Annotasiya
“Bir yana, iki aşağı” (ingiliscə “One Across, Two Down”) – Kriminalist yazıçı Rut Rendel romanında bəxtsiz bir adamın kölgəsindən qorxan qatilə çevrildiyini təsvir edir.
Stenli Menninqi iki şey maraqlandırır. Biri krosvordlar, ikincisi qayınanası öldükdən sonra arvadına miras qalacaq pulun miqdarı. Əsk təqdirdə Lançester roud, 61 ünvanında həyat çəkilməz olardı. Belə ki, Stenlinin qayınanası xanım Kinevey indi onlarla birgə qalır və qızı ilə kürəkənini ayırmaq üçün əlindən gələn hər şeyi edir. Günlərin bir günü Stenli həll etdiyi krosvordu bir kənara qoyub, hamının həyatını birdəfəlik dəyişəcək addım atmaq qərarına gəlir…
Karandaşın izi ilə
Mod yetmiş dörd il yaşamasına və bu illərin çoxunu evli olaraq keçirməsinə baxmayaraq, hələ də bir şeyi başa düşməmişdi: hər hansı bir məsələnin gizli qalmasını istəyirsənsə, onu ər-arvaddan birinə söyləmək olmaz. Çünki nikah nə qədər etibarsız olsa da, cütlük nə qədər bir-biri ilə yola getməsə də, arvad həmişə sirlərini əri, ər isə arvadı ilə bölüşür.
***
Ehtirasın cavanlar üçün bu qədər əhəmiyyətli olması nə qəribədir. Onun yanında ağıl, xasiyyət oxşarlığı, etibar öz əhəmiyyətini itirir.
***
Bir dəfə o hardansa oxumuşdu ki, ən pis qorxular həyata keçmir. Necə doğru fikirdir!
***
Vera onun üzünə daha da diqqətlə baxmağa başladı.
– Sən məni sevirsən?
Suala bax da. Yorğun, narahat və çox güman, Parkinson xəstəliyinin bir addımlığında olan bir adamdan necə belə bir şey soruşmaq olar axı?!
***
Sən həmişə məni axmaq hesab etmisən. Ağıl dəryası olmadığımı bilirəm, ancaq mən oxuya bilirəm. Və bir dəfə bir yerdən belə bir şey oxumuşdum: “İnsanlara icazə vermək olmaz ki, törətdikləri cinayətdən xeyir götürsünlər”.
***
Nifrət etdiyin şəxsə xoş söz söyləmək çətindir.
***
Söz! Varlığa məna qatan, bütün xəstəliklərin dərmanı məhz odur.
Tərcümə: Lamiyə Göycəyeva