Annotasiya
“Bir göz qırpımında”(fransızca “Le Temps d’un soupir”) – Fransız aktyoru Jerar Filip gənc yaşında, yaradıcılığının çiçəkləndiyi bir dövrdə vəfat etmişdir. Ann onun xərçəng xəstəliyinə tutulduğunu və bir necə gündən sonra öləcəyini bilirdi. Jerarın özü isə xəbərsiz idi, tezliklə sağalacağını güman edirdi. Ann Filipin kitabının üslubunu təyin etmək çətindir. Bu nə povestdir, nə xatirə, nə də lirik gündəlik. Bu ölmüş ərin xəyalına müraciətlə söylənən monoloqdur, son söhbətdir. Bu, sevən qadın qəlbinin naləsi, əsil məhəbbətin nə olduğunu bilən bir insanın könül çırpıntılarıdır.
Karandaşın izi ilə
Axı gəzmək ayağın birini o birindən irəli atmaq deyil. Gərək bir səmtin olsun.
***
Yarpağa nə var ki? Başqaları cücərəcək. Sən ölürsən, başqa bir insanın doğulduğu mənə təsəlli ola bilərmi?
***
Biz xoşbəxt idik və xoşbəxt olduğumuzu bilirdik. Bu, təmiz, mülayim bir sevinc gətirirdi. Sevinc isə belə bir əqidədən doğurdu ki, dünyada hər şey yaxşı olmalıdır.
***
Dünyanın axırı sənin ölümündür. Amma görürdüm ki, dünya sənsiz də mövcuddur, həyat davam edir.
***
Hərəkətsiz bədəndə fikir, səmanın sükutunu yara-yara yerə enən zədələnmiş təyyarəyə oxşayır.
***
Çox vaxt gecəyə, səmaya tamaşa eləyərkən öz sevincimi və qüssəmi daha aydın, daha dəqiq görürəm, dünyanın quruluşunu və bizim ordakı mövqeyimizi, tənhalığı, məhəbbətin kamilliyini daha yaxşı anlayıram.
***
Bəziləri mənə deyirlər ki, sevənlər bir-birini çox yaxından tanıyanda məhəbbət azalır, bitkiyə günəş lazım olan kimi məhəbbətə də pərdə lazımdır. Axı bu pərdə kimə gərəkmiş, ondan istifadə etmək acizliyi boynuna almaqdır. Onu yox etmək, aradan qaldırmaq lazımdır. İnsanla nə qədər səmimi, nə qədər yaxın olsan da, görəcəksən ki, aralıqda hələ pərdə varmış.
***
İnsanı dünyanın kamilliyinə inandıran da gözəl çağlardır.
***
Məhəbbət bulaqdır, həyatın bulağıdır, dünyanı firavanlaşdırır, insanı gözəlləşdirir; o həm möcüzədir, həm də məlum bir şey, itirilmiş cənnətin kəşfidir, bədənlə ruhun birliyidir, gücümüzün və zəifliyimizin təcəssümüdür, həyata bağlılıq və eyni zamanda ölümə biganəlikdir, heç kəsin kəşf etmədiyi və həmişə hərəkətdə olan bir gerçəklikdir, ələkeçməzdir, gərək hər gün onu yenidən fəth edəsən.
***
Başladığı işi yarımçıq qoymaq qorxaqlığın göstəricisidir.
***
Bir sən vardın, bir də mən, ikimiz idik. Amma bu “ikimiz”, əslində, sən və məndən ibarət deyildi, o təzə yaranırdı, bizi ötüb keçəcəkdi, bizi yaşadacaqdı.
***
Düzəndəki tənha ağac, səmada uçan bir cüt quş ən qaynar həyatdan canlı, ən yaşıl vadidən yaşıldır.
***
Elə bilirdim ki, “bədbəxtlik – xoşbəxtlik” məsələlərinin mənə dəxli yoxdur. Elə bu inamın özünün xoşbəxtlikdən doğduğundan xəbərsiz idim.
***
Vaxt nə deməkdir? Daha bir saat keçdiyini xatrıladan qüllə saatının zəngimi, ya bu bir saat ərzində baş verən hadisələrdimi?
***
Bu da bizim çarpayımız. Görəsən, burda öləcəkdinmi? Harda öləcəyinin nə fərqi vardı? Ən dəhşətlisi bu idi ki, sən öləcəkdin.
***
Tənhalıq həm görməməkdir, həm görülməmək.
***
Görəsən, adamın öz məsuliyyətini daşıması asandır, yoxsa başqasının?
***
Keçmiş zaman ölümün zamanıdır.
***
Axı xəyalı yox etmək üçün gərək onun əsli mövcud ola.
***
Əgər insan sükutdan və söhbətdən məhəbbətin, yaxud dostluğun yüksək təzahürü kimi istifadə edirsə, əgər onlar narazılıq, barışmaz ixtilaf əlaməti deyilsə, zahirən bir-birinə oxşamayan iki şəxsi daxilən tam oxşarlığa gətirirsə sükut da, söhbət də gözəldir.
***
Uşaqlarla edilən söhbətdən daha ciddi söhbət ola bilməz. Onlar ciddi suallar verir, vacib məsələlərlə maraqlanırlar. Hər şeyi əsaslı öyrənmək istəyirlər.
***
Varlılar deyirlər ki, var-dövlət xoşbəxtlik deyil, tənbəllər fikirləşirlər ki, nə etsən vaxt itirərsən, kobudlar deyirlər ki, mədəni olmaq insanlıq üçün şərt deyil, soyuqqanlı qadınlar neçə-neçə odlu məhəbbətdən sovuşduqlarına lovğalanır, zəiflər isə platonik ehtirası ən gözəl ehtiras sayırlar. Bu düşkünlüyə üstünlük verən, məharətlə hazırlanmış bir xəyanətdir. Lakin var-dövlətin xoşbəxtlik olmadığı, vaxtın itirilə bildiyi, savadlı adamın kobud ola biləcəyi və məhəbbətin yalnız fiziki ehtirasdan ibarət olmadığı da doğrudur.
***
Elə ki, yanımda sevməyi sərbəstliyin, bütövlüyün qənimi adlandırırlar, fikirləşirəm ki, görəsən, söhbət mənim tanıdığım sevgidən gedirmi?
Tərcümə: Hamlet Qoca