Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Alan Laytman “Eynşteynin yuxuları”

Annotasiya

“Eynşteynin yuxuları” (ingiliscə “Einstein’s Dreams“) – amerikalı fizik-yazıçı Alan Laytmanın 1992-ci ildə çapdan çıxan və 30-dan çox dilə tərcümə olunmaqla beynəlxalq bestsellərə çevrilən kitabıdır.

Əsər böyük alim Albert Eynşteynin 1905-ci ildə İsveçrədə Patent İdarəsində işləyərkən gördüyü yuxuların “bədii kollajı”ndan ibarətdir. Hələ gənc olan Eynşteyn nisbilik nəzəriyyəsini, zamanın yeni konsepsiyasını yaradarkən təsəvvüründə müxtəlif dünyalar canlandırır və bu dünyaların hər biri zaman nöqteyi-nəzərindən bir-birindən fərqlənir. Bu dünyaların birində zaman sanki dairə üzrə dövr edir və elə hey təkrarlanır, digərində zaman dayanır, başqa bir dünyada isə zaman bir bülbüldür və bəzən şüşə qalpağın altına düşür.

Karandaşın izi ilə

Bəzi insanlar qərarlara məhəl qoymur, onları ciddi qəbul etmir, bir növ iddia edirlər ki, olacağa çarə yoxdur, odur ki, qərarların üzərində baş sındırmaq lazım deyil, əvvəl-axır olan olacaq. Belə dünyada kim öz hərəkətlərinə və əməllərinə görə məsuliyyət daşıya bilər ki?

***

Bu dünyada iki zaman var: mexaniki zaman və bioloji zaman. Mexaniki zaman sanki dəmirdəndir, ağır və sərtdir, eynilə irəli-geri, irəli-geri, irəli-geri hərəkət edən nəhəng dəmir kəfkirə bənzəyir. Bioloji zaman isə dənizdə balıq kimi bükülüb açılır, qıvrılır, bir sözlə, “oynayır”. Mexaniki zaman konkret və dəyişməzdir, müəyyən ritm üzrə hərəkət edir. Bioloji zaman isə “istədiyi kimi hərəkət edir”.

Bu adamlar qollarına saat taxırlar, lakin zamanı müəyyən etmək üçün deyil, sadəcə, bəzək xatirinə, ya da bu qol saatını onlara hədiyyə etmiş insanlara hörmət xatirinə.

***

Bu dünya çılğınlıq dünyasıdır. Bu dünya səmimiyyət dünyasıdır. Bu elə dünyadır ki, deyilən hər kəlmə yalnız indiki an nəzərə alınaraq ağızdan çıxır; tuşlanan hər baxışın yalnız bir mənası var; heç bir yaxınlığın, heç bir təmasın nə keçmişi, nə də gələcəyi var; hər öpüş həmin anda yaşanan duyğuların nəticəsidir.

***

Eynşteyn özü kimi balacaboy Bessoya tərəf əyilib deyir:
– Mən zamanı başa düşməyə çalışıra, çünki ulu Tanrıya yaxın olmaq istəyirəm.
Besso təsdiq əlaməti olaraq başını tərpədir. Lakin Besso bildirir ki, müəyyən problemlər var. Birincisi, çox güman ki, ulu Tanrını öz yaratdıqlarına (bəndələrinə) yaxın olmaq heç də maraqlandırmır: fərq etməz, onlar kifayət qədər zəkalıdırlar, ya yox. Digər tərəfdən, bilik sahibi olmaqla ona yaxınlaşmağın mümkünlüyü bəlli deyil.

***

Bu dünyanın faciəsi ondadır ki, heç kəs xoşbəxt deyil: insanlar ya zamanın sevincindən qopa bilmirlər, ya da kədərindən. Bu dünyanın faciəsi ondadır ki, hər kəs tənhadır. Çünki keçmiş zamandakı həyatı indiki zamanda da paylaşmaq mümkün deyil. Zamandan qopa bilməyən insan tənhalıqdan da qopa bilmir.

***

Gələcək zaman nümunədir, şablondur, təşkilatdır, ittifaqdır, məqsədyönlülükdür; keçmiş zaman isə nizamsızlıqdır, qarışıqlıqdır, parçalanmadır, dağıntıdır.

***

Zamanın mərkəzinə kim səyahət edir? Ata-analar ilə övladları, bir də sevgililər.

Və beləliklə, zamanın tamamilə hərəkətsiz olduğu bu yerdə ata-analar uşaqlarını qucaqlamış vəziyyətdə donub-qalıblar. Bu, əbədi qucaqlaşmadır: mavigözlü və sarısaçlı gözəl qızın üzündən indiki təbəssümü heç vaxt əskik olmayacaq, yanaqlarındakı xəfif qızartı heç vaxt solmayacaq, bu balaca qızın dərisi heç vaxt təravətini itirməyəcək və qırışmayacaq, onun başına heç vaxt xata-bala gəlməyəcək, valideynlərinin ona öyrətdiklərini heç vaxt unutmayacaq və ya qulaqardına vurmayacaq, valideynlərinin xəbərdar olmadığı heç bir hərəkətə yol verməyəcək, bəd əməllərdən uzaq olacaq, heç vaxt valideynlərinə onları sevmədiyini söyləməyəcək, dəniz mənzərəli otağını heç vaxt tərk etməyəcək və valideynlərinin eynilə indiki kimi sıx təmasını hər zaman hiss edəcək.

Zamanın dayandığı bu yerdə küçələrin qaranlıq tinində sevgililər xəlvətcə qucaqlaşıb öpüşürlər. Bu da əbədi qucaqlaşmadır, əbədi öpüşdür, onların dodaqları heç vaxt bir-birindən qopmayacaq. Sevənlər qollarını bir-birilərindən heç vaxt çəkməyəcəklər, bir-birilərindən ayrılmayacaqlar, heç vaxt bir-birilərini qısqanmayacaq və bir-birilərinə ağır sözlər deməyəcəklər, başqasına aşiq olmayacaqlar, indiki anın ehtiasını heç vaxt itirməyəcəklər, sevgiləri heç vaxt azalmayacaq.

Bu ölü mərkəzdə, əslində, hərəkət yox dərəcəsində deyil, lakin sürəti buzlaqların sürətindən fərqlənmir. Saça sığal çəkmək bir il, öpüşmək isə min il çəkə bilər. Bircə təbəssümen yaranması üçün sərf olunan vaxt ərzində xarici dünyada fəsillər dəyişir. Bu ölü mərkəzdə ata-ana övladını qucaqlayarkən xarici dünyada körpülər tikilir. Biri digəri ilə sağollaşarkən xarici dünyada şəhərlər dağılır, məhv olur və unudulur.

***

Həyat yükü kədərdən ibarət olan nəhəng bir gəmidir, lakin həyatı yaşamaq şərəfli bir vəzifədir. Zamansız isə həyat yoxdur. Amma bəziləri bu fikirlə razılaşmırlar. Onlar əbədiyyəti əvvəl-axır bitən həyatdan daha üstün tuturlar. Hətta bu əbədiyyət insanı qutuya salınmış kəpənək kimi hərəkətsiz və “donmuş” vəziyyətə salsa belə.

***

Axı fiziki ehtirası korşaldan şey yalnız vərdiş və yaddaşdır. Yaddaş olmadıqda isə hər gecə ilk gecədir, hər səhər birlikdə açılan ilk səhərdir, hər öpüş ilk öpüşdür, hər təmas ilk təmasdır.

***

Yaddaşsız dünyada yalnız indiki zaman hökm sürür.

***

Zamanın görmə, eşitmə və ya dad kimi bir hiss olduğu dünyada hadisələrin ardıcıllığı onu seyr edənin həyat təcrübəsindən asılı olaraq, sürətli və ya yavaş, dumanlı və ya aydın, duzlu və ya şirin, səbəbli və ya səbəbsiz, nizamlı və ya təsadüfi ola bilər.

***

Məhdudiyyət əbədiyyətə qalib gəlir, milyonlarla payız, milyonlarla günəşli gün, milyonlarla nəsihət və məsləhət heçliyə məğlub olur.

***

Əslində, bura gələcəyi olmayan dünyadır. Belə dünyada zaman indiki dövrdə bitən məfhumdur: həm şüurda, həm də gerçəklikdə. Gələcək zamanın mövcud olmadığı bu dünyada heç kəs gələcəklə bağlı xəyal qura bilməz. Gələcəyi təsəvvür etmək rənglər spektrinə aid olmayan rəngi görə bilmək qədər qeyri-mümkün haldır. Gələcəyi olmayan dünyada dostların ayrılığı ölüm deməkdir. Gələcəyi olmayan dünyada hər tənhalıq son deməkdir. Gələcəyi olmayan dünyada hər qəhqəhə son qəhqəhədir. Gələcəyi olmayan dünyada indiki zamandan kənarda heç nə yoxdur və insanlar bu heçliyə düşməmək üçün indiki zamandan bərk-bərk yapışırlar, eynilə yıxılmamaq üçün uçurumun kənarından bərk-bərk yapışan insanlar kimi.

***

Qol saatları və qüllə saatları qadağan edilib. Sadəcə, Uca saat və Zaman məbədi var.

***

Verdiyi qərar o qədər ürəyincədir ki, hətta gülümsəyir. O, meşənin rütubətli havasını ciyərlərinə çəkir və istədiyi qərarı verdiyi üçün, qəribə də olsa, azadlığın olmadığı dünyada özünü azad hiss edir.

***

Keçmişin sərtliyi, sadəcə, illüziya ola bilərmi? Keçmiş, sadəcə, qəfil küləkdən, qəhqəhədən və ya hər hansı bir fikirdən dəyişən obrazlar nümunəsidir?

***

Keçmişin dəyişkən olduğu dünyada bu xatirələr küləkdə sovrulan buğda dənələridir, hərdən görülən yuxulardır, tez-tez formasını dəyişən buludlardır.

Zaman keçdikcə keçmiş heç olmamış kimidir.

Tərcümə: Könül Nəsibova

2.7 (54%) 20 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram