Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Elena Ferrante “Tənhalıq günləri”

Annotasiya

“Tənhalıq günləri” (italyanca “I giorni dell’abbandono“) – əri tərəfindən tərk edilən, iki uşağı və iti ilə tək qalan bir qadından bəhs edən psixoloji romandır. Baş qəhrəman Olqa ağır sınaqdan keçir, ağlını itirmək səviyyəsinə çatır, lakin uçurumun düz kənarında dayana bilir, yaşamağa və yenidən sevməyə özündə güc tapır.

Əsərin müəllifi Elena Ferrantenin kimliyi hələ də geniş auditoriyaya gizlidir. Yazıçı əsərlərinin kölgəsində qalmağa üstünlük verir.

Karandaşın izi ilə

Özümü həvəsləndirmək üçün yazdım: Mario bütün dünyanı özü ilə aparmayıb, o yalnız özünü aparıb. İndi otuz il əvvəlki kimi deyil. Bu günlə yaşamaq, bu gündən bərk-bərk yapışmaq, geri çəkilməmək, özünü itirməmək, möhkəm dayanmaq lazımdır! Qeybət edib, söyüş söyüb, monoloqlara qapılmaq olmaz. Nida işarələrini unutmaq lazımdır. O getdi, sən qaldın.

***

– Mən kimə şikayət edə bilərəm?

– Zəng edin.

– Bəs kiminsə üzünə tüpürmək istəyirəmsə?

***

Kişidən fərqli olaraq qadın kimisə küçənin düz ortasında, camaatın içində vurub öldürə bilər. Qadın qəzəbi oyuna, parodiyaya, kişinin pislik etmək qətiyyətinin zavallı surətinə oxşayır.

***

Həyatımızda hər şey təsadüfün nəticəsidir. Gənclik illərimdə Marioya aşiq oldum, amma həmin vaxt ən azı bir ləyaqətli xüsusiyyəti olan istənilən adamı sevə bilərdim. Biri ilə uzun müddət birlikdə yaşayanda sənə elə gəlir ki, təkcə bu adamla sənə yaxşıdır, bütün mövcud yaxşı xüsusiyyətləri ona aid edirsən. Əslində isə bu, sadəcə qamışdan hazırlanmış, səhv köklənən tütəkdir, onun əslində kim olduğunu bilmirsən, heç o özü də bilmir. Hər şey vəziyyətdən asılıdır.

***

Biz insanlar haqqında, hətta həyatımızı paylaşdığımız insanlar haqqında heç nə bilmirik.

***

Kosmetikasız üz nədir? Bəzənmək gizlənmək deməkdir, heç bir şey makiyaj kimi maskalamır.

***

Mən xarab olmuş saata çevrilmişdim, metal ürəyim hələ döyünürdü, ancaq səhv vaxtı göstərirdi.

***

– Əvvəl biz daha gözəl idik.

– Biz bir-birimizi sevəndə gözəlik.

***

Boş keçən günün durğunluğu amansız olur, axşamlar ilgək kimi boynunu sıxır.

***

– Otto öldü.

– Öldü?

– Onu zəhərlədilər.

– Kim?

– Sən.

– Mən?

– Bəli. Başa düşdüm ki, kobudsan. İnsanlar isə kobudluğa pisliklə cavab verirlər.

***

Marionun evdən getdiyi həmin axşam yenidən “Anna Karenina”nı – onun ölümlə görüşə getdiyi səhifələri oxuyurdum; sınmış qadınlardan bəhs edən yerləri də yenidən vərəqləmişdim. Oxuyur və özümü təhlükəsizlikdə hiss edirdim, daha onlara oxşamırdım – məni içinə çəkən bataqlıq yoxa çıxmışdı.

***

– Doğrudan daha məni sevmirsən?

– Doğrudan.

– Niyə? Ona görə ki, səni aldatmışam? Tərk etmişəm? Təhqir etmişəm?

– Yox. Əksinə, özümü aldanmış, təkr edilmiş və təhqir olunmuş hiss edəndə, səni çox sevirdim və birgə keçirdiyimiz illər ərzində heç vaxt olmadığı kimi səni istəyirdim. – Onda niyə? – Səni daha ona görə sevmirəm ki, sən özünə haqq qazandırmaq üçün boşluğa yıxıldığını, həyatının mənasını itirdiyini dedin – amma bu, belə deyildi.

– Belə idi.

– Yox. Həyatın mənasını itirmək və sonra yenidən həyata bağlanmağın nə demək olduğunu hələ indi başa düşürəm. Sənin isə bundan xəbərin belə yoxdur. Sən cəmi bir dəfə aşağıya baxmısan, qorxmusan və tez-tələsik Karlanın qucağında təskinlik axtarmağa başlamısan.

***

Fikirləşdim ki, həyat elə budur: sevincli həyəcan, kəskin ağrı, ehtiraslı həzz, dərinin altında çırpınan damarlar – bütün həqiqət budur və başqası yoxdur.

***

Minnətdarlıqla düşündüm ki, o, bu son aylar ərzində hiss etdirmədən ətrafımda etibar edə biləcəyim bir dünya yaradıb. İndi isə ən incə hərəkətini etdi. O, mənə göstərmək istəyirdi ki, daha qorxacaq bir şey yoxdur, istənilən hərəkətin bir izahı var – pis və ya yaxşı.

***

Daha bircə söz belə söyləmədən məni qucaqladı, özünə sıxdı. O, səssizcə özünün kiçik mistik istedadı sayəsində mənə bildirməyə çalışırdı ki, məişətə necə məna qatacağını və necə dolğunluq hissi yaradacağını bilir. Özümü elə apardım ki, guya ona inandım. Və biz uzun-uzun, bizə ayrılan ayları və günləri bir-birimizi sakitcə sevərək keçirdik.

 

Tərcümə: Lamiyə Göycəyeva

3 (60%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram