Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Cenet Vinterson “Albalının cinsiyyəti”

Annotasiya

“Albalının cinsiyyəti” (ingiliscə “Sexing the Cherry”) – Britaniya Kral Nişanına sahib olan yazıçı Cenet Vinterson tarix, təxəyyül və zamanın təbiətinə həsr etdiyi romanıdır.

XVII əsr İngiltərəsində fantastik bir aləmdə Temza çayının sahilində bir uşaq tapılır. Köpək Qadın adlanan nəhəng bir qadın bu uşağı xilas edərək, ona analıq etməyə başlayır. Oğul böyüyüb səyyah olur, lakin sərgüzəştləri zamanı qəribəliklərlə üzləşir. Bəs bütün bu qəribə hadisələr həqiqətənmi baş verir, yoxsa gəncin təxəyyül gücünün məhsuludur?

Karandaşın izi ilə

Ağacların başı dumanda süzür, quşlar üçün ada yaradırdı.

***

Hər bir səyahət öz içində başqa bir səyahət gizlədir: gedilməyən yol, unudulan bucaq. Bunlar mənim qeyd etmək istədiyim səyahətlərdir. Təkcə etdiklərim yox, həm də o səyahətlər ki, edə bilərdim, yaxud, bəlkə də, başqa yerlərdə və başqa zamanlarda etmişəm.

***

Özümdən nə qədər çox qaçmağa çalışırdımsa, özümü kəşf etmə təşnəsi bir o qədər çox artırdı. Bir dəfə təsadüfən olduğum bir yerdə kimsə barmağını üzümə tuşlayaraq soruşdu: – Haradasan? Uzun müddət idi ki, mənim bu barədə fikrim yox idi.

***

Belə etsəydim, yəqin ki, taleyimizi dəyişəcəkdim. Tale isə hər an dəyişə bilən bir şeydir.

***

Mən hansısa yeri beynimdə təsvir edə bilirəmsə, onun xəritədə olub-olmamağının nə əhəmiyyəti var ki?

***

Dünyanın yükündən qaçmaq üçün mən bədənimi harada gəldi tərk edirəm, gah hansısa bir söhbətdə, gah yemək masasında, sonra isə dolanbaclı küçələrdən keçərək döngənin arxasında qalan evə gedirəm.

***

Bu insanlar öz həyatlarının yükündən narazı idilər və bu yükü ən yüngül şeyə – sözə çevirirdilər.

***

Cordan balaca olanda kağızdan qayıq düzəldib çayda üzdürürdü. Bunu edərək o, küləyin qayığa necə təsvir etdiyini öyrəndi, ancaq o heç vaxt sevginin ürəyə necə təsir etdiyini öyrənə bilmədi.

***

– Kişinin öhdəlikləri olmalıdır, – o dedi. – Ancaq bu, hər zaman öz seçimi olmaya bilər.
– Tamamilə doğrudur, – dedim. – Şeytanın qadının üzərinə yüklədiyi yük isə ikiqat daha ağırdır.

***

Mən uşaq olanda atam nağıl danışmaq üçün məni dizlərinin üstünə çıxarmışdı, mən onun hər iki ayağını sındırdım. Atam bir daha mənə yaxın gəlmədi, bircə köpəkləri tərbiyə etmək üçün istifadə olunan qamçını ara-sıra mənə vurardı, vəssəlam. Ancaq mənim dünyadan nakam köçən anam o qədər zərif idi ki, küləkli havada çölə çıxmağa cəsarət etməsə də, məni belində kilometrlərlə yol boyunca daşıyırdı. Onun cadugər olması ilə bağlı şayiələr yayılmışdı, ancaq sevgidən daha güclü hansı ovsun ola bilərdi ki?

***

Onlarla bağlı ürəkaçan yeganə şey əl dəsmalları idi, krujevalı əl dəsmallarını ürəklərini saxlayırmışlar kimi ağ saxlamağa çalışırdılar. Onlar zövq almaqdan qaçmaq üçün insanların əyləndiyi teatrların qarşısından keçən zaman nişastalı dəsmallarını burunlarına aparırdılar ki, zövqün iyi onlara keçməsin.

***

Kişilər hər zaman həlim qadınlar axtarırlar, ancaq həyatları güclü qadın olmadan mənasız olur.

***

Sizin ən böyük gücünüz ondadır ki, hər bir kişi inanır ki, qadınlarla bağlı hər şeyi bilir.

***

Necə bir şey ola bilər ki eşq? … Sevgi bizi Cənnətin qapısına aparıb onların birdəfəlik bağlandığını bildirəcək qədər qəddardır. … Anamın saxladığı bütün toyuqları onun şərəfinə adlandırardım. … Əsl sevgi saf olmalıdır və özüm üçün sabun bişirdim.

***

Kəndin filosofu mənə xəbərdarlıq etdi ki, sevgini rədd etmək onu kəşf etməkdən daha yaxşıdır, ürəyin cızdığı yolu getməkdənsə, yad birini axtarmaq daha asandır.

***

Kimi axtarırdım? Adını bilmədiyim rəqqasəni, yoxsa özümün rəqs eləyən bir parçasını?

***

Şəhərdə sakinlər bir-biri ilə daban-dabana zidd olan iki arzunu birləşdirməyə çalışırmışlar: bir yerdə qalmaq və oranı dərhal tərk edə bilmək.

***

Günbəgün hiss edirdim ki, yoxa çıxıram. Ərim üçün mən reallıq deyildim, sadəcə, ətrafında dolanan bir əşya kimi idim, əvəz edilməli çəpər kimi idim. Güzgülərə baxanda əvvəlki qədər canlı və həyəcanlı olmadığımı görürdüm. Mən nimdaş yun köynək kimi idim: nə geyinirdim, nə də atılırdım.

***

O başqa bir qadını sevdiyini etiraf edirdi, amma məni də sevdiyini deyirdi. Bunun tərcüməsi o idi ki, mən hər şeyi istəyirəm, bunun tərcüməsi o idi ki, səni hələ ki, incitmək istəmirəm, bunun tərcüməsi o idi ki, nə edəcəyimi bilmirəm, mənə bir az zaman ver.

***

Onu sevirdim, ona aşiq idim. Ürəyimi döyüş meydanına çevirmək üçün sözlərdən istifadə etmək istəmirdim.

***

Mən seçim variantlarını düşünməyə başladım. Mən burada qala, bədbəxt ola və alçala bilərdim. Mən çıxıb gedə, bədbəxt ola və ləyaqətli ola bilərdim. Mən yenidən toxunması üçün ona yalvara bilərdim. Mən ümidlə yaşayıb, kədərdən ölə bilərdim. Bəzi şeyləri götürüb evdən çıxım, bu elə də asan deyildi, bura mənim də evim idi. Sonralar eşitdim ki, arxa çəpəri başqa çəpərlə əvəz edib.

***

– Hə, bir də heç vaxt sevməyən insanlar var, məsələn, mənim anam belə idi.
– Haradasa bir sirri olmalıdır, adətən, belə olur.

***

Dəyişikliyə ehtiyacları olanlar sevgi dəryasına baş vurmağı seçirlər, sonra isə barmaqları taleyə tuşlayaraq onu günahlandırırlar. Ancaq bu, tale deyil, ən azından iradəmiz xaricində olan tale deyil, eşq intizar dolu gecələr sonrası edilən sirli seçimdir.

***

İlhamverici olmaq kifayət edir. Ağrı o zaman yaranır ki, arzular dəyişir, onlar dəyişməlidir, dəyişməyə məcburdur. Qəfildən sehrli şəhər yoxa çıxır və sən küləkli səhrada yenidən tək qalırsan. Sevdiyin adama gəlincə isə o səni başa düşmür. Həqiqət budur ki, heç öz-özünü başa düşmürsən.

***

Tradeskant albalı ilə bağlı işlərinə görə İngiltərədə təriflənmişdi, mən də calaq sənətini ilk dəfə albalının üstündə öyrənmişdim, bu sənəti öz üzərimdə də tətbiq edib-etməyəcəyimi düşünmüşdüm.
Qara şirin albalı ilə turş albalını calaq edib alınan nəticəni səbirlə gözləyəndə anam demişdi: “Özünlə məni ombamızdan bir-birimizə tikərək hansı nəticəni gözləyirsənsə, bu calaqdan da onu gözləməlisən”.
Sonra isə əlavə etmişdi: “Calaq etdiyin o qulyabanının cinsiyyəti nə olacaq?” Mən ona izah etməyə çalışmışdım ki, toxumdan yetişməsə də, o, dişi cinsində olacaq, ancaq anam demişdi ki, belə şeylərin cinsiyyəti olmur və öz içində qarma-qarışıqlığa səbəb olur.
– Qoy bütün dünya öz ahəngində cütləşsin, – o dedi. – ya da heç cütləşsin.
Ancaq albalı böyüdü və onun cinsiyyətini müəyyən etdik, dişi idi. Mən istərdim ki, Tradeskantın bəzi xüsusiyyətləri mənə calaq edilsin ki, onun kimi qəhrəman olum.

***

Anam riyazi tənlik kimidir: həmişə var və əksini sübut etmək çətindir.

***

Mənim öz ürəyim heç vaxt ziyarət edilməyən vəhşi şəhər kimidir, heç bilmirəm burada hansısa canlı həyatda qala bilər, ya yox.

***

Mənlik bir anda və bir məkanda formalaşmaz, bu ancaq anın və məkanın kəsişməsindən yaranar.

***

Yalanlar 1: Sadəcə indiki zaman var və xatırlamağa heç nə yoxdur.
Yalanlar 2: Zaman düz xətdir.
Yalanlar 3: Keçmiş ilə gələcək arasında fərq odur ki, biri artıq keçib, biri isə yox.
Yalanlar 4: Vahid vaxt çərçivəsində, sadəcə, bir yerdə ola bilərik.

Yalanlar 6: Reallıq elə bir şeydir ki, onunla bağlı razılığa gəlmək olar.
Yalanlar 7: Reallıq həqiqət kimidir.

***

Zaman haqqında düşünmək iki ziddiyyətli və dəqiq olduğuna əmin olduğumuz şeyi etiraf etməkdir: zahiri həyatımız mövsümlər və saatlar tərəfindən müəyyənləşdirilir; batini həyatımız isə daha az müntəzəmdir – adi zamanın tələblərindən kənara çıxan xəyali güc bizə indinin və buranın sərhədlərini yox sayma azadlığı tanıyır və saf zaman döngüsü boyunca ehtiva edib-etmədiyi hər şeylə kainatın çevrəsindən ildırım kimi ötür.

***

Biz bütün qarşılaşdıqlarımızın bir parçasıyıq və bütün qarşılaşdıqlarımız bizim bir parçamız imiş.

***

Bu, tamamilə həqiqətdir ki, əsl sənət üçün kriteriya – söhbət təqliddən yox, həqiqi sənətdən gedir – bizi sənətkarın aid olduğu yerə götürməsidir. Bura fərqli yerdir və biz həmin yerdə cazibə qüvvəsinin qanunlarından azad edilirik. Biz incəsənət tərəfindən cəlb olunanda özümüz tərəfindən də cəlb olunuruq. Həmin an maddi dünya bizim üçün sərhəd təşkil etmir, maddi dünya boş yer və işığa çevrilir.

***

Rəsm əsərləri bizə işığın necə təsir etdiyini xatırladır; işıq içində yaşamaq, zaman içində yaşamaq və bunun fərqində olmamaq (ən aydın yollar istisna olmaqla).

***

O mənə dedi ki, uzun illər xilas ediləcəyi ümidi ilə yaşayıb; birlikdə rəqs edə biləcəyi başqa kiməsə aid olma hissi ilə yaşayıb. Sonra isə o təkbaşına rəqs etməyi öyrənib, bunu isə həm rəqsə görə, həm də özünə görə edib.

***

Başlanğıcda tək mən var idim, itirdiyim də özüm idim. Özümü anamda itirmişdim, çünki o məndən çox böyük və güclü idi. Halbuki oğlan övladları ilə bu cür olmalı deyil. Ancaq özümü ən çox da ideal özümlə döyünən qəlbim arasındakı boşluqda itirdim. Mən cəsur olmaq istəyirdim, mənə pərəstiş etsinlər istəyirdim, gözəl arvadım və evim olsun istəyirdim. Mən qəhrəman olmaq istəyirdim, bərədə arvadım və uşaqlarımla vidalaşmaq, onlardan uzaqlara getdiyim üçün kədərlənmək, ancaq çıxdığım səyahət üçün həyəcanlı olmaq istəyirdim. Mən digər kişilər kimi olmaq istəyirdim, belinə əl vurulub “bizim adamdır” deyilən, bir-iki yaxşı zarafat bilən biri olmaq istəyirdim.

***

Buddistlərə görə, Tanrıya gedən 149 yol var. Mən Tanrını axtarmıram, özümü axtarıram. Bu isə daha çətin məsələdir. Tanrı haqqında çox yazılıb, mənim haqqımda isə heç nə. Tanrı mənim anam kimi böyükdür, onu tapmaq asandır. Mən istənilən yerdə ola bilərəm, ancaq öz-özümü tanımadığım üçün heç kimdən kömək istəyə bilmərəm.

