Annotasiya
“Analar günü” (ingiliscə “Mothering Sunday“) ingilis yazıçısı Qrehem Sviftin 2016-cı ildə çapdan çıxan və növbəti il Hotornden mükafatına layiq görülən romanıdır.
Əsər 2021-ci ildə baş rollarında Odessa Yanq, Qlenda Cekson, Olivia Kolman və Kolin Förtün olduğu eyniadlı filmə adaptasiya edilib.
Kitabdakı əsas hadisələr 1924-cü il martın 30-da baş verir. Gənc qulluqçu Ceyn Feyrçald Analar Günü münasibətilə verilən istirahət gününü sevgilisi, qonşu malikanənin gənc sahibi Pol Şerringem ilə qeyd edir. Bu, onların sonuncu görüşü ola bilər, çünki Şerringem bir neçə həftədən sonra ailə dostlarının imkanlı qızı ilə evlənməyə hazırlaşır. Ancaq həmin gün tale fərqli yol cızır, Şerringem vəfat edir, Ceyn Feyrçald isə dövrünün ən məşhur yazıçısına çevrilir. Və bütün ömrü boyu bir yazıçı kimi həmin məlum müəmmanı araşdırmağa çalışır: niyə reallıq hər kəsin düşüncəsində fərqli əks olunur?
Karandaşın izi ilə
Buna “relaksasiya” deyirlər. Yeri gəlmişkən, belə sözlər qulluqçuların leksikonuna tez-tez düşmürdü. Ancaq onun söz ehtiyatı qulluqçuların heç vaxt istifadə etmədiyi bu cür sözlərlə dolu idi. Eynilə “leksikon” sözü də.
***
Analar günü istirahət verilmiş bir qulluqçu kimi vaxtını necə idarə edə bilərdi axı? Nə anası var idi, nə də gedə biləcəyi evi?
***
İnsan həyatı əslində onun topladığı əşyaların məcmusudur.
***
Ona elə gəlirdi ki, kitabxanaların əsas təyinatı kitabların özləri deyil, qapılarında “Xahiş edirəm, narahat etməyin” yazısının asıldığı, kişi məbədinin hər kəs tərəfindən hörmət edilən ab-havasını qorumaqdır.
***
– “Dəfinələr adası”? Ceyn, “Dəfinələr adası”nı oxumaq sənin nəyinə lazımdır? Bütün bu kitablar oğlanlar üçündür.
***
“Ceyn, doğrudan bu cür mənasız şeyləri oxuyursan? Doğrudan bu axmaq macəra romanları sənə maraqlı gəlir?”
Və onun sözləri dərhal hər şeyi öz yerinə oturtdu, ona xatırlatdı ki, onların münasibəti sırf fiziki, belə deyək, fizioloji xarakter daşıyır, bu münasibətlər müvəqqətidir, deməli, kitablar haqqında darıxdırıcı söhbətlər bura daxil deyil.
***
Məsələ orasındadır ki, həyat özlüyündə macəra ola bilər.
***
Yaşamağın başqa yolu varmı? Və bir şeyin macəra olması üçün onun piratlarla, təhlükədən qaçışla və xilasla əlaqəli olması mütləq deyil. Macəra, məsələn, daimi zehni gərginlik də ola bilər. Fərziyyələr də. Təxəyyül də. Təsəvvür də. Yazıçılar vaxtlarını tam olaraq nəyə sərf edirlər? Axı yazıçılar dünyanın macəradan ən uzaq olan insanlarıdır? Səhərdən axşamadək yazı masasının arxasında əyləşib, xəyallarında nə isə canlandırırlar.
***
Necə olur ki, həyat eyni insana eyni anda bu qədər qəddar və bu qədər səxavətli ola bilər?
***
Özü özünün anası kimi hiss edən Ceyn heç vaxt o velosipeddəki qızı unutmayacaqdı, ancaq heç vaxt onun haqqında bir kəlmə, yarım kəlmə belə heç kimə danışmayacaq. Velosipeddəki qız? Əşi yox, qadın, axı onun artıq iyirmi iki yaşı var idi.
***
Belə hesab edilir ki, qulluqçular yaşamırlar, alnına həqiqətən yaşamaq yazılan şəxslərə qulluq edirlər.
***
Yəni yetim qulluqçu qız yarı savadlı çıxdı! Bu da azmış kimi, günlərin bir günü gözlənilməz bir şey də üzə çıxdı: o, kitab oxumaq istədiyini dedi. Kitab!
***
Məgər ad gününüzü “səhv” gündə qeyd etməyiniz nə isə əhəmiyyət kəsb edir? Əslində mayın biri deyil, aprelin iyirmi beşi doğulmusunuz, lakin bunu heç vaxt bilməmisiniz. Və səhv gün sizin üçün doğru günə çevrilib? Həyatın böyük həqiqəti bunda idi – çünki real faktlar və təxəyyül hər zaman bir-birinə qarışıb, bir-birinə təsir edib və bir-birini əvəzləyib.
***
Əvvəldən göyə yer desəydilər, nə fərqi olardı? Ya da ağaca nərgiz? Məgər bu, nəsnələrin mövcud təbiətinə, ya da onların böyük sirrinə təsir edə bilərdi?
***
Həqiqətənmi bu dünyadakı hər şey sadəcə kiminsə böyük uydurmasıdır? Gözəgörünməz dəri kimi bütün dünyanı saran sözlər ona mövcudluq görünüşü bəxş etdi. Ancaq dəqiq demək olmaz ki, dünyanın əlindən sözlər alınsa, ya da onlar məhv edilsə, dünya da dərhal yox olacaq, ya da daha real görünməyəcək. Ən yaxşı halda, nəsnələr onlara müəyyənlik verən sözlərə, sözlər də mövcud olan hər şeyə xeyir-dua verə bilər.
***
Yazıçılığın məqsədi də həyatı bütün təzahürləri ilə qəbul edib təsvir etmək deyilmi? Həyatın mənası isə həm real, həm uydurma olan bütün faktları qeyd-şərtsiz qəbul etməkdir.
***
Günün yerdə qalan hissəsini nəyə sərf etsin? Günün bir hissəsini artıq ona vermişdi, lakin bu kiçik hissə əbədi davam edə bilməz. Yoxsa bilər? Xeyr, kiçicik bir epizodu bir ömür boyu uzatmaq olmaz.
***
1924-cü il Analar Gününün axşamına doğru məlum səbəblərdən nə yata, nə də rahatlıq tapa bilməyən Ceyn yenidən Cozef Konradın “Gənclik” kitabını oxumağa başladı. Əlindən başqa nə gəlirdi ki? Ağlamaq? Dar yatağında bütün gecə göz yaşı tökmək? Axı insanlar həm özlərindən, həm də həyatlarından xilas olmaq üçün kitab oxuyurlar, düzdür?
***
Bəzən elə olurdu ki, cənab Niven uzun müddət kitabxanada itirdi. Ceyn fikirləşirdi ki, kitabxanalar elə bunun üçün lazımdır: insanlar bir müddət bu dünyadan yoxa çıxsalar belə, orada itməli və özlərinin nə qədər əhəmiyyətli olduqlarını hiss etməlidirlər.
***
Həqiqəti söyləmək bacarığı kiçik şeylərdə deyil, həyatın mahiyyətində dürüst olmaq deməkdir.
***
Evlilikdə təkcə zehinlər deyil, bədənlər də iştirak edir.
***
Deyəsən qadın həqiqətən ağıllı idi. Ən azından kişidən ağıllı olduğunu başa düşəcək qədər ağıllı idi.
***
Bizim hamımız sadəcə yanacağıq. Doğuluruq, yavaş-yavaş yanırıq. Özü də bəzilərimiz digərlərindən daha sürətlə yanır. Yanma şəklimiz də fərqli olur. Ancaq müqayisədə heç vaxt yanmamaq, bir dəfə də olsun alovlana bilməmək daha kədərlidir.
***
Güzgü kiminsə xarici görünüşünün izini qoruyub saxlaya bilərmi? Güzgüyə baxıb, orada başqa bir insanı görmək mümkündürmü? Güzgünün içindən keçib başqasına çevrilmək mümkündürmü?
***
O, yazıçı olacaq. Kitablar yazacaq. On doqquz roman yazacaq. Onu hətta “müasir yazıçı” kateqoriyasına aid edəcəklər. Yazıçı nə qədər “müasir” qalır? Bu da “gənclik” sözünə oxşayır.
***
Hekayələr danışmaq, nağıllar danışmaq. Bu, həmişə dinləyicilərə bir uydurmanı, yalanı satmaq cəhdi kimi başa düşülür. Ancaq Ceyn üçün birinci dərəcəli tapşırıq həmişə başqa cür olacaq: güclü təsir etmək, məğzinə varmaq və mahiyyətin nə olduğunu göstərmək. Bu isə elə həqiqəti söyləmək bacarığıdır.
Tərcümə: Lamiyə Göycəyeva