Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Viktor Frankl “Hər şeyə rəğmən həyata “hə” demək”

Annotasiya

“Hər şeyə rəğmən həyata “hə” demək” (almanca “Über den Sinn des Lebens“) – psixiatr Viktor Frankl tərəfindən 1946-cı ilin mart və aprel aylarında Vyananın Ottakrinq fəhlə rayonunda böyüklərin təhsil aldığı kollecdə oxunan mühazirələr əsasında tərtib edilib. Frankl nasist cəza düşərgəsindən azad olunduqdan on bir ay sonra Vyanada silsilə ictimai mühazirələr oxuyub. Bu çıxışlarında ağlasığmaz dəhşətlərə baxmayaraq, həyata “hə” deməyin hər zaman mümkün olduğunu vurğulayıb.

Karandaşın izi ilə

Həyata “hə” demək… Bunlar Viktor Franklın əsir olduğu dörd həbs düşərgəsində, o cümlədən məşum Buhenvaldda dustaqların pıçıltı ilə oxuduqları bir mahnının sözləridir. Həmin mahnının çox qəribə əhvalatı var. 1937-ci ildə siyasi dustaqların saxlanılması üçün tikilmiş Buhenvaldın ilk rəislərindən biri düşərgə üçün mahnı bəstələməsinə əmr verir. Ağır əmək və qida çatışmazlığından əziyyət çəkən dustaqlar mahnını təkrar-təkrar oxumağa məcbur edilirdilər. Düşərgədən sağ çıxmış şəxslərdən biri deyir ki, onlar “bütün nifrətləri”ni mahnıya axıdırdılar. Lakin bəziləri üçün mahnının sözləri, xüsusən də aşağıdakı sətirlər ümid ifadə edirdi:

Gələcəkdə bizi nə gözləyirsə gözləsin,
Həyata “hə” deməyi bacaraq!
Çünki o gün gələcək,
Biz azad olacağıq!

***

Təbliğat təkcə yalanlara və dezinformasiyaya deyil, həm də təhrif olunmuş mənfi stereotiplərə, qızışdırıcı ifadələrə, insanların fikri və inamı ilə manipulyasiya edən müxtəlif ideoloji oyunlara əsaslanır.

***

Hitler iddia edirdi ki, insanlar tez-tez təkrar olunan, hər gün inkar edirlən, susdurulan, daha artıq yalanlarla ört-basdır edilən təsdiq olunmamış informasiyaya inanırlar.

***

Əsrlər boyunca olduğu kimi, bu gün də bütün dünyada avtoritar idarəçilər eyni dezinformasiya taktikasından istifadə edirlər. Əlamətlər aydındır: müxalifət mediasının bağlanması, müxalifət mediasının bağlanması, dissidentlərin səslərinin kəsilməsi, hakim partiyanın mövqeyindən fərqli reportajlar hazırlayan jurnalistlərin həbsi. Həqiqi, obyektiv xəbərlərin yalanla, böhtanla, “biz onlara qarşı” nifrəti ilə əvəz olunması təhlükəsi rəqəmsal mediada artır.

***

Həyatın mənasını tapmaq üçün insanların qarşısında üç əsas yol var. Birincisi bizdən sonra qalacaq və təsir bağışlayacaq əsərin yaradılmasıdır – burada incəsənət və təmənnasız əmək birləşir. İkinci məna təbiəti, incəsənət əsərini dəyərləndirməklə və yaxud, sadəcə, insanları sevməklə tapılır. Üçüncüsü, insan həyatın qaçılmaz məhdudiyyətlərinə uyğunlaşır və onlara reaksiya verir, məsələn, öülüm ilə üzləşir və yaxud həbs düşərgəsinin əzab-əziyyətlərinə sinə gərir. Qısası, həyatımızın mənası hərəkətlərimiz, sevgimiz və iztirablarımız vasitəsilə tapılır.

***

Ştaub qəddarlığı və nifrəti tədqiq edərkən bu qənaətə gəlib ki, görməməyə və bilməməyə üstünlük vermək, kənar müşahidəçi olaraq qalmaq şərin əsasını təşkil edir.

***

Şahidlərin pis əmələ qarşı etiraz etməsi həmin pis əmək sahibinin işini çətinləşdirir.

***

Həyatda məqsədi olan insan sağlamlığına diqqət edir. Faktlar göstərir ki, məqsədli insanlar daha uzun yaşamağa meyillidirlər. Tədqiqatçılar məqsədi rifahın dayaqlarından biri sayırlar.

***

Tale bizim nəzarətimizdən asılı olmayaraq başımıza gələndir. Lakin hər birimiz bu hadisələrə münasibətimizə görə məsuliyyət daşıyırıq.

***

Hər şeyin dəyəri, insanın isə ləyaqəti var – insan heç bir zaman vasitə olmamalıdır.

***

Avtomatik tərəqqiyə kor-koranə inam özündənrazı adamların işidir.

***

Əgər insan qavrayışının keçmişi ilə bu günü arasında fundamental fərq varsa, bu fikri ən yaxşı halda belə ifadə etmək olar: keçmişdə fəallıq optimizmlə müşayiət olunurdu, indi isə o, pessimiz tələb edir.

***

Həmin illərdə o, əlində olan hər şeyi itirmişdi: pul, hakimiyyət, şöhrət. Artıq heç nə onun üçün müəyyən deyildi: nə həyat, nə sağlamlıq, nə də xoşbəxtlik. Onun üçün hər şey sual altında idi: şöhrətpərəstlik, ambisiyalar, münasibətlər. Hər şey yox olmuşdu, təkcə çılpaq varlıq qalmışdı. Mahiyyəti olmayan şeylər ağrı içində qovrulmuş, ərimişdi – insan son təhlildə nədirsə, ona çevrilmişdi: kütlənin bir üzvü, real olmayan nəsnə, həqiqətən də, heç kim – adsız biri, adsız bir cisim.

***

Elə insanlar da var ki, sadəcə, yorulduqları, həyatdan bezdikləri üçün intihar etməyə qərar verirlər. Amma bu yorğunluq bir hissdir – hamımız bilirik ki, hisslər səbəb deyil. Kiminsə özünü yorğun, tükənmiş hiss etməsi yolun yarısında dayanmaq üçün səbəb ola bilməz. Hər şey yolu davam etdirməyin, həqiqətən də, bir məna kəsb etməsinə əmin olmaqdan asılıdır, o zaman insan yorğunluğunu dəf etmək üçün özündə güc tapır. Həyatın mənasını dərk etmək, yorğunluğa baxmayaraq, yola davam etməyin mənasını başa düşmək… Bu yaşamağa davam etməyin əks arqumenti deyil. Yaşamağa davam etmək yalnız həyatın mənasını qeyd-şərtsiz qəbul etməklə mümkündür.

***

İntihar cəhdi zamanı həyatı xilas edilmiş bir adam bir gün mənə dedi ki, şəhərdən uzaqlaşıb başına güllə vurmaq istəyib. Amma axşam çox gec olduğu üçün tramvaylar işləmirmiş, o, taksi saxlamaq məcburiyyətində qalıb və birdən hiss edib ki, taksiyə artıq pul xərcləmək istəmir. Ölümdən əvvəl onda bu cür şübhələrin əmələ gəlməsi faktı onu gülümsəməyə məcbur edib. Əgər o, intihara cəhd göstərirdisə, bu həyatdan getmək istəyirdisə, xəsislik etməyin nə mənası vardı?

***

“Kopernik inqilabı etmək” faydalı olardı. Yəni yüz səksən dərəcə dönüş etmək lazımdır, bundan sonra “Mən həyatdan nə gözləyə bilərəm?” sualı aradan qalxır. İndi yalnız bu suallar haqqında düşünmək lazım gəlir: “Həyat məndən nə gözləyir? Həyatda hansı vəzifə məni gözləyir?”

