Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Tove Ditlevsen “Kopenhagen trilogiyası”

Annotasiya

“Kopenhagen trilogiyası” Danimarka yazıçısı və şairi Tove Ditlevsenin memuarlar toplusudur. Trilogiya üç kitabdan ibarətdir: “Uşaqlıq” (danimarkaca “Barndom“), “Gənclik” (danimarkaca “Ungdom“) və “Asılılıq” (danimarkaca “Gift”). Skandinaviya ədəbiyyatının önəmli fiqurlarından biri olan Ditlevsen bu əsərlərində həyatının üç dövrünü təsvir edir.

Karandaşın izi ilə

“Uşaqlıq”

Anam həmin vaxt mən yanında olsam belə yalnız idi.

***

Atam əclaf və əyyaşın yekəsi idi, ancaq ən azından sosialist deyildi.

***

Edvin yaraşıqlıdır, mən çirkin. Edvin ağıllıdır, mən axmaq. Bunlar yazılmamış həqiqətlərdir, eynilə küçənin axırındakı şirniyyat dükanının divarına oyulmuş ağ hərflər kimi.

***

Altı yaşımın tamam olmasına az qalıb və oxuyub-yaza bildiyim üçün məni tezliklə məktəbə yazdıracaqlar. Anam ona qulaq asmaq istəyən hər kəsə fəxrlə danışır: “Kasıb uşaqların arasında da başı işləyən var”. Bəlkə heç nəyə baxmayaraq o, məni sevir?

***

Nə edirəmsə, onu razı salmaq, üzünü güldürmək, hirsini azaltmaq üçün edirəm. Çox yorucu bir işdir, çünki eyni zamanda bir çox şeyi ondan gizlətməli oluram.

***

Edvin deyir ki, məktəbdə məni tez-tez kötəkləyəcəklər, çünki qəribə insanam. Ona görə qəribəyəm ki, atam kimi kitab oxuyuram və necə oyun oynamaq lazım gəldiyini bilmirəm.

***

O, başqa qadınlarla müqayisədə bəstəboydur, o biri analardan daha cavandır və ayağını küçədən kənara atan kimi üzləşdiyi dünya onu qorxudur. Və bu dünyadan ikimiz eyni vaxtda qorxduqda mənə xəyanət etməyə hazırdır.

***

Həqiqət heç vaxt işıldamır.

***

Hər uşağın öz uşaqlığı olduğu kimi hər insanın da öz həqiqəti olduğunu bilirəm.

***

Atam allaha inanmağımı istəmir, çünki kapitalistlər allahı həmişə kasıblara qarşı istifadə ediblər.

***

Beş yaşım tamam olanda Qrimm qardaşlarının nağıllarını mənə hədiyyə etməsəydi, uşaqlığım boz, kədərli və cəhalət içində keçəcəkdi.

***

Bir dəfə atamdan “ağı”nın nə olduğunu soruşdum. Həmin sözə Qorkidə rast gəlmişdim və çox xoşuma gəlmişdi. Atam uzun-uzun fikirləşdikdən sonra bığlarının yuxarı qalxan uclarını sığalladı. Bu, rus sözüdür, o dedi. Kədər, tənhalıq, səfalət deməkdir. Qorki böyük şair olub. Özümdənrazı halda cavab verdim ki, mən də şair olmaq istəyirəm! Atam dərhal qaşlarını çatıb qəzəblə dedi: özünü çox qapdırma, qızdan şair olmaz! Təhqirə məruz qalmış və kədərli bir halda özümə qapandım, anamla Edvin isə mənim dəli şıltaqlığıma güldülər. Özümə söz verdim ki, bir də heç vaxt arzularımı başqaları ilə bölüşməyəcəyəm və bütün uşaqlığım boyu bu vədimə əməl etdim.

***

Bir gün içimdən keçən bütün sözləri kağıza köçürəcəyəm. Bir gün insanlar onları kitabda oxuyacaq və qızın da şair ola biləcəyinə təəccüblənəcəklər.

***

Uşaqlıq tabut kimi uzun və darısqaldır, başqasının köməyi olmadan onun içindən çıxmaq mümkün deyil. Həmişə göz qabağındadır, Gözəlçə Lüdviqin dovşan dodaqları kimi.

***

Uşaqlıq qaranlıq zirzəmiyə atılan, hamı tərəfindən unudulan, daim inildəyən kiçik heyvandır. Şaxtalı havada ağzından çıxan nəfəs kimidir, bəzən çox zəifdir, bəzən çox güclü. Uşaqlıq heç vaxt əyninə tam oturmur. Onu yalnız ölü dəri kimi üstündən atdığın gün sakitcə gözdən keçirə, haqqında keçmişdə qalan xəstəlik kimi danışa bilərsən. Böyüklərin çoxu hesab edir ki, xoşbəxt uşaqlıqları olub. Dediklərinə özləri inansalar da, mən buna inanmıram. Məncə, sadəcə həmin dövrü unuda biliblər.

***

Kitabxanadan poeziya toplularını evə daşımağım atamın xoşuna gəlmir. Boş məşğuliyyətdir, həqarətlə deyir, şeirlərin reallıqla heç bir əlaqəsi yoxdur. Məni heç vaxt reallıq maraqlandırmayıb, heç vaxt şeirlərimdə ondan yazmamışam.

***

Atam cildi iki barmağı ilə yuxarı qaldırır və nifrətini gizlətmədən deyir: “Onun kitablarını oxumamalısan. O normal adam deyil!”. Bilirəm: normal olmamaq dəhşətdir, çünki özüm də normal görünmək üçün xeyli səy göstərirəm.

***

Bilirəm ki, həqiqəti ortalığa çıxarmaq üçün bəzən yalan danışmaq lazım gəlir.

***

Onsuz da şeir yazmaq mənə bəs edirdi, indiyə qədər onları xor görən, ya da gülünc hesab edən dünyaya göstərmək üçün heç tələsmirdim.

***

Gələcək tezliklə üstümə yıxılıb məni əzəcək böyük, nəhəng bir sütundur. Parça-parça edilmiş uşaqlığım ətrafımda fırlanır, bir dəliyi qapayan kimi yenisi açılır. Bu da məni həssas və əsəbi edir.

***

Bir vaxtlar həyatımın ən vacib sualı anamın məni sevib-sevməməsi idi. Daim bu sevginin həsrəti ilə alışıb-yanan, həmişə bu sevginin işarəsini axtaran həmin uşaq daha yoxdur. İndi anamın məni sevdiyinə inansam da, bu, məni xoşbəxt etmir.

***

Uşaqlığımın son parçaları günəş yanığı kimi pul-pul üstümdən tökülür və altından yöndəmsiz, imkansız bir yetişkin adam boylanır.

 

“Gənclik”

Bir gün axşam vaxtı ondan niyə heç vaxt evlənmədiyini soruşdum, o da cavabında dedi ki, birisi haqqında hər şeyi bilmək lazım deyil, bunu qulağında sırğa elə, əks halda, marağı itir.

***

Həyat gülməlidir, bunu ancaq onu itirməyə başladığın an dərk edirsən.

***

Fikrən cənab Kroqun dediklərinə qayıdıram: insanlar həmişə bir-birlərini nəyəsə görə istifadə edirlər. Sevinirəm ki, Ninanın məndən istifadə etməyə nəyisə var.

***

Ancaq çox istərdim ki, əsl şeirlər yazmaqla məşğul ola biləcəyim yerim olsun. Dörd divarı olan, qapısını bağlaya biləcəyim bir otaq. İçində yatağı, stol-stulu, çap maşını və ya karandaşla bloknotu olan bir otaq – başqa heç nə. Hə bir də, kilidləyə biləcəyim qapısı.

***

Bu və ya başqa yolla hisslərini bildirən insanları müşahidə etməkdən xoşum gəlir. Uşaqlarını oxşayan analara baxmağı xoşlayıram; əl-ələ gəzişən, bir-birinə aşiq gözlərlə baxan cütlüyü izləmək üçün yolumu uzatmaqdan çəkinmirəm. Bu, mənə həzin xoşbəxtlik və gələcəklə bağlı mübhəm ümid duyğusu verir.

***

Ölüm bir vaxtlar zənn etdiyim kimi incəliklə yuxuya dalmaq deyil. Ölüm amansız, iyrənc və üfunətlidir.

***

Səsini heç eşitmədim,

Solğun dodaqlarındakı gülüşü heç görmədim.

Ancaq heç vaxt

Kiçicik ayaqlarının təpiklərini unutmayacağam.

 

O, uzun müddət diqqətlə sətirlərə baxır və şeirin mövzusunun nə olduğunu soruşur. “Bir uşaq”, – deyə cavab verirəm, – “ölü doğulmuş bir uşaq”.

***

Gənclərin gələcəyini heç vaxt təxmin etmək olmur: bəzilərinə ümid bəsləyirsən, onlardan heç nə çıxmır, digərlərinə inanmırsan, bacarıqlı çıxırlar.

***

İtləri də müşahidə edirəm – itləri və sahiblərini. Bəziləri itləri qısa xaltada gəzdirir, onlar dayanan kimi hövsələsiz şəkildə xaltanı çəkişdirməyə başlayırlar. Başqalarının xaltası uzundur, itlər dadlı qoxuya görə dayananda sahibləri sakitcə onları gözləyirlər. Özümə məhz belə sahib istəyirəm. Bu cür həyatım olsaydı, inkişaf edərdim. Yiyəsiz itlər də var, onlar pərişan halda ayaq altında veyllənirlər, adama elə gəlir ki, azadlıqdan zövq almırlar. Mən də bu cür yiyəsiz itlərə oxşayıram – baxımsız, sərsəm və tənha.

***

Sağollaşanda dodaqlarımdan öpür və ilıq yay gecəsindən keçərkən onun bütün sözlərini, hərəkətlərini xatırlayıram. Artıq yalnız deyiləm.

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 2 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram