Annotasiya
“Gecikən” (orijinal “De Laatkomer”) – belçikalı yazıçı Dmitri Verhulstun 2013-cü ildə işıq üzü görən əsəridir.
Əsərin baş qəhrəmanı 74 yaşlı Dezayr təqaüdə çıxana qədər kitabxanaçı işləyib. Ömrünün payızında monoton həyatı, yorğun bədəni, darıxdırıcı evliliyi və alt-üst olmuş xəyalları ilə üz-üzə qalıb. O, həyatında yolunda getməyən çox şeyə səbəb olduğunu düşündüyü həyat yoldaşından qisas almaq istəyir. Bunun üçün qeyri-adi bir yol seçir: özünü demensiya xəstəsi kimi aparmağa başlayır.
Karandaşın izi ilə
Və arvadım (qancıq) canını məndən qurtaran kimi (əminəm ki, qurtaracaq), qalan xatirələrin də üstünə sıçsınlar deyə məzarımın üzərindən quş yemini əskik etməzdi.
***
Təbiət Ana insana çətin, müxtəlif və yararlı informasiyaları yadda saxlasın deyə beyin verib, amma istifadə müddətinə əl gəzdirməyi unudub.
***
Bəzən gəncliyinizi ikinci dəfə yaşamaq hədiyyə yox, qarğış kimidir.
***
Evliliyimiz boyunca evə içkili vəziyyətdə maksimum dörd, ya da beş dəfə gəlmişəm. İndi fərqinə varıram ki, psixi sağlamlığımı qorumaq üçün çox az imiş bu.
***
Varlığını satışa çıxarmaq fantaziyası barədə bir xeyli deyib güldük və təsəvvür etməyə çalışdıq: haqqında nəsə bildiyimiz birini köhnə sevgili olaraq pul ödəyib almaq necə olardı? Ya da kiməsə yaxınlaşmaq və “Xoş gördük! Bir az əvvəl sizi atam olaraq aldım. Anam necədir? Ah, ölüb? Vay-vay, bilmirdim bunu, elanda bu barədə məlumat yox idi. Nə qədər keçib?” demək necə olardı?
***
Bəzən soyuq kilsədə hansısa köhnə dosta “əlvida” demək üçün dayanmaqdan ötrü darıxdığıma inana bilirsiniz? Bütün o prosesdəki teatrallıq. Bu, baş rolda olmaq xaricində mümkün bütün köməkçi rollarda olmağı istəyə biləcəyimiz tək tamaşadır.
***
Ədalət insan uydurmasıdır, təbiətdə mövcud deyil.
***
Səbəbsiz də olsa, tez-tez hər birimizin həyatında qaçılmaz olaraq elə bir dönəm gəlir ki, bunu düşünməkdən vaz keçə bilmirik: mövcudluğumuzun o kiçik, amma həlledici məqamlarından birinə qayıtsaydıq və başqa istiqamətə irəliləsəydik, həyatımız necə dəyişərdi?
***
Nəzərə alanda ki, soyuducu iffətinə sahib qadınla evlənmişəm, ümumiyyətlə uşaq sahibi olmağımız əsl möcüzədir!
***
Qocalmaq əyləncəli iş deyil, qoca olmaq isə ondan da betərdir.
***
Həyat incəsənət ola bilirdisə, ölüm də ola bilərdi.
***
Düşün ki, zehnimdə böyük şkaf var, əgər unutduğun adları orada axtarıb tapa bilmirsənsə, narahat olma, vəziyət yaxşıdır. Şkaf oradadır, amma adlar yoxdur. Altsheymer kimi xəstəliklərdə adlar yox, şkafın özü yoxa çıxır.
***
Kitab mağazasında yad münasibəti görmürdüm, evdəki rəflərimi bəzəyən kitabların haradasa dörddə biri eyni mağazadan idi. Mağaza sahibi ən azı iki tətil səyahətinin pulunu mənim ədəbi iştahım sayəsində çıxarmışdı.
***
Moniek sadə, geniş otağın gözəlliyini heç vaxt başa düşə bilməmişdi. Ona görə də Azalea küçəsindəki evimizin hər küncünü vazalar, tovuzquşu lələkləri, kiçik heykəllər, saatlar və sairələrlə doldurmuşdu. Boşluğa qarşı duyduğu qorxu özünü indi də mənim yeni, darısqal otağımı şəkil çərçivələri ilə dolduraraq biruzə verirdi. Həm də öz şəkilləri! Moniek əri ilə. Moniek uşaqları ilə. Moniel uşaqları və əri ilə.
…
Moniek növbəti dəfə məni ziyarətə gələndə şəkillərin hamısını tulladığımdan xəbər tutdu, bütün şəkilləri çərçivələrindən çıxarıb köhnə qəzetlərdən kəsdiyim reklamlarla əvəzləmişdim. Qoltuğuna soxuşdurduğu əl çantası ilə Eyfel qülləsi önündə dayanan arvadımın şəklinin yerində indi kilosu 1.99 avropya vetçina şəkli var idi. Nəvələrimizin şəkillərini, – daha doğrusu, nənə və nəvələrinin birgə şəkillərini, – maşın qəzaları ilə bağlı xəbər, toy şəklimizi isə Cənubi Amerikanın gecəqondu məhəllələrinin quşbaşı təsviri ilə əvəzləmişdim.
***
Əsas odur ki, qəbrim arvadımınkı ilə yanaşı olmasın! Onsuz da Monieklə həddən artıq uzun müddət yanaşı ölü kimi yatmışdıq.
***
Statistika göstərir ki, öz qatilinlə evli olmaq ehtimalı şəhərin küçələrində kiminsə əlində ölməkdən daha yüksəkdir. Əslində evlilik cəmiyyətimizdə hələ də ən böyük cinayət şəbəkəsidir, ancaq heç bir ekstremist siyasi partiya bu qədim, bürokratik instituta əl uzatmağa cəsarət göstərmir! Əksinə, ailəni sağlam cəmiyyətin məhək daşı adlandırırlar!
***
Sifətim necə düşündüyümün və hiss etdiyimin mükəmməl tərənnümüdür.
Uzun sözün qısası, çirkinliyimlə çoxdan barışmışam.
***
Gözəllikdən qalan xarabalığın gözəlliyin özündən daha gözəl olduğunu iddia edən naşı romantiklərə müharibə elan etmişdim. Çünki müharibəyə layiq idilər. Müharibə, ya da daha yaxşı eynək. Çünki o qoca, solğun qadın ilə yarım əsr öncə hər gənc oğlanın ürəyində məhəbbət qığılcımı oyadan gənc qız arasında heç bir oxşarlıq yox idi.
***
Zamanın mərhəməti yoxdur. Əlahəzrət Qum saatı ən nəhayətində hər birimiz üçün gəlir və o gün çatanda Təbiət ana mədəniyyətin ört-basdır etməyə çalışdığı hər qüsuru üzə çıxarır.
***
On altı yaşımdan otuz yaşıma qədər müntəzəm şəkildə teatra gedir, səhnədə baş verənləri real həyatın təfsiri olaraq görürdüm. İndi isə real həyatda baş verənləri teatr olaraq görməklə özümü əyləndirməyə çalışıram.
***
Ölməyə yaxın onların özlərini ittiham etdikləri beş şey var: birincisi, çox işləyiblər. İkincisi, başqalarının gözləntilərinə əsasən yaşayıblar. Üçüncüsü, dostları ilə əlaqələri kəsilib. Dördüncüsü, öz xoşbəxtliklərinə diqqət ayırmayıblar. Beşincisi, duyğularını ifadə etməyiblər.
***
Həyat düşüncələrdən daha sürətli keçir və o, qərar verməmişdən əvvəl qocalmışdı…
***
– Mən kitabxanaçı idim, işindən razı kitabxanaçı. Həmişə kitablara sığınmışam və öz fikirlərimi başqalarının fikirləri ilə dəstəkləməkdən çəkinməmişəm. Yəni, bu sitat mənim üçün məna kəsb edir.
– Ən vacibi də budur, sənin üçün məna kəsb edir.
***
Bilirdin ki, anam artıq sənin dəfn mərasimində hansı mahnının səslənəcəyini seçib? Elton Condan “Song for a guy”. Təsəvvürümə sığışdıra bilmirəm ki, nə vaxtsa o mahnıdan zövq almısan. Əslində Elton Conun səsini üç saniyə eşitmək bəs edərdi ki, qarın ağrısına düşəsən, amma bu barədə nəsə edə bilmirəm. Anama dedim ki, bu, homoseksual kişinin başqa kişiyə eşq elanı barədə mahnıdır, atamın dəfni üçün uyğun deyil. Amma vecinə olmadı. Ömrünün böyük hissəsini kitabxanada klassik musiqi valları üçün rəf doldurmaqla keçirmisən, amma heç bir mənası olmadı. Eyni ilə sonda insan həyatına dair hər şeyin mənasızlığı kimi. Tartinini unut. Şuberti unut. “Song for a guy”, bitdi.
Tərcümə: İmanyar Quliyev