Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Rabindranat Taqor “Gitancali”

kko_rabindranat_taqor_gitancaliAnnotasiya

Rabindranat Taqor “Gitancali” (benqalca “গীতাঞ্জলি”) – hind yazıçısı Rabindranat Taqora 1913-cü ildə Nobel mükafatı gətirən mənzum şeirlərdən ibarət əsər. “Gitancali” ədəbiyyatda lirizm, danışıq üslubu, naturalizm və xəyalpərəstliyə gözəl nümunələrdən biridir.

 

Karandaşın izi ilə

Sənin əllərinin ölümsüz təmasından mənim zəif qəlbim sevinclə dolur və deyilməmiş sözlər yaradır.

***

Mən xəyallarımı, fikirlərimi həmişə yalan və riyadan qorumağa çalışacağam, – bilirəm ki, sən işığı mənliyimdə yanmış olan həmin həqiqətsən.

***

Mənim arzularım çox, fəryadlarım şikayətlidir; amma sən bunları daim amansız surətdə rədd etməklə məni xilas etmisən. Mənim bütün həyatım sənin bu qüdrətli mərhəmətinlə doludur.
Sən mənə diləmədiyim bu sadə və böyük hədiyyələri: – bu səmaları, bu vücudu, bu həyat və şüuru lütf etməklə, məni gündən-günə bunlara daha layiq edib ucaldırsan, məni hədsiz arzuların əsiri olmaqdan qoruyursan.

***

Qürur o yerə yol tapa bilməz ki, orada sən ən sadə geyimdə, ən yoxsul, ən kimsəsiz, ən talesiz adamların arasında gəzirsən.

***

«Ah, bəs haradadır?» – fəryadı ilə göz yaşları çaya dönüb axır və onun suları dünyanı bu inamla bürüyür: «Mən varam!»

***

Sən susursansa, mən qəlbimi sənin sükutunla doldurub, özümü onun ixtiyarına verirəm.

***

Sənin qismətin sönməz bir çıraq olmaqdır, ey ürək!

***

Fəlakət sənin qapını döyüb xəbər verir ki, Allahın oyaqdır.

***

Bu mənim kiçik «mənliyim», mənim utanmaq bilməyən hakimimdir. Amma onunla birlikdə sənin qapına yaxınlaşmağa utanıram.

***

Azadlıq! – Budur mənim bütün istədiyim, budur; amma ona ümid bağlamaq mənə ar gəlir.

***

Mənim günahlarım saysız-hesabsız, nöqsanlarım çox böyük, eyibim müqəddəs və ağırdır; amma xilas olmaq üçün sənə müraciət etdikdə, qorxudan titrəyirəm ki, diləyim yerinə yetər.

***

Qoy məndən elə cüzi bir şey qalsın ki, ona deyə bilim: sən – hər şeysən.

***

Qoy mənim bağlarımdan ən cüzi bir şey qalsın ki, mən sənin məhəbbətinin telləri ilə sənin iradənə bağlanım.

***

Orada ki fikir qorxu bilmir və insanın başı qürurla ucalır;
Orada ki bilik azaddır;
Orada ki dünya arakəsmələrlə qəfəslərə bölünməmişdir;
Orada ki sözlər həqiqətin dərinliklərindən gəlir;
Orada ki yorulmaz arzular əllərini mükəmməlliyə doğru uzadır;
Orada ki şüurun parlaq bulağı barsız və qumlu çöllərində itib batmır;
Orada ki ağıl və zəka yüksək arzulara və işlərə yönəlir: –
Qoy mənim ölkəm həmin o azadlıq səmasının altında oyansın, ey mənim atam!

***

Mənə qüvvət ver ki, sevinc və kədərlərimə asanlıqla dözə bilim.
Mənə qüvvət ver ki, məhəbbətim səmərəli olsun.
Mənə qüvvət ver ki, yoxsulları heç bir zaman rədd etməyim və məğrur hakimiyyət qarşısında diz çökməyim.
Mənə qüvvət ver ki, qəlbim gündəlik vurnuxmalardan uca olsun.
Mənə qüvvət ver ki, bütün qüvvələrimi sevə-sevə sənin iradənə tabe edim.

***

Qoy göylərdən bir şəfqət buludu nazil olsun, ata qəzəblənəndə ananın yaşla dolan gözlərinə bənzər bir bulud!

***

Gecə öz zülmətində işığa olan həsrət və diləyini gizlədiyi kimi, mənim varlığımın dərinliklərindən də yalnız bir fəryad qopur: mən sənin, yalnız sənin həsrətinlə yanıram!

***

Dövrəmdə hər tərəfdən günün vurnuxması gurultu qaldırdıqda, ey sükunət ilahəsi, yanıma gəl və mənə dinclik, asudəlik gətir.

***

Qoy mənim son nəğməmdə bütün sevinclər: yer üzünü bol-bol sıx otlara qərq edən sevinc, həyat və ölüm adlanan əkizləri ucsuz-bucaqsız yer üzərində rəqs etdirib hərləndirən sevinc, fırtınaya qarışaraq həyatı gülüşlə sarsıdıb oyadan sevinc, iztirabın çiçəkləmiş qızıl lotosu üzərinə göz yaşları kimi qonmuş sevinc, bütün var-yoxunu torpağa döndərən və sözə biganə olan sevinc birləşsin.

***

Səni oynatmaq üçün mən mahnı oxuduqda, başa düşürəm ki, nə üçün yarpaqlar musiqi kimi səslənir və nə üçün dalğalar səs-səsə verib, onları dinləyən torpağa nəğmə oxuyurlar,— çünki mən səni oynatmaq üçün mahnı oxuyuram.
Mən sənin xırdaca ovuclarına şirniyyat qoyduqda, başa duşürəm ki, nə üçün çiçəyin piyaləsi bal ilə dolu və meyvələr şirin olur, – çünki mən sənin xırdaca ovuclarını şirniyyatla doldururam.
Mən səni gülümsündürmək üçün üzündən öpdükdə, ey mənim dövlətim-varım, başa düşürəm ki, nə üçun səhər şəfəqində göylərdən belə fərəh yağır və yay nəsimi bədənimə belə ləzzət verir, – çünki səni gülümsündürmək üçün öpürəm.

***

Mən səmada boş-boşuna sərgərdan gəzən payız buluduna bənzəyirəm, ey mənim əbədi gözəl günəşim! Sənin təmasın məni hələ əritməmiş, məni sənin şölənə qatıb birləşdirməmişdir: indi, budur, mən, məni səndən ayıran ayları və illəri saymaqdayam.

***

Mən əbədiyyət həddinə gəlib çatmışam, burada heç bir şey, – nə ümid, nə xoşbəxtlik, nə göz yaşları arasından görünən çöhrə əsla yox olmur.

***

Arzuladığım şey, əldə etdiyim şey, qoy heç-puç olub getsin. Mənə yalnız rədd etdiyim, həqarətlə baxdığım şeyləri lütf elə.

***

Yerlə vidalaşdığım dəmdə qoy mənim vida sözlərim bu olsun: bütün gördüklərim misilsizdir.

Tərcümə: Mikayıl Rzaquluzadə

5 (100%) 3 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram