Annotasiya
“Dəniz” (ingiliscə “The Sea“) – dövrümüzün ən məşhur irlandiyalı yazıçısı Con Benvillə Buker mükafatı qazandıran romanıdır.
Yaradıcılığı Vladimir Nabokovla müqayisə edilən Benvill bu romanında xəstəlik səbəbilə həyat yoldaşını itirən yaşlı bir kişinin etiraflarını qələmə alır. Dul kişi bu itkini ağır keçirir, uşaq vaxtı valideynləri ilə yay tətilini keçirdiyi liman kəndinə üz tutur. Dəniz sahilində bir mehmanxanaya yerləşir və fikrən bir dənizə dalarcasına keçmişinə dalır, ilk məhəbbətini, ilk faciəsini xatırlayır.
Karandaşın izi ilə
Elə bil qoca dənizçisən, nəhayət, səfərini başa vurub quruya çıxmısan, buxarının yanında mürgüləyirsən, qışın sərt küləkləri də pəncərəni döyəcləyir. Ah, kaş o dənizçi olaydım. Onun yerində olaydım.
***
Çox qəribədir, uşaqlıqda diqqətimi cəlb eləyən hər şey mənə əsrarəngiz görünürdü, halbuki bütün alimlər deyirlər ki, əsrarəngizlik yenilik deyil, məlum olanın başqa formada zühur etməsidir. Eh o qədər cavabsız suallarım var ki…
***
Uşaqlığımızda günlərimizin necə böyük hissəsi dinc, sakit keçirdi… Nə bilim, bəlkə də, indi mənə elə gəlir. Ayıq-sayıq bir gözləntidə nə qədər vaxt keçirərdik. Hələ təşəkkül tapmamış dünyamızda süst, sakit dayanıb gözləyirdik, müşahidə aparırdıq, gələcəyimizə baxırdıq.
***
Ötən günlər içimdə ikinci ürək döyünür.
***
Sonradan-sonraya fikir verdim ki, doktorun heç əlli yaşı olmaz. Təəccübləndim. Bu həkimlər nə vaxtdan məndən cavan olmağa başlamışdılar? Bir müddət yazdı-pozdu, vaxtı uzatdı. Bu məni qıcıqlandırmadı. Onun yerində olsaydım, mən də belə edərdim. Nəhayət, qələmi yerə qoydu, amma yenə də susdu, elə təsəvvür yaratmağa çalışırdı ki, söhbətə nədən və necə başlamalı olduğunu bilmir. Bu tərəddüdündə bir siyasət, bir artistlik vardı. Bunu da başa düşürdüm. Həkim həm də yaxşı aktyor olmalıdır.
***
Bizim evin bacalarında yuva quran qağayılar artıq dənizə qayıtmışdılar, ya da nə bilim, isti ölkələrə uçub getmişdilər. Biz özümüzü elə aparırdıq ki, guya hər şey qaydasındadır, heç nə olmayıb, həyat davam edir. Qağayılar isə bütün yay boyu bizim bu cəhdlərimizə lağ edirlərmiş kimi evin üstündə qanad çalaraq qəhqəhə çəkmişdilər.
***
Qəhvədan qaynadı, avtomatik söndü, qaynamış suyun pıqqıltısı yatdı. Mən ən sadə şeylərin amansız etinasızlığına, kim bilir, neçənci dəfə heyrət etdim.
…
Bundan sonra hər şeyi xəyal etdiyim kimi deyil, sadəcə olduğu kimi qəbul etməyi öyrənməli olacaqdım.
***
O vaxtdan hər şey aldadıcı, hər şey yalan olacaqdı. Ölümlə nəfəs-nəfəs yaşamağın başqa yolu yox idi.
***
Neçə vaxtdır, belə günlərdə mənə elə gəlir ki, günəş dünyanın gözüdür, mənim bu miskinliyimi böyük zövqlə müşahidə edir.
***
Kəndi görəndə heyrətə gəldim, çünki çox mənada mənim xatırladığım kimi qalmışdı.
…
Bu, yaşa dolmuş köhnə sevgilisinin tanış cizgilərini ayırd edən adamın keçirdiyi hisslərə bənzəyirdi.
***
Keçmiş bəzən o qədər güclü olur ki, adama elə gəlir, bu dəqiqə səni məhv edəcək.
***
Həyat, – əsl həyat, – mübarizədən ibarət olmalıdır. Gərək vuruşasan, çarpışasan, özünü təsdiq edəsən, iradəni ortaya qoyub dünyanın divarlarını dağıdasan, amma mən bu yaşımdan geri baxanda görürəm ki, enerjimin çoxunu sadəcə bir sığınacaq, rahatlıq, bəli, nə gizlədim, rahatlıq axtarmağa sərf etmişəm. Bunu dərk etmək məni dəhşətə gətirməsə belə, hər halda təəccübləndirir. Mən ki həmişə özümü hər çətinliyi dişlərində xəncərlə qarşılayan dəniz qulduru kimi görmüşdüm. Amma indi etiraf etməliyəm ki, yanılmışam, özümü aldatmışam. Əslində mənim həqiqətən istədiyim qorunmaq, göylərin saymazyana baxışlarından, yer üzünün sərt xəsarətlərindən mühafizə olunmaq, ana bətni kimi isti, təhlükəsiz bir yerə sığınmaq imiş. Keçmiş mənim üçün bir sığınacaqdır, pənah yeridir. Mən qaçıb ora sığınıram, soyuq bu gündən və daha soyuq gələcəyimdən can qurtarmağa çalışıram. Amma nə var o keçmişdə? Gerçək olan nə var? Keçmiş nə vaxtsa var olmuş bu gündür, artıq keçib getmiş bu gündür, ondan artıq bir şey deyil. Amma yenə də.
***
Dünən gecə bir yuxu gördüm. Gördüm ki, çap makinamda vəsiyyətimi yazmaq istəyirəm, amma I hərfi yoxdur. Nə baş hərfi, nə də kiçiyi.
***
Biz balaca qəm gəmiləriyik, payızın qaranlığında boğuq sükut dənizinə yelkən açıb üzürük.
***
Bəlkə də, həyat onu tərk etmək üçün uzun bir hazırlıq dövründən başqa bir şey deyil.
***
Əlbəttə, o haradasa, kiminsə yaddaşının mum heykəllər salonunda hələ də yaşaya bilər, amma onların yaddaşındakı missis Qreys mənim və başqalarının yadında qalan missis Qreysdən fərqlidir. İnsan belə başqalarının yaddaşında haçalanır, ağac kimi budaqlara ayrılır. Amma yaddaşlarda əbədi qalmır, ölümsüz olmur. Biz ölənləri öz yaddaşımızda yalnız özümüz ölənə qədər saxlayırıq. Ondan sonra özümüz başqalarının yaddaşına köçürük, bir müddət orada yaşayırıq. Ondan sonra bizi xatırlayanların ölüm növbəsi gəlir, onlar da bizi özləri ilə torpağa aparırlar və onların xatirəsi növbəti nəslin yaddaşına köçür.
***
İntəhası, doktor Braun demişkən, çox yaşayanda həyata öyrəşirsən, ölmək də istəmirsən.
***
Uşaqlıqda xoşbəxtlik başqa cür idi. O, sadəcə nəsə yığıb-qurmağa bənzəyirdi. Yeni təcrübələr qazanırdın, yeni hisslərlə tanış olurdun, onları yastı, hamar kirəmitlər kimi gələcəkdə kimliyinin binası olacaq tikilinin damına düzürdün. İnanılmaz hadisələrin içində olmaq, qazandığın uğurun eyforiyasını yaşamaq da bu xoşbəxtliyin böyük bir parçası idi. Yerə-göyə sığrmırdın, gözlərinə inana bilmirdin, deyirdin ki, işə bax, heç bilməzdim ki, mən də qızla qol-qola gəzərəm, Mən də böyüklərin etdiyini edərəm, hansısa qızın əlindən tutaram, qaranlıqda onunla öpüşərəm, film başa çatandan sonra çıxışda ciddi tərzdə, amma nəzakətlə ağır pərdənin yanında bir kənara çəkilib boğazımı arıtlayaram, ona yol verərəm, onu yay axşamında sanki yağışda islanmış gün işığına çıxararam. Onda elə bil həm özüm idim, həm də tamam başqa, tamam yeni bir adam.
***
Alnını qırışdıraraq, şəfqətlə baxır, mən isə bu baxışlara dözə bilmirəm. Mən şəfqət istəmirəm. İstəyirəm ki, mənə qəzəblənsinlər, məni söysünlər, döysünlər. Diş ağrısından dəli olan, amma ağrıya baxmayaraq, manyakcasına dilinin ucunu diş koğuşuna salıb sinirlərini daha da gərən adam kimiyəm. Gözləmədiyim yerdən bir yumruq çıxa, zərbindən sir-sifətim darmadağın ola.
***
Bayağı gerçəkliyin təsəvvürümdəki obrazı amansızcasına darmadağın etməsini görmək məni təlaşa saldı. Sanki əlimdə qiymətli bir şey vardı, indi gözlərim qarşısında əriyir, barmaqlarım arasından süzülüb gedirdi. Amma sonda onu necə də asan buraxdım, getdi. Keçmiş, daha doğrusu, gerçək keçmiş əslində o qədər də əhəmiyyətli bir şey deyilmiş, görünür biz onu çox şişirdirik.
***
Çox qəribədir, diqqətimi toplayanda hər şeyi o qədər təfərrüatlı xatırlayıram ki. Adam yaddaşını kifayət qədər gərsə, həyatını bir də yaşaya bilərmiş.
***
Zənnimcə, Kloi mənim üçün özünüdərkin həqiqi mayası idi. Kloiyə qədər nəsə vardı və mən onun tərkib hissəsi idim, ondan sonra isə bir mən vardım, bir də mən olmayan hər şey. Amma burada da mürəkkəb bir düyün vardı. Kloi məni dünyadan təcrid etməklə və təcrid olunmağımı anlamağıma yol açmaqla məni hər şeyin, məni də ehtiva edən və o vaxta qədər bu və ya digər dərəcədə xoşbəxt, amma cahilcəsinə dolaşdığım bir aləmin tərkib hissəsi olmaq hissindən məhrum etdi. Əvvəl başımın üstündə bir dam vardı, indi isə açıqlıqdaydım və ətrafda heç bir sığınacaq gözə dəymirdi. Mən o aləmin getdikcə möhkəmlənən darvazasından kənarda qalmışdım və ora bir də girə bilməyəcəyimdən xəbərsiz idim.
***
İnsanın keçmişinin, köhnə dünyasının nə qədər bayağı, mənasız olduğunu dərk etməsi qədər böyük fəlakət yoxdur.
***
Mən bu günlərdə dünyanı diqqətlə ölçüb-biçərək, yavaş-yavaş, xırda dozalarla qəbul etməliyəm. … Bəlkə, mən yaşayanların arasında yaşamağı yenidən öyrənirəm. Daha doğrusu, məşq edirəm.
***
Deyəsən, mən artıq öz kabusuma, ruhuma çevrilməyə başlayıram.
***
Ümumiyyətlə, pul nədir axı? Kifayət qədər pulun olandan sonra heç nə.
***
Annanı düşünürdüm. Özümü buna məcbur edirəm – bu mənim üçün bir növ məşqdir. İçimə bıçaq kimi saplanıb, di gəl onu unutmağa başlamışam. Beynimdəki portreti getdikcə solur, boyası, kövrək zərvərəqi qopub-tökülür. Doğrudanmı, bir gün o kətan ağappaq, bomboş qalacaq?
***
Annanı görən kimi başa düşmüşdüm ki, bu çevrilmədə Anna mənə bir vəsilə ola bilər. Yarmarkadakı bədənnüma ayna idi, ona baxıb əyər-əskiyimi düzəldə bilərdim.
***
Filosoflara görə, biz başqaları vasitəsilə yoğrulur və müəyyən olunuruq. Qızılgül qaranlıqda qırmızı olarmı? Hansısa uzaq planetdə, səs deyilən bir şeyin olmadığı mühitdə ağac aşanda şaqqıldayarmı? Sual verirəm: məni Anna da tanımasaydı, kim tanıyacaqdı? Annanı məndən başqa kim tanıya bilərdi?
***
Yaddaş hərəkəti sevmir, hər şeyi dayanmış, donmuş şəkildə saxlamağa üstünlük verir.
***
Mən bu cür tənha qalmaq istəmirəm. Niyə gəlib pozmursan bu sükutu? Heç olmasa kabus kimi gəl. Məgər çox şey umuram səndən? Bunu da eləyə bilməzsən? Sükut içində keçən günlər, bitib-tükənmək bilməyən gecələr – nədir bu zillət? Duman kimidir sənin sükutun. Əvvəl üfüqdə bir ləkə kimiydi, sonra gəlib dörd bir yanımızı bürüdü, bir-birimizdən yapışıb kor kimi büdrəyə-büdrəyə qaldıq.
Tərcümə: Anar Mahmudov