Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Qrem Simsion “Rozi effekti”

Annotasiya

“Rozi effekti” (ingiliscə “The Rosie Effect“) – avstraliyalı yazıçı Qrem Simsionun “Don Tillman” seriyasının ikinci kitabıdır.

Alim genetik Don Tillman sevgilisi Rozi ilə ailə həyatı qurub Nyu Yorka köçür. On aydan sonra Rozi hamilə olduğunu elan edir. Don indi sual qarşısındadır: sosial bacarıqsızlığı ona yaxşı ata olmağa mane olacaqmı?

Karandaşın izi ilə

Bizim mənzildə iki nəfər eyni vaxtda doqquz fərqli kombinasiyada ola bilər və doqquz kombinasiyanın altısında həmin iki nəfər müxtəlif otaqlara düşür.

***

– Necə olur ki, bir işdə bu qədər nizamlı olub, başqa işlərdə tamamilə səhlənkar ola bilirsən?
– Ona görə ki, bütün diqqətimi dissertasiya işimə yönəltmişəm, yerdə qalan şeylər vecimə deyil. Axı heç kimə maraqlı deyil, Freyd içdiyi südün istifadə müddətini oxuyurmuş ya yox.
– İyirminci əsrin əvvəlində məhsulların üzərində istehsal müddəti qeyd olunmurdu.

***

İnsan münasibətləri dəryasında mən bir ada idim. Daxili məntiqim başqa insanlarla əlaqə qurmaq qabiliyyətimdən qat-qat güclü idi. Mənim kimi insanlar olmasaydı, bəşəriyyət penisilinsiz və kompütersiz qalardı.

***

– Mənə elə gəlirdi ki, övlad sahibi olacağımıza görə sevinirdin.
Sevinirdim, eynilə təyyarənin göyərtəsində kapitanın hər iki mühərrik sıradan çıxdıqdan sonra bir mühərriki işə sala bilməsi ilə bağlı elanı eşitmiş kimi sevinirdim.

***

Şükürlər olsun, dayımın xəstəliyi, deyəsən, zəifləyib.
Dayım vəziyyətinin yaxşılaşmasına görə minnətdarlığını onkoloji xəstəliyin inkişafına laqeydliklə yanaşan ilahi qüvvələrə deyil, tibb elminə bildirməlidir.

***

İnsanlar sürprizləri sevir. Yeni il, ad günləri və başqa yubileyləri qeyd etmək ənənəsi də buradan gəlir. Təcrübəm göstərir ki, bu cür tədbirlərdə əsasən hədiyyə verən tərəf sevinir. Qurban isə daha çox lazımsız bir əşya əldə etdiyi üçün yalandan sevinməli olur.

***

– İcazə ver, onunla mən danışım, – dedi.
Bu söhbət əsnasında Deyvin səsi tamam fərqli gəlirdi. Onun tonunu təsvir etmək çətindir, sanki “Xaç atası” filmində baş rola Marlon Brandonu deyil, Vudi Alleni seçiblər.

***

– İnsanları boşanmadan üç ay əvvəl və üç ay sonra etdiklərinə görə qınamaq olmaz.
– Əksinə, məhz həmin müddət ərzində etdiklərinə görə onlar haqqında fikir formalaşdırmaq olar.

***

Bundan başqa, müxtəlif vaxtlarda şizofrenik kimi qeyd edilmişəm, məndə bipolyar və obsessiv-kompulsiv pozuntu aşkarlanıb, həmçinin davranışımın Əkizlər bürcünə xas davranış olduğu bildirilib.

***

– Bunu sənə almışam.
– Çox sağ ol, amma mən pizza istəyirəm.
– Bu, daha sağlam qidadır. O, immun sisteminin düzgün işləməsi üçün vacib olan beta-karotinlə zəngindir.
– Ola bilər, amma mən pizza istəyirəm.
Mənə pizza seçməyimi söyləyən instinktimə etibar etməliyəm, yoxsa tofu tövsiyə edən vebsayta? Bir genetik olaraq mən öz instinktlərimə güvənirəm, lakin bir alim kimi tədqiqat məlumatlarına etibar edirəm. Bir ər kimi bilirəm ki, ən yaxşısı mübahisə etməməkdir. Tofunu yığışdırıb, soyuducuya qoyuram.

***

– Cin son dərəcə təhlükəlidir. Onunla sosial əlaqəyə girmək olmaz.
– Mənə təhlükəli gəlmədi. Əksinə, çox xoş insandır.
– Elə məsələ də bundadır. Mahiyyətini o saat bildirsəydi, daha az təhlükəli olardı.

***

– Sosial işçi ilə rotveyler arasındakı fərq nədir?
– Rotveyler uşağı sənə qaytarır.

***

Ənənələr bəhanə rolunu oynayırdı.

***

Sən məni üzməyə məcbur eləməsən, mən də səni üzməyə məcbur etməyəcəyəm. Deyəsən, biz indicə normal münasibətlərin əsas qanunu kəşf etdik.

***

Davamında qədəhimi qaldırıb, ağlıma gələn ilk sözləri dedim:
– Dünyanın ən mükəmməl qadınının sağlığına.
Bəxtim gətirdi ki, atam yanımızda deyildi. “Mükəmməl” sifəti “unikal” və ya “hamilə” kimi üstünlük dərəcəsində istifadə oluna bilməz. Rozini elə çox sevirdim ki, instinktiv olaraq qrammatik səhvə yol vermişdim.

***

– Gen taleyimizdir. Uşaqlar, siz öz DNT-nizi bölüşməklə ən böyük töhfənizi vermiş oldunuz.
– Bütün kitablarda yazılıb ki, genlər yalnız başlanğıcdır, valideyn təsiri böyük rol oynayır.
– Başqa nə yazılsın axı? Əks halda heç kim uşaq tərbiyəsi ilə bağlı kitabları almazdı.

***

Müəyyən davranış şablonu istər genetik, istərsə də mədəni səbəblərə görə cinsi cəhətdən cəlbedici olur və bu şablona riayət edən insanlar daha aktiv çoxalırlar. İtalyan kişiləri emosional qadınları sevirlər. Nəticədə emosionallıq geni qalib gəlir.

***

– Onun da atası ilə problemi olub.
– Həmin problemi artıq həll etmişik.
– Don, uşaqlıqda yaranan problemlər heç vaxt həll olunmur. Əks halda, psixoterapevtlər acından ölərdi.

***

Yeni dostum Corc da daxil olmaqla, dostlarımın 42,8%-dən yaşadığım böhranla bağlı məsləhətlər aldım. Əlqərəz, bu məsləhətlər iki fikrə gəlib çıxırdı: “Problem mövcuddur” və “Təslim olma”.

***

– Cinlə bağlı haqlı idiniz. Gərək sizə qulaq asardım.
– O, sizi yoldan çıxarmağa çalışdı?
– Daha pisi. O, mənə sevdiyini söylədi.

***

– Siz mənə inanmırsınız.
– Biz Amerikadayıq.

***

Mühərrikləri sıradan çıxmış bir təyyarəni Hudzona endirə bilən pilotun öz həyat yoldaşını həmin reysin təşvişə düşən sərnişinindən daha az sevdiyini düşünmək gülünclükdür.

***

Praktik təcrübə nəzəriyyədən daha vacibdir. Tanıdığımız bütün psixoloqlar ailə həyatında uğursuz olublar.

***

Paradoksal səslənir, amma xoşbəxtlik mənim üçün bir sınaq oldu. Və belə bir qənaətə gəldim ki, mənim üçün bütün çatışmazlıqlarla birlikdə özüm olmaq ən çox ehtiyac duyduğum şeyə sahib olmaqdan daha vacibdir.

***

Onu da xatırladım ki, sonoqrammadakı uşaq şəklinin mənə verdiyi həzz “Marqarita” kokteylindən, hətta iki “Marqarita”dan aldığım həzz ilə müqayisə oluna bilərdi.

Tərcümə: Lamiyə Göycəyeva

2.7 (54.29%) 7 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram