Annotasiya
“Metroda kitab oxuyan qız” (fransızca “La Fille qui lisait dans le metro“) – fransız yazıçısı Kristin Fere-Flerinin qələmə aldığı romandır.
Əsərin baş qəhrəmanı Jülyetta daşınmaz əmlak üzrə agentlikdə işləyir. Hər gün işə gedərkən vaqondakı sərnişinləri müşahidə edir. Onlar artıq Jülyettanın doğmasına çevriliblər, demək olar hər gün eyni saatda eyni yerdə üz-üzə gəlirlər. Və onlardan hər biri hansısa bir kitabı oxuyur: kimi “Həşəratların tarixi”ni, kimi məhəbbət romanları. Günlərin bir günü Jülyetta adət etdiyi yolla deyil, başqa yolla işə getmək qərarına gəlir. Və bu yol onu yeni macəralara, sərgüzəştlərə, insanlara və kitablara aparıb çıxarır.
“Sərhədsiz kitablar” adlı gizli təşkilatın üzvünə çevrilən və bu bukkrossinq xidmətinin qaydasına uyğun olaraq, hər bir kitaba uyğun oxucu axtaran Jülyetta bu oyunu həyatının amalına çevirir, kitabları yerin altından yerin üstünə – qaranlıq və rütubətli otaqdan gün üzünə çıxararaq onların ayağı olur. Kitablara sahib axtarmaqla öz həyatına da həyəcan və rəng qatır.
Karandaşın izi ilə
Adi günlərdə. Hər kəsin istər-istəməz öz yerini tapdığı və öz rolunu oynadığı böyük bir mexanizmin, yaxşı yağlanmış bir maşının hissəsi kimi göründüyü günlərdə.
***
İşıldaquşlar göydən yerə düşmüş ulduzlardır.
***
Yeni kitablar da kağızdan və yapışqandan asılı olaraq fərqli qoxurdu, ancaq bu qoxular onları tutan əllər, onların sığınacaq tapdıqları evlər haqqında heç nə demirdi; onlar hələ həyat tarixçəsinə yiyələnməmişdilər – heç də onlarda bəhs edilən deyil, tamam fərqli, paralel, qeyri-müəyyən və gizli tarixçə. Bəzilərindən rütubət iyi gəlirdi, bəziləri vərəqləri arasında köri, çay və ya qurudulmuş ləçəklərin ətrini saxlayırdı; bəzən səhifələrin küncləri yağ ləkəsində olurdu, yay axşamlarında əlfəcin rolunu oynayan uzun ot parçası quruyub tökülürdü; altı xətlənmiş cümlələr və ya vurğulanmış qeydlər fasilələrlə yazılmış gündəlik, bioqrafiya eskizi, bəzən isə qəzəb, ayrılıq şəhadətnaməsi şəklini alırdı.
***
Siz, yəqin, kitabların səyahət prinsipi olan bukkrossinqin nə olduğunu bilirsiniz. Bu prinsipi 2001-ci ildə amerikalı Ron Hornbeker fikirləşib tapıb, daha doğrusu, sistemləşdirib. Dünyanı kitabxanaya çevirmək… gözəl ideyadır, düzdür? Kitabı ictimai yerdə, vağzalda, parkdakı skamyada, kinoda qoyurlar, başqa biri götürüb oxuyur, bir neçə gündən və ya həftədən sonra o da başqa bir yerə qoyur. “Azad olmuş” kitabları izləmək, onların marşrtunu bərpa etmək, oxuculara təəssüratlarını bölüşməyə imkan yaratmaq da lazım idi. Beləliklə, internetdə yerdəyişmə saytı meydana çıxdı, orada hər bir kitab qeydiyyatdan keçib. Kitaba kod verilir, həmin kod saytın ünvanı ilə birlikdə üzqabığında rahat oxunmalıdır. Səyahət edən kitabı tapan şəxs onu və tapdığı yeri sayta daxil edə, rəyini və ya tənqidini ora yaza bilər…
***
Bizə heç kimə etibar etməməyi öyrədirlər. Ən pis hadisəsinin baş verəcəyini ehtimal etməyi öyrədirlər.
***
– Hər kitab portretdir. Onun ən azı iki üzü var.
– İki…
– Bəli. Sizin halınızda, biri onun bəxş edənin üzü, biri isə qəbul edənin.
***
Təriqət sizi hər tərəfdən əhatə edən, içinizə nüfuz edən, barmaqlıqsız və qıfılsız həbsxana kimidir – sizin razılığınızla, heç bir məcburiyyət olmadan, xeyr, əksinə, siz bunu rahatlıqla, zövqlə qəbul edirsiniz, sizə elə gəlir ki, nəhayət ailə, məqsəd, nəsə möhkəm bir şey, bir sözlə, dağılmayan, yox olmayan, aydın, sadə və aşkar bir şey tapmısınız.
***
Son vaxtlar onda elə hiss var idi ki, həyat onun əllərindən axıb gedir, qaçır, demək olar ki, gözəgörünməz bir yamacdan yuvarlanan minlərlə qum dənələri özü ilə minlərlə obraz, rəng, ətir, cırmaq yeri və incə nəvazişləri, yüzlərlə kiçik peşmanlıqları, elə bir o qədər də təsəlliləri özü aparır…
***
Dəbdəbəli kədərlər, kiçik sevinclər. Rutin sevinclər: səhər kofesi dadlı olanda qəribə minnətdarlıq hiss edirdi; bütün həftə boyu yağacağı proqnozlaşdırılan yağış yalnız gecələr yağanda da eyni hissləri yaşayırdı. Televiziya xəbərlərindən yeni mərhum və dəhşət toplusu tökülməyəndə, sevimli köynəyindən pesto sosunun ləkəsini çıxara biləndə, Vudi Allenin sonuncu filmi həqiqədən yaxşı film çıxanda da…
***
– Yeri gəlmişkən, “paradiz” sözü qədim iran sözü olan “pairidaēza” sözündən gəlir, “hasarlanmış bağ” deməkdir.
– Divarları sevirəm. Onlar müdafiə edir.
***
Bir tanışım var idi… Əslində, heç tanış da deyildi. Belə deyək: mən bir kitab oxumuşdum, o həmin kitabda baş qəhrəman idi – ancaq bu, insanları tanımaq üçün pis üsul deyil, elə? Bəlkə də yaxşı üsuldur.
***
Flober ikibaşlı tərifin ustası idi: “Balzak yaza bilsəydi, necə möhtəşəm insan olardı!”
***
Vəhşi kitablar var. Əhliləşdirilməmiş atlar kimi dördnala çapır, siz isə nəfəsiniz kəsilə-kəsilə birtəhər onların yalından yapışırsınız. Qayıq kitablar var. Aylı gecələrdə sakit-sakit üzürlər. Həbsxana kitablar da var.
***
Onların hamısının qəzəbə ehtiyacı var idi. Həvəsə də. Gəncliyə də.
***
O həmişə deyərdi ki, kitab oxumaq stuldan durmadan dünyanın o başına getmək deməkdir.
***
Səyahət heç vaxt olmadığın yerə yola düşməkdir.
***
Ən kiçik səliqəsizlik onu aradan qaldırmayanda macərayə çevrilir.
***
Mənim üçün poeziya… çox çətin, bəzən heç bir yerə aparmayan dolama yoldur. Mən daha çox rəsmlərə, boyalara üstünlük verirəm. Yəqin ki, bu da eyni şeydir.
***
Mən onu heç vaxt başa düşməmişəm. O da məni. Məncə, bir çox ailədə belə olur. İnsanlar canfəşanlıqla özləri haqqında bir-birlərinə danışırlar, düşünürlər ki, hər şeyi bilirlər, hər şeyi başa düşürlər və qəbul edirlər, sonra ilk çat meydana çıxır, ilk zərbə, bilərəkdən olmur, pis niyyətlə olmur, ancaq zərbə gəlir və hər şey paramparça olur… və sən yad insanın yanında çılpaq və tənha qalırsan, həmin insan da çılpaq və tənha olur. Dözmək olmur.
***
– O deyirdi ki, bir otaqda bütöv bir dünya yerləşir.
– Kitablar. Kitablar. Əlbəttə.
***
– Bilmirəm, bu normaldır, ya yox. Sadəcə özümü boş hiss edirəm, vəssəlam. Həyatım xırda şeylərlə dolu idi. Onlar mənim xoşuma gəlmirdi, ancaq yenə də, onlar var idi və bu, mənə bəs idi. Sonra isə həmin iki nəfərlə qarşılaşdım… Onlardan hər biri mənə nə isə verdi, eyni zamanda da məndən hər şeyimi aldılar. Daha heç nə yoxdur, başa düşürsünüz? Mən boş bir qabıq kimiyəm. İçimdən keçən havanı hiss edirəm. Üşüyürəm.
***
Külək, külək… Çıxın, Cülyetta, bir az hava alın. Çıxın ona qulaq asın. Siz kitablarla uzun müddət bağlı yerdə oturmusunuz. Onun kimi. Həm kitablar, həm insanlar səyahət etməlidirlər.
***
Mari Evans
Mən Qaradərili qadınam
Sərv ağacı kimi hündür
Hədsiz güclü
Məkana
Zamana
Şəraitə
Meydan oxuyuram
Mühasirədəyəm
Qərəzsizəm
Sarsılmazam.
Son sətirlər belə səslənirdi:
Mənə bax
Və
Yenilənmiş ol.
***
Nəhayət, inandı ki, xeyr, xeyr, qəti əmin oldu ki, kitab yığınında eyni zamanda həm bütün xəstəliklər, həm bütün dərmanlar saxlanılır? Onlarda xəyanət, tənhalıq, qətl, dəlilik, qəzəb – boğazınızdan tutub həyatınızı, hələ başqa insanların həyatını demirəm, məhv edə biləcək hər şey var; bəzən çap olunmuş bir səhifənin üzərində göz yaşları tökərək kiminsə həyatını xilas etmək mümkündür? Afrika romanının və ya Koreya nağılının ortasında ruh əkizinizi tapanda anlayırsınız: bütün insanlar eyni ağrılardan əziyyət çəkir, hamısı bir-birlərinə oxşayırlar, bəlkə də onlarla danışmaq – onlara gülümsəmək, qarşılıqlı nəvaziş və diqqət göstərmək mümkündür, hər gün bir-birimizə daha az pislik etməyə çalışmaq mümkündür?
Tərcümə: Lamiyə Göycəyeva