Annotasiya
“11.22.63” amerikalı yazıçı Stiven Kinqin 2011-ci ildə nəşr edilmiş, fanatları və tənqidçiləri tərəfindən ən yaxşı əsəri hesab edilən kitabıdır.
Elmi-fantastik janrda qələmə alınan romanda keçmişə səyahət edə bilən və ABŞ prezidenti Con Kennedinin ölümünün qarşısını almaq istəyən ədəbiyyat müəllimindən bəhs edilir.
Karandaşın izi ilə
Biz həmişə pis vərdişlərimizə bəhanə tapırıq.
***
– Yaxşı ki gələcəyi görə bilmirik, düzdür?
– Bu, bir çox şeyi qəlizləşdirərdi, razıyam.
***
Mən həmin insanlardanam ki, düşüncələrini kağıza tökməyənədək nə düşündüyünü bilmirlər.
***
İzahat elə bayağı poeziyadır ki…
***
Saç düzümləri dəyişir, yubkaların uzunluğu da, slenq də, bəs orta məktəb direktorları? Heç vaxt.
***
Keçmişə boylanıb baxanda axmaqlıq çox aydın görünən, insan təbiətinə xas iki xüsusiyyətdən biridir. Digəri əldən çıxan imkanlardır.
***
Artistlik istedadını kəşf etmək qabiliyyətinə artistlik istedadından daha az rast gəlinir.
***
Təqlid yaltaqlığın ən səmimi formasıdır.
***
Ev yuxulu düzəngahlardan boylanan aya baxmaqdır, ev həmin aya birlikdə tamaşa etmək üçün yanına çağıra bildiyin birisinin olmasıdır. Ev başqaları ilə rəqs etdiyin yerdir. Və rəqs həyatdır.
***
Özümü inandırdım ki, bunun əhəmiyyəti yoxdur, sevgi hər şeyin öhdəsindən gələr, ancaq alınmır, sevgi yalanın öhdəsindən gəlmir.
***
– Haradan bildin ki, bu mənəm?
Az qala “harmoniya” deyə cavab verəcəkdim. O da bunu başa düşə bilərdi. Ancaq “bilərdi” verilmiş halda məni qane etmirdi. Bizi ciddi söhbət gözləyirdi və mən korlamaq istəmirdim. Heç bir halda korlamaq istəmirdim. Ona görə ardınca baş tutan dialoqda mən tərəfdən iki nəfər iştirak edirdi: yüksək səslə danışan Corc və Corcun söyləyə bilmədiklərini dilə gətirən, iç səsim Ceyk. Ola bilsin, mövzu məhəbbətdirsə, istənilən söhbətdə hər iki tərəfdən iki nəfər iştirak edir.
***
Mən məhəbbətə inanıram; mənəhhətin sehri inanılmaz güclüdür. Alın yazısına inanmıram, ancaq qanın qana, ağlın ağla, qəlbin qəlbə can atdığına inanıram.
***
Tısbağanın qını niyə möhkəmdirsə, keçmiş də ona görə inadkardır: içəridəki canlı bədən zəif və müdafiəsizdir.
Tərcümə: Lamiyə Göycəyeva