Annotasiya
Mixail Bulqakov “İt ürəyi”(rusca “Собачье сердце”) – Əsərdə avara bir it üzərində cərrahiyyə əməliyyatı aparılıb onun insana çevrilməsi və bu insanın yaramaz, pozğun, mənəviyyatsız bir məxluqa dönməsi təsvir olunur. Süjetin əsasında, xüsusən, 1920-ci illərdə SSRİ-də və bir sıra Avropa ölkələrində populyar olan cavanlaşdırma ideyası yer alıb. Yevgenikaya – insan təbiətinin yaxşılaşdırılması sahəsinə maraq göstərən xeyirxah professor Filipp Filippoviç Preobrajenski sovet məmurlarını cavanlaşdırmaq üçün eksperimentlər aparıb pul qazanır. O, bir gün “Şarik” adlı bir küçə itini evə gətirərək, üzərində təcrübə aparır.
“İt ürəyi” əsərini rus cəmiyyətinin inqilabi transformasiyasına alleqoriya, eyni zamanda təbiətin işlərinə müdaxilənin təhlükəli fəsadları haqqında xəbərdarlıq kimi də səciyyələndirmək olar.
Karandaşın izi ilə
Heç dalınıza uzunboğaz çəkməylə ilişdiriblərmi? Mənə ilişdiriblər. Kərpiclə qabırğalarınızı əzişdiriblərmi? Bunların hamısından nə qədər desən yemişəm. Hər şeyi dadmışam, taleyimlə barışmışam, əgər indi ağlayıramsa, ancaq ağrıdan və soyuqdandır, çünki hələ mənim ruhum ölməyib… İt ruhu ölməzdir.
***
Kino isə qadınlar üçün həyatda yeganə təsəllidir.
***
Bəli, göz əsas məsələdir. Barometr kimidir. Hər şeyi göstərir – kimin qəlbi kökündən quruyub, kim heç nəyin üstündə uzunboğaz çəkməsinin burnu ilə qabırğalarına ilişdirmək istəyir, kim də hər şeydən, hamıdan qorxur.
***
Ölmək hələ tezdir, ümidsizlik isə əsl günahdır.
***
Hərgah siz Moskvada yaşayır və qafa tasınızda beyinə oxşar nəsə gəzdirirsinizsə, heç bir kurssuz-filansız, istəsəniz də, istəməsəniz də, bir savad alacaqsınız.
***
– Siz belə yava köpəyi necə ələ gətirə bilmisiniz?
– Nəvazişlə. Canlı varlığa münasibətdə mümkün olan yeganə üsulla.
***
Ümumi iclas xahiş edir ki, siz könüllü əmək intizamı çərçivəsində yeməkxanadan imtina edəsiniz. Moskvada heç kimin ayrıca yemək otağı yoxdur. Hətta Aysedora Dunkanın da…
***
Qadın qoltuğundan qarda islanmış bir neçə parlaq üzlü jurnal çıxartdı:
– Təklif edirəm, Almaniya uşaqlarının xeyrinə bir neçəsini götürəsiniz. Biri 50 qəpiyə.
– Yox, götürməyəcəm.
– Niyə rədd edirsiniz?
– İstəmirəm.
– Almaniya körpələrinə rəhminiz gəlmir?
– Gəlir.
– 50 qəpiyə qıymırsınız?
– Yox.
– Bəs niyə götürmürsünüz?
– İstəmirəm.
***
Fikir verin, İvan Arnoldoviç, arağı soyuq qəlyənaltı və şorbayla yalnız bolşeviklərin qırıb qurtara bilmədikləri mülkədarlar içir. Özünə azacıq hörmət eləyən adam isti qəlyənaltıdan da dadır.
***
– Qidalanma, İvan Arnoldoviç, mürəkkəb işdir. Onu bacarmaq lazımdır, təsəvvür edin ki, çoxları qidalanmağı tamamilə bacarmır. Təkcə nə yediyini bilmək azdır, həm də haçan və necə yeyəcəyini də bilməlisən. Üstəlik, yemək üstə nədən danışmağı da bilmək vacibdir. Bəli. Əgər siz yediyinizin həzmi-rabedən keçməsi qayğısını çəkirsinizsə, mənim xeyirxah məsləhətim budur – yemək vaxtı bolşevizm və təbabət haqqında danışmayın. Bir də günortaya qədər sovet mətbuatını oxumayın.
– Hm… Başqası axı yoxdur.
– Heç birini oxumayın. Bilirsiniz, mən öz klinikamda otuz adam üzərində müşahidə aparmışam. Nə görsəm, yaxşıdır? Qəzet oxumayan pasiyentlər özlərini əla hiss edirlər. Mənim məcburən “Pravda” qəzeti oxutduğum pasiyentlərin isə çəkisi düşür.
***
Nə üçün elektrik işığı, yaddaşım məni aldatmırsa, 20 ildə ikicə dəfə söndüyü halda, indi səliqə ilə ayda bir dəfə sönür? Doktor Bormental, statistika dəhşətli şeydir.
***
Əgər mən ayaqyolunda, ifadayə görə üzr istəyirəm, unitaza yox, döşəməyə işəsəm, üstəlik, bunu Zina ilə Darya İvanovna da təkrar etsələr, ayaqyolu xarabaya çevriləcək. Deməli, xarabalıq ayaqyolunda deyil, başdadır.
***
İki Allaha xidmət etmək olmaz! Eyni zamanda həm tramvay yollarını süpürmək, həm də hansısa ispan dilənçilərinin dərdinə qalmaq qeyri-mümkündür! Buna heç kimin gücü çatmaz, doktor, ələlxüsus o adamların ki, inkişafda avropalılardan 200 il geri qalıblar və hələ də öz şalvarlarının düymələrini inamla bağlaya bilmirlər.
***
O adam hər yerə vaxt tapır ki, heç yerə tələsmir.
***
Mən ağa itiyəm, ziyalı varlığam, yaxşı həyatı dadmışam. Bir də ki azadlıq nədir? Elə-belə tüstü, ilğım, uydurma… Bu bədbəxt demokratların sayıqlaması…
***
Siz, Şarikov, mənasız danışırsınız, adamı əsəbiləşdirənsə odur ki, bu boş sözləri qəti və inamla deyirsiniz.
***
Doktor, bəşəriyyət özü bunun qayğısına qalır, təkamül yoluyla hər il inadla alçaq kütlə içərisindən yer üzünü bəzəyən onlarla dahi ayırıb yetişdirir.
***
Mənim 60 yaşım var, sizə məsləhət verə bilərəm. Kimə qarşı olursa olsun, heç vaxt cinayətə getməyin. Qocalana qədər təmiz əllə yaşayın.
***
Bir sözlə, hipofiz insanın konkret simasını təyin edən qapalı kameradır.
***
– O hansı Şarikovdur? Ah, bağışlayın, mənim üstündə əməliyyat apardığım köpəyim…
– Bağışlayın, professor, köpək yox, artıq o, insan idi…
– Yəni deyirsiniz danışa bilirdi? Bu, hələ insan olmaq demək deyil.
Tərcümə: Ramiz Duyğun