Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Qustav Flober “Hisslərin tərbiyəsi”

Annotasiya

“Hisslərin tərbiyəsi”(fransızca “L’Éducation sentimentale“) – fransız yazıçısı Qustav Floberin 1910-cu ildə çap olunan romanıdır.

Əsər təhsil almaq, təzə həyata başlamaq, karyera qurmaq üçün 1840-cı ildə əyalətdən Parisə yollanan on səkkiz yaşlı gəncdən – Frederik Moronun həyatından bəhs edir. Frederik hələ Parisə çatmamış dəniz səfərində ilk məhəbbətini tapır. İlk baxışdan vurulduğu bu qadın – madam Arnu otuz yaşlarında ərli bir xanımdır.

Frederik romantik, xəyalpərvər qəhrəmandır. Paris mühitinə düşən gənc oğlan bu şəhərdə incəsənət və siyasət aləmi ilə tanış olur, özünə təzə dostlar tapır. Qəhrəmanın hissləri əsər boyunca dolğunlaşır, kamilləşir, başqa sözlə, cəmiyyət onun hisslərini “tərbiyələndirir”.

Karandaşın izi ilə

Onun nəzərində nəcib ruhunun layiq olduğu xoşbəxtlik yubanırdı.

***

Qolunu belinə dolamaq, donu saralmış yarpaqlara sürtüldükcə onunla yan-yana bu təpəyə dırmaşmaq, gözlərinin parıltısını görüb səsini dinləmək nə böyük səadət olardı! Gəmi dayanar, onlar da sahilə enərdilər; bu çox bəsit arzu olsa da, günəşi yerindən oynatmaqdan asan deyildi.

***

Bu minvalla günlər bir-birinə calanır, eyni sıxıntılar, eyni vərdişlərlə ötüb-keçirdi.

***

İnsanlar o qədər tez-tez toplaşmağa başlamışdılar ki, artıq qəzetlər də onlardan heç nə yazmırdı.

***

Bu vaxt canından sanki adamı sehrli dünyaya aparan bir üşütmə keçdi. Daxilində nə olduğunu bilmədiyi fövqəladə bacarıq baş qaldırdı. Ciddi-ciddi özündən görkəmli rəssam, yoxsa böyük şair olmaq istədiyini soruşdu və rəssamlığı seçdi, zira bu məşğuliyyət onu madam Arnu ilə yaxınlaşdıracaqdı. Demək, həyat yolunu tapmışdı! İndi həyatının məqsədi məlum olmuş, gələcəyi qətiləşmişdi.

***

Onun fikrincə, incəsənət yalnız və yalnız kütlə əxlaqını yüksəltməyə xidmət etməlidir! Ancaq insanları xeyirxah əməllərə təhrik edən mövzuları işləmək lazımdır, o biri mövzular zərərlidir.

***

Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur.

***

Bir qadında sizi məftun edən şey ideya olaraq elə onun özünü alçaldır; misal üçün, sinəsi, saçları…

***

– Deməli belə, həmişə eyni qadını sevmək istəyərdim!
Bu sözləri elə dedi ki, otağa bir anlıq sükut çökdü. Kimisi onun ürəyinin təmizliyindən heyrətə gəldi, kimi də bu sözlərə, bəlkə də, öz gizlin arzularını gördü.

***

Sənin uğursuzluğa məruz qaldığın yerlərdə axmaqların uğur qazandığını görməkdən alçaldıcı heç nə yoxdur.

***

Gözəl olan hər şey, sayrışan ulduzlar, bəzi melodiyalar, gözəl qurulmuş bir cümlə, bir nüans Frederikə qəflətən və sezdirmədən onu xatırladırdı.

***

Təsadüfün güclü adamlara tərəf olduğuna inanırdı.

***

Kütləyə bilavasitə təsir göstərəndə, qəlbindəki duyğuları onlara ötürdüyünü hiss edəndə daxilən böyük zövq alırsan.

***

Budur, şöhrətpərəstlik eşqiylə alışıb-yanaraq, günlərini mübahisələrdə yelə verərək, cürbəcür cəfəngiyyata, sistemlərə, tənqidə, hansısa nizamnamənin və ya incəsənət sahəsində islahatın zəruriliyinə inanaraq 50 yaşına gəlib çatmış, ortaya isə qaralamalardan başqa heç nə çıxarmamışdı.

***

İncəsənət, elm və sevgi. Tanrının üç sifəti.

***

Hətta məhəbbəti də hardasa hüznlü şirinliyə, xumar füsunkarlığa bürünürdü. Dərdini məktublara köçürdükcə, oxuduğu kitablara qarışdırdıqca, özüylə birlikdə zəmilərdə gəzdirdikcə, getdiyi hər yerə yaydıqca onu toxtatmış, söndürmüşdü. Məhəbbəti çox səssiz, fağır olmuşdu, hətta indi madam Arnu onun gözündə məzarının yerini unutduğu ölü kimiydi.

***

Xoşbəxtlik Frederiki çox yuxaürəkli etmişdi.

***

Frederik onu görəndə sevincindən dəli olacağını fikirləşmişdi, amma məkan dəyişəndə ehtiraslar da solub-saralır. Madam Arnunu əvvəlki mühitdə görməyəndə ona elə gəldi ki, sevdiyi qadın öz füsunkarlığının bir parçasını itirib. Onun başa düşmədiyi bir rəsmdə nəsə əskilib və ən nəhayət, artıq bu qadın həminki deyildi. Ürəyinin sakit-sakit vurmağına təəccübləndi.

***

Onu seyr etdikcə bütün bədəni keyiyirdi, lakin toxtayıb özünü ələ aldı. Görəsən, özünü ona necə bəyəndirsin? Hansı yolla? Amma nə qədər fikirləşdisə, puldan yaxşı vasitə tapmadı.

***

Öz arzularının təsdiqini kitablarda axtarırdı.

***

– Vergilər onsuz da yetərincə yüksək idi.
– Özü də nəyə görə? Muzey meymunlarına saraylar ucaltmaq, bizim meydanlarımızda təmtəraqlı paradlar təşkil etmək, ya da saray lakeyləri arasında orta əsr etiketlərini qoruyub saxlamaq üçün!

***

İncəsənət taca tabedir.

***

Fikirləşəndə ki qayığı çaya buraxmaq üçün iyirmi səkkiz formal qayda tələb olunmur, gedib adamyeyənlərin yanında yaşamaq istəyirsən! Hökumət sıxıb suyumuzu çıxarır! Hər şeyi əlinə keçirib: fəlsəfəni, hüququ, incəsənəti, havanı. Əldən düşmüş Fransa jandarmeriyanın ayaqqabısı, keşişin cübbəsi altında can verir.

***

İçirəm bugünkü quruluşun, yəni imtiyaz, monopoliya, idarə, iyerarxiya, hakimiyyət, dövlət adlanan şeyin tamamilə dağıdılması şərəfinə!

***

Bu iki qadınla ünsiyyət Frederikin həyatında qoşa melodiya kimi idi: biri oynaq, coşqun, ürəkaçan, o biri isə dini nəğmə kimi ağır.

***

Bir tərəfdən götürəndə onsuz da dərin hisslər namuslu qadınlara bənzəyir. Onlar ifşa olunmaqdan ehtiyat edir və həyatlarını gözlərini yerə dikərək yaşayırlar.

***

Onlar zaldan çıxıb, əvvəllər bağ alətləri saxlanılan uçuq-sökük daxmanın yanından keçdilər.
– Bu daxma daha heç nəyə yaramır.
– Xoşbəxtlik kimi.

***

Bir dəfə, – o vaxt beş yaşı vardı, – Transnonen küçəsindəki baqqal dükanı yanında tüfənglərini süngüsü qandan qıpqırmızı olmuş, qundaqlarına saçlar yapışmış əsgərləri görmüşdü. O gündən sonra hakimiyyət onu həm də ədalətsizlik təcəssümü kimi hiddətləndirirdi. Onun aləmində jandarmlarla qatillər eyni cinayətkarlar idi.

***

O bu yaşayışdan yorulmuşdu, 32 suluq naharlardan, omnibusda gəzməkdən, kasıblıqdan, daima nəyəsə cəhd göstərməkdən bezmişdi.

***

Bəs bütün başlanğıcların əsas ünsürü iradə deyildimi?

***

– Ürəkləri nəyi istəyir, onu da qadağan edirlər! Lüksemburq bağında siqaret çəkmək qadağandır, Doqquzuncu Piyə himn oxumaq qadağandır.
– Tipoqrafiyaçılara da banket keçirməyə icazə vermirlər!

***

Hər şey hazır olandan sonra, sanki burada mürgüləyən xoşbəxtliyi qoruyub saxlamaq üçün qapını bağladı, açarı cibinə qoyub getdi.

***

Həyatda elə hallar olur ki, əsla qəddar olmayan bir insan başqalarından qopur və o anlarda soyuqqanlılıqla bütün bəşəriyyətin məhv olmağını istəyir.

***

Nəticədə mülkiyyət dinlə eyni səviyyədə hörmətə çatdı və Tanrı anlayışına qarışdı. Ona hücum etmək kafirlik, az qala adamyeyənlik hesab olundu.

***

Əgər vicdanla, qərəzsiz hərəkət edirsənsə, üz-göz olduğun qoyun sürüsü sənin fədakarlıq sevdanı öldürür.

***

Bütün bu iğtişaşlar ona sevgiləri və təbiətin əbədi qanunları ilə müqayisədə miskin görünürdü.

***

Hətta ən məhrəm sirləri açıb danışarkən belə saxta utanc, həya, ya da təəssüf səbəbiylə həmişə söylənməmiş sözlər qalır. Qarşımızdakı insanda, ya da özümüzdə sənin qabığını kəsən uçurum, ya da bataqlıq görürük. Hiss edirik ki, nəsə desək belə, bizi başa düşməyəcəklər. Həmin şeyi olduğu kimi izah etmək çətindir. Elə buna görə də mükəmməl dostluqlar nadir şeydir.

***

Siyasi naqqallıq və ləzzətli yeməklər onun əxlaq duyğusunu keyidirdi.

***

Tezliklə bu yalanlar onu əyləndirməyə başladı. Birinə verdiyi andı o birinə təkrarlayır, ikisinə də eyni gül dəstələri göndərirdi. Onlara eyni vaxtda məktub yazır, sonra yazdıqlarını bir-biriylə tutuşdururdu. Düşüncələrində isə həmişə üçüncüsü vardı. Onun əlçatmazlığı ilə öz namərdliyinə haqq qazandırırdı.

***

Qadın ürəyi bir-birinə keçirilmiş çoxlu siyirməsi olan sirli mücrüyə bənzəyir. Var gücünlə çalışırsan, dırnaqlarını qırırsan, axırda barmaqların ya qurumuş çiçəyə, ya toza, ya da boşluğa toxunur!

***

Bəziləri imperiyanı, bəziləri Orlean ailəsinin qayıtmağını arzulayırdı. Bəziləri isə qraf Şamboru. Lakin hamı bir nəfər kimi təcili surətdə mərkəzçi olmayan idarə sistemi qurmaq istəyirdi. Hətta bir xeyli təklif irəli sürülmüşdü. Misal üçün, Parisi çoxu böyük küçələrə bölərək aralarında kəndlər salmaq, hökuməti Versala, təhsil müəssisələrini Burja köçürmək, kitabxanaları ləğv etmək, bütün səlahiyyəti diviziya generallarına vermək. Kənd həyatını göylərə çıxarırdılar, guya savadsız insan təbiətinə görə başqalarından daha ağıllı olur! Nifrət baş alıb gedirdi. İbtidari sinif müəllimlərinə və şərab alverçilərinə nifrət, fəlsəfə kurslarına, tarix mühazirələrinə, romanlara, qırmızı jiletlilərə, uzun saqallılara, hər cür istiqlaliyyətə, hər cür individuallığa nifrət. Çünki “hakimiyyət prinsipi”ni dirçəltmək lazım idi, bu prinsipin haradan gəlməyinin, kimin adına fəaliyyət göstərməyinin heç bir əhəmiyyəti yox idi, təki güc olsun, təki hakimiyyət olsun!

***

İnqilab başlayanda hamımızın xoşbəxt, məsud olacağına inanmışdım! Necə gözəl dövran idi, yadına gəlməmiş olmaz! Hamı necə rahat-rahat nəfəs alırdı! Amma indi əvvəlkindən betər vəziyyətə düşmüşük. İndi onlar bizim respublikamızı öldürürlər, o birini, Roma Respublikasını öldürdükləri kimi! Ah, zavallı Venetsiya, zavallı Polşa, zavallı Macarıstan! Rəzillikdir! Əvvəlcə “Azadlıq ağacları”nı baltaladılar, sonra səsvermə hüququnu məhdudlaşdırdılar, klublar bağlandı, senzura geri qayıtdı, məktəbləri keşişlərin əlinə verdilər, bircə inkvizisiya çatmır. O da olar, niyə də olmasın?

***

Səyahətə çıxdı. Gəmilərdəki qəm-qüssəni, ayazlı səhərlərdə çadırlarda oyanmağı, mənzərələrdə və xarabalıqlarda itib-batmağı, ötəri tanışlıqların acısını daddı. Sonra qayıtdı. Kübar cəmiyyətlə qaynayıb-qarışdı və yeni sevgilər yaşadı. Amma ilk sevgisinin əbədi xatirəsi yanında yeni eşqlərin dadı-duzu qalmırdı. Üstəlik ehtirasın gücü, hətta bütün füsunkarlığı itmiş, ağlının iddialı arzuları azalmışdı. İllər ötüb-keçirdi, o isə artıq düşüncələrinin tənbəlliyi və ürəyinin ətalətiylə barışmışdı.

***

– Kitablarda sevgidən söz düşən kimi sizi yanımda hiss edirəm.
– Kitablarda hamının mübaliğəli hesab etdiyi, qınadığı hissləri mənə siz yaşatdınız.

***

Ötürüb arxada qoyduqları həyata ötəri nəzər saldılar. Heç biri axtardığını tapmamışdı: nə Frederik arzuladığı sevgini, nə də Delorye can atdığı hakimiyyəti. Bəs səbəb nə idi?
– Bəlkə də, hədəfimizə doğru birbaşa getmədik, ona görə.
– Bəlkə, səndə elə olub. Mənsə, əksinə hər şeydən vacib olan minlərlə ikinci dərəcəli məsələyə məhəl qoymadan düz hədəfi nişan almışam. Mən həddən artıq məntiqli, sənsə həddən artıq həssas idin.

Tərcümə: Çimnaz Vəliyeva

2.3 (45%) 12 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram