Annotasiya
“Tənha” (isveç dilində “Ensam“) – yazıçı Avqust Strindberqin mənəvi axtarışlarının nəticəsidir. Müəllifin özü bu əsəri avtobioqrafik romanları sırasına aid edir.
Əsərdə müəllifin həyatının bir dövrü əks olunub. O, təsvir etdiyi bu dövrdə ruhi-mənəvi böhrandan xilas olur, onu zəncirləyən problemlərdən uzaqda dayana bilir. Tənhalıq burada zahiri təcrid kimi deyil, əksinə, varlığın mənası ilə bağlı axtarışların aləti kimi başa düşülür.
Karandaşın izi ilə
…daha pisi – gənclər özlərinin, əslində, köhnə olan yeniliklərini elə təqdim edirlər ki, guya daha əvvəl kimsə bu barədə heç eşitməyib.
***
…çox uzun müddət idi ki, görüşmürdük və buna görə də söhbətimiz alınmırdı.
***
Axı keçmiş yalnız indinin üzərində dayanan özüldür – bu özül artıq çürüyürdü: bünövrə öz gücünü itirmiş və kiflənmişdi.
***
Heç nəyinin olmaması, heç nəyi arzulamamaq taleyin amansız zərbələrinə qarşı möhkəm olmaq deməkdir. Bununla belə, pulunun olması və bunun sayəsində istədiyin hər şeyi əldə edəcəyini biləcəyini anlamaq – bax budur xoşbəxtlik, çünki onun arxasında müstəqillik – azadlığın daha bir şərti dayanır.
***
Üst-üstə yığılmış xatirələrin ətrini yayan çoxlu xırda əşyalar vardı.
***
Xoş arzuların ziyanı olmur, hərçənd xeyri də olmaya bilər.
***
Bütün allahsızlar kimi, dostum əlamətlərə inanırdı.
***
Axı yazıçının, ən azı, küçə söhbətinə qulaq verməyə haqqı var!
***
Bəlkə, elə belə lazımdır ki, yad adamın faciəsi səni təsirləndirsin və hər dəfə tənhalıq içərisində ondan gizlənmək istəyəndə səni mütləq yaxalasın?
***
Bax son nəticədə tənhalıq budur: qəlbinin ipək baramasına bürünmək, müqəvvəya dönmək və heç cür başlamaq bilməyən çevrilməni gözləmək.
***
Tənhalıqda özün-özünə ağasan. Heç kəs sənin fikirlərinə nəzarət etmir, deməli, başqalarının zövqü və istəkləri də daha sənə təzyiq göstərmir. Yenidən qazanılmış bu azadlıqda qəlb çiçək kimi açır, onun içərisi bundan sonra dinc, sakit, sevinc, əminlik və özünə tam cavabdehlik hissiylə dolur.
***
Daim eybəcərliyi müşahidə etməyə məcbur olmaq gözəllik hissiyatı verilmiş insan üçün işgəncədir.
***
Tənhalığın təhrik etdiyi ilk şey özünü və keşmişini çözməkdir. Bu, durmadan özünlə döyüşdə keçən uzun iş, böyük elmdir.
***
İllərlə mənzərələr solğunlaşır, rənglər dəyişir, özü də bu dəyişiklik heç də yaxşı tərəfə baş vermir – xüsusən ağ rəng çox zaman çirkli-sarı çalar alır. “Oxucuların” iddiasına görə, belə də olmalıdır ki, tezliklə – keçmişi rədd etməli olduğumuz böyük ayrılıq zamanı biz heç nəyə təəssüflənmədən sakitcə yolumuza davam edə bilək.
***
Arzulama, insanlardan, həyatdan heç nə tələb etmə və həmişə sevinəcəksən ki, arzulaya biləcəyindən daha çox şey qazanmısan; üstəlik, sən özün də təcrübədən bilirsən: həsrətində olduğumuzu əldə edəndə biz arzusunda olduğumuz bəxşişdən daha çox arzumuzun yerinə yetməsinə sevinirik.
***
Mən bu yaza heç bir xüsusi ümid bağlamadan onu təbii mövcudluq kimi qarşıladım. Nə etməli, indi həyətdə yazdır, ola bilsin, tezliklə yenə payıza doğru gedəcək!
***
Dəniz sahilindəki qarağacların altında çoxlu skamyalar var və onlardan birində mənim yaxasıaçıq plaş geyinən naməlum tanışım – sarı üzü olan həmin adam oturub qəzet oxuyur. Bu gün elə təkcə bu qəzetin adından görürəm ki, onunla düşmənik.
***
Axı biz hamımız övladımıza yalnız yaxşı tərəfdən görünməyə çalışırıq, sonra isə tez təsir altına düşən uşaq simasında özümüzdə olan ən alicənab məziyyətlərin izini tapırıq və bu səbəbdən də uşağı bir növ özümüzün təkmilləşdirilmiş nüsxəmiz kimi sevirik.
***
Yalnız nadir tanışlarımda xarakterin ilkin keyfiyyətləri qol-budaq alaraq birində məziyyətə, o birində qüsura çevrilib. Bir dostumu xatırlayıram, qətiyyəti tərsliyə, səliqəliliyi pedantizmə, qənaətkarlığı xəsisliyə, insanlara sevgisi insan olmayanlara nifrətə çevrildi. Amma bir başqa dostumu da xatırlayıram, onun riyakarlığı möminlik, kini səbir, tərsliyi isə qətiyyətlə əvəzlənmişdi.
***
Tənhalığımı mən özüm seçməmişəm, onu mənə sırıyıblar və indi mən ona zorakı əsarət qədər nifrət edirdim.
***
Az qalırdı bu şaxtada günəş donsun Gecələr də günörtadan başlayırdı.
***
Yeni gün də əskisitək astacana can tapşıran heyvan kimi ölməkdədir.
***
Onda hər şey sadədir: kompozisiya görmürsən, üslub müşahidə eləmirsən. O, sözlərin nazını çəkmir, yeri gəlmişkən, “poeziyanın” atributlarını təşkil edən lazımsız obrazlarla lovğalanmır, əvəzində Balzak elə bir nöqsansız forma hissinə malikdir ki, məzmun həmişə onda sözlərlə son dərəcə aydın ifadə olunur. O, hər cür söz oyununa nifrət edir və daha çox öz hekayəsini cəmiyyət içərisində hündürdən danışan insana bənzəyir: gah hansısa əhvalatı nəql edir, gah öz qəhrəmanlarının adından danışır, gah süjetin gedişini anlatmağa, izah etməyə çalışır. Bununla belə, onun üçün tarix öz müasiridir; ən kiçik personaj belə, öz dövrünün işığında mənşəyinin, bu və ya digər rejimdə inkişafının təsviriylə göstərilir, bu, görmə bucağını genişləndirir və hər qəhrəmanın arxasında zəruri fon yaradır.
***
Göteni oxumağı sevirəm: o, dünyada hər şeyə rahat yanaşması ilə məni məftun edir. Sanki həyata ciddi baxmağa qadir deyil, elə bil o, gerçək mövcudluqdan məhrumdur və ya sadəcə bizim peşmanlığımıza və göz yaşlarımıza layiq deyil.
***
Tənhalıq təbiətin zahiri ölümü ilə həmahəngdir, amma bəzən ona dözməyə gücüm çatmır. Adamlar üçün darıxıram, yalqızlığımda o qədər həssas olmuşam ki, sanki ürəyim tamamilə dərisiz qalıb və öz fikir və duyğularımın sahibi olmaq vərdişimdən o qədər ərköyünləşmişəm ki, başqa adamla təmasa zorla qatlanıram; bu azmış kimi, yaxınlaşan hər kəs sanki mənim şəxsi ovqatıma müdaxilə edirmiş kimi, öz ruh halıyla məni sıxır.
***
Mən başqasının iyirmi kronunu götürüb qaytarmamışam. Şef məni bağışladı və məsələ unuduldu. Amma sonra başqa qəzetə din azadlığı əleyhinə məqalə verdim. Axı mən qəzetçiyəm və o zaman şef məsələni üzə çıxardı və məni həbs elədilər.
***
Xüsusi ovqata malik küçələr var.
***
Elə o zaman sanki çox sadə görünən, əslində isə, özündə hər cür, hətta ən qayğısız adama belə, mütləq öz xüsusi, sirli təsirini göstərən ölüm kimi gündəlik təzahür üzərində düşündüm.
***
Beləcə, oturmuşdum və mənim üçün hər şey artıq geridə qalmışdı – hər şey, hər şey, hər şey! Mübarizə, qələbə və məğlubiyyət! Həyatın bütün acısı və şirini. Nə olsun? Nə dəyişir? Məgər mən yorulmuşam, qocalmışam? Yox, mən əvvəllər olduğundan daha sərt mübarizə içərisində yaşayıram; mübarizənin dəlilləri daha nəhəng, əhatə dairəsi daha genişdir – irəli, həmişə irəli və yalnız irəli! – amma əgər əvvəllər düşmən məni yalnız irəlidə gözləyirdisə, indi o, hər yerdədir: öndə, arxada, kürəyimin arxasında. Mübarizəni davam etdirmək üçün özümə istirahət vermişəm və indi bu otaqda divanda oturarkən özümü otuz il əvvəlki kimi cavan və mübarizəyə hazır hiss etdim, amma indi mənim məqsədim fərqli idi, çünki bütün köhnə hədəflər artıq geridə qalmışdı. Yoldaca dayanıb qalan yoldaşlarım, əlbəttə ki, məni saxlamağa çalışırdılar, amma mən gözləyə bilmədim və buna görə də səhraları görmək, yeni yol və cığırlar açmaq üçün təkbaşına davam elədim, hərçənd bəzən ilğıma aldanıb geri dönməyə vadar olurdum, amma hər dəfə yolayrıcında dayanıb, yenidən dərhal irəliyə doğru yön alırdım.
***
Bəzən onlar uşağı unudub, bir-birilərinə təsvirəgəlməz xoşbəxtlik ifadəsi ilə baxırdılar, bu ifadə bir-birini yeni tapmış tənha adamlarda olur, onlar dərk edirlər ki, bundan sonra tənhalıqla mübarizədə artıq iki nəfərdirlər. Amma hərçənd indi onlar çətin bu barədə düşünəydilər, yəqin onlar heç nə – gələcək, ya keçmiş barədə fikirləşmirdilər, sevimli adamın mövcudluğuna və yaxınlığına sevinərək yalnız indi ilə yaşayırdılar. “Bir masa ətrafında oturub həyat uzandıqca bir-birinə baxmaq…”
***
Başqasının xoşbəxtliyinə həsəd, qüssə və ya uydurma qorxu kölgəsi olmadan baxa bilmək – bu zirvəyə çatdığım üçün məmnun halda gənclik əzablarımın mənzilini tərk edib evimə – öz tənhalığıma, öz işimə, öz mübarizəmə qayıtdım.
Tərcümə: Rəbiqə Nazimqızı