Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Joze Eduardu Aqualuza “İstəksiz yuxugörənlər cəmiyyəti”

Annotasiya

“İstəksiz yuxugörənlər cəmiyyəti” (portuqalca “A Sociedade dos Sonhadores Involuntarios“) – anqolalı yazıçı Joze Eduardu Aqualuzanın 20170ci ildə çapdan çıxan romanıdır.

Anqola rejimini məqalələrində tənqid edən jurnalist Daniel Benşimol yuxularında tanımadığı, lakin real həyatda var olan insanları – hətta bəzən onların doğum və ölümlərini görür. Daniel bir gün okean sularında üzərkən sukeçirməz fotokamera tapır. İçindəki fotoşəkillərə baxanda aydın olur ki, bu kimlərinsə təcəssüm etmiş yuxularıdır.

Mozambikli cazibədar rəssam-fotoqraf Moyra Fernandeş braziliyalı nevroloq Elio di Kastro ilə birlikdə yuxuları lentə almağın yollarını araşdırır.

Qaranlıq keçmişi olan partizan Hossi Keyli isə yuxu görmür, amma ətrafındakı hamının yuxularında gəzir, özü də bənövşəyi paltoda.

Və nəhayət, ölkənin parlaq gələcəyinin “yuxularını” görən Daniel Benşimolun qızı Qaringiri ağlasığmaz bir mübarizəyə atılır.

“İstəksiz yuxugörənlər cəmiyyəti” maddi həyatın təbiətinə meydan oxuyan və onu şübhə altına salan siyasi, satirik məzmunlu bir romandır.

Karandaşın izi ilə

Elə insanlar var ki, yalnız zövq almaq üçün üzürlər. Formada qalmaq üçün üzənlər də var. Mən isə daha yaxşı düşünə bilmək üçün üzürəm.

***

– Sakit ol, dayı, Danielin istədiyini yazmağa haqqı çatır, sizin də onunla razılaşmamaq haqqınız var. Biz demokratik mühitdə yaşayırıq və demokratiya fərqli fikirlərin olmasına sağlam yanaşır.
– Yum ağzını! Ölkəyə təzə ayaq basmısan, amma artıq demokratiyadan danışırsan?! Tanrı şirləri də yaradıb, ceyranları da. Ceyranları şirlər onları yesin deyə yaradıb. Yəni… Tanrı demokratik deyil!

***

– Çox əşyaya sahib olmaq insanın çox enerjisini aparır. Sahib olduqlarımıza nəzarət etmək ruhumuzu yeyib-bitirir, aşındırır, korlayır. Ən yaxşısı, nəyin varsa, ondan zövq almağı bacarmaqdır. Mən yelkənli qayığa sahib olmaq istəmirəm, səyahət etmək istəyirəm. Mən val istəmirəm, mahnı istəyirəm. …
Mən sahib olmamaq istəyindən “əziyyət çəkirəm”, dostum. Mənim ən böyük ambisiyam daha az şeyə sahib olmaqdır. Əgər heç bir şeyin yoxdursa, o zaman vacib olan hər şeyə sərf etməyə vaxtın çatacaq.
– Bu buddizmdir?
– Yox. Bu, tərtəmiz tənbəllikdir.
– Sənə elə gəlir ki, bu, tənbəllikdir? Mənəsə bu, böyük bir ambisiya təsiri bağışladı. Xüsusilə də insanların daha çox şeyə sahib olmaq istədikləri bir ölkədə.

***

– İnsanlara yalnız şüurları yerində olduğu halda evlənməyə icazə verilməlidir. Başa düşə bilmirəm, axı niyə insana sərxoş vəziyyətdə maşın sürməyə icazə verilmir, amma bu halda ya da aşiq ikən evlənməyə icazə verilir?! Halbuki hər ikisi eyni şeydir. Toy eləməyin avtomobil sürməkdən nə fərqi var axı?! Əgər pis idarə olunarsa, maşın uşaqlardan tutmuş bir çoxlarına xələl yetirə bilər. Şüurlu insanlar ayıq olduqları zaman evlənsəydilər, mənim valideynlərim kimi bunu ancaq şəxsi mənafeləri üçün edərdilər.
– Sənin valideynlərin şəxsi mənafeləri üçün ailə qurublar?
– Əlbəttə. Ona görə bu günə qədər də evlidirlər.

***

Məsələn, Xulio Kortazar… Elə də yaxşı tanımadığım bu yazıçını yuxumda nəhəng, qoca bir sidr ağacı kimi görmüşdüm. Onun gövdəsi əyri idi, yarpaqları büzüşmüşdü. O mənim suallarımı göydəki buludları hərəkət etdirə-etdirə cavablandırırdı. Elə bil buludlar əlifba, səma isə boş bir kağız idi.

***

Bizim zamanımızda restoran işçiləri arasında dürüstlük nadir müşahidə edilən keyfiyyətdir. Onlar get-gedə daha çox siyasətçilərə oxşayırlar. Müştəri soruşanda ki, məsələn, balıq təzədir, ya yox, onlar sözü uzatmadan, “xeyr dondurulmuş balıqdır”, – demək əvəzinə, başlayırlar kərə yağı ilə hazırlanmış sosu tərifləməyə.

***

– Vegetariansınız? Doğrudan? Mənim qızım da vegetariandır.
– Deyəsən, təəccübləndiniz. Sizcə, bu çox qəribədir ki?
– Bir az. Anqolada vegetarianlar elə də çox deyil.
– Hitler vegetarian olub. Qandi də. Mən nə Hitler, nə də Qandiyəm, amma onlar kimi ət yemirəm.
– Niyə yemirsiniz ki?
– Qızınız niyə yemir?
– Mənə elə gəlir ki, etik mülahizələrə görə. Yəqin, bir də səhhətinə görə.
– Bəs Hitler?
– Bilmirəm. Sağlamlığına görə idi?
– Həm ona görə, həm də heyvanları sevdiyinə görə. Nasist rejim heyvanların mühafizəsinə dair bir neçə qanun qəbul etmişdi. Hitler heyvan kəsiminə və ət istehlakına son qoymaq istəyirdi.
– Mən bunu bilmirdim.
– Bilməzsiniz, əlbəttə. İnsanlar bilməməyə üstünlük verirlər. Bəşəriyyətə bu qədər ziyan vuran insanın heyvanlara qarşı həssas olduğunu qəbul etmək çətindir. Qandinin – müqəddəs bir insanın vegetarian olduğunu və heyvanları sevdiyini qəbul etmək asandır. Ancaq Hitlerin tamamilə qəddar olmadığını qəbul etmək çətindir.

***

– Deyin görüm, ölüm haqqında nə bilirsiniz?
– Ölüm? Fernando Pessoa deyib ki, “Ölmək, sadəcə, gözdən itməkdir”.
– Sadəcə, gözdən itmək? Məncə, “sadəcə” kəlməsi artıqdır. Ölmək gözdən itməkdir və bu, məncə, dəhşətlidir.

***

O bu günədək nə qədər xatirə itirdiyini dəqiq bilmirdi. Bu xatirələrlə birlikdə özünün də bir hissəsinin yoxa çıxdığından xəbəri yox idi. – Xatirələri itirmək qolunu itirməklə eyni şey deyil. Qolumuzu itirəndə bilirik ki, qolumuzu itirmişik. İnsanlar bizə baxır və görürlər ki, qolumuz yoxdur. Xatirələr isə belə deyil. Bizim onları itirdiyimizdən xəbərimiz olmur. Heç kim bunu hiss etmir. Ancaq onları itirdiyimiz zaman ruhumuzda nəsə bir şey sıradan çıxır.

***

Hərdən bir fikrə və əks fikrə eyni dərəcədə ehtirasla və ya ehtirassız şəkildə inanıram. Yeri gəlmişkən, son bir neçə ildir ki, saçlarımı və ehtirasımı yavaş-yavaş itirirəm. Mən eyni şəkildə ideya və ideallarımı da itirirdim. Bəlkə, qocalıqdandır, bəlkə də, nirvanadır. Siz necə düşünürsünüz?

***

Əgər oyandıqdan sonra gördüyün yuxu bir məna kəsb edirsə, ola bilsin, sən hələ oyanmamısan.

***

Atam deyərdi ki, yaşamaq istəyirsənsə, özünü ölülüyə vur. Bunu biz tərəflərdə bütün kasıblara lap balacalıqdan öyrədirlər. “Lal, kar, kor oyunu” oyna; kiçil və ölü kimi basdır özünü.

***

Kubada da Anqoladakı kimi həbsə atmaq üçün istənilən bəhanə işə yarayır: oxunan kitablar, saç düzümü, şalvarın eni, pasportdakı vizalar, din, cinsi zövqlər, yeməklər… Hətta yatmaqdan imtina etdiyim üçün də məni həbs edə bilərsiniz.

***

Yeməyimi bitirdim, qabları yudum və çarpayının altında gizlədilən karton qutudan dünən tapdığım Qarsiya Markesin “Patriarxın payızı” kitabını əlimə alıb divanda uzandım.

***

Qarşında soyunanda gözlərində yaranan mənadan xoşum gəlir. Bu baxışı əynimə geyinəndə məğlubedilməz oluram.

***

Sənət turistik açıqcalardan fərqlənir, çünki açıqca sakitləşdirir, sənət isə narahat edir.

***

Bütün yuxular qorxuludur, çünki məhrəmdir. Yuxular bizim böyük məhrəmimizdir. Yaxınlıq isə qorxuludur.

***

Fikir vermisiniz, nara rəng verən, ya da axşamçağı çimərlikdə dərimizi parıldadan günəş gənclik fotoşəkillərimizi də saraldır? İşıq canlı olan hər şeyin rəngini gücləndirir, cansızlarınkını isə daha da soldurur. Günəş diriləri işıqlandırır, ölüləri silir.

***

Öz çılğınlığı ilə pul qazanan dəli… Başqa sözlə, ağıllı.

***

– Bağışlayın, Moyra, vaxtınızı bu qədər almaq istəməzdim.
– Siz alanlardan deyilsiniz, üstünə qoyanlardansınız.

***

– İllərdir, burada yaşayıram, amma orada tək bir dəfə olmuşam. Heç vaxt piyada çıxmamışam. Niyə piyada çıxmaq istəyirsiniz ki?
– Qələbə hissinə görə.
– Qələbə?! Siz elə bilirsiniz ki, ora piyada çıxsaq, dağa qalib gəlmiş olacağıq?
– Yox, yox. Biz öz tənbəlliyimizin üzərində qələbə çalmış olacağıq.
– Mən tənbəlliyimlə barışmışam. Tənbəllik incəsənətin adamıdır.

***

– Səssizlik yaxşıdır.
– Bir neçə dəqiqəlik səssizlik yaxşıdır. Uzananda karlığa çevrilir.

***

Mən günün sonunda Lonq-stritdə bir kafedə oturub küçəyə baxmaqdan həzz alıram, çünki elə bilirəm, bəşəriyyət paradına tamaşa edirəm.

***

– Atam ölüm ayağında təkcə dənizi xatırlayırdı. Yaddaşımı itirməkdən çox qorxuram. Amma desələr ki, bir andan başqa hər şeyi unudacağam və bu anı seçmək mənim ixtiyarımdadır, məhz bu anı seçərdim.
– Çünki?
– Çünki bu anı xatırlasam, hətta qalan hər şeyi unutsam belə, demək ki, həyatımı itirməmişəm. – Doğrudan? Sizin həyatınız nə kədərli imiş?!.

***

Bir adam ki, oğrulardan çox polislərdən qorxur, deməli, üçüncü dünya ölkəsində doğulub.

***

– Heç vaxt bilmirəm ki, qayıdacaqsan, ya yox.
– Heç mən də bilmirəm. Amma bildiyim bir şey var ki, hər dəfə qayıdanda daha azad qayıdıram.

***

Ancaq pişik kompanyon sayıla bilməzdi. Pişik insanın kompanyonu ola bilməzdi. Bir evdə pişiklə yaşamaq tənhalığın zərif bir forması idi.

***

Fantaziyası olan insan üçün keçmiş daim dəyişir. Elə bilirsiniz ki, indiki zaman keçmişdən doğulur? Əslində, hər şey əksinədir. İndiki zaman keçmişi yaradır.

***

– Çılpaq olanda yalan danışmaq çətindir. … Sən də bilirsən ki, haqlıyam. Bütün sevgililər bunu bilirlər. İşgəncə verənlər də həmçinin.
– Ona görə də işgəncə verənlər öz qurbanlarını soyundururlar?
– Elədir ki var. İsrailli tədqiqatçı Edit Spenser Koen yadıma düşdü. O deyir ki, kişilər soyuq aylarda, palto, şərf, papaq geyindikləri zaman daha çox yalan danışırlar. Qadınlar isə isti aylarda daha az yalançılıq edirlər. Ümumiyyətlə isə, biz qadınlar çox yalan danışırıq. Kişilərdən çox. Əslində, biz həm də çox danışırıq. Gündə orta hesabla iyirmi min sözdən istifadə edirik. Siz isə yeddi mini belə keçmirsiniz. Mini söyüş alındı lap…
– Doğrudan?
– Biz daha çox yalan danışırıq, çünki mürəkkəb varlıqlarıq. Yalan demək bacarığı sadədil insanların heç vaxt yiyələnə bilmədikləri bir sənətdir.
– Səninlə razıyam. Yalan danışmaq, bunu fantaziyalarla, zərifliklə bacarmaq zəkanın və zərifliyin təzahürüdür. Həqiqət həmişə mənə şişirdilmiş gəlir. Demokratiyada həqiqət yoxdur, versiyalar var. Diktaturalarda isə yalnız bir həqiqət var: rəsmi versiya!

***

Zaman uzunluq, en və ya hündürlük kimi bir ölçüdür. Odur ki “vaxt gedir” deməyin bir mənası yoxdur. Getmir. Biz onun içində yalnız bir istiqamətdə – entropiya, məhvolma istiqamətində hərəkət edirik. Lakin bu o demək deyil ki, zaman tükənir. Xeyr, sadəcə olaraq, bu o deməkdir ki, biz irəliyə doğru hərəkət edirik. Yol biz gedəndə yox olmur. O yolun kənarındakı böyük baobab biz onu keçməzdən əvəvl olduğu kimi, arxada qoyduğumuz zaman da var olacaq.

***

Yəni 1961-də Luandada bir qrup millətçini azadlığa çıxmasını istəyənlərin elədiyi kimi həbsxanaya hücum planı… O vaxt bir millətçini belə azad edə bilməmişdilər. Əksinə, qırx partizan həlak olmuşdu. Bu tarix Anqolada Portuqaliya müstəmləkəçiliyinə qarşı silahlı azadlıq mübarizəsinin başlanğıcı kimi qeyd olunur.

***

Amavel Qeheyru müharibə qurtardıqdan sonra iş adamı olmuşdu. Bir çox generalın elədiyi kimi.

***

Cəsarət! Biz cəsarəti övladlarımızdan öyrənməliyik.

***

– Bu xoşagəlməz qidalanma pozğunluğu…
– Bu, qidalanma pozğunluğu deyil. Buna aclıq aksiyası deyirlər. Bu, zorakılığa əl atmadan edilən etiraz formasıdır.

***

Kaş ki sevdiyim insanları incitmədən düzgün hesab etdiyim işi görmək üçün başqa bir yol olaydı.

***

Sonralar düşündüm ki, Anqola, əslində, şənbə günləri bir-birinin mənzillərində toplaşan, pivə içən, marixuana çəkən, heç vaxt reallaşmayan planları müzakirə edən bohema rəssamlarından ibarətdir.

***

Qorxu insanları məhv edir. Onları puldan daha çox pozur.

***

Əlbəttə, sənə yazdıqlarımın hamısını uydurmuş da ola bilərəm, çünki yanımda olmağına ehtiyacım var. Sənə ehtiyacım var, çünki mən qorxularımla üzləşmək qərarına gəlmişəm və hər dəfə sən məni qucaqlayanda bir az da böyüyür və güclənirəm. Daha yaxşı insan olmaq üçün sən mənə lazımsan.

***

Ürəyiniz ağrıyırsa, düşünməmək mümkün deyil.

***

İndi mənə etiraz edən bu insanlar bir azdan alqışlayacaqlar. Xalq hərdəmxəyaldır, axmaqdır, yaddaşsızdır.

Tərcümə: Rüstəm Mirzəyev

1.7 (33.33%) 3 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram