Annotasiya
“Gülən adam” (fransızca “L’Homme qui rit“) – Böyük fransız şairi və yazıçısı Viktor Hüqonun 1869-cu ildə nəşr olunmuş ən məşhur romanlarından biridir. Yazıçı bu romanını siyasi düşüncələri səbəbindən sürgün edildiyi Çanel adalarında keçirdiyi on beş ay ərzində qələmə alıb.
Əsər XVIII əsrin əvvəllərində İngiltərə sahillərində qışın çovğununda tərk edilmiş bir uşağın həyat hekayəsidir. Viktor Hüqonun bu əsəri səfalət və zənginlik, istibdad və azadlıq, sevgi və nifrət, işıq və qaranlıq, ən əsası, xeyir və şər kimi əbədi mövzular haqqında danışır. Bu əsərdə hər şey: həm macəra, həm tarix, həm siyasət, həm faciə, həm acı gerçəklik, həm də şirin romantizm var. Eybəcər Quinplenin, filosof Ursusun simasında bütöv bir əsrin epik mənzərəsi canlandırılır. Obrazların taleyi ilə İngiltərə tarixi bu əsərdə yanaşı addımlayır. Tarixlə insan taleyi bir-birinə dolaşır, bəlkə, tarix insan taleyini yazır, bəlkə də, insan taleləri bu tarixi yazır.
Karandaşın izi ilə
Vəhşi bir məxluqun ram edildiyini görmək insanın xoşuna gəlir. Əhilləşmənin bütün növlərini müşahidə edərkən biz böyük bir sevinc hissi duyuruq. Bax buna görə kral korteji keçən yolda bu qədər adam yığışır.
***
Ovuca baxıb fal açır, qarasına açılmış kitabla gələcəyi deyir, əlamətləri izah edir, insanları yolun üstünə qara madyanın çıxmağının bəd əlamət olduğuna inandırırdı, amma evdən çıxhaçıxda “Hara gedirsən?” sualını eşitmək ondna da pis əlamət idi. Özünü “xurafat alverçisi” adlandırırdı.
Belə deyirdi: “Mən ki bunu gizlətmirəm. Kenterberi arxiyepiskopuyla aramızdakı fərq də elə budur”.
***
Daxilimizdəki sözlər qaşınma verir.
***
Xoşbəxtlikdən, Ursus heç vaxt Niderlanda getməmişdi. Orada onu hökmən tərəziyə çıxarıb, çəkisinin cadugər çəkisindən aşağı, ya yuxarı olduğunu yoxlayardılar. Hollandiyada ağıllı tərpənib bu çəkini qanunla təsdiqləyiblər. Çox asan və ağlabatan üsul tapıblar. Çəkini belə yoxlayırdılar: sizi tərəzinin gözünə qoyurdular və çəki uyğun gəlməyəndə hər şey gün kimi aydın olurdu; çox ağır gəlsəniz, asırdılar, çox yüngül gəlsəniz, yandırırdılar. Udevaterdə günü bu gün də cadugərləri ölçən tərəzini görmək olar, amma indi tərəziyə pendir vururlar, görün din nə günə qaldı!
***
Ursuz öz bacarıqlarının bir hissəsini Homoya öyrətmişdi: ona arxa pəncələri üstə dayanmağı, qəzəbini mısmırıqda əritməyi, hürmək əvəzinə mırıldanmağı və s.; canavar da öz növbəsində qabiliyyətlərini insana öyrətmişdi: evsiz, çörəksiz, odsuz keçinməyi, sarayda qul olmaqdansa, meşədə ac-yalavac yaşamağı.
***
İcmalar palatası qanun layihəsini Lordlar palatasına üç dəfə yerə qədər təzim edən qırxnəfərlik nümayəndə heyətiylə təqdim edir.
Lordlar öz qanun layihələrini İcmalar palatasına adi klerklə göndərirlər.
Lordun bütün qızları ledi, yerdə qalan ingilis qızları missdir.
Lord adi həbsxanaya salınmır. O yalnız Londondakı Tauerdə saxlanılır.
Lord üçün küçəyə mantoda və iki xidmətçinin müşayiəti ilə çıxmaq ayıbdır. O yalnız yaxın zadəganlardan ibarət böyük bir dəstəylə görünməlidir.
Lorda yalnız lordlar tərəfindən cərimə kəsilə bilər. Bu cərimə də heç bir halda beş şillinqdən artıq olmamalıdır; yalnız hersoq müstəsnadır, ona on şillinqə qədər cərimə kəsilə bilər.
Lordun evində altı əcnəbi ola bilər. Yerdə qalan ingilislərin yalnız dörd nəfərə ixtiyarı var.
Lord öz zirzəmisində rüsum ödəmədən səkkiz çəllək şərab saxlaya bilər.
Lord dövlətə xəyanətdə ittiham edilsə belə, ona işgəncə vermək olmaz.
Lordun qoluna damğa vurmaq olmaz.
Lord oxumağı bacarmasa da, savadlı adamdır. O, anadangəlmə savadlıdır.
Lord, demək olar ki, kraldır. Kral, demək olar ki, allahdır. Bütün yer üzü lordun mülküdür. İngilislər allaha “milord” deyə müraciət edirlər.
***
Təbəssümdə razılıq əlaməti gizlənir, halbuki gülüş çox vaxt özü-özlüyündə imtinadır.
***
Bu elə kitabdır ki, sərlövhəsində belə adlandırıla bilər: “Bədbəxtlərin xoşbəxtlər tərəfindən istismarı”.
***
Xoşbəxtlikdən, səhv etmək krallara xas olan əməl deyil.
***
Gecə insan qədər qara deyil.
***
Öz qanunlarını yeritdiyin millətin, heç olmasa, bir-iki yerli adətini götürmək – mədəniyyətcə ondan yüksək olan məğlubun qarşısında barbar qalibin vərdiş etdiyi şeydir; tatarlar çinliləri müşahidə edir və onları yamsılayırdı. Kastilya dəbi də İngiltərəyə beləcə yayılırdı; əvəzində ingilis malları da İspaniyaya ayaq açırdı.
***
Bu cür vahiməli anlarda fikirləşirsən ki, bax təbiət hadisələri indicə canlı varlıqlara çevriləcək, külək isə gözümüzün önündə möcüzəvi şəkildə dönüb acıqlı şimal küləyi olacaq. Dəniz okeana çevriləcək, təbiət qüvvələri iradə cildinə girəcək, bizim əşya kimi qəbul etdiyimiz dönüb canlı olacaq. Bunu öz gözlərinlə görəcəksən. İnsanı dəhşətə salan da budur. İnsanın ruhu təbiətin ruhuyla görüşməkdən qorxur.
***
Onu dəhşətli aqibət – açıq havada çürümək gözləyirdi. Basdırılma qanununun ona aidiyyatı yox idi. O, canını tapşırmışdı, amma dinclik tapmamışdı. Yayda üstünü toz-torpaq, qışda lıqqa örtürdü. Ölüm duvaq altında, qəbir həya içində olmalıdır. Burada nə həya vardı, nə də duvaq. Abırsızcasına göz qabağındaca çürüyürdü. Ölümün öz işini açıb ortalığa tökməyi abırsızlıq kimi görünür. O öz laboratoriyasından kənarda – məzardan qıraqda işləyərkən qaranlığın bütün dincliyini təhqir edir. Meyit ölümün tərsinə çevirib boşaltdığı cibdir.
***
Qışın içində bir namərd yaşayır.
***
Yuxunun əlində ölümün barmağı var.
***
Həyat dörd tərəfdən onu mühasirəyə almış heybətli divar kimi görünürdü. Yer üzündəki hər şeydən qaçmağa imkanı olsaydı, qaçıb canını qurtarardı. Amma zindanın qapısını sındırmaq – “intihar” adlı bu qaçış uşaqlara yaddır…
Odur ki qaçırdı.
***
Ümumiyyətlə, təcrübələr bir-birindən fərqlənir və insanın təbiətindən asılı olaraq, onun gah xeyrinə, gah da zərərinə olur. Yaxşı təbiətlər kamilləşir, pislər isə irinləyir.
***
Dənizə baxanda təkcə su hövzəsini görürsənsə, deməli, dəniz haqqında ümumiyyətlə heç nə bilmirsən.
***
Qar fırtınası dənizin əsəb və qızdırma tutmalarıdır. Dənizin də başı ağrıyır. Tufanları xəstəliklərə bənzətmək olar. Onlardan bəziləri ölümcüldür, bəziləri yox.
***
Sərgərdan həyat insanı vaxtından tez qocaldır, ehtiyac isə üzə qırış salır. Hər ikisinin yoxsullara xas laqeyd görkəmi vardı.
***
Bizim ürəyimizə və beynimizə hakim kəsilmiş düşüncələrdən asılı olaraq, səfər bizə ya rahatlıq bəxş edir, ya da kədər.
***
Onun ölgün adlandırıla bilən çöhrəsi vardı; insanın daxili dünyası onun sifətinə vurur, ona görə də düşüncələrin rəngi olmadığını fikirləşmək səhvdir.
***
Qabarmalar və çəkilmələr əbədidir; lakin əbədiyyət insana bizim fikirləşdiyimizdən daha çox tabedir.
***
Monoloq – qəlbin daxilində yanan atəşin tüstüsüdür.
***
Gəmilər dənizin hörümçək torundakı milçəklərdir.
***
Dənizi seyr etmək özü elə düşünmək deməkdir.
***
Ümumiyyətlə gecə ilə qaranlığı bir-birindən fərqləndirmək lazımdır. Gecədə bütövlük var; qaranlıqda isə çoxluq. Gecə birdir, qaranlıq çoxdur. Gecənin əsrarının örtüyü dağınıqlıq, anilik, mütərəddidlik, məşumluqdur. Yer ayağının altından yox olur, başqa gerçəkliyə düşürsən. Sonsuz və məchul qaranlıqda canlı olan bir kəsin və ya bir əşyanın iştirakı hiss olunur; lakin bu canlılıqda bizim ölümümüzün əlaməti var.
***
Labüdlük yolunu aydınlatmaq, qaçılmazlığı xəbər vermək – bundan daha faciəvi istehza ola bilməz!
***
Şahlar üçün deyilən kəlamı dalğalara da aid etmək olar: onların təbəəsiyik, onların qurbanıyıq.
***
İnsan qəlbinin məğlubedilməz ilğımları belə bir şeydir. Elə bir çarəsiz vəziyyət yoxdur ki, ən çətin anda belə ürəyinin izaholunmaz dərinliklərinə ümid toxumu səpilməin.
***
Canavarlar dönüb quzu olublar. Çarəsiz vəziyyətə düşəndə belə şeylər tez-tez olur. Olur ki, pələnglər çarmıxı yalayırlar.
***
İnsan nəinki okeandan, heç qayalardan, dağlardan da qonaqpərvərlik ummamalıdır; dəniz təkcə quşların və balıqların qayğısına qalır.
***
O sürüşür, dırmaşır, yıxılır, qalxır, axtarır, tab gətirirdi, vəssəlam. Bütün qələbələrin sirri budur.
***
Uşaq yetkin insanın hiss etdiyinin on qatını hiss edir.
***
İnsanların soyuqluğu uşaq üçün gecənin soyuqluğundan daha betər idi. Axı insan həmişə qəsdən soyuqluq göstərir. Ürəyi sancırdı, çöllü-biyabanda təkbaşına gəzəndə heç bu qədər məyus olmamışdı. İndi o, insanların arasına qarışmışdı, amma hələ də tək idi. Təklik ona əzab verirdi. Səhra amansızdır, bunu anlamışdı; şəhərin qəddar laqeydliyi isə onu dərindən sarsıtmışdı.
***
Bəzən heç bir şey saatın zərbəsi kimi adamın bağrını dəlmir. Zərbələr biganəliyin açıq-aydın etirafıdır. Bu, “mənə nə var?!” deyən əbədiyyətin özüdür.
***
Səssizlikdən sarsılanlara hətta nərilti də xoş gəlir.
***
Xalq maariflənməyə layiq deyil, çünki xalq hər iki cinsdən olan, müxtəlif yaşların, müxtəlif xasiyyətlərin həftəbecər qarışığı, bütün dövrlərin müdriklərinin açıq-aşkar ikrah bəslədiyi, hətta ən mülayimlərinin belə haqlı yerə nifrət etdiyi kəmağıllılar toplusudur.
***
Bizim taleyimizi iblis toxuyub, Allah isə sadəcə ətrafına köbə tikib.
***
Məlum məsələdir ki, onun bu həyasız tənhalığı ciddi insanları heyrətləndirmişdi.
***
Heç belə ağılsızlıq olar? Hər yoldan ötənin hüquqları olsaydı, hara gedib çıxardıq? Birdən hamı hökmran olsaydı, təsəvvür edirsiniz, nə baş verərdi? Məgər vətəndaşların ölkəni idarə etməsi ağlasığandırmı? Vətəndaşlar qoşqudur, qoşqu isə faytonçu demək deyil. Bir məsələni ha səs qoydun, ha küləyin ixtiyarına verdin, eyni şey deyil? Deyirsiniz, dövlətlər də buludlar kimi qərarsız olsun? Nizamsızlıq nizam yaratmır. Memar başıpozuqdursa, tikdiyi Babil qülləsi olacaq. Bundan başqa, bu azadlıq dedikləri şey başdan-ayağa istibdaddır. Mən dövləti idarə etmək deyil, şənlənlənmək istəyirəm. Səs verməkdən bezmişəm, mən rəqs etmək istəyirəm. Nə yaxşı ki, bu işlərlə məşğul olan kral var. Həqiqətən, kral çox comərddir ki, bütün bu əziyyəti öz üzərinə götürür. Üstəlik, bu işləri ona öyrədiblər, nəyi necə etməyi yaxşı bilir. Onun işi budur. Sülh, müharibə, qanunvericilik, maliyyə – bunların xalqa nə aidiyyatı var? Əlbəttə, xalq ödəməlidir, əlbəttə, xalq qulluq göstərməlidir və bununla kifayətlənib kənara çəkilməlidir. Axı ona siyasətdə iştirak etmək şəraiti yaradılıb; dövlətin iki qüvvəsi – ordu və büdcə ondan qaynaqlanır. Vergi ödəmək və əsgər olmaq – məgər bu, azdır? Ona başqa nə lazımdır? O, dövlətin vuran qolu və vergi ödəyən hissəsidir. Gözəl roldur. Kral da onun əvəzinə hökmranlıq edir. O da bu xidmətin haqqını ödəməlidir, ya yox? Vergilər və sivil siyahı xalqların ödədikləri və kralların qazandıqları haqdır. Xalq idarə olunmaq üçün qanını və pulunu verir. Öz başının ağası olmaq nə əcaib fikirdir! Xalqa bələdçi lazımdır. Xalq cahil olduğuna görə kordur. Məgər korlar itlə gəzmirlər? Xalqın isə onun iti olmağa razılaşan kralı – aslanı var. Xeyirxahlığa bax! Bəs xalq nə üçün cahildir? Çünki belə lazımdır. Cahillik fəzilətin keşikçisidir. Ümid olmayan yerdə şöhrətpərəstlik də yoxdur. Cahil ona faydalı olan zülmətdə yaşayır, onu nöqteyi nəzərdən məhrum etməklə həm də onu hər cür tamahdan xilas edir. Sadəlövhlük də buradan yaranır. Oxuyan insan düşünən insandır, insan düşünürsə, mühakimə edir. Bu həqiqətlər danılmazdır. Cəmiyyət onların üzərində qurulub.
***
Ürəyiniz istədiyi qədər axmaq olun, amma başqalarına pis nümunə olmamaq şərtilə.
***
Ağılsız sədaqət zirzəmi pilləkəni kimi aşağı düşür. Birinci pillə, ikinci, üçüncü və siz qaranlığa düşürsünüz.
***
Düşüncəsizlik edərək öz vicdanınıza çox təkəbbürlü olmağa imkan verməyin. Axı bu minvalla ifrata, misal üçün, siyasətdə düzlüyə vara bilərsiniz. Onda sizin kitabınız bağlandı.
***
Onun gözəlliyi usandırıcı gözəllik idi. Gözəlliyi həyəcana gətirir, lakin məftun etmirdi.
***
Bütün saray onların zərif münasibətinə heyran qalmışdı. Ledi Jozian deyirdi: “Heyif ki, lord Devidə ərə getməliyəm, mən ona sadəcə aşiq olmağı istəyərdim!”.
***
Antik dövrdə olduğu kimi, qadın bədənini mərmərlə müqayisə etməyin yeri yoxdur. Gözıl bədən mərmərə oxşamamalıdır; o titrəməlidir, döyünməlidir, allanmalıdır, qanamalıdır, sərt yox, qətiyyətli olmalıdır, soyuq yox, ağ olmalıdır, həzz və ağrı hiss etməlidir; o yaşamalıdır, mərmər isə ölüdür. Gözəl bədən, demək olar ki, çılpaq olmaq hüququna malikdir; onun valehediciliyi elə onun örtüyüdür.
***
İlahilik iddiası həyata keçməyəndə dönüb işvəkar olursan. Göyü guruldada bilməyəndə, əlacın kobudluğa qalır. Məbədin ölçüləri kiçilərək buduara çevrilir. İlahə ola bilməyəndə büt olursan.
***
Təbəqələrin qarışması eşqbazlıqlar üçün yaxşı zəmin yaradırdı; günah hamını bərabərləşdirirdi. Sonralar isə insanları ideyalar bərabərləşdirdi.
***
Hansısa kilsə məclisində deyildiyi kimi, əgər qadın günahın özüdürsə, o zaman qadın heç vaxt həmin dövrdə olduğu qədər qadın olmamışdır. O, səbatsızlığını cazibədarlığı ilə, zəifliyini qüdrətilə ört-basdır edərək hələ heç vaxt bu cür amiranə şəkildə bağışlanmasını tələb etməmişdir. Qadağan edilmiş meyvəni icazə verilmiş meyvəyə çevirmək Həvvanın məğlubiyyəti idi; lakin icazə verilmiş meyvəni qadağan edilmiş meyvəyə çevirmək onun qələbəsi idi. Bununla onun işi bitir. XVII əsrdə qadın yataq otağının qapısını ərinin üzünə kilidləyir. O, iblislə birlikdə cənnətə qapanır. Adəm isə bayırda qalır.
***
Qədim ingilis adətlərinə görə, nişanlı qız hakim, ərli qadın isə əsirdir.
***
Nikah kobud şeydir, bu kobudluq düzəldilməsi mümkün olmayan vəziyyətlər yaradır, iradəni məhv edir, seçimi öldürür, onun da qrammatika kimi öz sintaksisi var, ilhamı orfoqrafiya ilə əvəzləyir, sevgini imlaya çevirir, həyatın əsrarəngizliyini əlindən alır, gecə köynəyi geyindirib qadın obrazını buludlardan aşağı salır, öz hüquqlarını tələb edənləri və onlara tabe olanların hüquqlarını əskildir, tərəzinin bir gözünü əyərək, güclü cinslə qüdrətli cins arasındakı, güc ilə gözəllik arasındakı valehedici bərabərliyi məhv edir, əri ağaya, qadını qulluqçuya çevirir, halbuki nikahsız münasibətlərdə bir qul var, bir də kraliça. Sevgini bayağı şəkildə əbədiləşdirmək necə də əttökəndir! Onu ədəbsizlikdən məhrum etmək necə də darıxdırıcıdır!
***
Qırx yaş son zəng kimidir.
***
O, başqa qadınlarla əylənirdi; onun məşuqələri vardı. Jozianın isə xəyalları vardı. Xəyallar isə bundan da pisdir.
***
Bəzən ikinci olmaq birinci olmaqdan çətindir. Bunun üçün daha az dahilik və daha böyük qoçaqlıq tələb olunur. Yeniliyin məst etdiyi birinci onu gözləyən təhlükədən xəbərsizdir, ikinci isə uçurumu görür və ona doğru tələsir.
***
Onun məziyyətlərinin heç biri comərdlik həddinə, eyiblərinin heç biri günah həddinə çatmırdı.
***
Hər zaman Fransa ilə çəkişməsinə və onu məğlub etməsinə baxmayaraq, İngiltərə özünü ona oxşatmağa çalışır, onun maarifpərvərliyini mənimsəyir; İngiltərənin fasadını bəzəyən hər bir şey Fransanın şəfəqləri ilə aydınlanır.
***
Maraqlı tarixi bir fakt var: İngiltərə XIV Lüdoviklə müharibə aparsa da, ona böyük hörmət bəsləyirdi. “Fransaya da elə belə bir kral lazımdır”, – deyirdilər. İngilislərin öz azadlığına olan sevgisi onlara digər xalqların köləliyi ilə barışmağa mane olmur. Qonşunu bağlayan zəncirlərə xeyirxah münasibət ingilislərin despotlar qarşısında heyranlıqla baş əyməsinə gətirib çıxarır.
***
Kraliça Annanın iki səbəbdən Joziandan acığı gəlirdi. Birincisi, ona görə ki, hersoginya Jozianı gözəl hesab edirdi. İkincisi, ona görə ki, hersoginyanın adaxlısını yaraşıqlı hesab edirdi. Qadında həsəd oyatmaq üçün iki səbəb lazımdır; kraliçaya isə biri də kafidir.
***
Bəzi qohumluq əlaqələri insanı alçaldır.
***
– Şahzadə xanım məni xoşbəxt etmək istəyərdimi?
– Nə istəyirsən?
– Vəzifə.
– Vəzifə? Sənə?
– Bəli, hersoginya.
– Bu hardan ağlına gəldi? Sən heç nəyə yaramırsan.
– Elə ona görə də vəzifə istəyirəm.
***
İnsanlar həmişə bir şeyə tələsirlər: naşükürlük etməyə.
***
Kral cahildir. Ona görə də alimləri lağa qoymaq məcburiyyətindəyik.
***
Təbiət kimi ağıl da boşluğu sevmir. Təbiət boşluğu sevgi ilə, ağıl isə çox vaxt nifrətlə doldurur. Nifrət ağlı zəbt edir. Nifrət xatirinə nifrət mövcuddur, sənət xatirinə sənə isə insan təbiətinə bizim zənn etdiyimizdən daha çox xasdır. İnsanlar nifrət edirlər. Axı nəsə etməlidirlər. Səbəbsiz nifrət, nə qəribə sözdür. Bu o deməkdir ki, nifrət özü özünü təmin edir. Ayı pəncəsini yalamaqla yaşayır. Amma müəyyən vaxta qədər. Əvvəl-axır bu pəncəni bəsləmək lazımdır. Bu pəncənin altına bir yem atmaq lazımdır. Səbəbsiz nifrət etmək bir müddət həm adama xoş gəlir, həm də bəs edir, amma əvvəl-axır onu müəyyən hədəfə yönəltmək lazımdır. Tənhalıqda yaşanan zövq kimi əsassız nifrət də insanı yorur. Səbəbsiz nifrət hədəfsiz atəş kimidir. Kiminsə ürəyini dəlmədinsə, bu oyunun daha harası maraqlı oldu?!
***
Kiməsə kin bəslədiyini gizlətmək ona pislik arzulamaq deməkdir. Nəyə görə yaxşılıq arzulamırıq? Bəlkə, ona görə ki, bizim bütün iradəmiz, əsasən, sapa yatmayan kini susdurmağa çalışmaqdır.
***
Paxılların adəti belədir, şəxsi incikliklərini ümumi pisliyə qataraq özlərinə haqq qazandırırlar.
***
Qorxulu fikir kimi görünsə də, amma bizim ağlımız hər zaman ədalətin səsi deyil. Ədalət mütləqdir. Hakim ilə ədalət arasında hansı fərqin olduğunu fikirləşin bir. Zalımlar öz vicdanlarına ürəkləri istəyən sərəncamı verirlər. Yalanın da öz gimnastikası var.
***
– Heyvanlar xoşbəxtdirlər, öləndən sonra onları cəhənnəm gözləmir.
– Onlar onsuz da cəhənnəmdədirlər.
***
Qadın illərini keçən baharlarla hesablamağı tərgidib, keçən qışlarla hesablamağa başlayanda özü də istər-istəməz qıcıqlanır. Ürəyində zamana qarşı kar bir kin oyanır.
***
Bəs gülməklə sevinmək sinonim sözlərdir?
***
Ağızın iki titrək hərəkəti yoluxucudur: biri gülüş, o birisi də əsnəmə.
***
İnsanın daxili dünyasında xeyirxahlıq günəşdir.
***
Xam-xəyal arzunun çörəyidir; sevgini xam-xəyaldan məhrum etmək onu ac qoymaq deməkdir.
***
Sənətkar üçün özünü öz əsərində bütünlüklə ifadə etməkdən böyük sevinc ola bilməz.
***
Böyük kütlə kiçik insanlardır.
***
Nəsillərin dəyişməsi əbədiyyətin alıb-verdiyi nəfəsdən başqa bir şey deyil.
***
O, bədbəxtlər üçün az iş görmürdü. Onları güldürürdü. Biz isə artıq demişik ki, güldürmək unutdurmaq deməkdir. Heç yer üzündə də insanlara unutqanlıq bəxş edəndən böyük xeyirxah tapmaq olarmı?
***
Hakimiyyət lordların əlindədir. Nə üçün? Çünki sərvət onların əlindədir.
***
Bir xalq üçün nə böyük səadətdir ki, iyirmi beş hersoqu, beş markizi, yetmiş altı qrafı, doqquz vikontu və altmış bir baronu, ümumilikdə isə yüz yetmiş altı peri var.
***
Gülüş də bilik kimi yaxşı yol yoldaşıdır. Demokritdən soruşanda ki, “filan şeyi haradan bilirsən?”, cavab verərdi ki, “çünki gülürəm”. Məndən soruşsalar ki, “niyə gülürsünüz?”, cavab verərəm ki, “çünki bilirəm”.
***
Bu qız isə kordur. Məgər o, istisnadır? Yox. Biz hamımız koruq. Xəsis kordur, çünki qızılı görür, amma zənginliyi yox. Bədxərc də kordur, çünki əvvəlini görür, axırını yox. Cilvəli qadın kordur, çünki öz qırışlarını görmür. Alim kordur, çünki öz nadanlığını görmür. Vicdanlı insan kordur, çünki hiyləgəri görmür. Hiyləgər kordur, çünki Allahı görmür. Allah da kordur, dünyanı xəlq etdiyi gün iblisin içəri necə soxulduğunu görməyib. Mən də koram, sizinlə danışıram, amma sizin kar olduğunuzu görmürəm.
***
Tərifəlayiq inamsızlıq müdrikliyin bəzəyidir.
***
Başqasının uğurunu çoxları həzm edə bilmir, xüsusən də bu uğurdan zərər çəkənlər.
***
Məhkəmə məmurlarından qorxmaq üçün qorxunun özü kifayətdir: günahkar olmağa ehtiyac yoxdur.
***
Əla yaxşının düşmənidir. Mən elə bilirdim, bu atalar sözü cəfəngiyyatdır. Amma yanılmışam. Axmaq həqiqətlər elə əsl həqiqətlərdir.
***
İngiltərədə laqeydlik havadarlığa bərabərdir.
***
Dost tərifləməkdən tez yorular, amma düşmən yamanlamaqdan yorulmaz.
***
Bu dünyada böyüklərin bir qanunu var: əlini ağdan-qaraya vurmamaq; kiçik insanların qanunu susmaqdır. Yoxsulun yalnız bir dostu var – susmaq. O yalnız birhecalı söz – “hə” deyə bilər. Hər şeyi qəbul etmək, hər şeylə razılaşmaq – bu onun yeganə hüququdur. Həkimə “hə” deyir. Krala “hə” deyir.
***
– Siz camaat qarşısında çıxış edirsiniz.
– Bəli.
– Buna hüququnuz çatır?
– Mən filosofam.
– Bu hələ sizə ixtiyar vermir.
– Mən həm də küçə oyunbazıyam.
– Bu başqa məsələ.
…
– Oyunbaz olduğunuza görə danışa bilərsiniz, amma filosof olduğunuza görə dilinizi dinc qoymalısınız.
– Çalışaram.
…
Və ürəyində fikirləşdi: “Danışa bilərəm, amma susmalıyam. Müşkül məsələdir”.
***
İblis Allahın gecəsidir. Gecə nədir? Gündüzün mövcudluğunun sübutu.
***
Pərt olan təkəbbür dərhal qəzəbə keçir.
***
Pis fikirlər qəlbin intiharıdır. Onlar zəhər yuvasıdır.
***
Ulduza məftun olmağı yenə də anlamaq olar, bu ulduzu yenə görəcəksən, o yenə eyni yerdə peyda olacaq. Bəs ildırıma aşiq olmaq nə deməkdir?
***
Sözlərin çatışmazlığı ondadır ki, onların sərhədləri düşüncələrin sərhədindən daha sərtdir. Fikirlər bir-birinə qarışa bilir, sözlər isə yox. Ona görə də bizim qəlbimizin həmişə sözlərə sığmayan tutqun bir tərəfi olur. Sözlərin sərhədi var, fikirlərin isə yoxdur.
***
Maraq həmişə maraq göstərənin mövqeyinə bab olmalıdır.
***
Təhlükədən iki yolla qaçmaq olar: ya çox yüksəkdə, ya da çox aşağıda durmalısan. İkinci üsul, demək olar, birincidən daha yaxşıdır. İnfuzoriyanı tapdalamaq qartalı oxla vurmaqdan çətindir.
***
Məhəbbətdə əsas şey vərdişdir. Bütün həyat onun üzərində cəmlənir. Günəşin hər gün yenidən doğmağı kainatın vərdişidir. Kainat aşiq qadındır, günəş isə onun vurğunudur.
***
Sevgidə səmaviliyin bolluğu ocaqda odunun bolluğuna bənzəyir; ocaq alışa bilmir.
***
Nəyə görə “aşiq” deyirlər? Gərək “mübtəla olmuş” deyəydilər. İblisə mübtəla olmaq istisnadır, qadına mübtəla olmaq qaydadır. Gözəl qadın, sən nə böyük sehrbazsan! Sevginin əsl adı əsarətdir. Qadının qəlbinə əsir düşürük. Bədəninə də. Bəzən qəlbindən daha çox bədəninə. Qəlb sevgili canandır, bədən məşuqə. İblisə qara yaxırlar. Həvvanı yoldan o çıxarmayıb. Həvva onu tamaha salıb. Təşəbbüs qadından gəlib. Lusifer sakitcə yaxınlıqdan keçirdi. Qadını gördü və çevrilib İblis oldu.
***
Qürur bütün qəhrəmanların Axilles dabanıdır.
***
Qınağa layiq əməllərimiz vicdanımızın xəlvəti guşələrində gizlənir. Onları çox tünd araq kimi birnəfəsə içmək olmur. Qədəhi qoyub bir az gözləyirsən, artıq birinci qurtumdan başın gicəllənir.
***
Üzərimizə düşən vəzifənin gün kimi aydın olduğu yerdə tərəddüd etmək elə məğlub olmaq deməkdir.
***
Məhəbbətdən daha çox arsız marağın tələsinə düşdüyünü anlamaq üçün böyük ağıl və təcrübə sahibi olmalıydı ki, msaf insanlar belə bir təcrübədən məhrumdur. “Sevirəm səni” sözlərini yanında dəhşətli “Səni istəyirəm” cümləsini görməmişdi.
***
Qəlbin öz vandalları var – bizim comərdliyimizi tar-mar edən pis fikirlər.
***
Qəlbimiz dərin iztirab içində olanda düşüncəmiz dalğalara bənzəyir. O, dənizin küt uğultusunu andıran bir səslə şahə qalxır, harasa can atır. Qabarma, çəkilmə, çırpılmalar, burulğanlar, dalğanın bəzən sıldırım qayanın ayağında yubanması, dolu və yağış, şəfəqlərin yardığı buludlar, ətrafa sıçrayan lazımsız köpüyün miskin zərrələri, dəlisov yüksəlmələr və enmələr, heç nəyə yaramayan, hədər olmuş böyük əziyyətlər, dörd bir tərəfdə qəzaya uğramaq təhlükəsi, qaranlıq və tələfat – dənizin dərinliyində olan hər bir şey insanın qəlbində də var.
***
– Bilirsən, sənə deməyə o qədər sözüm var ki.
– De.
– Səni sevirəm!
– Sənə heyranam!
Ursus burnunun altında donquldandı:
– Allaha and olsun, çox tərbiyəli gənclərdir.
***
Qorxudan özünü oda atmaq da qorxunun bir növüdür.
***
Özünü küləyin cındırını çıxarana qədər əsdirdiyi köməksiz əsgi parçası kimi hiss edirdi.
***
Qanuna hörmət etmək – bu, xalis ingilissayağı sözdür. İngiltərədə qanunlara o qədər hörmət edirlər ki, onları heç vaxt ləğv etmirlər. Bu vəziyyətdən də qanunlara hörmət etmək, amma onlara qətiyyən əməl etməməklə çıxırlar. Köhnə qanun qocalmış arvad kimi heç kəsə lazım deyil; bu qocaların heç birini öldürmürlər. Sadəcə onlara məhəl qoymurlar, vəssəlam. Qoy öz aləmlərində gənc və gözəl olduqlarını düşünsünlər. Qoy yaşadıqlarını zənn etsinlər. Bu nəzakətin adı hörmətdir.
***
Bununla belə, İngiltərədə heç vaxt işgəncə olmayıb. Tarix belə deyir. Tarix yaman özündən razıdır.
***
Nifrət etdiyin adama zərər vuracaq ədalətli bir işlə məşğul olmaq adama xoş gəlir.
***
Xoşbəxt ikən özünü tanımaq asan deyil. Təsadüf həmişə dondan-dona girir. Özü kimi aldadıcı sima yoxdur. O nədir? Çərxi-fələk? Yoxsa qəzavü-qədər? Hər işartıya işartı demə. Çünki işıq həqiqətdir, işartı isə ikiüzlüdür. Siz onun işıq saçdığını zənn edirsiniz, əslində isə, yanğın törədir.
***
Bəzən görünüşün dəyişməyi ruhun dəyişməyinə səbəb olur.
***
O, atasını düşünürdü. Tanımadığın atanı düşünmək necə də əzabvericidir!
***
Kim ki təhlükədən yayına bildi, o adam həmişə naqqalıq edir.
***
Fərziyyələr maili səthdir, bu səth səni lazımsız yerə, çox uzaqlara sürüşdürüb apara bilər. Bəs bu zəng səsi nə demək idi?
***
Suyun üzündə yanan neft kimi ümidlər də bizim qəm-qüssəmizin üzündə yanır və parlayır.
***
Pələnglərə də bit düşür.
***
İşıqla ləyaqət eyni təbiətə malikdir.
***
Çılpaq qadın silahlanmış qadındır.
***
Sevgi qanundur. Şəhvət tələdir. Bir var sərxoşluq, bir də var əyyaşlıq. Sərxoşluq bir qadını arzulamaqdır, əyyaşlıq qadın arzulamaqdır.
***
Hamının qəbul etdiyi belə bir bayağı fikir var ki, guya zaman keçdikcə hisslər kütləşir. Çox yanlış fikirdir. Bu, azot turşusunun damla-damla yaraya axaraq ağrını sakitləşdirdiyini, ya da dörd şaqqalanmış Damyenin bu işgəncəyə rahatca dözdüyünü iddia etməyə bərabərdir.
***
O, kompasını itirmişdi. Onun üçün yalnız bir səmt var idi. O da bu qadın idi.
***
Arzulamaq yaratmaq deməkdir. Arzu dəvətdir. Öz təxəyyülündə bir xülya qurmaq gerçəkliyə sataşmaqdır.
***
Qələbənin böyüklüyü təəccüblə ölçülür.
***
Jonqlyoru görən adam insan taleyini görüb. Düşən, havaya uçan, sonra yenə də düşən bu kürələr – taleyin əllərində atılıb-tutulan insanın bariz nümunəsidir. Tale onları da oyuncaq kimi atıb-tutur.
***
Aristokratiya məhz qadının özünə təhqir kimi bildiyi bir şeylə öyünür: öz qocalığı ilə; ancaq qadınlar da, aristokratiya da – hər ikisi eyni xamxəyalla yaşayır – hər ikisi əmindir ki, yaxşı qalıb.
***
Amma gəlin aristokratiyaya qarşı ədalətli davranaq. O, krallığı tarazlıqda saxladı; müvazinət yaratdı. O, despotizmin qabağını aldı; bir sərhəd oldu. Təşəkkür edək və torpağa basdıraq.
***
Qədim sarayı dağıtmaqla bəzi qədim adətləri də məhv etdik. Abidələrə çırpılan külüng zərbələri adətlərdə və xartiyalarda əks-səda verir. Qədim bir daş düşərkən bir köhnə qanunu da öz arxasınca aparır. Dördguşəli salonda oturan senatı dairəvi salona köçürtsəniz, senat özü də dəyişəcək. Çanağın şəkli dəyişdikcə molyusk da öz şəklini dəyişir. İstər Tanrıya, istərsə insana, məcəlləyə, yaxud ehkama, zadəganlığa, yaxud ruhaniliyə aid olan qədim bir şeyi qoruyub saxlamaq istəyirsinizsə, onu yenidən düzəltməyə çalışmayın, hətta xarici qılafına da toxunmayın. Uzaqbaşı, yamaq vurun. Misal üçün, yezuitlər ordeni katolikliyin yamağıdır. Təşkilatlarla necə davranırsınızsa, binalarla da elə davranın. Kölgələr xarabalıqlarda yaşamalıdır. Ölüdən can istəyən hakimiyyətlər yenidən işlənmiş yerlərdə özlərini narahat hiss edirlər. Vay-vayı qalmış təsisatlara Nuh əyyamından qalma saraylar lazımdır.
***
Tarixdə ikinci plan yoxdur. Ön səhnədə olmayan hər şey dərhal gözdən itir və qaranlıqda itib-batır. Dekorasiyanı yığışdırandan sonra özləri də yaddaşdan silinir, unudulur. Keçmişin bir sinonimi var – məchulluq.
***
Kenterberi yepiskopu ilə digər yepiskoplar arasında belə bir əhəmiyyətli fərq var ki, o, “Haqq-taalanın hikməti” sayəsində, digərləri isə “Haqq-taalanın izni” sayəsində yepiskop olublar.
***
Tarix nədir? Keçmişin gələcəyə yansıyan əks-sədası. Gələcəyin keçmiş üzərinə saldığı işartı.
***
Aşkarlıq ləyaqətin alçaldılması təəssüratı bağışlayır.
***
Bir dəfə təsiriniz altından çıxan kütləni yenidən özünüzə tabe etməyə çalışın. Bəlağətli nitq dəhnədir, dəhnə qırıldısa, kütlə şahə qalxacaq və natiqi yəhərin üstündən yerə aşırana qədər şıllaq atacaq. Auditoriya həmişə natiqə nifrət edir. Bu həqiqət çoxuna məlum deyil. Bəzilərinə elə gəlir ki, yalnız cilovu çəkmək kifayətdir ki, auditoriya yenidən kirisin.
***
Bu gün səhər uşağının yuxudan necə ayıldığını görən kəs xeyirxah olmaya bilməz. Ürəklər eynidir. Bəşəriyyət özü bir ürəkdir.
***
Mən bəşəriyyəti hökmdarlar onu nə kökə qoyublarsa, o şəkildə təmsil edirəm. İnsan şikəst edilib. Mənə nə ediblərsə, onu bütün bəşəriyyətə ediblər. Mənim gözlərimi, burun deşiklərimi və qulaqlarımı necə şikəst ediblərsə, onun da hüququnu, ədalətini, həqiqətini, ağlını, düşüncəsini o şəkildə şikəst ediblər; mənim kimi onun da qəlbini qəzəb və illət dolu bir çirkaba bulaşdırıb, üzünə də razılıq maskası taxıblar.
***
Yıxılan adam yenə ayağa qalxa bilər. Lakin tar-mar olan adam bir də heç vaxt yerindən dura bilməz.
***
Hər bir insanın həyatında elə bir an olur ki, dünyanın axırının gəldiyini hiss edir. Bu hiss ümidsizlik adlanır. Həmin anda insan qəlbi axan ulduzlarla dolu olur.
***
Ümidsizlik sayğac kimidir. O hər şeyi hesablayıb yekun nöqtə vurur. Gözündən heç nə yayınmır. Heç bir şeyə, bircə qarışa da rəhm etmir. O, Allahı göy gurultusuna və ən xırda haqsızlığına görə qınayır. O, fələyin ona nə hazırladığını bilmək istəyir. O düşünür, ölçüb-biçir, haqq-hesab aparır. Altında alovlu havanın pıqqıldadığı zahiri soyuqluq necə də dəhşətli bir şeydir!
***
Vicdanın da öz dörd yolayrıcısının olmağı qəribə hissdir: məsuliyyət bəzən əsl labirintə çevrilir. Və əgər bir insan təkcə ətdən və qandan ibarət olmayıb, həmçinin bir əməlin təcəssümüdürsə, bir simvoldursa, qəlbində bir ideya yaşadırsa, məgər o daha böyük məsuliyət daşımırmı?
***
Bəli, lalların əvəzinə danışmaq gözəldir; lakin karların qarşısında danışmaq necə də əzabvericidir!
***
Tale onun üçün nə idi? Tələ. Bəs vəziyyəti? Ümidsizlik. Cəmiyyət nə idi? Nifrət. Bəs o özü? Məğlub. … Cəmiyyət qəddar ögey anadır. Təbiət isə öz anamızdır. Cəmiyyət bədənimizin yaşadığı dünyadır, təbiət isə ruhumuzun dünyasıdır. Birincisi insanı tabuta, çuxurun içindəki şam ağacından tabuta, soxulcanlara atır və bununla da məsələ bitir. İkincisi qanadlarımızı açır, bizi dan yerinə döndərir, göy qübbəsinə qaldırır və hər şey yenidən başlanır.
***
Heç bir şey insanlara və əşyalara bikarçılıq kimi dağıdıcı təsir göstərə bilməz.
***
Həyat bizim sevdiklərimizin itkisindən ibarət uzun bir yoldur. Gedirsən və arxanca bir sürü kədər qoyursan.
Tərcümə: Çimnaz Vəliyeva