“Kitab oğrusu” (ingiliscə “The Book Thief”) – avstraliyalı yazıçı Markus Zuzakın 2006-cı ildə yazdığı romandır. Roman qeyri-adi şəkildə qurulub – təhkiyə Ölüm tərəfindən aparılır.
1939-cu ilin yanvarı. Almaniya. Nəfəsini dərmiş ölkə. Hələ heç vaxt ölümün bu qədər işi olmamışdı.
Lizel adlı bir qızdan, onun sözlərlə tanışlığından, akkordeon çalan atadan, fanatik almanlardan, yəhudi döyüşçüdən və çoxlu oğurluqdan danışılan əsərdir. “Kitab oğrusu” sözlərin gücü və kitabların ruhu qidalandırma qabiliyyəti haqqındadır.
Karandaşın izi ilə
Əvvəlcə rənglər.
Sonra insanlar.
Adətən dünyanı belə görürəm.
Ya da, ən azından, belə görməyə çalışıram.
***
KİÇİK BİR FAKT
Nə vaxtsa öləcəksiniz.
***
ÜMİDVERİCİ BƏYANAT
Xahiş edirəm, narahat olmayın, nə olsun ki, indicə sizi hədələdim.
Bunların hamısı lovğalıqdır – mən qəddar deyiləm.
Mən pis deyiləm.
Mən nəticəyəm.
***
Bunu təsəvvür etməkdə çətinlik çəkirsinizsə, xoşagəlməz sükut təsəvvür edin. Parçaları və qalıqları ilə üzən ümidsizlik təsəvvür edin. Bu qatarda boğulmağa oxşayır.
***
Orda bütün təbəqələrdən insanlar var idi. Ancaq yoxsullar başqalarından daha tez gözə çarpırdı. Binəsiblər həmişə hərəkətdə olmağa çalışırlar, sanki yerdəyişmə nəyəsə kömək edə bilər. Onlar yolun sonunda köhnə müsibətin yeni görkəmdə onları gözləyəcəyini başa düşmürlər.
***
Boz gün idi – Avropanın rəngləri.
***
QƏBİRQAZAN ÜÇÜN TƏLİMAT
Yaxşı qəbir qazmaq üçün iyirmi addımdan ibarət dərslik.
Bavariya qəbiristanlar birliyi tərəfindən nəşr edilmişdir.
***
Kitab oğrusunun ilk qəniməti – uğurlu karyeranın başlanğıcı.
***
Öz hekayəsini yazmaq qərarına gəldikdə, öz-özünə sual verdi. Kitablar və sözlər nə vaxt nəyisə yox, hər şeyi bildirməyə başladı?
***
Hər ikinci sözü “Saumensch” və ya “Saukerl”, yaxud da “Arschloch” idi. Bu sözlərlə tanış olmayanlara izah etmək lazımdır. Aydın məsələdir ki, “sau” donuz deməkdir. “Saumensch” qadını sındırmaq, söymək və ya sadəcə alçaltmağa xidmət edir. “Saukerl” (“saukerl” kimi tələffüz olunur) kişilər üçündür. “Arschloch”u dəqiq “götüş” kimi tərcümə etmək olar. Amma bu sözün cinsi məsubiyyəti yoxdur. O sadəcə var.
***
Əminəm, belə insanlarla qarşılaşmısınız. O, birinci cərgədə dursa belə, həmişə fonla qarışa bilirdi. Həmişə bax orada idi. Görünmürdü. Əhəmiyyətsiz və elə də lazımlı deyildi.
***
LÜĞƏTDƏ TAPILMAYAN TƏRİF
Tərk etməmə – inam və məhəbbətin təzahürü, çox vaxt uşaqlar tərəfindən təyin edilir.
***
KİTABIN MƏNASI
Axırıncı dəfə qardaşını gördüyü an.
Axırıncı dəfə anasını gördüyü an.
***
Qadın ütülü yumruqla gedib qapıdakı tüpürcəkləri silməyi əmr edirsə, istədin, istəmədin, gedəcəksən. Ələlxüsus ütü qaynardırsa.
***
Ağzı da “haylhitler” iylənirdi.
***
– Şiller-ştrasse, – Rudi dedi. – Sarı ulduzlar küçəsi.
***
SƏNƏ NİFRƏT EDƏN OĞLANDAN PİS YALNIZ BİR ŞEY VAR
– səni sevən oğlan.
***
– Gədə havalanıb, – donquldandı, ancaq həmişə başa düşürdü ki, altı uşağın varsa, belə şeylər mütləq baş verəcək.
***
– Oğul, eşidirsən, qaraya boyanıb küçədə gəzişmək olmaz?
Rudini maraq bürüdü və çaşıb qaldı. Ayı artıq sökmüşdülər, və o indi sərbəst şəkildə yuxarı, aşağı hərəkət edə, fikirləri kimi utancaq və qaraqabaq olan oğlanın üzünə dama bilirdi.
– Ata, niyə olmaz?
– Çünki səni apararlar.
– Niyə?
– Çünki qara olmağı istəmək olmaz. Və ya yəhudi, ya da bizdən olmayan kimsə.
– Bəs bu yəhudilər kimdir?
– Köhnə müştərim qerr Kaufmanı tanıyırsan? Ondan sənin üçün çəkmə almışdıq.
– Hə.
– Bax, o yəhudidir.
– Bilmirdim. Yəhudi olmaq üçün nəsə pul ödəməlisən? İcazə lazımdır?
– Yox, Rudi. – Qerr Ştayner bir əli ilə velosipedi aparırdı, bir əli ilə Rudini. Söhbəti davam etdirməyə çətinlik çəkirdi. Oğlunun qulağındakı barmaqlarını zəiflətməmişdi. Yadından çıxmışdı ki, onun qulağını tutub. – Bu alman və ya katolik olmaq kimidir.
– O. Bəs Cessi Ouenz katolikdir?
– Bilmirəm! – Bu yerdə onun ayağı velosipedin pedalına ilişdi və o qulağı buraxdı.
Bir müddət sakitcə getdilər, sonra Rudi dedi:
– Ata, mən sadəcə Cessi Ouenz kimi olmaq istəyirəm!
Bu dəfə qerr Ştayner ovcunu oğlunun təpəsinə qoyub izah etdi:
– Bilirəm, oğul. Sənin əla sarı saçların və böyük etibarlı mavi gözlərin var. Belə olduğuna görə xoşbəxt olmalısan, başa düşdün?
***
– Kitabı, sumbatanı, karandaşı, – o əmr etdi. – Və akkordeonu. Çox keçmədi onlar Himmel-ştrassedə addımlamağa başladılar – özləri ilə söz, musiqi və çamaşır daşıyırdılar.
***
Xoşbəxtlik saçan bir anda Lizel bütün səhifəni aydın və zəfərin tam cəldliyi ilə oxuduğunu təsəvvür etdi.
AÇAR SÖZ
Təsəvvür etdi.
***
Oğlan özünü kömürlə qaraldıb dünyanı fəth edən dəli idi.
Qız sözsüz qalan kitab oğrusu.
***
Və gərəksiz yerə mənə göstərəcək ki, təsadüfdən təsadüf doğur. Eynilə risk özündə yeni risk, həyat yeni həyat, ölüm isə yeni ölüm gəzdirdiyi kimi.
***
Bilirsinizmi, kimsə alman faşizminin antisemitizmdən, hədsiz coşqun rəhbər və hirsli qoyun millətdən doğduğunu deyə bilər. Ancaq bütün bunlar almanların bir maraqlı məşğuliyyətə məhəbbəti olmasaydı, nəticə verə bilməzdi.
Yandırmaq məşğulliyəti.
Almanlar nəsə yandırmağı sevirdilər. Dükanları, sinaqoqları, Reyxstaqları, evləri, şəxsi əşyaları, öldürülən insanları və təbii ki, kitabları.
***
Demək olar ki, istənilən ümidsizlik kimi hər şey aşkar əmin-amanlıqdan başladı.
***
XOŞBƏXT OLMAĞIN YOLLARI
1. “Qəbirqazana təlimat”ın oxunub qurtarması.
2. Mariya bacının qəzəbindən xilas olmaq.
3. Milad gününə hədiyyə edilmiş iki yeni kitab.
***
Bavariya qəbirqazanlar birliyi adından ümid edirik ki, sizi əyləndirməyə və məzarçı işinin öhdəlikləri, texniki təhlükəsizliyi ilə əlaqədar hər şeyi öyrətməyə müvəffəq olmuşuq.
Dəfn incəsənəti karyeranızda uğurlar arzu edir və ümid edirik ki, kitabımız nədəsə köməyinizə çatacaq.
***
O başa düşdü ki, təxmini bacarmaq həqiqətən bacarmaqdan xeyli asandır.
***
Lizel Meminqer yetkinləşdi.
Qerr Hitler, ad gününüz mübarək.
Yüz yaşayın.
***
Məgər qorxduğunu boynuna almaq qorxaqlıqdır? Yaşadığına sevinmək qorxaqlıqdır?
***
Məncə insanların dağıntıya baxmaqdan xoşu gəlir. Qum qalaları, karton evlər – bunlardan başlayırlar. İnkişaf bacarığı insanın böyük məharətidir.
***
Kommunist sözü + böyük tonqal + ölü məktub bağlamaları + ananın əzabları + qardaşın ölümü = fürer
***
Yaxşı oğruya çoxlu müxtəlif keyfiyyət gərəkdir.
Gözə çarpmamaq. Ədəbsizlik. Diribaşlıq.
Amma hamısından vacibi axırıncı tələbdir.
Bəxti gətirmə.
***
“Elə indicə ora qayıdırsan, evə yuyulmalı çirkli paltarla gəlməsən, heç gəlmə”.
– Doğrudan?
Lizel Ananın dediklərini Rudiyə çatdıranda onun şərhi bundan ibarət idi.
– İstəyirsən birlikdə qaçaq?
– Acından ölərik.
– Mən onsuz indi də acından ölürəm! – hər ikisi güldü.
***
ƏZABLAR BOYU EKSKURSİYA
***
Yəhudini ən çətin qaranlıqda tapmaq olur.
***
Qız.
Faşist Almaniyasında.
Nə yaxşı ki, o, özü üçün sözlərin gücünü kəşf etdi.
***
Heç kimin bəxti bir ildə iki dəfə gətirə bilməz, hələ bir gündə demirəm.
***
İndi Maksı xilas olmaqdan yalnız addımlar ayırırlar. Addımlar və fikirlər – və şübhələr.
***
Akkordeon çalan – vədlərin ifaçısı
***
Bu illər ərzində özləri kimi başqalarının üzərinə hücuma getdiklərini düşünən çoxlu gənc görmüşəm.
Amma yox.
Onlar mənim üzərimə hücuma keçirlər.
***
Barmaqlarından çemodan, dəmir, “Mənim mübarizəm” və yaşama iyi gəlirdi.
***
Maks darısqal mühiti və naməlumluğu sevirdi.
Qeyri-müəyyənliyin şirin və acısını.
Sən və ya səni.
***
Roza heç “donuz” da demədi. Özünü məhdudlaşdırmanın şəxsi qəhrəmanlığı.
***
Şillə yeyib gülümsəməyin nə olduğunu təsəvvür edin. İndi təsəvvür edin ki, bu sutkada iyirmi dörd saat davam edir.
Bu elə yəhudini gizlətmək demək idi.
***
Ölümün də ürəyi var.
***
Bazar ertəsi idi və onlar kanatla günəşə doğru gedirdilər.
***
Torpağın altında, Almaniyanın Münhen şəhərində iki nəfər zirzəmidə dayanıb söhbət edirdi. Lətifə başlığına oxşayır:
– Bir sözlə, zirzəmidə alman və yəhudi oturub…
Lakin bu lətifə deyildi.
***
Nə dəryazım, nə orağım var.
Yalnız soyuq olanda papaqlı plaş geyinirəm.
Kəlləni xatırladan və uzaqdan mənə yapışdırmağı deyəsən çox xoşladığınız bu şeytani sifətlərim də yoxdur.
Həqiqətən necə göründüyümü bilmək istəyirsiniz?
Sizə kömək edərəm.
Bir güzgü tapın, mən isə hələlik gözləyərəm.
***
Digərt tərəfdən, siz axı insansınız – özünə vurğunluq sizə tanış olmalıdır.
***
Deyirlər, müharibə ölümün ən yaxşı dostudur. Ancaq başqa nöqteyi-nəzər təklif etməliyəm. Müharibə mənim üçün imkansız bir şey tələb edən yeni rəis kimidir. Arxamda durur və dayanmadan bir şeyi təkrar edir: “Edin, edin…” Və tər tökürsən. Yerinə yetirirsən. Rəis isə minnətdarlığını bildirmir. Daha çoxunu istəyir.
***
– Andıra qalmış qar adamına görə oldu, – o pıçıldadı. – Yəqin ondan başladı – bu soyuqda qarla və buzla oynamaq.
Ata daha fəlsəfi köklənmişdi:
– Roza, hər şey Adolfdan başlayıb. Onu yoxlamaq lazımdır.
***
O onun gözləri qabağında əriyən ikinci qar adamı idi. Ancaq bu başqa cür idi. Ziddiyyət. Daha soyuq olduqca, daha çox əriyirdi.
***
İlk bir neçə gün qız onun yanında oturub danışırdı. Öz ad günündə dedi ki, oyansa, mətbəxdə onu böyük bir tort gözləyir.
O, oyanmadı.
Tort yox idi.
***
İnsana səmanın bir parçasını necə bəxş etmək olar?
***
Ürək hələ titrəyirsə, əlləri isitmək çətindir.
***
GÖZƏL FİKİRDİR
Onlardan biri kitab oğrusu idi.
O biri göy üzünü oğurlayırdı.
***
Ən azından bu qoca insan kimi öləcək. Ya da heç olmasa insan olması fikri ilə.
Mən?
Mən bunun elə də yaxşı şey olduğundan əmin deyiləm.
***
Şəkər, xəmir və minlərlə səhifənin iyi gələn otaq.
***
“Sonuncu qərib insan”. Lizel kitabı rəfdən çıxaranda o sakitcə nəsə pıçıldadı. Toz oyandı.
***
Əlbəttə, müharibədə öldürürlər. Ancaq yanında yaşayıb nəfəs alan birini öldürürlərsə, torpaq həmişə ayağının altından qaçır.
***
Üç dil bir-birinə qarışdı. Rus, güllə, alman.
***
Nədənsə ölən adamlar həmişə cavabını bildikləri suallar verirlər. Bəlkə, haqlı vəziyyətdə ölmək üçün.
***
Şəhər küçəsi qələbəlik idi. Ancaq küçə bomboş olsaydı belə, qəribin tənhalığında bir dəyişiklik olmazdı.
***
Səndən oğurlananı oğurlamaq. Ləzzət edir, düzdür?
***
Hitlerin hakimiyyət illərində ona məndən yaxşı heç kimin xidmət göstərmədiyini demək doğru olardı.
***
İnsanlarda həsəd apardığım bir xüsusiyyət var. İş o yerə çatıbsa, onların ölməyə ağlı çatır.
***
Mixael Holsapfel nə elədiyini bilirdi.
O, yaşamaq istədiyi üçün özünü öldürdü.
***
“Özünü cəzalandırma”, – yenə qız onun səsini eşitdi, ancaq cəza da olacaq, yara da, ancaq xoşbəxtlik də olacaq. Yazmaq belə şeydir.
***
Hərdən düşünürəm ki, atam akkordeonun özüdür. O mənə baxanda, gülüb nəfəs alanda notları eşidirəm.
***
Sözlərə nifrət edir və onları sevirdim, ümid edirəm ki, onları düzgün tərtib etmişəm.
***
Atam – akkordeon çalan – və Ximmel-ştrasse.
Biri olmadan digəri ola bilməzdi, çünki Lizel üçün o da, o biri də ev demək idi.
***
İnsan növünü həmişə həddindən artıq qiymətləndirdiyimi və lazımi qədər qiymətləndirmədiyimi – və nadir halda qiymətləndirdiyimi izah etmək istəyirdim.
Tərcümə: Lamiyə Göycəyeva