***

Həyatın tamlığı fəaliyyət dairəsinin radiusundan deyil, fəaliyyət dairəsinin tam doldurulmasından asılıdır.

***

Aclıq çəkməkdə məqsəd və məna varsa, insanlar aclıq çəkməyə hazır olurlar.

***

Biz mənəviyyatı olmayan insanın aclığa necə çətinliklə dözdüyünü görməklə yanaşı, ac olan insandan mənəviyyatın tələb edilməsinin də necə çətin olduğunun şahidi olmuşuq.

***

Məsələ nailiyyət və dözümdə deyil, məsələ dözümün özünün ən yüksək nailiyyət olmasındadır.

***

Hər dəfə həyat bizə spesifik bir sual verəcək. Bütün bunlardan belə bir nəticə çıxır ki, həyat həmişə mənanı doldurmaq üçün bizə imkan verir, buna görə də həmişə həyatın mənalı olduğu bir variant var.

***

“Övladı olmayan şəxslərin həyatı təkcə bu fakta görə mənasızlaşırmı?” Biz belə cavab verə bilərik: “Əgər həyatın, fərdi bir həyatın mənası varsa, o zaman reproduktiv olmasa, necə deyərlər, “bioloji” ölməzliyə qədəm qoymasa belə – bunun illüziya olduğunu deyə bilərik – onun mənası olmalıdır. Yaxud fərdi həyatın, yəni bir şəxsə məxsus həyatın mənası yoxdursa, o, dünyaya övlad gətirməklə özünü “əbədiləşdirməyə” çalışsa belə, həyatının mənası olmayacaq. Çünki mənasızlığın əbədiləşdirilməsi də mənasızdır.

***

Ölüm varlığımızın mənasını tapmaqda lazım olduğu kimi, yəni varlığımızın unikallığına və bununla bərabər, məsuliyyətlərimizə haqq qazandırdığı kimi, insan varlığının qeyri-mükəmməlliyi daxili aləmimizin fərdi mahiyyətini ortaya çıxarmaqla öz mənasını tapır.

***

Hər bir şəxsin unikallığı onun “əgər mən etməsəm” deməsindədir, “yalnız özüm üçün” ifadəsi isə bu unikallığı mənasızlaşdırır, dəyərsizləşdirir, çünki bu, “xidmət edən” unikallıq deyil; “Əgər indi etməsəm” ifadəsi isə hər bir fərdi vəziyyətin unikallığını göstərir!

***

Məna yükləmənin üç əsas istiqamətdə mümkün olduğunu eşitmişik: birincisi, insanlar öz varlıqlarına nəsə etməklə, fəaliyyət göstərməklə, yaratmaqla məna qatırlar. İkincisi, nəyisə (təbiət, incəsənət) təcrübədən keçirməklə və ya insanları sevməklə mümkündür. Üçüncü istiqamət isə birinci və ikinci mümkün olmadıqda imkanlarının qaçılmaz və labüd həddinə qarşı mövqe tutmaqdır.

***

Həqiqətən də, sevgi qazanılmır, sevgi mükafat deyil, sevgi xeyir-dualı qismətdir. Burada onun unikallığı və fərdiliyi meydana çıxır. Sevginin təbiəti də ondan ibarətdir ki, biz sevdiyimiz insanların unikallığını və fərdiliyini görürük.

***

Həyat suallarına cavab sözlərdə deyil, əməllərdədir, daha doğrusu, yaşamaqdadır, var olmaqdadır!

***

Ən adi halda, ayaqqabımız ayağımızı əzəndə SS zabiti axsadığımızı görsə, o dəqiqə bizi sıradan ayırıb qaz kamerasına göndərə bilər. İşləməyə qadir hesab olunanlar yaşamağa da qadir hesab edilirdilər. Qalanları isə həyata sağ qalmağa layiq sayılmırdılar. Buna görə də əsir yoldaşımız bizə məsləhət gördü ki, üz qırxmağa yarayan istənilən əşyadan, məsələn, sınmış şüşə parçasından istifadə edərək hər gün üzümüzü qırxaq. O zaman üzümüzün solğunluğu bilinməz, daha təravətli görünərik.

***

İncildə nə deyilir? “Ümidlərin gecikməsi qəlbi xəstələndirir”. Elə ağır xəstələndirir ki, bir gün o qəlb artıq döyünmür.

***

Heç bir insanın əzabı başqasının əzabı ilə müqayisə oluna bilməz, çünki bu, sırf konkret şəxsə aid olan bir hissdir, bu onun əzabıdır. Həmin əzabın gücü onun olduğu şəxsin xüsusiyyətlərindən asılıdır. Əzablar da insanlar kimi unikal və fərdidir. Buna görə də əzabın böyüklüyü və ya kiçikliyi barədə danışmaq mənasızdır. Amma əzabın mənası və mənasızlığı arasında, həqiqətən də, fərq ola bilər. Yalnız şəxs özü əzabının mənalı və mənasız olmasını müəyyənləşdirir.

***

Heç nədən xəbəri olmadığını bəyan etmək, mənim fikrimcə, iztirab çəkilməsi faktının özünü mənasızlaşdırır.

***

“Xəbərsizlik”, əslində, “xəbərsiz olmaq istəyi”dir. Bunun arxasında məsuliyyətdən qaçmaq istəyi durur.

***

Doğrudan da, namuslu adam başqalarının əməllərinə görə cavab verməlidir? O namuslu adam öz xalqının hakim sinfinin törətdiyi terrora qarşı çıxa bilmirsə, özü də həmin terrorun obyekti və qurbanı olmurmu? Məgər o özü də əzab çəkmirmi?

***

İnsanın yalnız milliyyətinə, ana dilinə və yaxud doğulduğu yerə görə günahkar hesab olunması onun boyunun uzunluğuna görə məsuliyyət daşıması qədər gülüncdür.

***

Hər bir an özündə minlərlə imkan daşıyır və mən onlardan yalnız birini seçib reallaşdıra bilərəm. Lakin seçim etdikdə mən digər qalan imkanları mühakimə edirəm, hətta əbədiyyət üçün olsalar belə, onları “heç vaxt reallaşmamaq” hökmunə məhkum edirəm. Gələcəyin, mənim öz gələcəyimin, ətrafımdakı şeylərin, insanların gələcəyinin az da olsa, mənim anbaan qəbul etdiyim qərarlardan asılı olduğunu düşünmək möhtəşəm hissdir. Onlar vasitəsilə həyata keçirdiyim hər şeyi, ya da dediyimiz kimi, “dünyaya gətirdiyim” hər şeyi reallıq kimi qoruyub saxlayıram, qısaömürlü olmaqdan qoruyuram.

***

Mümkün olanda biz taleyimizi dəyişirik, lazım olanda biz həvəslə onu qəbul edirik. Tərcümə: Zümrüd Hüseynova İlk cümlə: Həyatın mənası və dəyəri haqqında danışmaq bu gün həmişəkindən daha vacib görünür. Son cümlə: Nəticə etibarilə bu üç mühazirənin məqsədi budur: insanların bütün çətinliklərə, hətta ölümə baxmayaraq, fiziki və ruhi xəstəliklərin verdiyi əzaba baxmayaraq, həbs düşərgəsindəki qismətlərinə baxmayaraq – hər şeyə rəğmən həyata “hə” demək bacarığını sizə göstərmək.

***

Mümkün olanda biz taleyimizi dəyişirik, lazım olanda biz həvəslə onu qəbul edirik.

Tərcümə: Zümrüd Hüseynova

3 (60%) 6 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram