Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Ülviyyə Tahir “Taxta məktub”

Annotasiya

“Taxta məktub” azərbaycanlı yazıçı Ülviyyə Tahirin 2024-cü ildə işıq üzü görən romanıdır. Əsərdə qorxulu repressiya illərində Qəmər adlı bir qızcığazın ailəsində baş verən hadisələrdən bəhs olunur.

Karandaşın izi ilə

– Qanunlar, – pıçıldadı.
– Qanunları kim yazır? – deyə heyrəyləndim.
– Yuxarıdakılar.
– Onun qanun olduğuna necə qərar verirlər?
– Nə bilim. Bəlkə də, məsləhətləşirlər.

***

Beləcə suallarım payız göbələyi kimi pırtlayıb ortalığa çıxdıqca mən onların yeməlilərini həzm edir, zəhərlilərini isə qusmalı olurdum. Zəhərli göbləklər kimi hamı qorxur. O suallardan da özüm zəhərlənib, özüm qusurdum. Çünki onları hələ tanımırdım.

***

Başımı qaldırıb səmaya baxdım. Duman çökür, səma tutqun idi. Hər yerdən naməlumluq, məchulluq yağırdı. Nənəmlə anamın ağlamağı ürəyimi parçalayırdı. “Günəş də yoxdur!” – deyə mızıladınıb ağladım. Özümü çox çarəsiz hiss edirdim. Elə bil dumanda azmışdıq.

***

Böyüklər hər yerə gedə bilirlər. Bunu dərk edən kimi onlara yazığım gəldi. Deməli, onlar üçün əldə olunmayan heç nə qalmayıb. Yenə meşəni düşündüm. Ora gedə bilməsəm də, bu xəyal qəlbimi isitdi. Görəsən anamın belə bir xəyalı var idi? O da harasa getmək istəyirdimi?! Qəfil böyüklər mənə uca bir dağ kimi göründülər: əlçatmaz, bilinməz və qapalı. Nə vaxtsa elə bir dağa çevriləcəyimi, böyüyəcəyimi xəyal etmək istədim. Buna cəsarətim çatmadı. Hiss etdim ki, elə bir dağa çevrildikdən sonra xəyallarıma, arzularımı itirməkdən qorxuram. Yalnız bu zaman meşəyə getmək arzumun da tezliklə həyata keçməməsini istədim. Xəyalən də olsa, sözlərin hamısını bilməkdir? Bilmək…

***

– Məni də gözlə! – arxamca səsləndi.
Bu dəfə mən ona cavab vermədim. Cavab verməyə gücüm çatmadı. Deyəsən sükut adanların danışmağa gücü çatmayandanda olurmuş. Bunu bilmək məni elə ağrıtdı ki… Bəs, görəsən, bilmədiyim daha nələr var idi?

***

Ölüm. Sözü pıçıldadım. Ö hərfini içimə çəkib M hərfi ilə ağzımı yudum. Sözü nəfəs kimi içimdə saxlamaq istədim. Mənə elə gəldi ki, sinəm yanır, qabırğalarımın altı şişirdi. Bu artıq üçüncü söz idi: qolçomaq, Sibir və ölüm. Bəlkə, üçü də bir-biri ilə əlaqəlidir? Bəs, görəsən, hansı daha ağırdır? Sözlərin boy-buxunu, eni-uzunu, ağırlığı, yüngüllüyü varmı görəsən? Ayağa durub key kimi otağıma yollandım. ÖLÜM. “Qolçomaq” sözü məni küncə sıxırdısa, “Sibir” sözü nəsə uzalarda müəmmalı bir aləm kimi görünürdü. Amma ölüm…

***

Son bir ayda öyrəndiyim üç sözü bir-biri ilə müqayisə etdim. “Sibir” sözünü deyəndə necə nifrət etdikləri yadıma düşdü. Yox, “ölüm” sözü lap əvvəldən var idi. Sibirdən, qolçomaqdan öncə də bu sözü bilirdim, amma insanlar bu sözdən o qədər də qorxmurdular. Bəlkə adamlar ölümü tanıyır, amma mənim kim onlar da qolçomağın, Sibirin nə olduğunu bilmirdilər? Biləndə, tanıyanda qorxu olmur? Bəlkə, çox görüblər, alışıblar?

***

Niyə bu kitabı oxumağı qadağan ediblər? Bəlkə də, qadağan olunmuş hər şey ona görə qadağandır ki, onun haqqında danışmaq olmaz. Deməli, birinci danışmaq, sözlər qadağan olunur.

***

İndi bəzi adamlar var ki Sarı kişinin itləri kimi qorxaqdırlar. Özlərinə, qurdbasar olmaqlarına heç inanmırlar. Elə bilirlər ki, bir parça çörəyi onlara verən olmasa, yox olarlar. Ona görə də özlərini hey göstərmək istəyirlər, dayanmadan vurnuxurlar,çırpınırlar. Elə bilirlər belə etməsələr, heç kəs onlara çörək verməyəcək.  Qorxaq adam elə pis adamdır.

***

Oğlanları düşündüm. Hər yerə gedə bildiklərini təsəvvür etməyə çalışdım. Təsəvvürüm böyüdükcə onlara nifrət elədim.

***

Dövran necə dəyişdi ey… Adamlar xırdalanıb balacalaşdılar. Dünən yekə-yekə adamları cırtdan oldular, görünməz oldular. Gözə batanları yığışdırıb apardılar. Elə bil hamını metrələyir, ölçür, özlərinə uyğun olmayanları…

***

Birdən fərqinə vardım ki, söz yoxa çıxır, göstərişlər qalır. Hə, kommunistlər gələndən söz qəhətə çəkilib. Daha heç kəs danışmaq istəmir. Sözlərin yerini məktəbdə müəllimlərin kağızlardan oxuduğu tapşırıqlar, iclaslarda kommunistlərin əmrləri, dəmir yolunda uniformalıların göstərişləri və günü-gündən böyüyən bir səssizlik tutur. Bəlkə də, sükut daha da böyüyəcək, adamlar danışmağı tərgidəcəklər?

***

Partkom komsomoldan, komsomol kolxoz sədrindən, kolxoz sədri raykomdan, raykom prokurordan danos yazır. Belə getsə, ökədə adam qalmayacaq.

***

Dəstə olmağın əhmiyyətin düşündüm. İnsanlar dəstələşəndə, çoxalanda səslər də böyüyür, onda eşidilmək də asan olur.

***

– Nə vaxtsa qorxmusan? Onda nə etmisən bəs?
– Gözləmişəm.
– Nəyi?
– Ya qorxumun keçməsini, ya da ona alışmağımı.
– O necə olur?
– Bilirsən ki, qorxursan, nə də keçmir. Onda onunla yaşamağa alışırsan. Qorxmaq ayıb deyil. Həm də qorxuların hamısı pis deyil. Elə qorxular var ki, bizə lazımdır. Məsələn, vəhşi heyvanardan qorxmaq. Sağ qalmaq üçün bəzi qorxular lazımdır. Yaşadıqca ayırd edəcəksən yaxşı qorxu ilə pis qorxunu. Pis qorxular adamı zəlil edir, yaxşı qorxuların da dilini tapmalıyıq.

***

– Biz balaca adamlarıq. Tutaq ki, onlardan deyilik, nə edə bilərik ki? – İnqilabı balaca adamlar edib, nənə. Onlar da bundan qorxurlar. – Hmm. Qorxunun da nədənsə qorxması…

3.6 (72.5%) 8 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram