Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Yanis Yaunsudrabinş “Ölüm rəqsi”

Annotasiya

“Ölüm rəqsi” (latışca “Naves deja“) – latviyalı rəssam, şair və yazıçı Yanis Yaunsudrabinşin 1924-cü ildə çap olunan romanıdır.

Müəllif bu əsərində 1915-1918-ci illərinin Bakısını, şəhərin ümumi ab-havasını, insanların xarakterlərini, onların yaşamaq uğrunda mübarizələrini təsvir edib. Yaradıcılığının mühüm bir dövrü Bakı ilə bağlı olan yazıçı Cənubi Qafqazda cərəyan edən gərgin siyasi hadisələrin fonunda məhəbbət və qisas hekayəsi nəql edir.

Karandaşın izi ilə

Keçmişini, gələcəyini itirmiş qaçqın üçün həyat ölüm kimi əhəmiyyətsiz idi.

***

Otağa girdilər. Arsız külək onlardan qabaq içəri soxuldu.

***

Vaxtilə çox sürətlə inkişaf edən Asiya şəhəri Bakı hazırda bütün Avropa şəhərləri kimi inanılmaz dərəcədə gərgin idi. Xəzər dənizinin qucağındakı bu ərazinin böyük hissəsi, demək olar ki, çöllük idi. Quyu suları duzlu və içmək üçün yararsız idi. Bütün bunlara rəğmən dünyanın hər yerindən Bakıya sərvət, naz-nemət axırdı. İstəklərə təpələmə un kisələri yığılırdı. Şəhərə İrandan, Ərəbistandan, Hindistandan mer-meyvə, şimaldan və qərbdən yük qatarları vasitəsilə fərqli-fərqli məhsullar gətirilirdi. Lənkərandan gəmilərlə gətirilən iri, qırmızımtıl qoyunlar hərdən şəhərin içindən keçərək küçələrdə bir neçə dəqiqəlik bütün hərəkəti dayandırırdı. Dükanların vitrinlərində göyqurşağının bütün rənglərində ipək parçalar vardı. Fars tacirləri dükanlarının taybatay açıq tüstülədirdilər. Bazarlarda naringi, portağal, yemiş, qarpız piramidaları göz qamaşdırırdı. Dəvə karvanları bir-birini izləyir, şəhərən əsə gətirir, aparırdı – zınqırovların səsi kəsilmirdi. Hündür, rəngbərəng faytonlar yolları yorurdu. Südçülər eşşəklərlə, qatırlarla küçə-küçə, məhəllə-məhəllə gəzir, məhsullarını satmağa çalışırdılar. Şəhərin bəzi yerləri əməlli-başlı gülüstan idi. Həmin yerlərdə, əsasən, varlılar yaşayırdılar. Balaxanıda, Suraxanıda, Xırdalanda, Qalada, Svyatov adasında, Bibiheybətdə, Putada yerin dərinliklərindən püskürən o pis qoxulu maye sayəsində Bakı böyük bir qarışqa yuvasını xatırladırdı. Neft olmasaydı, Bakı da olmazdı.

***

Şəhərdə heç kəs ağ paltarda çölə çıxmırdı, çünki havadakı his üzündən bir neçə saat ərzində ağ paltar bozara, qarala bilərdi. Neft, hər yerdə neft… Havada qoxu, paltarda his, yerdə yapışqan palçıq, suda göyqurşağının rəngləri…

***

Kişilər siqaret çəkir, hara gəldi tüpürür, günəbaxan tumu çırtlayırdı.

***

Əlcəzairdə şəhərin mərkəzində bir caninin yeddi adamı öldürməsi bizə yaşadığımız küçənin tinində kiminsə ayağının buraxılmasından daha az maraqlıdır.

***

Rusiyanın ürəyi Peterburqda çox qan tökülmədən çevriliş baş vermişdi. Çar, sadəcə olaraq, taxt-tacdan əl çəkməyə məcbur edilmiş, rəhbərlik təcrübəli və dözümlü insanların əlinə keçmişdi. Çar Rusiyası bir günün içində demokratik respublikaya çevrilmişdi. Bu qəfil dəyişiklik insanları gecənin qaranlığında şimşək çaxması kimi heyrətə salmışdı – hava gündüz kimi işıqlıdır, amma heç nə görünmür. Məmləkətin ucqarlarında yaşayan vətəndaşlar bu dəyişikliiyin mahiyyətini başa düşə bilmirdilər. Çaşqın və narahat idilər. Ruhanilər bilmirdilər ki, çar və onun ailəsi üçün dua etsinlər, ya yox. Xalqın iradəsinə tabe olmalı idilər, lakin bir neçə yüz ildir pərəstiş etdikləri bütlərə qarşı cinayət törətməkdən də qorxurdular. Axı bu azadlığın ömrünün nə qədər uzun olacağını kim bilə bilərdi? İnsanlar çarsız yaşaya bilməyəcəklərini düşünürdülər.

***

Azadlıq! O, sadəcə, bir anlayışdır, sehrli bir sözdür, bədəni və ya məzmunu yoxdur. İnsanın xudbin meyilləri təkcə zövqlə uzun müddət tətmin olmaz, hər bir insan ümumi mənfəətdən özü üçün nəsə tələb edir. Biz bunu xırda-para, azadlıq qədər böyük olmayan nailiyyətlərdən də tələb edirik.

***

Birinci klass vaqonda səyahət edən qadın üçüncüdərəcəli vaqonda səyahət etməyə layiq olan kişi üçün heç vaxt darıxmaz.

***

İlahi, çörəkdən başqa bir şey haqqında fikirləşə bilmiriksə, yalnız öz qarnımız haqqında düşünürüksə, yaşadığımız bu həyata həyat demək olarmı?!

***

Heç tutulub qəfəsə salınmış iki quş görüşə bilərmi? Bəlkə də, onlar eyni şəhərdə, hətta eyni evdədirlər, lakin onları divarlar, qapılar ayırır. Bir-birini nə görə, nə də eşidə bilirlər. Ah, belə bir qəfəsə quşlar necə öyrəşirlər?

***

Bakıda payızın öz gözəlliyi, öz rəngi vardı. Amma dənizdəmi, şəhərin küçələrindəmi, yerin altındamı ölüm öz skripkasını kökləyirdi…

***

Ölüm qəribə bir qadındır. O, uzun müddət haradasa ayağını ayağının üstünə qoyub oturur və öz skripkasını çalır. Sonra qəfildən ayağa qalxır, aləti qırağa qoyur və rəqs etməyə başlayır. Müxtəlif geyimlər geyinir, istənilən obraza çevrilə bilir. İnsanları çaşdırmağa, aldatmağa çalışır. Qaradinməz bir dayə kimi ağ, səliqəli uşaq arabasını sürür. Şərab zirzəmilərində qonaqlara xidmət edir. Cəngavər kimi qoşunlarının qarşısında dayanır, sonra cəsədlərə baxıb dişlərini ağardır. Qurudan bezəndə dənizə yollanır. Sürdüyü gəmini hansısa aysberqə çırpır. Pilot olur, təyyarə sürür… Eyni anda min yerdə olur…

***

İlzeni görmək Vitolsun bu gün şahid olduğu, gördüyü, həmçinin müəyyən mənada hiss etdiyi bütün ağrı-acını, göz yaşlarını, qanı onun şüurundan silmişdi. Bəli, sevgi hər şeydən üstündür…

***

Dünyada bixəbərlik qədər gözəl şey yoxdur.

***

Hər yerdə atışma, səs-küy, qarğaşa… Bəlkə, Vitolsun yaşadığı evin damında da pulemyot şaqqıldayırdı. Bütün bunların nəticəsi nə olacaqdı? Xoşbəxtlikdən, Vitols cəmiyyətin kitabxanasından maraqlı bir kitab götürmüşdü və indi onu rahatlıqla oxuya bilərdi. Bu, Viktor Hüqonun heyranedici “Səfillər” əsəri idi. Vitols baş verənləri unutmuş, yazıçının sehrli dünyasına düşmüşdü.

***

Dünyada sonu olmayan heç nə yoxdur. Biz nəsə gözləyirik. Qabaqda həftələr, aylar, illər var. Çoxdan gözlədiyimiz gün əvvəl-axır gəlib çatır. Oturub ya təbəssümlə arxaya baxırıq, ya da kədərlənirik. Sonra yeni bir şey baş verir.

***

İnsanın peşəsi dünyanın yoxuşlarını dırmanmaqdır. Bəzən bir-birimizdən bezirik, usanırıq, uzaqlaşırıq, bəzən də əl-ələ yeriyirik.

Tərcümə: Nigar Sultanova

3.1 (62.86%) 7 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram