Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Umberto Eko “Sıfır sayı”

Annotasiya

“Sıfır sayı” (italyanca “Numero zero”) – Umberto Eko XX əsr ədəbiyyatının ən görkəmli yazıçılarından biri, eləcə də Avropa ədəbiyyatında intellektual nəsrin, postmodernizmin çox məşhur nümayəndəsidir. Alim-semioloq, medievalist, kulturoloq, mass media ekspertinin sonuncu romanı “Sıfır sayı” akademik fundament üzərində qurulub, KİV sisteminin hərtərəfli araşdırılmasından söhbət açır. Milanda “Sabah” adlı bir qəzetin pilot layihəsi hazırlanır və bu qəzet, əslində, öz sponsoru olan media maqnatının siyasi nüfuzunu gücləndirmək vasitəsi kimi nəzərdə tutulur. Lakin redaksiya heyəti ən uğursuz işçilərdən təşkil olundğundan işlər planlaşdırıldığı kimi getmir. İşçilərdən biri canfəşanlıqla Benito Mussolininin həyatını araşdıraraq materiallar toplayır, müharibədən sonra müttəfiqlərin Avropanın taleyi ilə necə oynadıqlarını şəxsi versiyaları ilə sübut etməyə çalışır. Bu gərgin və dramatik araşdırma fonunda məhəbbət və ölüm, xoşbəxtlik və qorxu, gerçəklik və xəyalın maqarlı qarşıdurması oxucunu əsər boyu gərginlikdə saxlayır.

Karandaşın izi ilə

Amma təəssüf ki, ikisindən birini seçmək lazım idi: ya almancadan tərcümə edəcəkdin, ya da universiteti bitirəcəkdin. İkisi birlikdə mümkün deyildi. Tərcümə ilə məşğul olanlar, hava istər isti, istər soyuq olsun, evdə qalıb ayaqlarına tərliklər geyərək işləyir və üstəlik, çox şey öyrənirdilər. Onlar üçün universitetə getməyin nə mənası vardı?..

***

Dərslərə nadir hallarda getdiyim ikinci ilin sonunda kurs işimi “Heynedə ironiya” mövzusunda yaza bilərəmmi, deyə soruşmağa cürət etmişdim (məncə, Heynenin uğursuz sevgilərə ironik yanaşması təsəlliverici görünürdü – öz sevgilərimə, öz uğursuzluqlarıma hazırlaşırdım, buna görə də Heynenin tərzini öyrənmək istəyirdim). “Siz gənclər, siz gənclər… – Di Samis təəssüf edərək mənə demişdi, – dərhal müasirlərin üzərinə atılmaq istəyirsiniz…”

***

Universitet dünyasında (o vaxt belə idi, məncə, indi də belədir) normal dünyanın əksinə olan münasibətlər vardı: uşaqlar atalarına yox, atalar uşaqlarına nifrət edirdilər.

***

Tərcüməçilər “nə verirlərsə, al” prinsipi ilə yaşamağa məcburdular.

***

Qeyri-mümkün ümidlərlə yaşayan insan – artıq məğlub bir insandır.

***

Bəxti gətirməyənlər öz zəhmətləri ilə inkişaf etmiş şəxslər kimi uğur qazananlarla müqayisədə daha geniş biliyə sahibdirlər; uğur qazanmaq üçün yalnız bir sahəni bilmək, başqa şeylərə vaxt itirməmək lazımdır; hərtərəfli biliyin verdiyi zövq – uğursuzlara məxsusdur. Kim nə qədər çox şey bilirsə, demək, işləri də bir o qədər tərs gedir.

***

Nəşr edilməyəcək əsərləri oxumaq da peşəyə çevrilə bilər.

***

Ölüm qorxusu xatirələrə can verir.

***

İndi ən iri qəzetlər belə Simone de Beauvoire və ya Beaudelaire, Rooswelt yazırdı. Artıq bizim dövrümüzdə korrektor Gütenberqin press dəzgahı kimi köhnəlmiş və lazımsız olmuşdu.

***

Uçulmuş evlərdə ölümlə barışmış antik qalıqların dərin sükunəti yox idi; narahat boşluqları qurdeşənəyi xəstəliyinə tutulubmuş kimi məşum halda göz qırpırdı…

***

Qəzetlər yalan danışır, tarixçilər yalan danışır, bu gün televiziya da ancaq yalan danışmaqla məşğuldur.

***

Yalanlar dünyasında yaşayırıq və sənə yalan deyildiyini bilirsənsə, daim şübhə içində yaşamağa məcbursan.

***

Heç kəsə inamım qalmadı, sadəcə, buna əmin idim ki, hamımızın arxasında bizi aldatmaq üçün fürsət gözləyən biri həmişə var.

***

Şübhələr heç vaxt şişirdilmiş olmur. Şübhələnmək, daim şübhələnmək lazımdır, yalnız bu yolla həqiqəti tapa bilərsən.

***

…bir şahidin, bir yoldan keçənin fikirlərini dırnaq içində xəbərə daxil edərlər. Dırnaq içində verildikdə o sözlər fakta çevrilir, bu bir şəxsin öz fikrini bildirməsi faktıdır. Lakin elə görünə bilər ki, jurnalist sadəcə özü kimi düşünən şəxslərin fikrinə yer verir. Buna görə də, baş vermiş hadisəyə fərqli baxışlar olduğunu göstərmək üçün bir-birinə zidd olan iki ayrı fikrə yer verilir. Beləcə, qəzet faktın özünə şübhə yeri qoymur. Hiyləgərlik ondadır ki, əvvəlcə əsassız bir fikir, sonra daha məntiqli və jurnalistin mövqeyinə yaxın ikinci fikir dırnaq içinə alınmaqla verilir. Belə olduqda, oxucu iki fərəqli nöqteyi nəzərdən də xəbərdar olduğunu düşünür, amma əslində daha inandırıcı olanı qəbul etməyə yönəldilir.

***

Qəzeti yaradan xəbər deyil, xəbəri yaradan qəzetdir.

***

Amma qəzetin ustalığı təkzibləri necə verəcəyi ilə də ölçülür, xüsusən də bu qəzet əllərini çürük şeylərə uzatmaqdan çəkinmirsə.

***

Müəllifdən alınmış müsahibə qalmaqal yaratmır, çünki heç bir müəllif öz kitabı haqqında pis fikir söyləməz. Deməli, oxucumuz iynəli atmacalar, eyhamlar oxumayacaq. Yeri gəlmişkən, veriləcək suallar çox mühümdür; kitab haqqında ətraflı danışmaq lazım deyil. Əsas odur ki, müəllifin şəxsi həyatı barədə sualar verib, onun zəif və qəribə cəhətlərini oxucuya çatdıra biləsən.
… əgər kitabın mövzusu məhəbbətdirsə, yazıçının dilindən onun ilk məhəbbətinə dair bir məlumat, ya da indiki sevgilisi ilə bağlı bir dedi-qodu qopartmağa çalışın. O lənətə gəlmiş kitabı əyani bir şəkildə oxuculara təqdim edin ki, hətta evdar qadın da kitabın məzmununu başa düşsün və sonra kitabın özünü oxumasa da, peşmanlıq hiss etməsin. Haqqında yazılmlş rəyləri oxuduqdan sonra kitabın özünü onsuz da heç kəs oxumur. Çox vaxt rəyləri də heç oxumurlar. Nə yaxşı ki, kitabı müəllifin özü oxuyur. Elə kitablar var, onlara baxdıqda oxumasaq daha yaxşı olar, deyirik.

***

Amma bilirsənmi, həqiqi mənada bəxtsiz və daim uduzan biri olmağa nə vaxt başladım? Bəxtsiz olduğumu düşünməyə başlayandan bəri. Əgər bunu beynimə yeritməsəydim, ən azından bir əl qazanardım…

***

– Əlli yaşınız tamam olubmu? Amma bu yaşda görünmürsünüz. Yəni sizə əlli yaş vermək olmaz.
– Demək istəyirsən ki, mənə qırx doqquz yaş verərdin?
– Yox, əksinə, çox yaraşıqlısınız və bizə dərs verərkən gördüm ki, yumor hissiniz də var. Bu isə gənclik və gümrahlıq əlamətidir.
– Kaş ki, bu, müdriklik əlaməti olaydı, ağ saçlar kimi.

***

Ahu? Əlbəttə yox, sadəcə, boyca ondan hündür olduğum üçün yuxarıya doğru baxırdı. Bütün məsələ bunda idi. Sənə aşağıdan yuxarıya doğru baxan istənilən qadın “Bembi”yə bənzəyər.

***

– Tezliklə görəcəksiniz ki, bu telefondan istifadə edənlər hesablarında pul qalmadığını xəbər vermək üçün bankların zəng etdiyi hüquqsuz kasıblar, ya da onların nə etdiklərini nəzarət altında saxlayan müdirlər olacaq. Beləcə, mobil telefonlar sosial həqirliyin simvoluna çevriləcək və daha heç kəsə lazım olmayacaq.
– Mən bu qədər əmin deyiləm, – Maya dedi. – Bu hazır paltar modeli kimi bir şeydir, məsələn, idman köynəyi, cins və ipək şərfdən ibarət bir kombinasiya; yəni həm kübar cəmiyyətdən bir xanım, həm də fəhlə bu kombinasiyadan istifadə edə bilər, ancaq ikincisi bunu yaxşı bacarmayacaq. Onlar təzə cins almaqla məsələnin bitdiyini düşünürlər, dizləri yırtılmış cins geyməkdən utanırlar, hətta cinsi dikdaban ayaqqabıyla geyirlər; beləcə, dərhal aydın olur ki, o, kübar cəmiyyətə aid bir xanım deyil, adi fəhlədir. Amma o bunun fərqinə varmır, yaxşı uyğunlaşdıra bilmədiyi paltarları məmnun halda geyməyə davam edir və özü özünə hökm oxuduğu ağlına belə gəlmir.

***

Baş ustanın hördüyü divar sonradan aşmırsa, demək, o baş usta professionaldır, amma bu halda professionallıq adi bir şeydir. Baş usatnın hördüyü divar aşarsa, onda onun yaramazlığı xəbər kimi verilməlidir. Əgər santexnik çağırsam və unitazı təmir etsə, ona təşəkkür edərəm, afərin, yaxşı düzəltdin deyərəm, amma onun professional şəkildə davrandığını dilimə gətirmərəm. Məsələn, Mikki Maus cizgi filmindəki Cənab Boru kimi davranmasını ondan gözləmərəm. Bu professionallıq məsələlərini qeyri-adi hal kimi göstərməkdə israr etmək, insanların öz işlərinin öhdəsindən əksər hallarda yaxşı gələ bilmədiyinə bir işarə kimi olar.

***

Mən heç vaxt bu üzr istəmək dəbinin bir təvazökarlıq, yoxsa həyasızlıq olduğunu anlaya bilməmişəm. Ləyaqətsiz və yaraşmayan bir iş görürsən, sonra üzr istəyib əllərini yuyursan. Yadıma at çapan kovboy haqqında bir lətifə düşür; göydən gələn bir səs kovboya Abilenə getməsini, Abilenə gəlib çatdıqdan sonra bütün pullarını ruletdə beş nömrəyə qoymasını bildirir. Göydən gələn bu səsdən çox həyəcanlanan kovboy buna əməl edir, amma qazanan nömrə on səkkiz olur. Və səs belə deyir: təəssüf, yenə uduzduq!

***

Əgər bir oxşar öz prototipinin canlı halına bənzəyirsə, ölü halına daha çox bənzəyər…

***

Unutmayın ki, indiki dövrdə bir ittihamı təkzib etmək üçün əksini sübut etməyə ehtiyac yoxdur, ittiham edən şəxsi qaralamaq, etibardan salmaq lazımdır.

***

Qəzet heç vaxt hazırlıqsız yaxalanmamalıdır. Gecə saat onda mühüm bir şəxsin ölüm xəbəri gələrsə, heç kəs yarım saat içində mərhum haqqında nekroloq yaza bilməz. Buna görə də nekroloqlar, yəni “timsah göz yaşları” əvvəlcədən hazırlanmalıdır. Əlinizdə hazır nekroloqlar varsa, sonuna mərhumun ölüm tarixini əlavə etmək kifayətdir.

***

Bu mətbuatdır, əzizim, mətbuata qarşı heç bir şey edə bilməzsən!

***

Hətta həqiqi bir qəzet üçün də ən məntiqli həll yolu – məsələni sentimentallaşdırmaqdır, gedib mərhumun qohum-əqrəbasından müsahibə almaqdır. Fikir versəniz, televiziyalar da belə edir, gedib övladını torpağa vermiş ananın qapısını döyürlər və qadına: “Uşağınızın öldüyünü eşitdikdə nə hiss etdiniz?” – deyə sual verirlər. Tamaşaçının gözü yaşarır və hər kəs məmnun qalır. Alman dilində yaxşı bir söz var: Schadenfreude – başqalarının kədərinə sevinmək. Qəzetlər məhz bu hissi aşılamalı və ona ehtiram göstərməlidir.

***

Məsələ bundadır ki, qəzetlər xəbəri yaymaqla deyil, ört-basdır etməklə məşğuldur.

***

Manyaklar çox vaxt cinayət yerində qəsdən dəlillər buraxırlar ki, polislər onları yaxalaya bilsinlər, əks halda qəzetlərin birinci səhifəsinə çıxa bilməzlər.

***

– Şuman yelbeyin idi?
– Əlbəttə. Romantik hıçqırıqların, göz yaşlarının ustasıydı və əsl dövrünün adamıydı. Beynini yora-yora, axırda dəli oldu. Arvadının nə üçün Bramsa aşiq olduğunu başa düşürəm. Başqa bir xarakter, başqa bir musiqi və dolu ürək…

***

Yalan – şüurun hakimiyyətidir, həm də hakimiyyətin şüurudur.

***

Biz xəncər və zəhər sevən bir millət olduq. Bu cür işlərə çoxdan alışmışıq, bizə nə cür yeni hadisə danışırlarsa danışsınlar, daha betərini eşitdiyimizi deyərik, bəlkə bunun da, digər hadisələrin də yalan olduğunu düşünərik.

***

Dünya qorxunc yuxu kimidir, sevgilim. Mən də bu qatardan düşmək istəyərdim, amma bunun mümkün olmadığını dedilər, çünki ara dayanacaqlar yoxdur.

***

Əgər daim məğlub olduğunu bilirsənsə, yeganə təsəllin bu olur ki, ətrafdakı hər kəsin, hətta qaliblərin də məğlub olduğunu düşünürsən.

***

… Sanki hər şeyi impressionist rəssamlar çəkir: korrupsiyaya icazə verilir, mafiya nümayəndəsi parlament üzvü seçilir, qaçaqmalçılar hökümətdə vəzifə tutur, həbsxanalarda isə sadəcə albaniyalı toyuq oğruları yatır.

***

Əgər çox şey tələb etməsən, həyata dözmək olar …

Tərcümə: Samir Bulut
Qeydləri topladı: Xavər Zahir

3 (60%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram