Annotasiya
“Layla” (ingiliscə “Lullaby”) — Çak Palanikin 2002-ci ildə nəşr olunan romanıdır. Jurnalist Karl Stritor qəfil körpə ölümləri ilə bağlı araşdırma aparır. Bu zaman dəhşətli bir əlaqə kəşf edir: ölüm şərqisi.
Bu şərqi ağlından keçəndə də ölümcül bir silaha çevrilir. Tilsimin hakimiyyətinə düşən Stritor istəməsə də artıq qatildir. Jurnalistin məqsədi daha çox insan öldürmək deyil, laylanın yayılmasının qarşısını almaqdır. O, kabuslu evlərin alqı-satqısı ilə məşğul olan Helen Huverlə birlikdə səyahətə çıxır.
Karandaşın izi ilə
Dəyənək və daş şikəst edə bilər, ancaq sözlə alına vurmaq olmur.
***
Bir fincan qəhvə və yeddi hərfdən ibarət ev quşu. İndi ona lazım olan tək şey budur.
***
Hər kəsin həyatında heç vaxt onu buraxmayacaq və onun heç vaxt buraxmayacağı insan var.
***
İstənilən hekayə keçmiş zamanda alınır. Onun da çətinliyi bundadır.
Hətta radioda “canlı” şərhlər də – dairəvi qaçış və strayk autlar – real hadisələrdən bir-iki dəqiqə geri qalır. Televiziyada canlı yayım belə bir-iki saniyə gecikmə ilə baş verir.
Hətta səs və işıq sürətinin də maksimal həddi var.
Növbəti çətinlik hekayəni danışan şəxsdir. Kim, nə, harda, nə vaxt və niyə. Təhkiyəçinin şəxsi əhval-ruhiyyəsi və meylləri. Onun faktları təqdim etmə şəkli. Jurnalistlərin öz arasında dediyi kimi, onun necə vasitəçi olması. Onun materialı təqdim etmək qabiliyyəti. Çünki təqdim edilən material hər şeydir.
***
Əhəmiyyətsiz detal olmur. Hər detal diqqətə layiqdir.
***
Heç vaxt herbisid və insektisiddən istifadə etməyən insanlar nədənsə ətraf ərazini yüksək səsli musiqi ilə murdarlamağı yolverilən addım hesab edir. Şotlandların tuluq zurnaları. Çin operası. Kantri və folk.
Çöldə quşların ötməsi normal haldır. Patsi Klayn oxuyursa, artıq normal hal deyil.
Maşınların səs-küyü artıq xoş hal deyil. Şopenin fortepiano üçün re-minor konserti də vəziyyəti yüngülləşdirmir.
Səs-küyü yatırmaq üçün musiqinin səsini artırırsan. Sənin musiqinin səsini batırmaq üçün qonşular öz musiqilərinə səs verirlər. Sən də öz növbəndə səsi çoxaldırsan. Hamı stereosistem alanda daha güclüsünü seçməyə çalışır. Bu, səs müharibəsində silahlanma yarışıdır. Lakin səsi üç dəfə artırılmış cihaz sənə qələbə qazandırmır.
Məsələ səsin keyfiyyətində deyil. Məsələ səsin ucalığındadır.
Məsələ musiqidə deyil. Məsələ qələbədədir.
***
Heç kim etiraf etmək istəmir ki, narkotiklə olduğu kimi musiqidən asılı vəziyyətə düşmüşük. Axı belə olmur. Heç kim musiqi, televizor və radio aludəçisi olmur. Sadəcə bizə daha çoxu lazımdır: daha çox kanal, daha geniş ekran, daha yüksək səs. Biz musiqisiz və televizorsuz bacarmırıq, ancaq xeyr, heç kim onlardan asılı vəziyyətə düşməyib. İstədiyimiz vaxt musiqini də, televizoru da söndürə bilərik.
***
Corc Oruell yanılmışdı.
Böyük Qardaş sizi izləmir. Böyük Qardaş oxuyub oynayır. Sehrli şlyapadan ağ dovşanlar çıxarır. Yatmadığın bütün zaman kəsiyində Böyük Qardaş sizi əyləndirir, diqqətinizi yayındırır. Fikirləşməyə vaxt ayırmamaq üçün əlindən gələni edir. Sənin başını qatmaq üçün hər şey edir.
