Annotasiya
“Zamanın axınını lənətləyirəm”(norveçcə “Ut og stjæle hester”) – məşhur Norveç yazıçısı Per Pettersonun 2003-cü ildə işıq üzü görən romanıdır.
37 yaşlı Arvid Jansen boşanmaq üzrədir. Bu ərəfədə anasına xərçəng diaqnozu qoyulur. Qadın köhnə bir gəmi ilə Danimarkaya səfər edir, orada yarımçıq qalan işləri var. Arvid də iki gündən sonra anasının arxasınca gedir. Bu səfər əsnasında ana-oğul münasibətlərinə aydınlıq gətirilir.
Karandaşın izi ilə
Gecələr yorğan altında taxta kimi uzanmağın, quru, bərəlmiş gözlərini qaranlığa zilləməyin, həyatın dadını ağızda kül kimi hiss etməyin nə demək olduğunu yaxşı bilirəm.
***
Mən həmin mənzildə böyümüşəm. Divar kağızındakı hər bir əziyi, döşəmədəki istənilən çatı, zirzəmidəki qorxunc küncləri dəqiq xatırlayıram.
***
Anam “Kasablanka”dakı İnqrid Berqmana bənzəyirdi: çünki saçının forması, yanağının zənəxdanı ona bənzəyirdi,amma anam heç vaxt Hamfri Boqarta “İkimizi də düşünməlisən!” deməzdi. O bunu heç kəsə deməzdi.
***
Günah işləyəcəksənsə, ağrıya hazır ol.
***
Görəsən, tək qalanda hər şey dahamı pis olacaqdı? Qorxurdum bundan. Sinəmdəki ağrının artacağından, kiçik bir tikəni belə udmaq üçün etdiyim mücadilədən, ayaqlarımdakı ani qıcolmaların çoxalacağından qorxurdum. Xarab olmuş radionun buraxdığı dalğalar kimi ora-bura uçuşan düşüncələrimdən, yuxularımdakı çılğın, saysız-hesabsız diksinmələrdən qorxurdum.
***
Sakitləşmək üçün gözlərimi yuman anda hamam qapısının açıldığını və arvadımın ayaq səslərini eşitdim. Dünyanın hər yerində – torpaq yol, hamar yol, daşlıq, parket olmasından asılı olmayaraq, bu ayaq səslərini tanıya bilərdim.
…
Amma gözlərimi açmaq istəmirdim. Hər şeyi belə də görmək mümkün idi. O daha məni sevmirdi. İstəmirdi.
***
Yorğunluğumdan zövq alacaq qədər yorğun idim.
***
İllər öncə anam mənə Erix Maria Remarkın “Zəfər tağı” əsərini oxumağı məsləhət görəndə onunla kalvados içkisi haqqında danışmışdıq. Anamla bir gün bu içkinin dadına baxmağın əla olacağını müzakirə etmişdik. Bu içki mənim üçün sehrli bir içkiyə çevrilmişdi. Remarkın romanı boyunca süzülən bu qızılı cövhər mənim üçün qəribə bir mahiyyət kəsb edirdi.
***
Kim olduğunu bilirəm. Uzaqdan düşüncələrinin səsini eşitdim.
***
Mən kitab oxuyurdum. Özü də həddən çox. Deyəsən, özümü kitablarda “itirməyim” yetərincə təsirli və əsrarəngiz göründüyündən, bəzən qardaşım da məni təqlid etməyə cəhd edirdi, bunun məni çox sevindirdiyini xatırlayıram.
***
Elə çox görmüşəm gəlişlərini, Bilirəm, nə vaxt yaxın olsan.
***
– Bunun içində nə var?
– Kalvados.
– Kalvados… “Zəfər tağı”, elədirmi?
– Bəli, “Zəfər tağı”.
– Çox yaxşı kitabdır. Bir az sentimental olsa da. Gərək 20 yaşından əvvəl oxuyasan.
– Haqlısan.
***
– Gecə növbələri işçiləri bir-birinə yaxınlaşdırır. Kollektivçiliyi təşviq edir, kommunist olmağı asanlaşdırır.
– Doğrudur, – dedim, amma o gecə kommunist olduğumu unutmuşdum.
***
Cümlələrin içində sanki ucsuz-bucaqsız bir səma var idi. Dünya bütün görünüşü ilə eninə doğru yayılırdı, zamanla geriyə, zamanla irəli, tarix uzun bir çay idi və hamımız bu axının bir parçası idik. Bütün ölkələrdəki insanların eyni arzuları, eyni xəyalları var idi və Yer kürəsinin ətrafında əl-ələ tutub böyük bir dairə əmələ gətirmişdilər.
***
Dəyişiklikləri görə biləcək qədər diqqətli olmasan, tək qalacaqsan.
***
Qarşıda başqa mümkün şeylər haqqında düşünmək üçün upuzun on beş dəqiqəm var idi. Uzun bir həyat sığardı bu on beş dəqiqəyə. Bu on beş dəqiqə mənə heç vaxt bitməyəcək bir sonsuzluq kimi gəlirdi.
***
“Keçmiş” və “bu gün” adlanan iki zaman keçidi yaranmışdı. Özüm qoyduğum bir sərhəd və ya çay, Rio Qrande çayı kimi…
***
Əslində, artıq çox gec idi. Bunu birdən-birə anladım. Çox gec ola bilərdi. Gərək bura daha tez gələrdi, ya da mən metroya minib karton divarlı evimizə gedərdim. … Başa düşürdüm ki, o da artıq gec olduğunu anlayır. Amma “Napoleon” tortumuzu yeməyə davam etsəydik, bu məsələnin üstü açılmazdı. Onsuz da, məndən üzr istəməyə gəlməmişdi, oğlu olduğu üçün gəlmişdi. Ana olduğu üçün. Lakin çox gec idi, nəsə qopmuşdu. Bir sim… Gərilərək və divarların arasında əks-səda verən bir səslə… Bilirdim ki, o da mənim kimi bu səsdən xəbərdardır.
***
Amma qardaşımı o axşama aid xatirəmin içinə salmamışdım. Silmişdim onu. Stalinin Trotskini sildiyi kimi.
***
“Biz”in bir hissəsi kimi, bir “mən”dən daha artıq olmağı, kütlədən birinə çevrilməyi sevirdim.
***
Öz-özümdən soruşdum: Tommi adlı bu kadrlar şöbəsi müdirinin dalından təpik vuracaq, işdən qovulmağı qəbul edəcək, amma daha sonra fabrikdən başıdik şəkildə çıxa biləcək qədər kişiyəmmi? Sonra anladım ki, deyiləm və beşinci mərtəbədən liftlə aşağı düşəndə güclə nəfəs alırdım.
***
Zaman məndən xəbərsiz arxamdan keçib getmiş, mən də geri çevrilib baxmamışdım. Bu, həqiqətən də, biabırçı bir hiss idi.
***
O kitabı ilk dəfə oxuyanda çox qorxmuşdum, özümə və mövcud olmayan Tanrıya söz vermişdim ki, içkiyə heç vaxt toxunmayacağam. Velosipedimi divara söykəyib bara girdim.
***
Dostluğumuz bitmişdi və elə o andaca dostluğumuz üçün darıxmışdım. Birlikdə keçirdiyimiz bütün yaylar əldən getmişdi, iyirmi beş il sonra onları unutduğum üçün yox, artıq bunları xatırlamağın bir mənası olmadığı üçün.
***
Maşın səsinə oyandım. Harada olduğumu, səhər, yaxud axşam olduğunu bilmirdim. Adımı xatırlamırdım, zamanın içində azmışdım. On iki yaşında da ola bilərdim, altmış yaşında da.
***
Ölü olmaq… Bunu qavraya bilmirdim. Həmişə qorxduğun şeyin indi başına gəlməsinə əmin olduğun anı, həmişə olmaq istədiyin insana çevrilmək şansını əbədi olaraq itirdiyini, bu anda kimsənsə, o cür də xatırlanacağını bildiyim məqamı təsəvvür edə bilmirdim.
Tərcümə: Vüsalə Əfəndiyeva, Aytən Məmmədova