Annotasiya
“Beşinci Salli” (ingiliscə “The Fifth Sally”) amerikalı ədib, filoloq Deniel Kizin 1980-ci ildə çap olunmuş romanıdır.
Əsərin baş qəhrəmanı Salli Porter Nyu-York restoranlarından birinə ofisiant kimi işə düzəlir. Salli onun bədənində yuva salan daha dörd qadından xəbərsizdir. Nola soyuqqanlı, ziyalı rəssamdır, Derri əyləncə dəlisi, Bella bir gün səhnələrdə parlayacağını gözləyən aktrisa, Cinks isə qəzəb və nifrət dağarcığına çevrilən qatil. Psixiatr Rocer Eşin qarşısında çətin tapşırıq dayanır: o, bütün bu fərqli şəxsiyyətləri birləşdirib, “beşinci Salli”ni yaratmalıdır.
Karandaşın izi ilə
Eh… “Mobi Dik”i də oxuyub, axıra çatdıra bilməmişdi. Birdən kitabları axıracan oxumamaq günah olsa? Və Nola hekayənin nə ilə sonlandığını bilmədən arafda ilişib qalmağa məhkum qalsa?
***
– Mənə konsultasiya lazımdır. Psixiatrdan. Yoxsa psixoloqdan? Onları səhv salıram.
– Psixiatr həkim olandır.
***
Şəxsən gecə saatlarını televizorun qarşısında keçirməyi xoşlayıram. “ABC” bütün həftəni Hamfri Boqartın filmlərini nümayiş etdirib, bu gün də “Afrika kraliçası”dır. Bunu buraxa bilərdim? Əlbəttə, yox. Salli özündən keçən kimi mən ortalığa çıxdım, popkorn hazırladım və yaraşıqlı Boqartla gözəlçə Hepbörnə baxıb ərimək üçün kresloda yerimi rahladım. Köhnə kinolardan yana sinov gedirəm.
***
İnsanların əksəriyyəti brilyant kimidir, müxtəlif üzləri var. Hər üzündə işıq əks olur. Mən başqayam. Mən hamar mirvariyəm, boyunbağıdakı beş muncuqdan biri.
***
İdeyaları maddi rifahdan daha üstün tutan idealistlərə qibtə etmişəm. Ancaq bilirsiniz nədir? Üsyankarlar qalib gəlməyi xoşlamırlar. Onlar öz ölkələrinin məğlub olmasını istəyirdilər, çünki müharibənin ədalətsiz olduğunu düşünürdülər. Oyunçular tamam başqa məsələdir. Hər oyunçu qələbəyə uyğunlaşıb.
***
Məsələ udub-uduzmaqda deyil. Məsələ necə oynamaqdadır.
***
Cinks özündən əmin şəkildə addımladı – heç kim risk edib polis formasında qadına hücum edə bilməz. Onu nə zorlama, nə də təhqir təhlükəsi gözləyir.
***
Sözlərin bir xüsusiyyəti var: tələffüz ediləndə hadisə və ya əşyanın maddiləşməsinə gətirib çıxarırlar. Xeyr, biz sözlərdən sui-istifadə etməyəcəyik.
***
Müəyyən mənada hər şey zamanın ətrafında cərəyan edir. Keçmişi xatırlayırsan. Bu günü hiss edirsən. Gələcəyi gözləyirsən.
Tərcümə: Lamiyə Göycəyeva