Xəyal gücünün solub, tamamilə məhv olması, appendiks kimi faydasız əlavə şeyə çevrilməsi üçün var gücü ilə çalışır. Böyük Qardaş fikrini ciddi məsələlərdən yayındırmaq üçün səni izləyir.
***
Bu dünyada arvad-uşağının ölümünə şahid olmaqdan daha dəhşətli şeylər var.
Məsələn, o biri dünyanın onları əlindən almasına tamaşa etmək. Həyat yoldaşının qocaldığını, yaşamağın onun üçün darıxdırıcı olduğunu görmək. Uşaqlarının yavaş-yavaş onları qorumağa çalışdığın şeylərdən – narkotik, boşanma, qəbul edilmiş normalar, xəstəliklər haqqında xəbər tutması.
***
Öz-özünə deyirsən: sükut səs-küylə təyin edilir. Səs-küysüz biz sükutu qiymətləndirməzdik.
***
Bir bütövü unutmağın ən yaxşı yolu detalları diqqətlə nəzərdən keçirməkdir.
Ağrıdan uzaqlaşmağın ən yaxşı yolu diqqətini təfərrüatlara yönəltməkdir.
Tanrıya da belə baxmaq lazımdır.
Sanki hər şey yaxşıymış kimi.
***
O, elə arıqdır ki, ya ölüm ayağındadır, ya da çox varlıdır.
***
Müxbir peşəsində məni ən çox cəlb edən şey bloknotun arxasında gizlənmək, istənilən bədbəxt hadisəni işə çevirmək imkanıdır.
***
Hələ də biliyin güc olduğuna inanan insanlar var.
***
Belə bir dünya təsəvvür edin: insanlar televizora baxmır, radio dinləmir, kinoya getmir,İnternetdə vaxt keçirmir, qəzet və jurnal oxumur. İndi prezervativ və rezin əlcək geyindikləri kimi qulaqlarına tıxac keçirirlər. Əvvəllər heç kim yad insanla təsadüfi seksdən qorxmurdu. Lap əvvəl isə birənin dişləməsindən, qaynanmamış su içməkdən, ağcaqanadlardan, asbestdən ehtiyat etmirdi.
***
– İnsanlar ölür, onların evləri uçurulur. Ancaq gözəl, müəyyən üsluba malik mebel qalır. Mebel hamıdan və hər şeydən çox yaşayır.
– Mebel əşyaları bizim mədəniyyətimizin tarakanlarıdır.
***
Biz yalançı çobanlar sivilizasiyasıyıq. Qışqırırıq ki, sürüyə canavarlar hücum edib. Onlardan isə əsər-əlamət yoxdur.
***
Siz həyat və ölüm üzərində ixtiyar sahibi deyilsiniz. Belə bir səlahiyyətə yalnız “Makdonalds”da hamburger sifariş edəndə malik olursunuz.
***
Soyqırım qurbanlarının əksəriyyətinin sonradan niyə vegetarian olduğunu bilirsiniz? Çünki onlar heyvan kimi davranılmağın nə olduğunu bilirlər.
***
Təbiət adlandırdığımız şeyi öldürürük və o da tezliklə bizi öldürməyə başlayacaq.
***
Parisə, ya Pekinə gedin. Hər yerdə “Makdonalds” hamburgerləridir. Üstün həyat şəklinin ekoloji ekvivalenti. Yer üzündə bütün şəhərlər, bütün yerlər eynidir. Puerariya. Midyə. Su giasinti. Sığırçınlar. “Burger Kinq”. Həqiqi və köhnə olan hər şey, unikal olan hər şey isə müntəzəm surətdə məhv edilir. Bioloji müxtəliflik baxımından əlimizdə qalan yerganə şey “Pepsi”yə qarşı “Kola”dır.
***
Qaranlıqda bütün şəhərlər və yerlər eynidir.
***
Ruh gördüyünü iddia edən insanlara nifrət edirəm. Ruh zad yoxdur. İnsan ölürsə, ölür. Ölümdən sonra həyat yoxdur. Ölüm ölümdür. Ruh gördüyünü deyən insanlar sadəcə diqqət cəlb edirlər. Olduqlarından daha maraqlı görünməyə çalışırlar. Reinkarnasiyaya inan insanlar sadəcə əsl həyatı sonraya saxlayırlar.
***
Mona deyir ki, insanları öldürmək olmaz, çünki qətl səni insanlıqdan uzaqlaşdırır. Yalnız düşmənini öldürdüyün halda qətlə bəraət qazandırmaq olar. Ona görə elə etmək lazımdır ki, qurban düşmənin olsun. Qurbanı düşmən eləsən, istənilən cinayətə haqq qazandırmaq olar.
***
Əslində bütün dünya ağıldankəmlərdən ibarətdir.
***
Keçmişdə uzaq yola çıxan dənizçilər hər boş adaya bir cüt donuz, ya da bir cüt keçi buraxırmış. Növbəti səfərlərində onları artıq “canlı” ət ehtiyatı gözləyirmiş. Bunlar məskunlaşmamış adalar, əl dəyilməmiş, vəhşi təbiətin çarlığı olub. Orada Yer üzünün heç bir yerində olmayan quşlar yaşayırmış. Orada zəhərli və tikanlı bitkilər yox imiş. Ora Yer üzünün cənnəti imiş.
Bu adalara növbəti dəfə gələndə dənizçiləri donuz və ya keçi sürüsü gözləyirmiş.
Dənizçilər bu cür sürüləri “əkilmiş ət” adlandırırmış.
– Bu hekayə sizə heç nəyi xatırlatmır? Məsələn, Adəm və Həvvanın başına gələnləri?
O, pəncərəyə baxaraq sözünə davam edir:
– Bəlkə Tanrı da günlərin bir günü əlində böyük acı barbekü sosu Yerə qayıdacaq?
***
Heç bu barədə düşünmüsünüz? Bəlkə Adəm və Həvva işəmək üçün küçəyə çıxmadığı üçün Tanrının evdən bayıra atdığı iki axmaq küçükdür?!
***
O deyir:
– Peşəkar olmaq lazımdır. Bütün sirr bundadır. Əgər bir işi pul müqabilində görürsənsə, çətin ki, həmin işi havayı görəsən. Səncə, qeyri-iş saatlarında fahişələrin sekslə məşğul olmaqdan xoşu gəlir?
O deyir:
– Niyə elə düşünürsən ki, memarlar və dizaynerlər həmişə yarı tikili və yarı təmirli evlərdə yaşayırlar?
O deyir:
– Niyə bütün həkimlərin səhhəti pis gündədir?
***
Bir insanı nə qədər çox sevməyinin fərqi yoxdur, yenə də özün bildiyi kimi etmək istəyirsən.
***
Hər nəsil sonuncu olmaq istəyir. Hər nəsil musiqidə başa düşmədiyi yeni tərzə nifrət edir. Mədəniyyətimizin mövqeyini itirib, yerini başqa bir şeyə verməsi bizi özümüzdən çıxarır və qəzəbləndirir. Sevimli musiqimiz liftlərlə çalınanda hirslənirik. İnqilabımızın balladası televiziya reklamlarında başlıq musiqisinə çevriləndə hirslənirik. Geyim və saç düzümümüzün artıq retro tərz olduğunu başa düşəndə cin atına minirik.
***
Söhbət kimin günahkar, kimin vicdanlı olmasından getmir. Əxlaq baxımından dinozavrlar nə yaxşı idilər, nə pis, amma bununla belə, onlar ölüb getdilər.
***
Allah dünyamızın vicdanıdır. Günah və pis niyyətdən ibarət dünyamızın…
***
Bəlkə, cəhənnəmə etdiyimiz əməllərə görə düşmürük. Bəlkə, cəhənnəmə etmədiyimiz əməllərə görə düşürük.
***
Karl Marks deyərdi ki, bütün bitkiləri və bütün heyvanları düşmənlərimizə çevirməliyik, yalnız onda onları öldürməyimizə haqq qazandırmaq olar.
***
Məni unuda bilərsən, ancaq bu o demək deyil ki, mən mövcud olmamışam.
***
– Sən hələ də məni sevirsən?
Və mən deyirəm: başqa seçimim var?
***
Yer üzünü qalın qara kabellər bürüyüb. Parlaq işıqların arxasındakı qaranlıqda dizel yanacağı ilə işləyən mühərriklər elektrik enerjisi istehsal edir. Solyar yağı, qızarmış kartof, qusuntu və şəkər pudrasının iyi gəlir.
Buna indi əyləncə deyilir.
***
Hər halda, sənin bütün sirlərini bilən insanın olması yaxşı haldır.
***
Hər hansı hakimiyyət, hətta hakimiyyət ehtimalı olan kimi dərhal daha çox şey istəyirsən.
***
Həyatı əbəs yerə sərf etməyin ən yaxşı yolu qeyd aparmaqdır. Əsl həyatdan qaçmağın ən yaxşı yolu kənardan müşahidə etməkdir.
***
Əgər planın varsa, yalnız təsəvvür edə bildiklərini əldə edirsən. Mən isə həmişə daha böyük bir şeyə ümid etmişəm.
***
Qədim Yunanıstanda insanlar fikrin yuxarıdan göndərilən əmr olduğunu hesab edirdilər. Qədim Yunanıstan sakininin ağlına hər hansı bir fikir gəlirdisə, o, bunun Tanrılar tərəfindən nazil edildiyinə inanırdı.
Apollon deyirdi, cəsarətli olmaq lazımdır.
Afina deyirdi, sevmək lazımdır.
İndi isə insanlar xamalı kartof çipsi reklamına qulaq asıb, onu almağa gedirlər.
***
Verdiyimiz qərarlarda azadıq? Yoxsa kütləvi informasiya vasitələri və kök salmış mədəniyyət istəklərimizi, atdığımız addımları doğuldumuz gündən bəri idarə edir?
***
Təsəvvür edin, dəb elə sürətlə dəyişir ki, onu heç izləyə bilmirsiz. Təsəvvür edin, əsrlər keçdikdə dünyada insanlar, insanlarda isə ümidsizlik artır. Təsəvvür edin, dəyərini tam itirənədək dininizi və işinizi, yaşayış yerinizi və pəhrizlərinizi dəyişirsiniz. Təsəvvür edin, illər keçdikdə bütün dünyanı səyahət edirsiniz, hər kvadrat santimetrini elə öyrənirsiniz ki, darıxdırıcı olur. Təsəvvür edin, bütün hissləriniz – məhəbbət və kin, rəqabət və qələbə – yenidən təkrarlanır, nəticədə həyat sonsuz sabun operasına çevrilir. Hər şey yenidən və yenidən təkrarlanır, daha insanların doğumu və ölümü sizi narahat etmir. Bir vaxtlar zibilliyə atılan, solğun çiçəklər kimi.
***
Güc, pul, məhəbbət, doyunca yemək və seks. Nə vaxtsa dayanmaq olur yoxsa bizə həmişə hər şey azlıq edir? Və nə qədər çox əldə etsək də daha çox istəyirik?
***
Mənə böyük ev, sürətli avtomobil,seks üçün minlərlə gözəlçə lazımdır? Həqiqətən bütün bunlar mənə lazımdır? Yoxsa məni belə öyrədiblər? Bütün bunlar həqitən mənim əlimdə olanlardan daha yaxşıdır? Yoxsa məni belə öyrədiblər ki, həmişə əlimdə olanlar mənə bəs eləməsin? Sanki hər şey həmişə az gəlir…bəlkə mən sadəcə bu cadunun təsiri altındayam?
***
Gələcəkdə məni nə gözləyir? Fərqi yoxdur, onsuz da o da məni məyus edəcək.
***
– Mən sadəcə sənin xoşbəxt olmağını istəyirəm.
– Bu asandır. Mənə “xoşbəxtlik” cadusu elə.
– Belə bir cadu yoxdur. Bunun üçün narkotik var.
***
Yox əgər reallıq ovsun, xəyaldan başqa bir şey deyilsə? Birdən istədiyini düşündüyün şeyləri əslində istəmirsən… iradə azadlığın yoxdursa? Birdən nəyi bildiyini, nəyi bilmədiyini bilmirsənsə? Birdən sevdiyini düşündüyün kəsləri əslində sevmirsənsə? Onda nə qalır? Nəyin naminə yaşamağa dəyər?
Tərcümə: Lamiyə Göycəyeva