Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Peter Handke “Solaxay qadın”

Annotasiya

Solaxay qadın (almanca “Die Linkshandige Frau”) – Nobel mükafatı laureatı Peter Handkenin ən cansıxıcı povestlərindən biridir. Əsər qadının cəmiyyətdə öz yerini tapmasından və onun təhlükəli simasızlıqla mübarizəsindən bəhs edir.

Qış günlərinin birində nümunəvi həyat yoldaşı, ana və evdar qadın otuz yaşlı Marianna gözlənilmədən əri ilə ayrılmaq qərarına gəlir. Xarici rifah altında onların ailə idilliyası həzin illüziya, münasibətləri dözülməz birgə tənhalıqdır. Və indi bu sadəlövh, yöndəmsiz qadın hamının düz hesab etdiyi yoldan çıxmalı və nəhayət individuallıq əldə etməlidir.

Karandaşın izi ilə

Bir məqamı da qeyd edim: vaxtaşırı firmamızın inisialları təsvir olunan unitaza işəyirdim.

***

O, demək olar həmişə qəti fikirlər səsləndirirdi. Bu, onun əminliyindən irəli gəlmirdi. O sadəcə qorxurdu ki, əks təqdirdə, bütün danışılanlar boş söhbət təəssüratı yaradacaq.

***

Evdə güzgünün qarşısına keçib uzun müddət gözlərinə baxdı – özünü görmək üçün yox, sanki bu, sakitcə özü haqqında götür-qoy etmək üçün ən yaxşı fürsətmiş kimi.

***

Haqqımda nəsə bir şey deyə biləcəyinizə nə qədər çox əmin olsanız, mən bir o qədər sizdən azad olaram.

***

İndicə çörək şöbəsində bir hadisəyə şahid oldum. Yerli evdar qadına çörəyi kağıza büküb verdilər, növbədə ondan sonra dayanan yuqoslava isə elə belə, heç nəsiz… Adətən evin yanındakı dükana gedirəm, ordakı kahının yarısı əzik olsa da, ya da indiki kimi yarısı donmuş olsa da. Axı bu cür insan sevgisinə bir ay tab gətirmək olmur.

***

Zəhmət olmasa, sabah bizim yanımıza, dərnəyimizə gəl. Hamı səni görüb şad olacaq. İndi bizi bir fikir narahat edir, ağlımızla çox şeyi dərk etsək də, həyat yanımızdan axıb keçir. Bizə həyatın axınını bir anlıq da olsa dayandıra biləcək, qısacası, bir az qəribə adam lazımdır. Nə demək istədiyimi başa düşdün.

***

Mən hələ indi hiss etdim ki, tənhalığın hər bir dəqiqəsi bizdən heç vaxt geri qaytara bilməyəcəyimiz bir şey alır. Başa düşürsünüz, bu ölümdür. Belə xoşagəlməz söz üçün üzr istəyirəm. Ən azından mənə pis təsir edir.

***

Vaxtaşırı telefonunuzu narahat edəcəm, qoy, o, qışın oğlan çağında da zəng çalsın.

***

Bu vaxta kimi bütün kişilər məni zəif hesab edirdilər. Ərim mənim haqqımda “Mişel güclü insandır” deyir. Əslində isə o, sadəcə onu maraqlandırmayan işlə – uşaqlarla, ev təsərrüfatı və vergilərlə məşğul olmaqla özümü güclü hesab etməyimi istəyir. Lakin işləmək istədiyim sahədə mənə mane olur. O, “arvadım xəyalpərəstdir” deyir. Əgər xəyalpərəstlik özün kimi olmağı istəməkdirsə, onda mən xəyalpərəst olmaq istəyirəm.

***

– Bu gün Stefanla şəhərə getmişdik. O, məni başa düşmür: onun hündürmərtəbəli bank binalarından, yanacaqdoldurma məntəqələrindən, metro stansiyalarından xoşu gəlir.

– Bəlkə, həqiqətən elə bir yeni gözəllik var ki, biz hələ onu görə biləcək vəziyyətdə deyilik.

***

– Və heç kim sizə kömək etmir?

– Yox. Elə bir insan arzusundayam ki, məndə ondan asılı olmayan qadını sevsin.

– Bəs siz onda nəyi sevəcəksiniz?

– Bax, onun bu sevgisini.

***

O tüpürdü:

– Sən və sənin yeni həyatın! Mən hələ həyatını uzun müddətlik dəyişən qadına rast gəlməmişəm. Ötəri əyləncələr – və sonra yenidən köhnə hamam, köhnə tas.

***

– Məgər başqaları ilə birlikdə xoşbəxtliyi dadmaq istəmirsən?

– Yox. Mən xoşbəxt olmaq istəmirəm, olsa olsa, məmnun olmaq istəyirəm. Xoşbəxtlikdən qorxuram. Mənə elə gəlir ki, xoşbəxtliyə tab gətirə bilmərəm, başım dözməz. Dəli olaram, ya da ölərəm. Ya da kimisə öldürürəm.

***

Tərcümə etdiyim kitabda Bodlerdən bir sitat var: onun başa düşdüyü yeganə siyasi aksiya qiyamdır. Birdən ağlıma gəldi ki, mənim başa düşdüyüm yeganə siyasi aksiya çılğın ehtirasdır.

***

– Ata, sən razısan?

– Yox.

– Bəs təsəvvür edirsən ki, həyatı necə yaşamaq olardı?

– Ah, boşla bu söhbətləri.

***

O qədər yalnızam ki, yuxuya getməmişdən qabaq çox vaxt haqqında düşünməyə bir adam tapmıram – sadəcə ona görə ki, gün boyu heç kimlə ünsiyyətdə olmuram.

***

Tənhalıq ən dəhşətli, ən pis ağrının səbəbidir. Bu, mövcudluğunun şəffaflığından doğan ağrıdır. Və onda insanlıq simanı tamamilə itirmədiyini sübuta yetirəcək insanlar lazımdır.

***

Budur, yenə gün işığında bir-birimizi görmədik.

***

– Bundan sonra necə yaşayacağını götür-qoy edə bilmisən?

– Yox. Bir dəfə bir anlıq gələcək həyatımı aydın şəkildə gördüm və qəlbimin dərinliyinə kimi üşüdüm.

***

– Bu satıcı qadın öz körpəsi ilə! Sən öz uşağınla! Mən isə sabah yenidən məktəbə getməliyəm! Əslində uşaqlar məni qorxuya salırlar. Bəzən onların üzlərindən görürəm ki, məni öldürməyə hazırdılar – öz səsləri, hərəkətləri ilə. Gözlərin qaralıb, başın dəhşətli dərəcədə fırlanana kimi ayrı-ayrı hamısı qışqırır, ora-bura qaçırlar. Onların nə faydası var?

Marianna onunla razılaşırmışcasına başını aşağı saldı və bir az durduqdan sonra cavab verdi:

– Bəlkə, onların sayəsində tez-tez düşünməyə səbəbimiz olur.

***

Beləliklə, hamı birlikdə, hərə özünəməxsus şəkildə bu gündəlik həyatı davam etdirir. Bəziləri düşüncələrlə, bəziləri düşüncələrsiz; həyat sanki öz axarı ilə davam edir, axı hər şeyin təhlükədə olduğu həlledici dəqiqələrdə belə insan heç nə olmamış kimi yaşamağa davam edir.

Tərcümə: Lamiyə Göycəyeva

2 (40%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram