Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Henrik İbsen “Oyuncaq ev”

Annotasiya

“Oyuncaq ev” (Norveç dilində “Et dukkehjem”) — Henrik İbsenin 1879-cu ildə qələmə aldığı bu pyesin əsas mövzusu qadının cəmiyyətdəki yeridir. Müasirləri dramı feminizm manifesti kimi qiymətləndirsə də, “Oyuncaq ev”in problemləri “qadın məsələsi” ilə məhdudlaşmır: ümumiyyətlə insan şəxsiyyətinin azadlığından bəhs edilir. Pyesdə “kişi dünyası” ilə yanaşı, ümumilikdə 1870-ci illərin cəmiyyəti, burjuaziya aləminin norma və qaydaları, ölü qanunları təsvir edilib.

2001-ci ildə YUNESKO “Oyuncaq ev” əsərinin əlyazmasını “Dünya tarixi” siyahısına daxil edib.

Əsas qəhrəmanın prototipi isə İbsenlə dostluq edən yazıçı Laura Kilerdən götürülüb. Məhz İbsen 19 yaşlı gənc qadına ədəbiyyatla məşğul olmağı məsləhət görüb.

Karandaşın izi ilə

Borc əsasında qurulan evin üstünə çirkin kölgə düşür.

***

– Xeyr, Kristina, bu, mən tərəfdən çox alçaq hərəkət oldu. Yazıq qız, yəqin, çox çəkmisən. Və o, sənə heç pul qoymayıb?
– Heç.
– Uşaq da?
– Uşaq da.
– Belə çıxır, heç nə?
– Heç nə. Hətta yaddaşımı canlı tutacaq kədər, peşmanlıq da.

***

Ah, əzizim, vəkillik təcrübəm ərzində buna kifayət qədər əmin olmuşam. Yolunu azan bütün insanların yalançı anaları olub.

***

Ah, heç kim bilmir, pis insanlar nələr uydura bilər!

***

– O, qulançar və Strasburq paştetinə çox düşkün idi, hə?
– Hə, trüfelə də.
– Hə, hə, trüfelə də. Deyəsən, istridyəyə də.
– Əlbəttə, istridyəyə də.
– Portveyndən tutmuş şampana kimi hər şeyə. Adama ağır gələn odur ki, bütün bu dadlı təamlar hökmən onurğa sütununa təsir edir.
– Ələlxüsus ona görə ağır gəlir ki, onlar bu nemətlərin bir qram da olsun dadına baxmayan insanın bədbəxt onurğa sütununa təsir edir!

***

Getmək… gözəl xatirə belə qoymadan… heç ötəri təəssüf belə… heç nə, boşluqdan başqa heç nə… yoldan keçən ilk adamın doldura biləcəyi boşluqdan başqa heç nə.

***

Baxın, elə insanlar var ki, onları dünyada hər şeydən çox istəyirsiniz, elələri də var ki, ən çox onlarla olmaq istəyirsiniz.

***

Bir dəfə özünü başqalarına görə satan adam bunu ikinci dəfə etməyəcək.

***

O, onun əzabları, onun tənhalığı bizim günəş kimi parlaq xoşbəxtliyimizə nəsə yüngül, tutqun fon yaradırdı.

***

– Həkim, axı yaşamaq lazımdır.
– Bəli, bunun guya zəruri bir şey olduğunu düşünmək insana nəsə xoş gəlir.

***

– Qanunlar arzuların öhdəsindən gəlmir.
– Deməli, onlar pis qanunlardır.

***

Nəsə olacaqsa, qoy əlavə söz-söhbət olmadan olsun.

***

– Axı ən çox xəstələrin qayğıya ehtiyacı var.
– Bax, bax. Məhz bu baxışlar sayəsində cəmiyyət xəstəxanaya çevrilir.

***

– Dayan görüm… Sən nə istəyirsən?
– Maskarad kostyumunu əynimdən çıxarmaq.

***

Arvadını bağışladığını, səmimi qəlbdən bağışladığını dərk etmək ərin xoşuna gəlir. Sanki bundan sonra arvadı ikiqat onun özününkü, ayrılmaz xəzinəsi olur. O, sanki arvadına ikinci dəfə həyat verir.

***

– Sən burada xoşbəxt olmamısan?
– Yox, heç vaxt olmamışam. Xoşbəxt olduğumu düşünmüşəm, amma əslində heç vaxt belə bir şey olmayıb.
– Sən… xoşbəxt olmamısan!
– Yox, olmamışam. Sadəcə şən olmuşam.

***

– Evini, ərini, uşaqlarını tərk etmək! İnsanların nə deyəcəyini düşünmürsən?
– Vecimə deyil. Təkcə bir şeyi bilirəm ki, bu, mənə lazımdır.
– Xeyr, bu, biyabırçılıqdır! Sən ən müqəddəs öhdəliklərinə bu cür etinasız ola bilirsən!
– Necə düşünürsən, mənim ən müqəddəs öhdəliklərim nələrdir?
– Bunu hələ sənə demək də lazımdır? Yoxsa sənin ərinin, uşaqlarının qarşında öhdəliyin yoxdur?
– Mənim eynilə bunun kimi başqa müqəddəs öhdəliklərim də var.
– Yoxundur! Hansılardır?
– Özümlə bağlı öhdəliklərim.

***

– Sən ilk növbədə həyat yoldaşı və anasan.
– Daha buna inanmıram. Düşünürəm ki, mən ilk növbədə insanam, sənin kimi, ya da ən azından insan olmağa çalışmalıyam. Torvald, bilirəm, əksəriyyət sənin tərəfində olacaq və kitablarda da bundan bəhs edilir. Amma mən daha əksəriyyətin fikri və kitablarda yazılanlarla qane ola bilmərəm. Belə şeylər barədə özüm düşünməli, özüm baş çıxarmalıyam.

***

– Uşaq kimi mühakimə yürüdürsən. Yaşadığın cəmiyyəti başa düşmürsən.
– Bəli, düşmürəm. Ona görə də ona bələd olmaq istəyirəm. Özüm üçün aydınlaşdırmalıyam, kim haqlıdır: mən yoxsa cəmiyyət.

***

– Sənin üçün böyük məmnuniyyətlə gecə-gündüz çalışardım, Nora… əzaba və ehtiyaca dözərdim. Lakin sevdiyi insana görə belə olsa, kim öz namusunu qurban verər?
– Yüz minlərlə qadın qurban verib.

***

Siz heç vaxt məni sevməmisiniz. Sadəcə mənə aşiq olmaqdan xoşunuz gəlib.

***

– Nora, doğrudanmı sənin üçün həmişəlik yad olaraq qalacam?
– Ah, Torvald, onda möcüzələr arasında ən möcüzəli şeyin baş verməsi lazımdır.
– De! Onun nə olduğunu de!
– Elə bir möcüzə ki, sən də, mən də o qədər dəyişək ki… Yox, Torvald, daha möcüzələrə inanmıram.
– Mən isə inanacam. Sözünü de qurtar! O qədər dəyişək ki,…?
– Birgə yaşayışımızı evlilik adlandırmaq mümkün olsun. Əlvida.

Tərcümə: Lamiyə Göycəyeva

2.7 (54.86%) 35 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram