Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Aqata Kristi “Natamam portret”

Annotasiya
“Natamam portret” (ingiliscə “Unfinished Portrait”) – detektiv ilahəsi Aqata Kristinin Meri Vestmakot imzası ilə qələmə aldığı yarıbioqrafik romanıdır.

Yazıçı bu əsərində bir növ özünə kənardan baxır, uşaqlığından gənclik təravətini itirməyə başladığı vaxtarına qədər hər xəyalını, hər çırpıntısını oxucularla bölüşür. Öz daxili aləminə dalıb gördüklərini qələmə alır.

Karandaşın izi ilə

Yazıçı öz yaratdığının Allahı ola bilər. Hər şey onun ixtiyarındadır, istədiyini eləyə bilər – hər halda, özü belə düşünür. Di gəl, yaradanın yaratdıqları da bəzən ona sürprizlər eləyir. Görəsən, Allah da bu cür hallarla rastlaşırmı? Yəqin ki, hə.

***

Qarşı tərəflə əhvali-ruhiyyəsinə görə davranmaq daha asandır. Əhval gələr də, gedər də. Əhvali-ruhiyyə çox yüksək, ya çox aşağı olsa, sən də ona eyni cür reaksiya verəcəksən. Bir də təmkin, soyuqqanlı, məntiqli davranış… Ona uyğun reaksiya vermək elə də asan deyil, çünki insan bunu tədricən, illər uzunu əxz edir.

***

Seliyaya elə gəldi ki, miss Makintoş həm də dünyada ən ucaboy adamdır. Sonralar onun, əslində, ortaboylu bir qadın olduğunu öyrənəndə çox təəccüblənəcəkdi. Sən demə, onu ucaboy göstərən geniş ətəkli yubkası, qamətini dik tutması, bir də xarizmasıdır.

***

Artıq on altı yaşı vardı, özünü ağır aparmağı, gördüklərini adi şeylər kimi qəbul etməyi bir şərəf məsələsi elan etmişdi.

***

Hər üç ərini dəfn etmişdi: birincini göz yaşları içində, ikincini qismətlə barışaraq, üçüncünü isə, sadəcə, ədəb-ərkan xatirinə.

***

Bir dəfə Seliya mətbəxə girib Saradan nə bişirdiyini soruşmuşdu.

– İçalat şorbası, miss Seliya.
– İçalat nədir, Sara?
– Tərbiyəli ledilər belə sözü dilə gətirməzlər.
– Axı nədir içalat?
– Nə isə, daha bəsdir, miss Seliya. Belə suallar vermək sizin kimi lediya yaraşmaz.

– Bicbalanın biridir, heç dədəsinin adını da bilmir.
– Bicbala nədir, Sara?
– Tərbiyəli ledilər belə sözü dilə gətirməzlər, miss Seliya.
– İçalatdır?

***

Nənə hesab edərdi ki, heç bir qadın alkoqollu içkini sevdiyini açıq şəkildə etiraf etməz.

***

Atam deyərdi: “Gəlin!” Hamımız içəri girərdik, ondan sonra qapını arxamızca örtərdik. Örtərdik deyirəm ha, çırpmazdıq. Heç bir ledi qapını çırpmaz. Əslində, mən uşaq olanda ledilər heç qapını da örtməzdilər, çünki bu onların əllərinin zərifliyini korlaya bilərdi.

***

Anasını kəşf eləməyi də maraqlıdır. Nə qədər qəribə olsa da, anasız qalana qədər anasını kəşf etməmişdi bu qız.

***

Artist olmaq üçün özünü dünyadan təcrid eləməyi, qapını onun üzünə örtməyi bacarmalısan. Əgər qapı arxasında onun hənirtisini duyursansa, onun yenə də səni dinşədiyini hiss eləyirsənsə, bunu da stimul kimi qəbul eləməlisən. Madmazel Seliya yaxşı ifasını iki nəfərin içindən bircə nəfərlik auditoriyaya, ondan da yaxşı ifasını qapı bağlı olanda, özü ilə təmtək qalanda göstərir.

***

Makiyaj etmək eyib sayılan vaxtlarda Miriam hər axşam qızının üzünə bir az ənlik vururdu.

***

Seliya zahiri görkəmindən nigaran deyildi. Küt qız olduğunu düşünürdü – onu üzən bu idi. O heç də ağıllı deyildi. Ağıllı olmamaq isə onun üçün dəhşət idi.

***

“Hə”, bir də “yox”-dan başqa bir söz deməyən qızla söhbət qurmaq kişi üçün cəhənnəm əzabıdır. Söhbət eləməyi bacarmaq lazımdır.

***

Ərgən həyatı nə qədər maraqlı olsa da, çətin və yorucu idi. Sanki həmişə nəyə görəsə iztirab çəkməyə məhkum olursan. Gah saç düzümünün dağılmasına, gah gözəgəlimli əndamının olmamasına, gah söhbət qura bilməməyinə, gah özünü ağılsız saymağına, gah da başqa adamların, xüsusən də kişilərin yanında özünü naqolay hiss etməyinə görə…

***

O ərəfədə Miriam qızını fransız yazıçılarının romanlarını oxumağa həvəsləndirirdi. Deyirdi ki, bu, Seliyanın fransızcanı yaddan çıxarmaması üçün vacibdir. Məsləhət gördüyü kitablar Balzakın və digər fransız yazıçılarının əsərləri idi. Bəziləri müasir əsərlər idi, onları hələm-hələm ingilis qadını öz qızına oxutmazdı.

***

Yüz ildən sonra da hər şey eyni cür olacaq.

***

Seliya həyatı tikmə işindəki naxışa bənzədirdi. Müəyyən nümunəyə, ülgüyə uyğun olaraq, məkiyini parçaya salırsan, çıxarırsan.

***

Eşq elan etməkdə israrlı olan kişi ilə buna imkan verməməkdə israrlı olan adının mübarizəsində həmişə kişi qalib gəlir.

***

Müharibə qadınların çoxu üçün yalnız bir nəfərin taleyi deməkdir…

***

Lap körpəlikdən əmin olduğu bir həqiqəti vardı: “Anam yanımdadırsa, hər şey yaxşı olacaq”.

***

– Səndən ötrü burnumun ucu göynəyirdi. Bəs sən? Məndən ötrü darıxmışdın?
– Mən bu haqda fikirləşməmişəm.
– Yəni mənim haqqımda fikirləşməmisən?
– Yox. Nə mənası vardı ki? Haqqında fikirləşməklə səni bura gətirə bilməzdim ki.

“Bu heç yaxşı şey deyil, amma kaş Dermot bu qədər səmimi olmayaydı, bir az yalançılıq edəydi. Yalandan da olsa, deyəydi: “Səndən ötrü yaman darıxmışdım, əzizim”. Nə olardı? Məgər dünya dağılardı? Yalan, ya doğru olmasının heç bir fərqi yox idi, mənə nə boyda təskinlik verərdi, rahatlıq gətirərdi”.

***

Cavab yerinə bildiyin həqiqəti eşitmək istəmirsənsə, bəlkə də, ən yaxşısı heç sual verməməkdir.

***

Tezliklə hiss etdi ki, yazmaq xəyal qurmaq qədər asan deyil. Fikri həmişə yazdığından altı abzas qabaqda olurdu, həmin yerə çatanda o vəziyyəti ifadə etmək üçün düşündüyü ən münasib sözlər artıq yadından çıxırdı.

***

Siz yaxşı bildiyiniz sahə haqqında heç vaxt fərli bir şey yaza bilməzsiniz, çünki o halda siz dürüst düşünməli olacaqsınız. Siz xəyalınızda qeyri-səmimi ola bilərsiniz, amma gerçək həyatda yox. Siz bildiyiniz şey haqqında yalan yaza bilməzsiniz, amma bilmədiyiniz şey haqqında hər cür yalan qondara bilərsiniz. Siz gerçək şeylər haqqında yox, xəyali şeylər haqqında, sizin xəyalınızdakı şeylər haqqında yazmalısınız.

***

Gənclik… Yaşa dolmaq… Qocalmaq… Nə qədər sirli, nə qədər qorxunc bir şeymiş həyat! Görəsən, insanın həyatında onun kimliyini daha çox əks etdirən bəlli bir yaş, bəlli bir dövr olurmu?

***

İnsan azad olsa… Tam azad olsa… Əşyaları, ev-eşiyi, əri, uşaqları olmasa… Onu tutub saxlayan, qəlbən bağlandığı heç nəyi olmasa…

***

Əgər məni düşmən təhqir etsəydi, dözərdim… Amma bunu sən etdin, ey rəfiqim. Ey yoldaşım, ürək həmdəmim.

Tərcümə: Anar Mahmudov

3.2 (64.17%) 24 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram