Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Patrik Modiano “Kimliyi bəlli olmayan qadınlar”

Annotasiya

“Kimliyi bəlli olmayan qadınlar” (fransızca “Des inconnues“) – 2014-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən fransız yazıçısı Patrik Modianonun əsəridir.

Romanda II Dünya Müharibəsindən sonrakı dövr təsvir edilir. Üç müstəqil monoloq-hekayə şəklində təqdim olunan əsərdə üç fərqli qadının taleyi əks olunur. Bu qadınlar kənardan nə qədər fərqli görünsələr də, onları birləşdirən ümumi cəhətlər var: heç birinin adı yoxdur, hər biri gəncdir, yeni həyata atılıblar, kimlikləri bəlli deyil, arzularının arxasınca getmək, müstəqil yaşamaq istəyirlər. Onlar həyatlarının müəyyən bir dövrünə səyahət edir, yalnız həmin dövr haqqında danışıb, sonra susurlar.

Karandaşın izi ilə

Yağış yağanda isə bu divarlar qazamat hasarına oxşayırdı və nədənsə mənə elə gəlirdi ki, bu divarlar gələcəyə aparan yolları bağlamaq üçün hörülübdür.

***

Mən divarın fonunda itib-batmışam. Divarın kölgəsinə qarışıb, onun rənginə düşüb görünməz olmuşam. Və mənə elə gəlir, məni bu qaranlıqdan çıxarmağa heç kimin gücü çatmaz.

***

– Sən gərək özünə bir sevgili tapasan, – o dedi. – Bilirsənmi, bu dünyada sevgidən yaxşı heç nə yoxdur.

Mən də elə düşünürdüm, ancaq ona: “bundan da yaxşısı, mənim bir iş tapmağım olardı”, deməyə utanırdım.

***

Mən öncə Liondan qaçmışdım, indi isə, tanımadığım və bərkdən danışan insanların olduğu yerlərin hamısından qaçırdım; deyəsən, elə mənim bütün ömrüm bu, bitib-tükənməyən qaçaqaçlar içində keçəcəkdi.

***

Mən Fransada vətəndaş müharibəsinin başlayacağını düşünüb, buna görə sevinirdim. Onda daha, böyüklər bizi belə sıxışdırmazdılar və mən yaranmış qarmaqarışıqlıqdan yararlanıb, buradan qaça da bilərdim. Ancaq nə yazıq, bazar günü radioda hər şeyin yoluna qoyulduğunu və heç bir desantın olmayacağını deyib mənim ümidimi qırdılar.

***

İşə bax, mənim belə bir yaşamı büsbütün anlamsız saydığımı deyə biləcək bir ürək sirdaşım da yoxdur.

***

Ona məni pulun yox, BÖYÜK SEVGİNİN maraqlandırdığını deyəndə isə madam gülümsəyib demişdi:

– Bilirsənmi, sənin dediyin o böyük sevgiyə pulun maneçiliyi yoxdur!

***

Bu şəhərdə mənim durğunluq içində keçəcək ömrümü çalxalaya biləcək heç kim yox idi.

***

Otağın uzaq küncündə çoxlu kitablar yığılmış bir dolab vardı, onlardan ilk əlimə keçənini götürüb oxumağa başladım. Ancaq kitab oxuyanda da radionu, qrammofonu söndürməzdim. Buradakı bütün kitablarda uzaq ölkələrə və insan yaşamayan adalara səyahətlərdən danışılırdı. Bu kitabların birilərində isə uzaq yola necə çıxmaqla bağlı təlimatlar, planlar, dəniz yollarının xəritələri vardı. Beləcə, bütün günü, Port-de-Vanv küçəsindəki bu kiçik otaqda oturub, bütün yer üzünü gəzib dolaşmaq olardı. Kitablar mənə bir yüngüllük gətirirdi, onları oxuduqca məndə uzaqlara getmək həvəsi yaranırdı.

***

Onun sözlərində bir quruluq vardı və üstümə yönələn buz kimi soyuq baxışlarından məni heç saydığı duyulurdu. Elə bil, mənə baxmağa vaxt ayırdığını da özünə əskiklik sayırdı.

***

Bu şəkil gələcək üçün bir sənədli sübut idi, o qalsaydı, bir dəfə şənbə günü, Londonda, günörta çağı, Portobello küçəsində: mənim, Renenin və onun itinin olmasına şahidlik eləyəcəkdi.

***

Mən səki ilə, inamla addımlayıb keçən insanlara həsədlə baxırdım. Bu səkilər onların ayaqlarının altından qaçmır, onlar mənim kimi bu şəhərdə yadlıq okeanına düşüb boğulmurdular. Ötən çağlarda, Rene mənimlə olanda, bizim üçün də bu küçələr və meydanlar tanış və doğma idi, elə bil, onlar da bizim bir hissəmizə çevrilmişdilər. İndi isə bağlar qırılmış, mən buralarda yad və artıq bir adama çevrilmişəm, elə biləsən, ölüb, sonradan o dünyadan qayıdıb buralara gəlmişəm.

***

O, yenidən danışmağa başladı:

– Bilirsinizmi, o kilsəyə gedənlər müqəddəs Antoni Paduanskidən nə diləyirlər? Ondan itirdikləri şeyləri tapmaqda kömək almaq istəyirlər.

Bunu deyəndə o gülümsündü – elə bil mənim də nəyisə itirdiyimi bilirdi. Mən heç vaxt mövhumata inanmamışam, ancaq bu müqəddəs Antoni Paduanskinin itkiləri tapmağa yardım elədiyini bilsəydim və onun adına Londonda da kilsə olsaydı, sözsüz, o kilsəyə gedər, Rene ilə çəkdirdim fotoşəklin tapılmasını ondan diləyərdim.

– Buranın yaxınlığında, Moroiyon küçəsində tapıntılar bürosu var, adamlar tapdıqları şeyləri aparıb ora təhvil verirlər. Bir az o yandakı Dantsiq küçəsində isə yiyəsiz itlərin saxlandığı sığınacaq var… Görürsünüz də, necə məhəllədə yaşayırıq – insanlar burada həmişə nəsə axtarırlar.

***

Mən onların yığıncağına qoşulmaq istədiyimi dedim. Yalqızlıqdan üzülən adam nəyə desən razılaşarmış…

Tərcümə: Araz Gündüz

4 (80%) 2 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram