftərxana ləvazimatları mağazası”(ingiliscə “The Stationery Shop by Marjan Kamali”) – iran əsilli amerikalı yazıçı Mərcan Kamalinin debüt romanıdır.
İğtişaşların astanasında olan bir ölkədə iki nəfər kiçik bir mağazada qarşılaşır. Röyanın ən çox sevdiyi iş Fəxri bəyin dəftərxana ləvazimatları dükanında saatlarla vaxt keçirməkdir. Bura lələklər, parlaq mürəkkəb qabları, qalın məktub kağızları, həmçinin dünyanın bütün dillərindən tərcümə olunmuş ədəbiyyat nümunələri ilə doludur. Ədalətə olan odlu ehtirası ilə Bəhmən Röyanın bu vaxta qədər tanıdığı heç kəsə bənzəmir. Lakin onların münasibəti çiçəkləndikcə Tehrandakı həyat pisliyə doğru dəyişir. Qəfil zorakılıq başlayır: dövlət çevrilişi həm ölkənin, həm gənclərin gələcəyini həmişəlik dəyişdirir.
Karandaşın izi ilə
– Ən çox hansı kitabı xoşlayırsan?
– Belə bir kitabım yoxdur.
– Axı…mənə elə gəldi ki, sən oxumağı sevirsən.
– Hə, sevirəm. Yəni onu demək istəyirdim ki, xoşladığım kitab bir deyil, çoxdur.
***
Röya qeyd dəftərini açdı. Birinci səhifədə yazılmışdı: “Röya-can, məhəbbətim. Həmişə xoşbəxt ol, qoy bütün günlərin gözəl sözlərlə dolu olsun”.
***
– Qulaq as, Zari, məhəbbətin nə olduğunu sənə izah etməkdə çətinlik çəkirəm. Sadəcə bilirsən ki, düz edirsən. Sadəcə bilirsən. Bundan qaçış yoxdur. Elə bil… elə bil başına ağac düşüb.
– Əla müqayisədir.
***
Onun gözəl oğlu çox istedadlıdır. Parlaq gələcəyi var. Və o, birdən hansısa ortabab bir qızla evlənmək qərarına gəlir. O qızla ki, rus və ingilis dillərindən tərcümə olunmuş romanları mütaliə etməyi layiqli məşğuliyyət hesab edir.
***
– Ailə həyatının xoşbəxt olmasını istəyirsənsə, mütləq qayınananı razı salmalısan. Bu, hər bir qadının bildiyi tələbdir!
– Xanım, ona görə də nə vaxtsa evlənsəm, tərbiyəli bir yetim tapmağa çalışacağam.
***
Bu dünyada ən pis şey siyasəti sevən oğlanı sevməkdir.
***
Gənclər sadəlövh ümid və enerji ilə yaşayırlar. Onlar səhvən düşünürlər ki, gənclik, istək və ya hətta məhəbbət taleyə qalib gələ bilər.
…
Və gənclər, ehtiraslı bir sevgiyə tutulan insanlar bu dünyanın nə qədər eybəcər bir yer olduğundan şübhə belə etmirlər. Bu dünyada mərhəmətə yer yoxdur.
***
Müasir qaydaların da öz həddi var.
***
Cahangirin sözlərinə görə, Bəhmən mütərəqqi qəzetdə jurnalist vəzifəsindən imtina edib, neftçi işləyir. Eynən anasının istədiyi kimi. Dünyanı dəyişmək istəyən oğlan anasının sözü ilə oturub-durur.
***
Çıxın gedin. Gedin və azad olun. Bacardığınız qədər öyrənin. Bu, diktatorun hulqumunuzdan yapışdığı, hərbçilərin ürəkləri istədikləri zaman atəş açdığı bir yerdə yaşamaqdan daha yaxşıdır.
***
O, qərib ölkədə özünü yarıqaranlıq otaqda hiss edirdi. Əvvəlcə heç nə sezmirdi, ətrafdakı hər şey bulanıq görünürdü. Lakin tədricən gözü öyrəşdi və ətrafdakıları getdikcə daha yaxşı görməyə başladı.
***
O, bir çox cəhətdən bizim patriarxal cəmiyyətə uyğun gəlmirdi. O, mənim anama hörmət edirdi.
***
Mənə “dünyanı dəyişmək istəyən oğlan” deyirdi. Bir vaxtlar olduğum həmin idealist gənci xatırlayıram, və utanmıram, daha çox kədərlənirəm.
***
– Hələlik! – Röya dedi.
Bax belə, amerikalı kimi. Hələlik! Qısa və aydın. Salam! Bəlkə də bu amerikan sözlərində nəsə var. Yüngüllük. Qayğısızlıq. Bütün bədbəxtliklər çiyələk kokteylinə oxşayır, sonra isə yaxşı günlər gəlir.
***
Onun sayəsində Röya valideyn iclaslarında iştirak edirdi, oğlu beysbol topuna yaxşı zərbə endirəndə sevincindən göylərdə uçurdu. Röya yenidən xoşbəxtliyi dadır, yenidən rahat hərəkət edir, səhərlər qayğanaq bişirir, futbol hesablarını müzakirə edir, dərsliklərlə əlləşir və qiymət cədvəlinə göz atırdı. Oğlu sayəsində Röya yenidən dünya ilə tanış olmağa başlayırdı.
***
Dünyanı dəyişmək istəyən oğlan indi qocalar evindədir?
***
Zaman xətti deyil, dövrüdür. Nə keçmiş var, nə bu gün, nə gələcək.
***
Keçmiş həmişə yanındadır, ondan yaxanı qurtardığını düşündüyündə tinlərdə gizlənir, sənə göz vurur, cisminə, ruhuna hopur.
Tərcümə: Lamiyə Göycəyeva