Annotasiya
“Dəyişən dünyanın rəssamı”(ingiliscə “An Artist of the Floating World“) – yapon əsilli britaniyalı yazıçı Kazuo İşiquronun 1986-cı ildə işıq üzü görən sayca ikinci romanıdır.
1948-ci il, Yaponiya İkinci Dünya müharibəsindən sonra yavaş-yavaş özünə gəlməyə çalışır, şəhərlərini bərpa edir, insanlar məğlubiyyəti unudub gələcəyə boylanmağa çalışır. Dövrünün məşhur rəssamı olmuş Masuci Ono indi günlərini ailəsinə və evinə həsr etməklə keçirir: bağına qulluq edir, evində təmir işləri aparır, iki böyük qızı və nəvəsi ilə vaxt keçirir, axşamlar isə sakit və yarımqaranlıq barların birində köhnə dost-tanışları ilə içki içir.
Masuci indi sakit, dinc bir ahıllıq həyatı sürməlidir, lakin xatirələr ona rahatlıq vermir. Xəyalları tez-tez keçmişə səyahət edir: yapon militarizminin dərindən yaraladığı həyatını və karyerasını xatırlayır. Və keçmişində yaşananlar onun sakit həyatına qara bulud kimi çökür.
Karandaşın izi ilə
Qonaq otağına sükut çökmüşdü. Qızlarımın ikisi də jurnal oxuyurdu. Yerimə əyləşəndə dərindən içimi çəkdim, lakin onların heç biri mənə fikir vermədi.
***
Atam hər zaman düşünərdi, qonaq otağı evin ən təmiz və müqəddəs yeridir, adi, əhəmiyyətsiz söhbətləri və problemləri bu otaqdan mümkün qədər uzaq tutmaq və evin bu guşəsini qorumaq lazımdır. Atam deyərdi ki, qonaq otağını yalnız ən hörmətli insanları qəbul etmək üçün istifadə etməlisən.
***
Düz 12 yaşıma qədər mənə, ümumiyyətlə, qonaq otağına girmək qadağan olunmuşdu. Qonaq otağı, sözün istənilən mənasında, evimizin mərkəzi idi. 12 yaşıma qədər həmin otağın necə olduğu, içərisində nələr olduğu mənə çox maraqlı idi. Ona görə də arabir qapının arasından ötəri şəkildə görə bildiklərim sayəsində həmin otağın quruluşunu və içindəkiləri xəyalımda canlandırmışdım.
…
Düz 12 yaşıma qədər qonaq otağına girməyimi qadağan etməsi ilə atam özü də fərqinə varmadan məndə əsl “rəssam gözü”nün formalaşmasına kömək edib.
***
Rəssamlar yoxsulluq və səfalət içərisində yaşayırlar. Onlar tamam başqa dünyanın insanlarıdır. Elə bir dünyanın ki, onları hər an pozğunluğa və mənəviyyatsızlığa sürükləyir.
***
Uşaq olanda hər şey insana cansıxıcı və mənasız görünə bilər. Səni başa düşürəm, hələ yaşın çox azdır, bu həyat sənə maraqsız görünür, ancaq yaşlandıqca başa düşəcəksən ki, indi sənin mənasız hesab etdiklərin, əslində, çox vacib və əhəmiyyətli olub.
***
Vaxt vardı, atamın hər həftə qonaq otağına çağırıb işlə bağlı uzun-uzadı danışdıqları məni qorxudurdu, çünki heç nə başa düşmürdüm və özümü başa düşürmüş kimi göstərirdim. Ancaq müəyyən vaxtdan sonra qorxu hiss keçib-getdi və mən təngə gəlməyə başladım. İndi isə sadəcə iyrənirəm. Hər həftə baş tutan görüşü özüm üçün şərəf saymıram.
***
– Müharibə dövründə ölkəsinə sədaqətlə qulluq edən və düşmənə qarşı mübarizə aparan insanları hərbi cinayətkar adlandırmaq düz deyil.
– Axı məhz bu insanlar ölkəni yanlış istiqamətə sürükləyiblər, onların səhvi üzündən biz müharibəni bu qədər itki verərək uduzmuşuq. Məgər onlar öz günahlarını etiraf etsəydilər, daha ədalətli olmazdı?
***
Gənc nəslin nümayəndələri danışarkən açıq-aşkar hiddət və qəzəb saçırlar, onların sözləri bir-birinkinə çox bənzəyir! Görünür, onlar eyni cür fikirləşdikləri üçün eyni sözlərlə də danışırlar.
***
Bir insan qarşısındakı insanın sədaqətini qazanmalıdır. Bəzən insanlar yersiz sədaqət naminə çox şey edirlər, əsl sədaqətin nə demək olduğunu və qarşısındakının buna layiq olub-olmadığını dərk etmədən öz həyatlarını kor-koranə bu “sədaqət”ə qurban verirlər. Mən elə yaşaya bilmərəm, həyatımı “haqsız sədaqət”ə qurban verə bilmərəm.
***
Bəzən insan eyni əhvalatı təkrar-təkrar danışarkən getdikcə fərqli sözlərdən istifadə edir və bir qədər fərqli hekayə yaranır.
***
Bu körpüyə belə bir ad təsadüfən verilməmişdi. Hələ müharibədən əvvəl səs-küylü qəsəbəmizdəki kafe və barların müştərilərlə aşıb-daşdığı vaxtlarda bəzi kişilər bu körpüdə dayanıb içki içməyə getsinmi, yoxsa evinə, arvadının yanına qayıtsınmı, düşünüb götür-qoy edər, bir sözlə, tərəddüd edərdilər. “Tərəddüd körpüsü” adı bax belə yarandı.
***
Axı niyə keçmişinlə üzləşmək istəmirsən? Axı sən çəkdiyin o plakatlara görə ad-san və hörmət qazandın… Ad-san və hörmət… İndi dünya dəyişibsə, insanların baxışı dəyişibsə, bu o demək deyil ki, sən keçmişini danmalı və özün haqqında yalan danışmalısan.
***
Mənliyi olan və özünə hörmət edən bir adam keçmiş səhvlərini ört-basdır etməklə, məsuliyyətdən qaçmaqla nə qədər yaşaya bilər? Əlbəttə, keçmiş səhvləri etiraf etmək heç də həmişə asan olmur, lakin bunu etdikdən sonra sanki insan ləyaqətinə yenidən qovuşduğunu hiss edir və yüngülləşir. Nə olursa olsun, insan xoş niyyət naminə və bilmədən edilmiş səhvlərə görə yox, bu səhvləri etiraf etməyi bacarmadığına və bilə-bilə məsuliyyətdən boyun qaçırdığına görə xəcalət çəkməlidir.
***
Bir çox digər hadisələr kimi, bu “səs-küylü” qəsəbədə yaşananlar da keçmişin qaranlığında qeyb olub itdi və bir də heç vaxt geri qayıtmayacaq. Bəlkə belə daha yaxşıdır… Bəlkə o günlərin geri qayıtması bizə yeni ağrılar yaşadar…
***
Baxış bucağınızı dəyişin, hər zaman eyni rakursdan baxmaq məcburiyyətində deyilsiniz.
***
Axı həyatın bəxş etdiyi hər hansı gözəlliyin həqiqiliyinə inanmırsansa, onda bu gözəlliyi qiymətləndirə və tərənnüm edə bilməzsən…
***
– Dənizçi Popay da çoxlu ispanaq yeyir, ona görə də güclüdür.
– Düz deyirsən, İçiro. İspanaq həqiqətən də çox faydalı yeməkdir.
– Bəs sən sake içəndən sonra güclü olursan, oçi?
– Sake, sadəcə, adama cəsarət verir və elə bilirsən ki, hamıdan güclüsən. Əslində isə, İçiro, sake adama güc-filan vermir.
– Onda niyə kişilər sake içirlər, oçi?
– Bilmirəm, İçiro… Yəqin, müvəqqəti də olsa, özlərini hamıdan güclü hesab etmək istəyirlər.
***
Bilirsən, Ono, mənim fikrimcə, insanların getdikcə yoxsullaşdığı, uşaqların aclıqdan və xəstəlikdən əziyyət çəkdiyi belə bir dövrdə rəssamın öz aləminə qapanıb gözəl geyşaların portretlərini yaratması heç nəyə yaramır.
***
Sensey, mənə elə gəlir ki, belə bir narahat dövrdə rəssamlar yalnız gecələr canlanan, sübh şəfəqlərinin parlaması ilə dərhal yoxa çıxan əyləncə və həzz dünyasından başqa daha vacib məqamları da dəyərləndirə bilməlidirlər. Axı niyə rəssamlar öz kiçik dünyalarına qapanıb ətrafda baş verənlərə göz yummalıdırlar? Vicdanım buna yol vermir, sensey, ömrüm boyu əyləncə dünyasını tərənnüm edə bilmərəm. Dəyişən dünyanın dəyişən anlarını, hadisələrini tərənnüm etmək istəyirəm.
***
Səni inandırıram ki, savadsız və səriştəsiz insanın rəhbərliyi altında işləmək əsl işgəncədir.
***
Görünür, inad və qətiyyət məqsədə çatmaq üçün yetərli olmayıb. Haqlı idin, rəssamlar dünyaya bir qədər dar çərçivədən baxırlar. Elə indinin özündə də mən bu şəhərin hüdudlarından kənarda baş verənləri anlamaqda çətinlik çəkirəm.
***
Ən azından əlimizdən gələni etdik, doğru bildiyimiz məqsədlər naminə nəsə etməyə çalışdıq. Lakin sonda məlum oldu ki, əziyyətimiz hədər imiş, qeyri-mümkünü mümkünə çevirəcək qədər güclü dərrakə sahibi deyilmişik. Hər şeyə sadə baxan adi insanlarmışıq. Elə bir dövrdə sadə insan olmaq özü də bir talesizlik imiş. Ona görə də bəxtimiz gətirmədi.
***
Hərbçilər, siyasətçilər, biznesmenlər… Onların hamısını bu ölkənin başına gələnlərdə təqsirli bilib ittiham etdilər. Lakin sənin və mənim kimilərin bu ölkənin xoşbəxt gələcəyi naminə etdikləri, Ono, heç kimin gözünə görünmədi. Biz çox mübarizə apardıq, lakin əməyimiz hər zaman diqqətdən kənarda qaldı. Elə indi də sənin və mənim kimilərin keçmişdə nə etdiyi, nəyin naminə mübarizə apardığı heç kimi maraqlandırmır. …
Etdiklərimiz özümüzdən başqa heç kimi maraqlandırmır. Bəli, Ono, sənin və mənim kimilər dönüb geriyə, keçmişinə baxanda vaxtilə atdığı yanlış addımları görür, lakin bu yanlış addımlar bizim özümüzdən başqa heç kimi narahat etmir… Özümüzdən başqa heç kimə peşmançılıq və təəssüf hissi yaşatmır…
Tərcümə: Könül Nəsibova