***

Mən Tanrını axtarmaq üçün yola çıxmış çoxsaylı zəvvarla rastlaşmışam və təəccüblənmişəm ki, onlar niyə özlərini yox, Tanrını axtarmağa çıxıblar. Bəlkə də, bir məqamı qaçırıram – bəlkə də, başqa birini axtaran yol gözlənilmədən insanın özünə çıxır.

***

Bəlkə də, lazım olan dünyanı görə bilmədim, əsl dünyanı görə bilməyim deyə saxta dünyanı önümə qoydular.

***

Əgər sən qəhrəmansansa, axmaqlıq da edə bilərsən, pis də davrana bilərsən, şəxsi həyatını darmadağın da edə bilərsən, saysız məşuqələrin olar, hər saniyə özün haqqında danışa bilərsən. Heç kim bütün bunlara etiraz etməz. Qəhrəmanlar toxunulmazdır. Onların enli kürəyi, gur saçları var, hara gedirlər getsinlər, ətraflarında izdiham toplanır. Adətən başqa kişilərlə bir yerdə əylənməyi sevirlər, hərçənd gözəl qadınlar mükafatlarının bir parçasıdır.

***

Heç kimin məhəl qoymadığı, diqqətdən tamamilə kənar qalan birinin özünü göstərə bilmək üçün nəhəng olmağa çalışması normal bir şey deyil ki? Hətta bu, qorxu və ikrah hesabına olsa da.

***

Axşamlar çarpayıda evin büsbütün mənim kimi nəfəs aldığını hiss edərdim. Tavanın kirəmitləri, kərpiclər, borular hamısı mənim ritmimə tabe olurdu. Mən xalçalı yumurtanın içindəki div idim. Hərəkətə başlayıram, çiyinlərim otağın divarlarını, başım qıvrılaraq pəncərələri sındırır. Hər tərəf şüşə parçaları ilə doludur, bir addımla bağı tapdalayıram. İrili-xırdalı uzunluq 321 kilometrdir. Ancaq qəzəbin ölçü vahidi yoxdur.

***

Mən kişilərə nifrət etmirəm, sadəcə istəyirəm ki, onlar da bir az cəhd etsinlər. Hamısı qəhrəman olmaq istəyir. Biz isə onlardan evdə qalıb ev işləri və uşaqlara kömək etmələrini istəyirik. Onların dərk etdiyi qəhrəmanlıq bu deyil.

***

Payız idi və günəş çox tez batırdı, hava isə soyuq idi. Soyuğun burun deşiklərimə dolması və nəfəs aldığım zaman ağzımdan buxarın çıxması xoşuma gəlirdi. Günəşin binaların arxasınca yavaş-yavaş yoxa çıxmasını izləyirdim, diqqətimi ora o qədər yönəltmişdim ki, maşınların səsi, insanların gurultusu, kauçukun və qazın iyi vecimə də deyildi. Mənə elə gəldi ki, hələ yaşamadığım bir axşamüstü də yalnızam.

***

Tək bir gecədə iki milyon il keçə bilər, zaman, sadəcə, beynimizdə hərəkət edir. Mövsümlərin sabit dəyişkənliyi, sevdiyimiz torpağın zamanla dəyişməsi zahirən davam edər, daxilən isə işıq illəri bizi fərqli səmalar altında fırladar.

***

Gələcək toxunulmazdır, hələ də toxunulmazdır, keçmiş isə ümidsizdir.

***

Risk olmadan təhlükəsizlik olmaz, nə üçün risk edirsinizsə, deməli, onu dəyərləndirirsiniz.

***

Van Qoqun “Toxum əkən” adlandırmağı sevdiyim bir əsəri var. Bir kəndli axşam arxasında nəhəng sarı ayla evinə doğru gedir. Torpaq möhkəmdir, palitra ilə çəkilmiş qalın rənglərdən ibarətdir. Bu rəsm mənə təskinlik verir, çünki ona baxanda düşünürəm ki, dünya hər bir günün və hər bir səyahətin sonunda hər zaman yerində olacaq, hər zaman güclü olacaq. Qəhvəyi tarlalar və sapsarı ay.

Tərcümə: Afaq Zeynallı

2.7 (54.29%) 7 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram