Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Erix Mariya Remark “Zəfər tağı”

kko_erix_mariya_remark_zefer_taghiAnnotasiya

“Zəfər tağı” – alman yazıçısı Erix Mariya Remarkın romanıdır. İlk nəşri 1945-ci il ABŞ-da çapdan çıxmışdır. Əsər mühacirlərin həyatından bəhs edirdi.
Ravik almandır, ixtisasca həkimdir, iki yəhudunin qaçmasına yardım etdiyi üçün gestapo zabiti Haake ona işgəncə verir. Ravikin işgəncələrə dözməyən qadını isə lagerdə intihar edir. Ravik lagerdən qaçır və mühacirlərin ən sevimli ölkəsi Fransaya gəlir. Passportu və şəxsiyyəti təsdiq edən başqa heç bir sənədi olmadığı üçün Parisdə gizli yaşayır, dörd dəfə tutulur deportasiya edilir. Hər dəfə yeni adlarla Parisə qayıdır.Mahir cərrah olan Ravik burada gizli şəkildə həkimlik edir, ən çətin təşrihlərin öhdəsindən gəlir. Onun həyatdan umacağı bir şey yoxdur. Qazandıqlarını içkiyə və qadınlara xərcləyir.Qismət olarsa bəlkə gestapo zabiti Haakedən qadınının, özünün və neçə-neçə işgəncə qurbanlarının qisasını almaq istəyir. Bu vaxt onun həyatına Joan daxil olur. Joan özünü körpüdən atmaq istəyəndə Ravik onu xilas edir. Böyük roman beləcə başlayır.
Deyilənlərə görə Joan Madu obrazında alman aktrisası və müğənnisi Mariya Ditrixin obrazı yaradılıb. Remark Parisdə yaşayarkən faşizm əleyhədarı bu qadınla sevgi macəraları yaşamışdı.

Əsərdən seçilmiş hissələr

Dözüm heç vaxt olmur. Təkcə hər şeyə öyrəşmək mümkündür…

***

Vannanın kənarında oturub ayaqqabılarını çıxardı. Eyni şeylər idi, təkrar olunurdu. Hər gün gördüyü əşyalar və onların lal hökmü! Bayağılıq, abırsız adətlər… Adam lap çaşbaş qalır! Məhəbbət dənizinin ürək adlı çiçəklənən sahili… Kim olursan ol,istəyir şair ol, istəyir yarımallah, istəyir də lap axmağın biri, fərqi yoxdur, hər ikiüç saatdan bir öz dünyandan qopub ayaqyoluna getməlisən. Heç kim ondan yaxa qurtara bilməz! Təbiət adamı beləcə dolayır! Bir yanda romantik xəyal dünyası, bir yanda da şirə ifraz eləyən vəzilər, acından quruldayan qarın… İnsana nədənsə ləzzət almaq üçün verilən üzvlər həm də nəyisə içəridə seçib ayırır…

***

Görəsən, qəlbinin köksünə sığmadığı anlar harada qaldı? Həyatın dəhşətli macəraları onların hamısını boğdu…

***

Sonralar rahat olmaq üçün bir anlıq xəcalətin eybi yoxdur.

***

Kim unutmasa yaşaya bilər? Elə adam da tapılarmı, istədiklərinin hamısını unuda bilsin? Onda xatirələrin qəlpələri ürəkləri parça-parça eləməzmi? Adam o vaxt azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir…

***

Dözüm də şübhənin qızıdır.

***

Siz zəmanəmizin xəstəliyinə ən yaxşı misalsınız. «Aydın düşünmək» xəstəliyini deyirəm.

***

Kimsə səni təhqir eləyəndə, cavabını verirsən, mərhəmət göstərəndə isə qalırsan belə…

***

Düz deyirsən, Çarlz, hərdən mənimlə buraya qadınlar gəlir. Ancaq yadında saxla ki, ağzımöhkəmlik mehmanxana işçisinin birinci vəzifəsidir. Ağzıyırtıqlıq bu geniş dünyanın incə-mincə kavalerləri üçündür.

***

Həyat, kiminsə hesabına yaşamaq deməkdir. Biz hamımız bir-birimizdən yeyirik. Ancaq insanda, hərdən də olsa, xeyirxahlıq qığılcımı olur, gərək, ona toxunmayasan, qoyasan qala. Yaşamaq çətinləşəndə, o, köməyə gəlir.

***

Tək-tənha küçədən gəlib, açarı götürüb, qapını açıb bomboş otağa girə bilmirəm. Onda, elə bil, qəbrə girirəm. O yerdə ki səni çamadanlardan başqa heç nə gözləmir, ora beləcə açarsız girmək də böyük şeydir.

***

– Adamı heç yerdə heç nə gözləmir. Gərək, hər şeyi özünlə gətirəsən.
– Ola bilər… Ancaq bu da özünü aldatmaqdır.

***

Ancaq çətin anlarda primitivlik yaxşıdır. İncəlik arxayın vaxtlar üçündür.

***

Tək qalanda sərxoş olmaq da yaxşı deyil.

***

Gündüzlə bacara bilməyən gecə… Bütün qadınların gözəl göründükləri an…

***

Bir az gülməli görünmək üçün təkcə cəsarət yox, həm də ürək lazımdır.

***

Hamımız buna öyrəşməliyik. Əvvəllər bizi bağlayan tellər indi qırılıb. Biz, sapı qırılmış muncuq kimiyik, hərəmiz bir tərəfə dağılmışıq. İndi heç nə etibarlı deyil.

***

Unudun getsin! Dünyada peşmançılıqdan mənasız şey yoxdur. Onsuz da heç nəyi geri qaytarmaq olmaz. Yoxsa, hamımız müqəddəs olardıq. Həyat bizə kamillik bəxş eləməyib. Kamillərin yeri muzeydir!

***

Niyə mömin adamlar təsadüfi hallarda həqiqətpərəst olurlar, Ejeni? Ən yaxşı xasiyyətlər həyasız adamlara verilib, ən dözülməz adamlar isə idealpərəstlərdir.

***

Bakirəlik hələ uzaqgörənlik demək deyil, Ejeni!

***

Vaxtdır, gedim, bəşəriyyətin çiçəklənməsi üçün qapıları açım.

***

– Deyəsən, qocalıram…
– Adam cavan olanda, həmişə elə bilir.

***

Hökmranlıq dünyanın ən tez yolxucu xəstəliyidir.

***

– Boşanmaq üçün iki yüz əlli şillinq istəyirdi.
– Baha deyil! Pulla başa gələn hər şey ucuz düşər.

***

İnsanlar niyyət eləməkdə ustadırlar, ancaq onu həyata keçi rəndə zəif olurlar. Bizim bədbəxtliyimizdə elə bundadır.

***

– Xəyallar bizə ona görə lazımdır ki, onlarsız həyata dözə bilmərik.
– Ancaq siz heç xəyalların aldatdığı adama oxşamırsınız, Ravik.
– Adam özünü həqiqətlə də aldada bilər. Bu lap təhlükəli xəyaldır.

***

O yalnız bircə xoşbəxtlik tanıyırdı. Özü də ən kövrəyini – məhəbbəti… Heç nəyi yox, yalnız məhəbbəti!

***

Sakit, dinc yaşamaq bu günün ən böyük macərasıdır.

***

Bacarırsansa, kömək elə, əlindən gələni əsirgəmə. Elə ki gördün bacarmırsan, unut! Üzünü çevir get! Özünü tox tut! Halıyananlıq dinc dövrlər üçündür, olum, ya ölüm məsələsində artıqdır. Ölənləri basdır, özün də başla həyatı bir tərəfdən söküb yeməyə. Bir vaxt gərəyin olacaq. Kədər qoy öz kədərliyində qalsın, ancaq həqiqətdən də qaçma. Həqiqətlərlə barışa-barışa da yas saxlamaq olar… Yalnız belə dözmək mümkündür…

***

Nə vaxtsa, kiməsə gərək olacaqsan. Gərək, ona hazır olasan…

***

Həmin sifətin sirri onun səmimiyyətində idi. Heç nəyi gizlətmirdi, heç nəyi də büruzə vermirdi

***

– Mənim yadımdan heç nə çıxmır.
– Bəs necə olub ki, hələ də yaşayırsınız?

***

– Adam indi unutduğu şeyi sonralar ömrü boyu axtarmalı olur, müsyö.
– Elədir. Ancaq unudulmayan şeylər də adamın ömrünü cəhənnəm əzabına döndərir.

***

O, cəsarətli, işıqlı sifəti olan adam idi, heç nə soruşmurdu, sakitcə oturub gözləyirdi. Fikirləşirdi ki, çox müəmmalı sifətdir, külək haradan əssə, o tərəfə dönür, tez dəyişir. Ona baxıb istədiyini fikirləşə bilərsən. Xalça-palaz, bəzək-düzək gözləyən bomboş evə bənzəyir. Hər cür şəraiti var, istəsən saray eləyərsən, istəsən də fahişəxana. Onu bəzəyən adamdan asılıdır… Bu ev ağzınacan dolu topdağıtmaz imarətlərdən, xaricən dəbdəbəli görünən evlərdən nə qədər fərqli idi!

***

Könülsüz geyilən şey ucuz görünər.

***

Birdən öz damarlarından axan qanın şırıltısını eşitdi. Lap qıjıltı ilə axırdı. Elə bil qan deyil, həyatın özü idi. Min dəfə qarğıyıb, min dəfə oxşadığı, gah da tapdığı həyat… Bircə saat bundan qabaq o həyat bomboş, bomboz səhra idi, yalnız dünənə bağlıydı, sabahı yoxdu…

***

Dünyanın bu işinə heç yoxam. İstəyirsən Cəbrayıl ol, axmaq ol, ya da lap cani, heç kim görməz. Amma bircə düymən çatmayanda, hamı görür.

***

Adam onlara baxanda fikirləşir ki, görəsən, təbiət sonradan kobudlaşdıracağını, saxtalıq, çirkab dolu һəyatda öz gözəlliklərini itirəcəyini biləbilə,bunları niyə belə zərif xəlq eləyib?!

***

– Məhəbbət!–deyə ürəyindən keçirdi. – Bu da məhəbbətdir. Lap möcüzədir bu məhəbbət! Təkcə gündəlik həyatın tutqun səması, rəngarəng göy qurşağı deyil, həm də dünyanın ən iyrənc şeylərini gözəllik donunda göstərir… həm möcüzədir, həm də taleyin ən acı kinayəsi!

***

– Sizin üçün altmışca frank. Bir dəfə mənə yel xəstəliyi üçün dərman yazmısınız,ona görə…
– Xeyri oldu?
– Yox, haradan olsun?! Bütün gecəni yağışın altında ayaq üstə dururam.
– Siz mənim ömrüm boyu müalicə etdiyim xəstələrin ən ağıllısısınız

***

Bir kişi ki məni yata-yata qoyub gedir, gözlənilmədən bir də qayıdır, demək, bəzi şeylərə öyrəşmək lazımdır. Elə indidən başlasam, yaxşıdır.

***

İçəndə hər şeyi unudurdu, sevəndə məhəbbətə, inamı itəndə isə şübhəyə dönürdü.

***

Dünyada ikinci gecə yoxdur, həmişə birinci olur. İkincidə isə hər şey qurtarır.

***

– Soyuqdan donan ulduzları görürsənmi?! Adam tənha olanda yaman üşüyür. Lap istidə ikilikdə isə heç vaxt!
– Adam ikilikdə də donar…
– O bizə aid deyil.
– Kömək eləyə bilmədiyiniz xəstə heç sizə təşəkkür edib, Veber?
– O qədər…
– Nə desəniz, inanıb?
– Əlbəttə…
– Bəs siz onda özünüzü necə hiss etmisiniz?
– Yüngülləşmişəm. – Veber təəccübləndi. – Əməlli-başlı yüngülləşmişəm.
– Mənimsə ürəyim bulanır. Elə bil, fırıldaq iş tutmuşam.

***

Poladdan deyildi, ondan da betər, rezindən idi. Poladı sındırmaq olur, rezin isə…

***

Və bir də onu bildi ki, Joanı gözləyən təkcə ağlı, düşüncəsi deyil, əlləri də, damarlarından axan qanı da, bütün canına-qanına yayılmış qəribə qəfil kövrəklik də onun həsrətindədir…

***

Kişiyə yaşamaq üçün çox şey lazım olmur. Belə qarmaqarışıq zəmanədə çox şeyə öyrəşmək yaxşı deyil. Ya atıb gedirsən, ya da özünlə aparmalı olursan. Getmək isə hər gün gözlənilirdi. Tək yaşamağının da səbəbi bu idi. Yola çıxanda, gərək, səni burada saxlayan heç nə olmasın, ürəyinin yarısı qalmasın. Əyləncədən o yana keçmək yaramaz…

***

Gözləməyin eybi yox idi. O qədər beləcə gözləmişdi ki! Ancaq onda başqa cür gözləmişdi, elə-belə, niyə gözlədiyini bilmişdi. Hətta bəzən səbri də tükənmişdi. Hərdən də öz ehtirasını pərdələmək üçün gizli bir kövrəkliklə gözləmişdi. Ancaq çoxdan idi ki, belə gözləyirdi. Nəsə ondan xəbərsiz ürəyində özünə yer eləmişdi. Yenə nəsə baş qaldırmışdı? Nə istəyirdi? Nə vaxtdan başlanmışdı? Nəsə keçmişin mavi ənginliklərindən boylanıb yenə onu çağırmırdımı? Bu, yenə çəmənlikdən qalxan, topa-topa göylərə yayılan, nanə qoxulu aprel meşələrinin ətri deyildimi? Yox, heç birini istəmirdi. Lazım deyildi bunlar ona! İstəmirdi, yenə onların sehrinə düşsün. Axı yol üstündə idi…

***

Sərbəstliyi itirmək olmazdı. Hər şey yavaş-yavaş,tədrici asılılıqdan başlayır. Adam fikir vermir, bir də görür ki, adətlərin toruna düşüb. Bu adətlərin çox adı olur, biri də məhəbbətdir. Gərək, heç kimə, heç nəyə öyrəşməyəsən.

***

Dünya böyük bir həvəslə özünü məhv etməyə hazırlaşır, ancaq boynuna almaq da istəmir.

***

Buradan çıxan kimi İtaliyaya gedəcəm. Fezolaya… Orada bağın içində köhnə, sakit bir evim var. Bir az qalmaq istəyirəm. Oralar hələ sərin olar. Solğun bənizli payız günəşi, günortalar cənub tərəfdəki divardan boylanışan kərtənkələlər, axşamlar da Florensiya zənglərinin səsi… Gecələr isə sərv ağaclarının arxasından boylanan ay, ulduzlar… Çoxlu kitab da var…. Bir dənə də iri, daşdan hörülmüş soba… Qabağında taxta skamya… Üstündə oturub özünü peçə verirsən. Sakitlik, ocaq, kitablar, dinclik… Əvvəllər belə şeyə meşşanlıq kimi baxırdılar. İndi isə itirilmiş cənnət haqqında əfsanəyə dönüb.

***

– Bir iş tutmaq istəyəndə, qabaqcadan onun nəticəsini soruşma, yoxsa eləməyəcəksən.
– Belə xırda işlərdə soruşmaq lazımdır. Böyük işlərdə sən deyəndir.

***

Birdən Ravikə elə gəldi ki, onların ikisi də çoxdan birləşib, Joan da nə vaxtsa keçmişlərdə onun həyatında olub, indi təzədən qayıdıb…

***

– Bilirsən, o xoşbəxtlik haradan başlayıb, harada qurtarır?
– Səninlə başlayıb, səninlə də qurtarır.
– Hələ bir azdan deyəcəksən ki, məni də sevirsən, – xeyli sonra dilləndi.
– Hə, sevirəm…
– Məni hələ yaxşı tanımırsan axı…
– Bunun ona nə dəxli?
– Çoxdur. Sevmək, kiminləsə ömrü başa vurmaq deməkdir.
– Elə şeylərdən başım çıxmaz. Bircə onu bilirəm ki, kimdirsə, onsuz yaşamaq olmaz.

***

Qaranlıqdan gələn sözlər necə düz ola bilər? Həqiqət üçün parlaq işıq lazımdır.

***

– Sevdiyim vaxtlarda ona xəyanət etməmişdim. Başa düşmürdü ki, daha sevmirəm.
– Adam onu heç vaxt başa düşmür.

***

İndi bir yerdəyik, bəsimizdir! Az çəkəcək, çox çəkəcək, bunu da bilən yoxdur. Bir yerdəyik, vəssalam! Gurultu nəyə lazımdır?

***

– Heç elə olub ki, sevdiyin adam səni atsın?
– Olub… İki sevənin biri axırda mütləq atır… Ya sən qabağa düşürsən, ya da o…

***

Adam, doğrudan da, bədbəxt olanda, bir həftə əbədiyyət qədər çəkir. Mən eləsindən idim. O qədər bədbəxt idim ki, bir həftədən sonra hər şey keçib getdi.Onda saçlarım da bədbəxt idi, bütün bədənim də, çarpayım da, hətta paltarım da…O qədər bədbəxt idim ki, hər şey gözümdə ölmüşdü. Adamın da gözündə hər şey öləndə bədbəxtlik daha bədbəxtlik olmur, çünki həyatda onu müqayisə eləməyə heç nə qalmır. Onda hər şey öz mənasını itirir, keçib gedir, sən də yavaş-yavaş özünə gəlirsən…

***

Keçmişin qayğısız gülüstanından qovulmuş bu məhəbbət də tənhadır, çılğındır, utancaqdır, elə bil, gəldiyinə peşmandır, sanki, haqqı yox imiş…

***

– Nə yaxşı ki sən buradasan,..
– Bilirsən bu nə deməkdir? Min sözə dəyər!

***

– Dedim ki, dörd divar arasında çox otururuq, dörd divar arasında çox fikirləşirik, dörd divar arasında da həyatımızdan bezirik. Təbiətin qoynunda həyatdan bezmək olar?
– Olar! Özü də lap kefin istəyən kimi!
– Çünki dörd divar arasında çox qalırıq. Təbiətin qoynunda çox olsan, bezməzsən.Təbiətin qoynunda bezikmək hara, mətbəxi, vannası olan birotaqlı «imarət»də bezikmək hara! Lap nə qədər rahat olur, olsun… Etiraz eləmə. Etiraz eləmək,əksinə getmək Qərb dünyasının mənəvi kasadlığıdır. Hə, indi kim haqlıdır? Bu axşam boşam, ona görə də həyatdan zövq almaq istəyirəm. Yeri gəlmişkən, dörd divar arasında da çox içirik. Dörd divar arasında çox yatırıq. Belə-belə də dönürük ev əşyasına. Daş evlər bizim bel sümüyümüzü sındırıb. İndi yeriyən divana, mətbəx stoluna, paltar şkafına, kirayə müqaviləsinə, kirayəçi-kirayənişinə, şorba qazanına,daha nə bilim, nələrə dönmüşük…
– Elədir! İkiayaqlı siyasi oyuncağa, hərbi zavodlara, korlar cəmiyyətinə,dəlixanaya çevrilmişik…
– Qoy sakit oturub, dünyanın ən gözəl küçəsinə tamaşa eləyək, bu əsrarəngiz gecədən həzz alaq, ümidsizliyin də başına yekə bir daş salaq!

***

Ədalət də siyasətbazlar üçün pərdə olub. Siyasi canilər indi xilaskara çevrilib. Azadlıq isə ağalıq iddiasında olanların gürultulu şüarıdır. Mənəvi saxtalıqdır! Hamısı da təbliğatın uydurmasıdır, riyakarlıqdır! Pozğun ünsürlərin əlində idealizm silahıdır! Kaş bir az da vicdanları olaydı..

***

Xırda şeylər həmişə tez başa düşülür, böyüklər isə gec! Böyüklərdə melodram, aldanıb-aldatmaq ehtimalı daha çox olur!

***

Dumanlı xatirələrin toruna düşüb dəqiq bilməyə-bilməyə kimisə izləməsi, təsadüfi bir oxşarlıq nəticəsində ötüb keçmiş illərin zığ-palçığında təzədən eşələnməsi, çürüyüb getmiş keçmişi yenidən qurdalaması, qaysaqlanmış yaranı təzədən qanatması və bununla da qəlbində yenicə kök salmağa başlayan ümidi sındırması, yaxşı-pis ona bağlanmış yeganə adamı itirməsi səfehlik deyildimi?

***

Həyat özü gəlib onun yan-yörəsində dolaşır, o isə naz eləyirdi. Özü də bu həyatın ona bəxş elədiyi nemətin az yox, çox olduğu üçün naz eləyirdi.

***

İnsanların bir-birini sevməsi nəyə desən, dəyər! Məhəbbət dünyada olan şeylərin ən möcüzəlisi, həm də ən sadəsidir

***

Sevməyən adam bu dünyaya məzuniyyətə gəlmiş ölüdür. Onun da quruca adı, doğulduğu ayı, ili var, vəssalam… Sevməyən adam üçün,əslində, ölüm yaxşıdır.

***

Əgər biz bir-birimizi ürəkdən seviriksə, demək, yağış kimi, külək kimi əbədiyik,ölüm bizə yaxın düşə bilməz. Bizə nə qalırsa, günlərdən qalır, gülüm, illər heç nə vermir

***

Doktor Ravikin özünün xüsusi nəzəriyyəsi var, Dezi. Adını da təsadüflər sistemi qoyub. Bu nəzəriyyəyə görə həqiqətə uyğun olmayan şeylər, az qala, həmişə həqiqət olur.

***

Xoşbəxtlik həmişə haradasa lap yaxında olur. Sadəcə olaraq, əyilib götürmək lazımdır.

***

Kasıb, gərək, ağıllı olsun.

***

– Qulaq as, biri var imiş, biri yox imiş, bir dalğa var imiş. Bu dalğa hansı dənizdəsə, bir qayaya vurulubmuş. O, hər gün özünü bu qayanın qoynuna atır, onu yalayır, gecə-gündüz öpüb oxşayır, dümağ qollarını boynuna dolayır,ağlayır, sızlayır, yalvarır ki, ona mehman olsun. Dalğa həmin qayanı beləcə sevəsevə,oxşaya-oxşaya, yavaş-yavaş, altdan-altdan oyur, oyur… və günlərin bir günü qaya tamam ovulur, uçub onun qoynuna yıxılır…dalğa birdən görür ki, daha qucaqlamağa, sevib oxşamağa, vüsal həsrəti ilə yanmağa qaya yoxdur. O, çilik-çilik olub, özünün qucağındaca boğulub, dənizin dibinə gedib… Bilir ki, aldanıb… Çox fikirləşir ki, neyləsin, axırda gedib özünə ayrı qaya axtarır…
– Dalğanın nə günahı?! Qaya,gərək, uçmayaydı, qaya kimi qalaydı.
– Dalğalar həmişə belə deyir… Hərəkətdə olan şeylər, sükunətdə olanlardan güclüdür. Demək, su qayadan güclüdür…

***

– Çünki qorxmursan.
– Mən daha heç nədən qorxmuram. Ancaq bunlar ayrı-ayrı şeylərdir.

***

Güzgü kimidir, hər şeyi əntiqə göstərir, ancaq heç nəyi tutub saxlaya bilmir…

***

Hər cəhətdən özünə oxşar adamı kim istərdi? Məhəbbətdə əxlaq norması axtaran kimdir? Bu, zəif adamların tapıntısı idi!Məhəbbət qurbanlarının şikayət dolu sızıltısı idi!

***

Fransızdan pul qoparmaq çətin məsələdir. Hətta yəhudilərdən qoparmaqdan da müşküldür. Yəhudini gəlir maraqlandırır, fransızı isə verdiyi pul.

***

Həmişə bir pərdə tapıb arxasında gizlənməyə nə var?! Hər böyüyün də bir böyüyü var! Əmrlər, göstərişlər, borc, vəzifə və bir də yeddibaşlı əjdaha – əxlaq norması, məcburiyyət, sərt gerçəklik, məsuliyyət… daha nə bilim nələr… Adicə insanlıq qanunlarından qaçıb arxasında gizlənmək üçün pərdə tapmağa nə var!

***

Sükut o vaxt yaxşı olur ki, adam özü də sakit olsun.

***

Heç nə gözləmirsənsə, məyus qalmayacaqsan.

***

Unutmaq! Ancaq bu da o vaxt mümkün olur ki, dünya insan iradəsinin nuruna boyanmış olsun.

***

Neyləyəsən, həyat öz həyatlığında qalır,gah heç nə olur, gah da hər şey…

***

Həyat adama təkcə öz şəxsi istəkləri, qisas, lap qanına işləsə də – xudpəsəndlik, özünü yaddan çıxarıb başqalarına kömək eləmək, çox vacib hesab eləyib dünyanı bircə addımlığa da olsa, bu qan çanağından, çirkabdan uzaqlaşdırmaq üçün lazım deyil. Həyat adama bir də ona görə lazımdır ki, mübarizə aparsın, sadəcə olaraq, nəfəsi nə qədər gedib-gəlir, mübarizə üçün fürsət gözləsin. Ancaq gözləmək də adamı için-için yeyir, ümidlər alt-üst olur, üstəlik, səni gizli bir qorxu hissi də bürüyür ki, tamam əldən düşəcəksən, gözləməkdən üzüləcəgsən, yorulacaqsan, həyatla ayaqlaşa bilməyəcəksən. Adam elə buna görə də əsəblərini yerindən oynadan hər şeyi yerlidibli unutmaq, amansızcasına, rişxəndlə, acı kinayə ilə, peşmançılıq hissi duymadan onun başını biryolluq əzmək, sonra isə tamam başqa adam, özgə bir «mən» olmaq istəmirmi?

***

– Gecə də, yuxu da satqındır. Yadındadırmı, bu gecə bir yerdə yatdıq. Elə yaxın yatdıq ki, yalnız insanlar belə yaxın yata bilərlər. Üz-gözümüz, bütün bədənimiz birləşdi, fikirlərimiz, nəfəslərimiz bir-birinə qarışdı. Sonra yuxu asta-asta aramıza girdi. Əvvəlcə bomboz, gözə görünməyən bir ləkə kimi gəldi, sonra cüzam xəstəliyi təki beynimizə, qanımıza işlədi, damcı-damcı şüurumuza çiləndi, gözlərimizi yumdu və axırda bizi ayırdı. Hərəmiz qaranlıq bir kanala düşüb üzdük, tanımadığımız yerlərə gedib çıxdıq, başımıza nələr gələcəyini bilmədik… Mən ayılan kimi sənə baxdım, gördüm ki, yatırsan. Ancaq çox uzaqlarda idin, itirmişdim səni… Məndən xəbərin yox idi… Elə yerə getmişdin ki, əlim çatmırdı…
– Ravik onun əlindən öpdü. – Bu necə məhəbbətdir ki, hər gecə yuxu səni mənim əlimdən alır?!
– Mən ki sənə sığınıb yatmışdım. Yanındaca uzanmışdım… Qollarının arasındaca….
– Yox, sən yad bir ölkədə idin. Yanımda uzanmışdın, ancaq özün uzaqlarda idin. Sən gündüzlər çıxıb gedəndə belə olmur. Çünki hara getdiyini bilirəm. Bəs gecələr?
– Yanında idim…
– Yox, yanımda deyildin. Yanımda uzanmışdın, ancaq özün yox idin. Adam, şüurun nəzarəti itən bir aləmdən necə qayıtdığını bilmir. Özünün xəbəri olmur, başqalaşıb qayıdır.

***

Mən belə şeylərdən qorxmuram. Ona görə ki, bədənimizə arxayınam. Onlar nə istədiklərini hər cür zirzibillə dolmuş başımızdan yaxşı bilir.

***

Məhəbbət qadını ağıllandırır, kişini isə dayazlaşdırır.

***

Morozov düz deyirmiş, qadından canını qurtarmaq istəyirsənsə, ona iki-üç günlüyəcə görmədiyi bir həyat bəxş elə. Həmin həyatı yenə istəyəcək, görəndə ki, səndən bir şey çıxmır, gedib başqasını tapacaq. Eləsini ki, bu cür həyatı ona həmişəlik bəxş eləyə bilsin.

***

Səni o qədər sevirəm ki, ürəyim yerindən oynayır, gah da dağa dönür… Torpaq, çəmənlik həsrətindədir… Gah sərilmək, gah da uçmaq istəyir! Lap ağlını itirib, nə istədiyini özü də bilmir!
… Adam o vaxt qocalır ki, artıq heç nə hiss eləmir.
– Yox, adam sevməyəndə qocalır.

***

Həyatı həyat kimi yaşamaq nə şirin imiş! Adam yalnız səadətdən doyanda sakitləşir, çünki özgə heç nə istəmir.

***

– Yoxsa,başqa cür gözləyirdin, Ravik?
– Hə…Gözləməklə bilmək ayrı-ayrı şeylərdir.
– Yalnız miskin romantiklər üçün elədir

***

Belə olacağını özü də bilirdi, Joan da. Ən azı, sonu belə olmalıydı… Joan yeganə düzgün yolu seçmişdi. Sorğusuz-sualsız… Sorğu-sual ikinci dərəcəli şeylərdir. Duyum olan yerdə nə sorğu-sual? Əsas işdir, əməldir…

***

Bəzən uşaq kimi hərəkət etmiriksə, demək, qocalmışıq.

***

Nədən qorxuram? Kimdən qaçıram? Bilirəm, ona qarşı olan hisslərim daha da güclənib. Bu üç ayın ayrılığı onları boğa bilməyib, əksinə, daha da möhkəmləndirib. Artistlik eləməyim havayıdır. Qaranlıq döngələrdən sinə-sinə keçəndə, onun-bunun evində gizlənəndə, ulduzsuz qərib gecələrdən qəlbimə damcı-damcı tənhalıq süzüləndə, onlar mənim yeganə həmdəmim olub.

***

Özgə nə gözləyirdi? Belə olacağını əvvəlcədən bilmirdimi? Gözləmədiyi bircə o idi ki, Joan birinci başlayacaq. Niyə də başlamamalı idi? Birinci vuran qazanar, deyiblər…

***

Adam bədbəxtlərin bədbəxti olanda da həmin bədbəxtliyə yaraşmayan işlər görə bilər. Görürsənmi, bədbəxtliyin ölçüsü nə olub?! Gəlib görsəydin, ağlım başımda deyil, sərxoşam, onda hər şey təbii olardı. Ancaq şahmat oynamağım, sonra da yatmağım o demək deyil ki, daşürəkliyəm.

***

– Gəlməkdə yaxşı elədim? – Joan soruşdu.
– Bilmirəm, Joan.
– Bilirsən… Bilməlisən!

***

Təkcə onu görürdü və bilirdi ki, onu belə sirli-soraqlı eləyən özünün vurğun könlüdür. Bilirdi ki, bundan da qəşəng, bundan da ağıllı, bundan da saf üzlər var. Ancaq onu da bilirdi ki, başqa üz yox, məhz bu üz onun qəlbinə hakim kəsilib. Bu hakimliyi də ona özü vermişdi!

***

Bunu insanlar özü eləyir. Həmişə də özləri eləyib! Onlar bütün arzu və xəyalları çilik-çilik eləməkdə mahirdirlər. Əllərindən özgə nə gəlir?

***

– Joan! – Ravik sükutu pozdu. – Niyə gəldin, Joan?!
– Niyə soruşursan?
– Hə, doğrudan, niyə soruşuram?
– Niyə sən həmişə nəsə soruşursan? Gəlmişəm, bu, bəs deyilmi?
– Düz deyirsən, Joan, bəsdir.

***

Günəş çıxanda heç soruşarmı dünən yağıb? Çində, ya İspaniyada müharibə olub? Həmin anda neçə min adam qırılıb, neçə min adam dünyaya gəlib? Günəş çıxıb, bu, hər şeyə dəyər!

***

– Çoxdan belə sözlər eşitmirdim, – dedi.
– Demək, indiyə qədər balqabaqlarla oturub-durmusan. Qadına ya səcdə eləmək, ya da onu biryolluq atmaq lazımdır! Qalanları yalan şeydir!

***

Həkimləri şəxsən tanımaq yaxşı deyilmiş, – dedi. – Onlara inamın itir.

***

– İnsan nə üçün yaşayır, Ravik?
– Elə bu haqda düşünmək üçün. Yenə sualın var?
– Var. Nə üçün o, bu haqda düşünə-düşünə kamala çatan kimi ölür?
– Bəziləri kamala çatmamış da ölür.

***

Boris, biz onda səhv elədik ki, fikirləşməyə başladıq. Əgər ehtiras, vəhşilik kimi bir səadətdən qaçmasaydıq, belə olmazdı. Kimsə bizim üstümüzdə təcrübə aparır, ancaq, deyəsən, cavabını hələ tapmayıb. Gəl taleyimizdən şikayətlənməyək. Hətta üzərində təcrübə aparılan heyvanlarda belə peşəkar qürur olmalıdır.

***

Yaşasın «hər şeyin bir səbəbi var» deyən qanun!

***

Sevən adam möcüzəyə inanmırsa, batıb.

***

Lap axmağam, – deyə ürəyindən keçirdi. Bu gün səhər yanımda olan qadını gözləyirəm. Üç ay yarım ayrı düşdüm, vecimə olmadı, indi bircə gün gəlməyib, dözə bilmirəm. Ondan sonra görməsəydim, belə olmazdı. Özümü hazırlamışdım. Ancaq indi… Ayağa durdu. Yox, günah bunda deyil. Günah onun içini gəmirən məchulluqda idi. Saatbasaat beyninə pərçimlənən inamsızlıqda idi…

***

– O gecə yanına gələndə niyə demədin?
– Joan, sən o gecə gələndə elə bildim, qayıtmısan… Mənə özgə şey lazım deyildi. Ancaq yanılmışam… Sən qayıtmamışdın…
– Sənin yanına qayıdan mən deyildim? Yoxsa, başqası idi? Bəlkə, kölgəm olub?
– Sən gəlmişdin… Ancaq qayıtmamışdın…

***

– Həkimlər həmişə bəhanə tapır!–Bu sözləri Joan asta-asta dedi.
– Qadınlar kimi, Joan! Biz ölümlə oynayırıq, siz isə məhəbbətlə… Dünyanın bütün bəhanələri də, həqiqətləri də bunun üstündə bərqərar olub.

***

Daha gecdir, heç nəyi qaytarmaq olmaz! Heç kəs də qayıtmaz!

***

Bilirdi ki, onunla yatsa, uduzacaq. Bu heç nə ilə ödəyə bilməyəcəyi bir vekseli imzalamaq kimi bir şey idi. Sonra hər gün gələcək, çaldığı qələbə ilə öyünəcək, özü heç bir güzəştə getmədən, ondan hər dəfə yeni bir şey istəyəcək, onu büsbütün ələ alana kimi belə eləyəcək, axırda da özü bezəçək, onu zəifliyin, ehtirasın qurbanı eləyib, əxlaqsız adam kimi atacaq.

***

Müqavimət hissi də yeganə şeydir ki, onunla alver eləmək olmaz.

***

Nə yaman bicdir! – Ürəyindən keçirdi. – Adicə suallarla məni danışdırdı, izah elətdirdi. İzaha başlayırsansa, deməli, özünü müdafiə edirsən!

***

– Ürəyin daha istəmir məni?
– Yox! – dedi və qeyri-ixtiyari əlavə elədi: – Elə deyil…

***

Bıçaq,ülgüc kimi iti olanda ağrıtmaz! Bir şey ki yəqinləşdi, ağrı o dəqiqə kəsilir. Ağrı həmişə o dərd yəqinləşənə kimi, bir də yəqinləşib qurtarandan sonra başlayır…

***

Həqiqəti ucadan deyəndə nə yaman miskin olurmuş!

***

Müjdə gətirən məlakəyə oxşayırdı, inamla göylərdə pərvazlanırdı, özünü elə göstərirdi ki, guya, kimisə xilas etmək istəyir, ancaq əlindən çıxmasın deyə, onu yavaş-yavaş çarmıxa çəkirdi…

***

Sən eləbir üfüqsən ki, mənim bütün fikir və duyğularım orada birləşir!

***

Kömək elə… sevirəm… qayıtdım… səninəm…–bunlar hamısı şirin sözlərdir. Eləcə sözlərdir, vəssalam. İki bədənin vəhşicəsinə bir-birinə qovuşması kimi adicə bir şey üçün gör nə qədər söz var! Bu sözlərdə də nə qədər yalan, uydurma, saxta hisslər, özünüaldatma gizlənib!

***

Ancaq hamısının da bircə mənası var: ayrılıq, ayrılıq, yenə də ayrılıq! Əgər söhbət bu həddə çatıbsa, deməli, hər şey qurtarıb! Məhəbbət allahının gözlərindən qan damır, onun belə boş sözlərlə arası yoxdur…

***

Bütün qadınların xəmrəsi gillə qızıldan, yalanla rəzalətdən, riya ilə çılpaq həqiqətdən tutulub!

***

İyirmi ildə iki müharibə. Çoxdur… Birincinin yorğunluğu canımızdan hələ çıxmayıb.

***

Təkcə qaliblərin! Bu məğlub olanlara aid deyil. Qalib gələn yorğunluğa baxmır.

***

O gələndə kim soruşur ki, ucuzdur, ya qiymətli, birdəfəlikdir, ya mindəfəlik?! Gəlməmişdən qabaq nə qədər istəyirsən, soruş! Ancaq elə ki gəlib səni tapdı, bütün suallar qurtarır. Gəlib səni əsir eləyən də məhəbbətin özü olur, daha təsadüfən onun adını daşıyan adam yox! Al-əlvan xəyal dünyasının kor elədiyi adam yaxşını pisdən seçə bilərmi? Məhəbbət hara, ölçü hissi hara…

***

Məhəbbət! Bircə sözdə gör nələr gizlənir! Onda şəhvət hissindən tutmuş müqəddəs qəlb çırpıntıları, adicə ailə qurmaq həvəsi, vəhşi ehtiras və Yakobun məlakə ilə təkbətək döyüşünə qədər hər şey var!

***

– Məhəbbət gələndə İşə bax! – Ravik gedə-gedə düşünürdü. – Yaşım qırxı ötüb, neçə-neçə həyat məktəbi keçmişəm, gah yıxılmışam, gah durmuşam, həyat təcrübəsi qazanmışam, bilik öyrənmişəm, illərin süzgəcindən keçmişəm, bərkimişəm, yaxşını pisdən ayırmağı, soyuqqanlı olmağı öyrənmişəm, ancaq heç vaxt məhəbbət sorağında olmamışam, ona inanmamışam və bilməmişəm ki, nə vaxtsa gəlib məni də tapacaq. İndi budur, gəlib çıxıb və heç bir həyat təcrübəsi də kömək eləmir, əksinə, onu daha da qızışdırıb alovlandırır. Hisslərin alovunda qanlı-qadalı illərin qurumuş odunundan və bir də qaxaca dönmüş arsızlıqdan başqa yaxşı yanan özgə şey tapılarmı?!

***

Adamdan üz döndərmiş məhəbbətin özünə qısqanmaq olar, daha onun yönəldiyi adama yox!

***

Əgər şübhə dalğası bülluru bir dəfə sındırıbsa, onu, uzaqbaşı, yapışdırmaq olar. Yapışdırıb, bir vaxt işım-işıl işıldayan büllurun sınıq parıltısına baxa-baxa özünü aldadarsan.

***

Sən, ey məndə müqavimətdən başqa heç nəyə rast gəlməyən, lakin bu müqaviməti sındırmayınca əl çəkməyən və sonra daha çox şeylər tələb etməyə başlayan mələk

***

Vətəni satmaq da bunlarda vətənpərvərliyin bir növünə çevrilib. Çoxpartiyalılıq belədir. Qalib gəlmək üçün partiyalar bir-birini, beləliklə də, vətəni satırlar

***

Yaşasın neytrallıq əsri! Yaşasın daşqəlblilər zəmanəsi!

***

Qadından can qurtarmağın ən sadə yolu hərdən onunla yatmaqdır.

***

Faciə iyirmi il davam eləyəndə, onun komediyaya çevrilmək qorxusu olur! Əsl faciənin ömrü qısa olsun gərək!

***

Bu kitablar da qəribə olmuşdu, Ravik getdikcə mehrini onlara salırdı.
Düzdür, onlar hər şeyi əvəz eləyə bilmirdi, ancaq Ravikə çox şeyin verə bilmədiyini bəxş edirdi. Ravikə elə böyük köməyi dəymirdi, ancaq zülmətlərlə dolu bir zəmanədə onu ümidsizlik girdabına düşməyə qoymurdu. Elə bu da yetərdi.

***

Sən… Sən özünə həmişə belə arxayın olmusan. Sənin bu arxayınlığın adamı dəli eləyir. Heç nə sənin özünə olan bu inamını sındıra bilmədi. Sənin bu ölçülü-biçili hərəkətinə nifrət edirəm! Həmişə də eləmişəm! Mənə elə adam lazımdır ki, məftun olmağı bacarsın! Elə adam lazımdır ki, dərdimdən dəli olsun! Elə adam lazımdır ki, mənsiz yaşaya bilməsin! Sən isə mənsiz yaşaya bilirsən. Həmişə də yaşamısan. Mən sənə lazım olmamışam! Sən soyuqsan! Sən ürəksizsən! Sənin məhəbbətdən xəbərin yoxdur!

***

Çox vaxt həqiqətin özü də yalan kimi səslənirdi!

***

Birini ehtirasını söndürmək, əylənmək, şan-şöhrət qazanmaq üçün əlində saxlayırsan, o birinə də deyirsən ki, səni sevirəm, lap ürəkdən sevirəm, başqa cür sevirəm… Ancaq qabağındakı da eşşək deyil, bilir ki, onu da ehtiyatda saxlayırsan. Rədd ol, get! Belə görürəm ki, sən çox məhəbbət növlərinə bələdsən.

***

– Əzizim, iki gözüm,–onun səsində nəsə nəvazişə oxşar bir şey var idi,–sən mənim yanımda qalan deyilsən. Küləyi də, axar suyu da tutub saxlamaq olmaz. Suyu saxlasan, iylənəcək, küləyin qabağını kəssən, boğuq havaya dönəcək… Sən bir yerdə qərar tutub qalmaq üçün yaranmamısan, Joan!

***

Təklif gözləmədən gəlir, həyat eşqi ilə alışıb-yanır, nə etdiyini də bilmir, ancaq elə inamla eləyir ki, kişilər ondan baş aça bilmir, gah sadəlövh olur, gah da adamı valeh edir, öz aləmində etibarlıdır, ancaq, əslində, anası təbiət kimi etibarsızdır, adamı didərgin salır, ancaq özünün də yurdu-yuvası yoxdur, kimisə tutub saxlamaq istəyir, lakin axırda özü qoyub gedir…

***

Sən mənim nəyimə bələdsən? Həyatı suallarla dolu olan bir adamın qəlbinə məhəbbət odu düşməsini sən haradan bilərsən? Sənin ucuz ehtirasın onun yanında nədir ki?! Ömrü boyu yıxılıb-durmağa məhkum olmuş bir adam təsadüfən özünə dayaq tapanda, sonsuz «niyə»lər sonu görünən «sən»ə çevriləndə, sükut səhrasından hiss və duyğular ilğım kimi baş qaldıranda, səndən ixtiyarsız qanın cuşa gəlib, təlxəklik eləyə-eləyə adi meşşan həyatından da, şirinşirin arzulardan da füsunkar bir aləm yaradanda sənin o ucuz ehtirasın neyləyər?

***

Yox, sən təkcə ehtirası, həmişə qalib gəlməyi xoşlayırsan. Eləsini istəyirsən ki, əriyib sənə qarışmağa hazır olsun, ancaq bacarmasın… Sən coşqunluğu, çılğınlığı xoşlayırsan, ona görə də ürəyin həmişə boş qalacaq… Çünki adam elə şeyi saxlaya bilər ki, onun öz qəlbində bitmiş olsun. Belə tufan olan yerdə də çox şey bitməz! Onlar yalnız tənhalığın zülmət dolu gecələrində bitir… Ancaq bu şərtlə ki, ümidsizliyə qapılmayasan… Sənin belə şeylərdən xəbərin varmı?–

***

– Bizə nə olub, Ravik?
– Mən özüm də bilmirəm, Joan. Bəlkə də, ona görədir ki, göydən asıla qalmışıq. Əvvəllər çox şey var idi: inam, söykənəcək, aydın məqsəd… Məhəbbət səni qəfil silkələyəndə etibarlı dayaq kimi onlardan tutub dururdun. İndisə heç nəyimiz qalmayıb… Uzaqbaşı, bir az ümidsizlik, bir az da cəsarət qalmış olar… Özgələrə də, özünə də yadlaşmısan… Belə vəziyyətdə məhəbbətin gəlib səni yaxalaması quru saman tayasına od düşməsi kimi bir şeydir… Qəlbində məhəbbətdən başqa heç nə olmur və bu tənhalıq da onu qızışdırır, vəhşiləşdirir, azğınlaşdırır. Bu haqda çox fikirləşməyə dəyməz. Çox fikirləşməyə heç halımız da qalmayıb. Fikirləşdikcə də dəli oluruq… Ancaq biz dəli olmaq istəmirik, elə deyilmi?

***

Tez-tez geriyə baxan adam ya gedib nəyəsə dəyər, ya da yıxılar…

***

– Sən lap ifritə imişsən!–dedi.
– Nə? Nə dedin?
– İfritəsən!–Ravik təkrar elədi.–Mən də eşşəyəm ki, sənə inandım!

***

Yalan danışma! Yalan danışma! Həmişə düz danış! Düzünü deyəndə də dözə bilmirlər! Heç biri dözmür!

***

Qısqanclıq əvvəlcə rəqibin nəfəs aldığı havadan başlayır. Qısqanclıq deyilən şey adama bütün dərdlərindən də çox əzab verən köhnə bəla deyildimi?! Qısqanclıq deyilən şey iki sevəndən birinin qabaqca öləcəyini bilən gündən başlamırmı?!

***

Onun qəlbində elə bir guşə var idi ki, Joan hələ ora yol tapa bilməmişdi, ona görə də hərdən qayıdırdı. Ora yol tapan kimi, həmişəlik gedəcək, heç vaxt qayıtmayacaq!

***

– Kaş mən də sənin kimi güclü olaydım, Ravik!
– Sən məndən də güclüsən.
– Yox… Özün görürsən ki, mən həmişə sənin dalınca qaçıram.
– Elə ona görə də məndən güclüsən. Sən bunu özünə rəva görürsən, mən isə yox…

***

Adam bəzən inanmaq istəmir ki, o, çox şeyi unuda bilər. Bu həm müqəddəs bir alqışdır, həm də dəhşətli bir qarğış…

***

Deyirsən, dost olaq? Sel aparmış gül bağçasının yerində balaca bir bostan əkək? Yox, bacarmarıq… Bizə heç olmaz! Məhəbbəti dostluq ilə ləkələmək olmaz! Ayrılıq ayrılıqdır!

***

Təsadüflər təkcə maraqlı əsərlərdə tapılmaz, həyatın özündə isə addımbaşı rast gəlirsən, çoxu da axmaq təsadüf olur.

***

Heç kəs sənə bir vaxtlar sevdiyin adam kimi yadlaşa bilməz.

***

Çətini adamın xəyal dünyası ilə onu bağlayan sehirli sap qırılana kimidir. Qırılandan sonra, bəlkə də, həmin sapın ucları getdikcə sönən ulduz kimi közərə-közərə gah sənə, gah da ona tərəf yellənsin, ancaq xeyri yoxdur, o közərti də onu alovlandırmır, çünki ürəklər arasındakı körpü uçub…

***

Adam qəti qərara gələn kimi sakitləşir, fərqi yoxdur, qoy bu qərar heç bir məntiqə sığmasın!

***

Balaca Maks Rozenberq yadındadır? Zirzəmidə mənim yanımda uzanmışdı, bədənində salamat yer yox idi, başını beton divara vurmağa çalışırdı ki, bir də dindirməyə aparmasınlar. Niyə dindirirdiniz? Çünki demokrat idi! Bəs qan qusan Villman? İkicə saat «dindiriləndən» sonra ağzında bircə dişi də qalmadı, gözünün biri də getdi…Niyə dindirirdiniz? Çünki katolik idi, sizin fürerin ikinci Musa peyğəmbər olduğuna inanmırdı! Bəs başı, bədəni çiy ət parçasına dönmüş Rizenfeld? Bizə yalvarırdı ki, onun venasını dişimizlə deşək! Çünki sən «dindirəndən» sonra özünün bircə dişi də qalmamışdı. Niyə dindirirdin? Ona görə ki, müharibə istəmirdi, bombaların, odlu silahların ən yüksək mədəniyyət əlaməti olduğuna inanmırdı!

***

Hiss edirdi ki, onun da bu həyatda payı var və həmin pay heç vaxt belə çox olmayıb.

***

Məhəbbət gəlir güdən tacir deyil. Xəyal aləminə öz pərdəsini asmaq üçün iki-üç mismar bəs eləyər. İstəyir qızıldan olsun, istəyir qurğuşundan, ya da lap paslanmış olsun, ona fərq eləmir. Harada kefi gəlir, orada da adamı yaxalayır. İstəyir, qaratikan kolu olsun, istəyir, qızılgül, fərqi yoxdur, sədəf kimi parıldayan ay işığına bürünəndə «Min bir geçə» nağılına dönür.

***

– Sevən adam da… ölərmiş… Ravik ona tərəf əyildi. İndi bir qaranlıq qalmışdı, bir də Joanın sifəti…
– Sənə… yaxşı… olmadım…–Joan pıçıldadı.
– Sən mənim həyatım idin!
– Ti amo! (1) – deyə pıçıldadı.
– Sən mənə həyat verdin, Joan! – Bu sözləri uzaqlara zillənmiş gözlərə deyirdi. Sən mənə həyat verdin! Mən daş kimi bir şey idim… Məni yaşadan sən oldun!
– Mi ami? (2)
– Sevmək nədir ki, Joan? Yox, sevmək çox azdır… Bu bircə tərəfidir… Dəryadan bir damladır… Ağacdan bir yarpaqdır… O, nədir ki!
– Sono stata… sempre con te.(3)
– Sən həmişə mənimlə olmusan… Sevəndə də, nifrət edəndə də, biganə qalanda da… həmişə elə olub. Sən həmişə qəlbimdə olmusan… Sözlərin bənd-bərəsi dağılmışdı və bir-birini həmişəkindən də yaxşı başa düşürdülər.
– Baciami…(4) Ravik onun od tutub alışan qupquru dodaqlarından öpdü.
– Sən həmişə mənimlə olmusan, Joan, həmişə…
– Sono stata… perduta… senza di te…(5)
– Mən də sənsiz yetim qalardım. Sən mənim gözümün işığı idin… Həyatımın şirinidə sən oldun, acısı da… Sən məni qəflət yuxusundan oyatdın, həm özünü mənə bağışladın, həm də məni özümə qaytardın!
_____________
1 Sevirəm səni! (ital.).
2 Məni sevirsən? (ital.).
3 Mən həmişə səninlə idim… (ital.).
4 Məni öp… (ital.)
5 Sənsiz… mən yaşaya bilməzdim. (ital.).

Tərcümə: Vilayət Hacıyev

3.9 (78.57%) 14 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram