“Yad qadına məktublar” (fransızca “Lettres à l’inconnue”) – Morua yaradıcılığının ən yaxşı əsərlərindəndir. Yad bir qadına yazılmış məktublardan ibarət əsər. Bu məktublarda müxtəlif mövzulara toxunulur, məsələ yazıçı tərəfindən bir çox aspektdən izah edilir, faydalı məsləhətlər verilir.
Karandaşın izi ilə
Bəli, bizim kumirimiz gözəl ayaqlara da malik olmalıdır, bütün başqa şeylərə də, çünki biz bədənsiz ilahələrin parıltısından yoruluruq.
***
Xəyali ayrılıq qətiyyən çətin deyil.
***
Fasilə vaxtı siz öz rəfiqənizə tərəf əyilib həvəslə soruşdunuz: «Necə etməli ki, sevimli olasan?» Bu vaxt, öz növbəmdə, mən də sizin tərəfə əyilmək və sizə Molyerin müasirlərindən birinin sözləri ilə cavab vermək istədim: «Başqalarının xoşuna gəlmək üçün onların ürəyinə yatan və onları məşğul edən məsələlərdən danışmaq lazımdır; gərək əhəmiyyətsiz şeylər barədəki mübahisələrdən vaz keçəsən, nadir hallarda nəsə soruşasan və heç bir halda onlardan ağıllı olduğun barədə şübhələnmələrinə əsas verməyəsən».
***
Biz heç zaman qadını darıxdırmarıq – əgər qadınla onun xasiyyəti və gözəlliyi barədə danışsaq, əgər ondan uşaqlığı, zövqləri, yaxud onu kədərləndirən şeylər haqqında soruşsaq. Siz də heç zaman kişiləri darıxdırmazsınız – əgər özü barəsində danışmasını ondan xahiş etsəniz.
***
«Hər cür haqlı irad adama toxunur», – Stendal belə deyirdi.
***
Sevgi məsələsində kişi hərbə yox, sülhə can atır. Zərif və mülayim qadınlar xoşbəxtdirlər, belələrini daha çox sevəcəklər. Kişini qadın təcavüzkarlığı qədər heç nə özündən çıxartmır. Amazon qadınları ilahiləşdirirlər, amma sevmirlər.
***
Xoşa gəlməyin başqa, tamamilə ləyaqətli bir üsulu – adamlar haqqında yaltaqcasına tərif söyləməkdir.
***
«Əgər biz hamımız hamımızın haqqında deyilənlərin hamısını bilsəydik, onda heç kim heç kimlə danışmazdı». Amma bəla orasındadır ki, hamının hamı barədə nə danışdığını gec-tez hamı öyrənir.
***
Bəyəm eyni vaxtda həm kimisə sevmək, həm də ona pərəstiş etmək mümkün deyilmi? Əlbəttə ki mümkündür, amma bir şərtlə – əgər həmin adam öz üstünlüyünü təkəbbürlə ifadə etmirsə və öz növbəsində, bu üstünlük başqalarına onu himayə etməyə imkan verən xırda zəifliklərlə tarazlıq təşkil edirsə.
***
Əgər qadın kişinin insan olduğunu yaddan çıxartmasa, belə qadın hətta dahi insanın da zəhləsini tökməyəcək, onu heç vaxt boğaza yığmayacaq.
***
Necə etməli ki, sevimli olasan? Heyran etmək istədiyiniz adama özündənrazı olmağa tutarlı dəlillər verməklə. Sevgi başqa insanın xoşbəxtliyi ilə çulğaşan şəxsi gücün xoş duyğusunu hiss etməkdən başlanır. Xoşa gəlmək – həm bəxşiş vermək, həm də onu qəbul etmək deməkdir. Ey mənim qəlbimin yad qadını (ispanlar demiş), bax mən sizə belə cavab vermək istərdim.
***
Heç vaxt özünüz haqqında pis şey danışmayın. Bunu sizin dostlarınız edərlər
***
Hər şey gec-tez adamı yorub təngə gətirir, hətta başqalarının səni sevməsi də.
***
– Kişinin yalnız bir qadınla kifayətləndiyi nikah birliyi necə adlanır? – imtahan götürən müəllim bir amerikalı tələbə qızdan soruşmuşdu.
– Yeknəsəq nikah, – qız cavab vermişdi.
Monoqamlığın yeknəsəqliyə çevrilməməsi üçün diqqətlə göz qoymaq lazımdır ki, zəriflik və onun ifadə forması nəsə başqa bir şeylə növbələşsin. İki nəfərin arasındakı sevgini başqa adamlarla ünsiyyət, ümumi əmək, tamaşa kimi «dənizdən əsən küləklər» təzələməlidir. Tərif, sanki, təsadüfən, qeyri-ixtiyari olaraq qarşılıqlı anlaşmadan, qarşılıqlı həzdən doğaraq qəlbi riqqətə gətirir; lakin o, mütləq vərdişə çevrilərək adamı bezdirir.
***
Hisslərin üzə çıxdığı, duyğuların dilə gəldiyi həmin məqamda yaranan və süzülən zərif sözlər – gözəldir. Əzbərlənmiş ifadələrdəki zəriflik adamı qıcıqlandırır.
***
Təcavüzkar və hər şeydən narazı qadın kişini tez bezdirir; ancaq tələbkar olmayan, hər şeyə sadəlövhcəsinə heyran qalan qadın da kişi üzərində hökmranlığını uzun müddət saxlaya bilməz. Ziddiyyət? Əlbəttə. İnsan təzadlardan hörülüb. Gah qabarma, gah çəkilmə
***
Bəşər övladının bir çox nümayəndələri belə yaranmışdır ki, onlar sevimli olmağa asanlıqla vərdiş edir və həddən ziyadə əmin olduqları hisslərin üstündə çox da əsmirlər.
***
Mən qonaqların qarşısında məmnuniyyətlə oxuyan gənc bir qız tanıyırdım; qız çox qəşəng idi, bu səbəbdən də hamı onun tərifini göylərə qaldırırdı. Yalnız cavan bir oğlan heç nə danışmırdı.
– Bəs siz? – nəhayət, qız dözməyib ondan soruşdu. – Mənim necə oxumağım sizin xoşunuza gəlmir?
– Nə danışırsınız? Əksinə! – gənc oğlan cavab verdi. – Əgər səsiniz də olsaydı, bu, sadəcə, qiyamət olardı.
Bax qız elə bu gəncə də ərə getdi. Əlvida.
***
Klassik situasiyanın astar üzünə çevrilməsi.
***
Filipp Erianın «Qüsursuz qadın» əsərində gənc qız kişi «köməyi» olmadan uşaq doğmasına yardımçı olmaq üçün elmə müraciət edir.
***
«Simasızlıq. Oxşarlıq. Soyuqqanlılıq» – sevginin mövcud olmadığı həmin dünyanın vəhdət təşkil edən üç ünsürdən ibarət devizi belədir.
***
Bəşəriyyət heç də düşünüldüyü qədər çox deyil, ümumiyyətlə, az dəyişir. O, dəniz kimidir: üstü coşur, təlaş keçirir, ancaq insan qəlbinin girdabına yuvarlanmaq yetər ki, vacib hissiyyatların dəyişməzliyinin şahidi olasan.
***
Sevmək – sonradan zərurətə, inadkar istəyə, beyindən çıxmayan zəhlətökən ideyaya qədər böyüyüb artan hansısa imkan haqqında fikirləşərkən keçirdiyin həyəcan deməkdir
***
Bu vahimənin ömrünü uzatmaq və «kişinin ağlını başından almaq» istəyən işvəli qadına insanlığın tarixi qədər qədim olan bir taktikaya müraciət etmək tamamilə kifayətdir: qovulmağının, təqib olunmağının heç də əleyhinə olmadığını qabaqcadan işarə verib qaçmaq, imtina edib boyun qaçırmaq, lakin eyni zamanda ona ümid parıltısı saxlamaq: «Mümkündür ki, mən sabah sizinki olum». Məhz onda uğursuz kişilər onların arxasınca lap dünyanın axırınacan da gedərlər.
***
Əgər siz, ey mənim yad qadınım, haçansa özünüzü bildirib, sizi tanımağıma icazə versəniz, onda işvəkar olmayın. Yoxsa mən də istənilən başqa birsi kimi mütləq tora düşərəm.
***
– Necə?! Doktor, siz mənim qonşumsunuz?
– Bəli, xanım, sizin iki qonşunuzdan biri.
– Mən sevinc içindəyəm, doktor, uçmağa qanadım yoxdur; çoxdandır sizinlə rahat danışmaq mənə müyəssər olmurdu.
– Mən də çox şadam.
– Mənə sizdən xeyli məsləhət almaq lazımdır, doktor… Bu, sizə çətin olmayacaq ki?
– Doğrusuna qalsa, xanım…
– İlk növbədə, mənim yuxusuzluğum… Mənim necə yuxusuz olduğum sizin yadınızdan çıxmayıb ki? Mən nə görürəm, doktor? Siz şorba yeməyə başlayırsınız?
– Niyə də başlamayım?
– Doktor, bu nədir, sizin başınıza hava gəlib? Sağlamlıq üçün bundan zərərli şey ola bilməz ki, yeməkdən qabaq bu qədər mayedən istifadə edəsən…
– Bağışlayın, xanım…
– Doktor, sizdən xahiş edirəm, bu qatı bulyonu kənara itələyin və gəlin ikimiz bir yerdə əvvəlcə menyunu yaxşı-yaxşı öyrənək… Bax, semqa gedər… bu balıqda çoxlu zülal var. Kökəldilmiş axta toyuq da pis deyil… Belə ki, bizə lazım olan A vitaminini biz yağ vasitəsilə alırıq; C vitaminini isə – meyvələrlə… Amma burada B vitamini, ümumiyyətlə, yoxdur… Əfsuslar olsun! Doktor, sizə belə gəlmir?
– Yoxdursa, deməli, yoxdur.
– Doktor, mənə deyin görüm, gün ərzində mənim kimi işgüzar həyat tərzi keçirən bir qadına nə qədər kalori lazımdır?
– Dəqiq deyə bilmərəm, xanım… Bunun, ümumiyyətlə, heç bir əhəmiyyəti yoxdur.
– Necə yəni heç bir əhəmiyyəti yoxdur? Bəlkə, siz hələ deyəsiniz ki, kömürün parovoz üçün, benzinin isə avtomobil üçün heç bir əhəmiyyəti yoxdur?! Mənim həyat tərzim kişilərin həyat tərzi ilə eynidir və mənə gündəlik üç min kalori lazımdır, yoxsa mən ayaq üstə üzülərəm.
– Xanım, siz bəyəm onları hesablayırsınız?
– Mən onları hesablayırammı!.. Siz, görünür, zarafat edirsiniz, doktor, elədirmi? Mənim cədvəlim həmişə böyrümdə olur… (Çantasını açır.) Baxın, doktor… Vetçina – kiloqram hesabıyla min yeddi yüz əlli kalori edir… Cücə – min beş yüz kalori… Süd – yeddi yüz kalori…
– Qiyamətdir. Ancaq məsələn, cücənin bu qanadının nə qədər çəkisi olduğunu necə bilmək olar?
– Mən evdə tələb edirəm ki, bütün porsiyaları çəksinlər. Burada, yaxud qonaqlıqda olarkən mən gözəyarı hesablayıram… (Qadın ah çəkir.) Ah, doktor!..
– Sizə nə oldu, xanım?
– Xahiş edirəm, əl saxlayın!.. Bu, çox dözülməzdir, eynən bıçağın səsi kimi, eynən saxta not kimi, eynən…
– Axı mən neylədim ki, xanım?
– Doktor, siz zülalları karbohidratlarla qarışdırırsınız… Ah, doktor, əl saxlayın!..
– Eh! Lənət şeytana, mənə nə verirlərsə, onu da yeyirəm…
– Siz? Görkəmli həkim?! Axı siz çox gözəl bilirsiniz ki, sıravi fransızın adi yeməyi – yəni kartoflu bifşteks – ən qorxulu zəhərdir, daha bundan təhlükəlisini hazırlamaq mümkün deyil!
– Bununla belə, sıravi fransızın səhhəti çox yaxşıdır…
– Doktor, heç demə, siz xalis kafirsinizmiş… Mən daha sizinlə danışmıram… (Güclə eşidiləcək tərzdə) Bəs görəsən, mənim bu biri qonşum kimdir! Mən onun soyadını eşitmişəm, ancaq özüylə tanış deyiləm.
– O, maliyyə nazirliyinin çox mühüm bir məmurudur, xanım.
– Doğrudanmı? Necə də maraqlıdır! (Cəld sağ tərəfə dönür.) Bizim büdcəmizin vəziyyəti necədir, cənab? Siz artıq ucunu ucuna calamısınızmı?
– Mənə rəhminiz gəlsin, xanım… Mən bu gün düz səkkiz saat büdcədən danışmışam… Ümid edirdim ki, heç olmasa, nahar vaxtı nəfəsimi dərərəm…
– Nəfəs dərmək?! Biz sizə nəfəs dərməyə yalnız o zaman imkan verərik ki, siz bizim bütün işlərimizi nizama salasınız… Axı bu, asan işdir.
– Yəni belə asandır, xanım?
– Asandan da asan… Bizim büdcəmiz dörd trilyon təşkil edir, eləmi?
– Bəli, təxminən, bu qədərdir…
– Çox gözəl… Bütün məsrəfləri iyirmi faiz azaldın…
(Həkimlə maliyyəçi, eynən əlbir adamlar kimi, hər şeydən baş çıxaran, hər şeyi bilən bu xanımın arxasında bir-birinə tam ümidsizlik içində, acizanə nəzərlərlə baxırlar.)
Sizin isə, ey mənim qiymətli xanımım, heç nəyi bilməmək üçün sağlam düşüncəniz yetərincədir. Bax ona görə də siz hər şeyi bilirsiniz. Əlvida.
***
– Kişini fəth etmək… – qız mənə deyir. – Lakin qadın fəth üçün yaranmayıb. Qadın – passiv varlıqdır. O, zərif etiraflar gözləyir… Ya da qəlbə toxunan sözlər. Təşəbbüs ondan gəlməli deyil ki.
– Siz gerçəkliyi deyil, görüntünü təsvir edirsiniz, – mən ona etiraz edirəm. – Bernard Şou artıq çoxdan yazıb ki, əgər qadın zərif etiraflar gözləyirsə də, bunu hörümçəyin milçəyi gözləməsi kimi gözləyir.
***
heç bir şey gənc oğlanı laqeyd yanaşdığı qızın iddiası qədər qıcıqlandırmır.
***
Qız salxım söyüdlərin kölgəsi altında qaçır, amma həm də istəyir ki, onu görsünlər…» Geri çəkilərək rəqibi şirnikdirmək – təcrübədən keçirilmiş qədim hərbi biclik. Bu hiylə qızların da, əsgərlərin də çox karına gəlib.
***
səsi səni titrəməyə məcbur edən adamı imtahana necə çəkəsən?
***
– Deməli, darıxmağı da bacarmaq lazımdır?
– Bəs necə? – mən təsdiqləyirəm. – Bu, özlüyündə aydındır. Söhbət kişidən, ya qadından, sevgidən, ya siyasətdən getsin – fərqi yoxdur, bu dünyada həm də darıxmağı bacaran uğur qazanır.
– Elədə mən uğursuzluğa üstünlük verirəm, – mənim müsahibim cavab verir.
– Elə mən də, – onunla razılaşıram, – və Allah özü şahiddir ki, ən azı, bu məsələdə biz uğur qazanarıq.
***
kişi cinsinin məhv edilməsi mümkün olmayan şöhrət düşkünlüyünə hesablanıb.
***
Fransada kişinin qəlbinə aparan yol onun ağlından keçir. Mən sizin qəlbinizə gedən yolu tapa biləcəyəmmi? Əlvida.
***
Bu gün biz bütün bunları dəyişdirmişik. Artıq özümüz üçün ömür yoldaşı seçərkən bizdə varidat müəyyənedici rol oynamır, belə ki, hazırda işləyən savadlı qadın, yaxud yaxşı ixtisasa malik olan kişi dəyərini qəfildən itirə biləcək hər hansı cehizdən xeyli yüksək qiymətləndirilir. Ali, yüksək məhəbbət də, romantik sevgiyə meyil də – köhnə əsrlərin mirası – artıq öz əvvəlki əzəmətini itirib. Niyə? Əvvəla, o səbəbdən ki, bərabər hüquqlar əldə etmiş qadın kişi üçün artıq əlçatmaz, sirli bir varlıq deyil, sadəcə, yoldaşdır; ikincisi, ona görə ki, indi gənc qızlar sevginin fiziki tərəfləri barədə heç də az şey bilmirlər və sevgi-nikah məsələlərinə ayıq gözlə baxırlar.
***
Molyerin dövründə izdivac məhəbbətin sonu kimi əlamətdar idi. Bu günsə nikah sevginin başlanğıcıdır. İki nəfərin uğurlu ittifaqı bu gün həmişə olduğundan daha səmimidir, çünki bu, eyni vaxtda bədənin, ruhun və zəkanın birgə ittifaqıdır. Balzakın dövründə öz arvadına dəlicəsinə aşiq olan ərə gülməli adam kimi baxırdılar. Bu gün pozğunluq və əxlaqsızlıq roman səhifələrində gerçək həyatda olduğundan daha çoxdur. Hazırkı dünya sadə dünya deyil; həyat həm kişidən, həm də qadından hər şeyi tam şəkildə tələb edir, buna görə də getdikcə dostluq telləriylə möhkəmləndirilən, qarşılıqlı meyil və ruhi bağlılığa əsaslanan nikah fransız qızlarına sevgi problemlərinin ən yaxşı həlli kimi görsənir.
***
– Cırılan yeri niyə tikməyəsən ki?
– Ah, bu kişilər! Onların heç nədən anlayışları yoxdur. Axı yamanmış yer dərhal gözə çarpacaq.
– Bir az məxmər parça alın və eninə zolağı əvəz eləyin.
– Siz nə danışırsınız? Eyni rəngli iki məxmər lap az da olsa, çalarına görə mütləq bir-birindən fərqlənəcək. Paltarın ətəyindəki qara məxmər bir az yaşıla çalacaq. Bu dəhşətdir. Mənim bütün rəfiqələrim bunu dərhal görəcəklər, dedi-qodu baş alıb gedəcək.
– Mikelancelo heykəli yapmaqçün aldığı mərmər qaymasının damar və çat yerindən xeyir çıxartmağı bacarırdı. O, materialın bu qüsurlarını əlavə gözəllik mənbəyinə çevirə bilirdi. Qoy paltarın bu yırtıq yeri də sizi ruhlandırsın, sizə əlavə ilham versin. Siz də ixtiraçılıq edin, ora tamamilə başqa bir parça tikin. Hamı elə düşünər ki, bunu özünüz qəsdən, bilərəkdən etmisiniz və sizin bu təşəbbüsünüz hamıda heyranlıq doğurar.
– Necə də sadəlövhsünüz! Bütövə təzad təşkil etməyən detal yalnız o zaman gözə girməz ki, eyni tondan və üslubdan olan hansısa əlavə paltarın başqa bir yerində olsun – jaketin qatlanma yerində, paltarın yaxalığında, yaxud kəmər yerində. Ancaq bu, ayrıca zolaqdır… Cəfəngiyata bax!
***
Ey mənim yad rəfiqim, bəla piramidasının altını üstünə çevirməyin və altı yanmış piroqu, sapı qaçmış corabları, heç bir günahı olmayan adamların qovulmasını və təhlükə altına düşən sivilizasiyanı tərəzinin eyni gözünə qoymayın.
***
Evlərində sobanın üstündəki saata həmişə «Mariya Antuanetta», yataq otağındakı mebelə isə «On altıncı Lüdovik» deyildiyini eşidən bir oğlan uşağı axırda zənn etmişdi ki, onun öz adı Fransua olduğu kimi, sobanın üstündəki saatın da adı Mariya Antuanettadır. Təsəvvür etmək çətin deyil ki, elə ilk fransız tarixi dərslərindəcə ondan ötrü ev əşyaları mənasında olan adlar qanlı və kədərli hadisələrlə qarışıb onun xəyalında necə əcaib obrazlar yaradacaq.
***
Biz öz uşaqlarımızı bu ağır sarsıntılardan yalnız onda xilas edə bilərik ki, bir şeyi heç zaman yaddan çıxarmayaq: uşaqlar kəskin marağa malikdirlər və bizdən daha həssasdırlar. Bu – analar üçün dərsdir.
***
Qadın bədəni çimərliklərdə hamının nəzərləri üçün açıqdırsa, hansı qısqanclıqdan söhbət gedə bilər…
***
Çünki oyunun qaydaları dəyişsə də, istinad nöqtəsi elə əvvəlki kimi qalır. Həmin istinad nöqtəsi sizsiniz, ey mənim qiymətli xanımım.
***
Ey mənim qəlbimin yad qadını, siz hiss etmisinizmi ki, bizim qüsurlarımız da uğurlarımız qədər, bəzən hətta uğurlarımızdan da artıq dərəcədə xoşagələn ola bilər? Axı uğurlar sizi göylərə qaldırmaqla yanaşı, bir başqasını alçaltmış olur, halbuki bu vaxt çatışmazlıqlar başqalarının sizə qərəzsiz şəkildə gülməsinə imkan verməklə onları öz gözlərində göylərə qaldırır. Naqqallığı, çərənçiliyi qadına bağışlayırlar, haqlı olmasını isə – bağışlamırlar.
***
Yunanlar Aristidi məhz o səbəbdən xoşlamırdılar ki, hamı onu Ədalətli adlandırırdı.
***
bu paxıl ölkədə gülünc görsənmək məşhurlaşmağın yeganə təhlükəsiz üsuludur.
***
Tələbkar oldunsa – deməli, adamları maraqlandıracaqsan.
Nəsihət: özünüzü təbii aparın və əgər bu, sizə xasdırsa, bir az da obrazlı. Buna görə sizə minnətdar olacaqlar.
***
Tamaşa qadınların sevimli silahıdır. O, qadınlara imkan verir ki, onlar bir dəfəyə qısa emosional partlayış yolu ilə, tam narazılıqla öz istəklərinə nail olsunlar – halbuki sakit vəziyyətdə buna nail olmaq üçün onlara bütöv ayları, illəri boş-boşuna yelə vermək lazım gələrdi.
***
Əgər sizin nifrətiniz öz təsdiqini tapsa, bu, o deməkdir ki, sizdə məğrurluq hissiyyatdan daha güclüdür.
***
öz göz yaşlarınızın keşişi olun. Tamaşalar nadir olduqda effekt doğurur. Az qala, hər gün ildırımlar guruldayan ölkələrdə onlara heç kim fikir vermir.
***
Gözlənilməzlik – qələbənin girovlarından biridir. Tamaşalar az, lakin parlaq olmalıdır, xanım.
***
Hansısa on beş dəqiqə çəkən intim yaxınlıqdan sonra bir-birini hətta sevgiylə də deyil, ən azından cazibə ilə doyduran iki adam arasında elə bir etibar, elə bir ünsiyyət rahatlığı, bir-birinə qarşı elə bir incə diqqət yaranır ki, belə bir şey heç onillik möhkəm dostluqdan sonra da peyda ola bilməzdi».
***
Qadınlar dost kimi qalmağın mümkün olduğu həssas kişiləri intuitiv şəkildə hiss edirlər.
***
Ən yaxşı falları tapmacalar vasitəsilə izah edirlər.
***
Mühazirənin mövzusu – «Stendalın romanları» – burada çox az adamı cəlb edir… Sizi ruhdan salmaq istəməzdim, hörmətli metr, amma razılaşın ki, belədir… Yox, bizim tərəflərdə başqa mövzularda mühazirələri xoşlayırlar; məsələn, «1900-cü ilin mahnıları» mühazirəsinin vallarla dinlənilməsi, yaxud deyək ki, «Türkiyədə məhəbbət»…
***
Yalqız kişi bəxtiyardır».
Amma neyləsə də, o, məni inandıra bilmədi. Mən yaxşı başa düşürəm ki, subay adamın çiyinləri əlavə yüklə yüklənməyib. O, gündəlik məişət qayğılarından, ailə çəkişmələrindən azaddır. Özü üçün həlledici məqamda uşağın xəstələnməsi, yaxud hansısa ailə mübahisəsi nəticəsində qəfildən sıradan çıxmaq təhlükəsi onu gözləmir. Ancaq subay adam qadın şıltaqlıqlarından bəyəm bu dərəcədəmi azaddır? Əgər o, müqəddəs adam deyilsə, onun həyatında mütləq hansısa bir qadın peyda olacaq, məşuqə isə qanuni arvaddan daha təhlükəlidir.
***
Subay adama həmişə hansısa natamamlıq xasdır: onun bəşər cinsinin digər yarısına qarşı baxışları ya romantik, ya da tənqidi olacaq.
***
Balzak həyatının böyük hissəsini subay keçirib, bununla belə, ailə həyatının səhnələrini ondan yaxşı heç kəs təsvir edə bilməyib. Bu doğrudur, ancaq o, Balzakdır – ona onca kəlmə kifayət idi ki, ər-arvad cütlüyünün həyat mühitini yaratsın. Adi adam üçünsə təkcə elə bir qadını – öz arvadını axıradək dərk etməyə əlli il güclə çatar. Əlvida.
***
Siz məndən soruşursunuz ki, romanlar necə yazılır? Əgər mən bunu bilsəydim, xanım, onda mən onları yazmazdım
***
Mən belə güman edirəm ki, öz peşəsinin texnikasına son dərəcə yaxşı bələd olan hər bir romançı günahkardır.
***
Hadisələrin cərəyan etdiyi dövrü müəyyənləşdirəndən sonra müəllif öz kitabında eyni dərəcədə ədəbsiz və amansız, eyni dərəcədə qarşısıalınmaz qadın qəhrəmanı yerləşdirib oturdur və hər otuz səhifədən sonra bu canalıcı xanımı növbəti aşnasıyla bir yatağa salır. Yüz min tiraja söz yoxdur – təmin olunub! Hər üç cilddən sonra dövrü dəyişin.
***
Yazıçı taleyin ədalətsizliyinə görə imkan daxilində özünü mükafatlandırır
***
«Madam Bovari – mənəm» – Flober deyirdi. Məhz buna görə də «Madam Bovari» şedevrdir.
Ona lazım olan süjetin tapıldığını yazıçı necə bilir, necə öyrənir? Bax bu cür: əgər süjet üzərində düşünərkən həyəcan keçirirsə.
***
Əgər uğur qazansanız, əlyazmanızı mənə göndərməyin. Mən, yəqin ki, onu itirərəm.
***
İnsanın «taleyə düzəliş vermək» qabiliyyəti hər şeydən öncə bizim hadisələrə necə reaksiya verməyimizə əsaslanır.
***
Kimsə sizi sevir və sevgisini sizə etiraf edir. Amma müharibə onu sizdən oğurlayır; iqtisadi böhran onu müflis edir; onun həyatına başqa bir qadın daxil olur. Faktlar belədir. Lakin sizin bədbəxtliyinizin, yaxud xoşbəxtliyinizin səbəbləri təkcə bu çılpaq faktlarda deyil. Həmin hadisələrlə üzbəüz qalarkən sizin rəftarınız necə olacaq? Bax ən başlıca sual məhz budur! Əksər situasiyalarda həyatınızın sonrakı bütün gedişatının sizin tərəfinizdən qəbul ediləcək qərardan asılı olduğu belə bir dəqiqə – yeganə dəqiqə – mövcud olur. Mən onu taleyi müəyyən edən dəqiqə adlandırıram. Nəyə görə söhbət yalnız bircə dəqiqədən gedir? Dünya özü belə qurulub. Xoş təsadüfün iki dəfə təqdim olunması çox nadir hadisədir.
***
Bu gün qələbə səy tələb etmirdi, şübhə doğurmurdu; sabah isə o əlçatmaz olacaq.
***
Lakin sərbəstlik – nisbi anlayışdır. Bir xalq çılpaq bədənə təmkinlə yanaşır, o biri xalq – yox.
***
Andre Biyi bizə təlqin edir ki, qadının geyinməyinin səbəbi başqa şeydədir: bu – onların öz nüfuzlarını qorumaq cəhdidir.
***
Başqa bir fərziyyə: utancaqlıq bədəndəki nöqsanların aşkar olunmaq, üzə çıxmaq qorxusundan yaranır. Bu doğrudurmu? Siz yaxşı bədən quruluşuna malik qadınların az utancaq olduqlarını hiss etmisinizmi, xanım? Mənə bu nöqteyi-nəzər çox məhdud və ədalətsiz görünür. Tərbiyəsi, yaxud dini əqidəsi sayəsində əxlaqlı qalan qadın öz formasının təkmilliyinə baxmayaraq, daim belə əxlaqlı olaraq da qalacaq. Bəli, həqiqətən də, çılpaqlığı insanın təbii vəziyyəti saymaq olmaz.
***
«Çılpaq deputatların iclas keçirdiyi parlamenti təsəvvür etmək mümkün deyil», – qəzəbli Svift deyirdi. Sizə belə mənzərəni görməyi arzu etmirəm. Əlvida.
***
Lap kiminsə həyatı nə qədər yaxşı təmin olunsa belə, yenə dəxli yoxdur, gənclikdə arzu edilənlə sonradan əldə olunan arasında kəskin fərq mütləq mövcuddur.
***
Ərlə arvadın birgə həyata uyğunlaşmasından ötrü onların arasında ən azından minimal oxşarlığın olması lazımdır; misal üçün, Jorj Sandın nikahı, onun ailə həyatı üzərində düşünün. O, hələ lap gənclik çağında – on səkkiz yaşında – baron Kazimir Düdevana ərə getmişdi. Kazimir gözəl bir gəncdir və xanımını xoşbəxt eləmək istəyir; öz növbəsində, Jorj Sand da xoş niyyətlə nikah bağlayır və birgə ailə həyatına qədəm qoyur. Lakin o, ədəbiyyatı və musiqini qızğın ehtirasla sevən savadlı bir qadındır, Kazimir isə kitabın bircə səhifəsini çevirməmiş, yuxu onu tutur. Bir məsələ də var ki, Kazimir öz arvadına heyrandır və buna görə də xanımının xoşuna gəlməkdən ötrü var gücüylə çalışır, az qala, lap dəridən-qabıqdan çıxır. Jorj Sand ona Paskalı oxumağı məsləhət görür, elədirmi? Eybi yox, Kazimir bunu sınaqdan keçirər. Amma heyhat! Kitab onun əlindən sürüşüb yerə düşür və bu, arvadında ona qarşı ikrah yaradır.
Bundan başqa, Jorj Sand çoxlu roman oxuyub və fikirləşir ki, həyat bu romanlara uyğun gəlməlidir; o, ehtiraslı məhəbbətin həsrətini çəkir, istəyir ki, bu sevgi ən yüksək bir şəkildə ifadə olunsun. Bədbəxt Kazimirə isə zərif ehtirasların dili qətiyyən tanış deyil. Ondan ötrü ailədə sevgi – ərlə arvadın təbii hüquqlarıdır. Ər arvadı öz ağuşuna alır və bununla da hər şey ifadə olunur, hər şey deyilmiş olur. Uyğunsuzluqdurmu? Bəli, uyğunsuzluqdur. Qabaqcadan söyləmək əsla çətin deyil ki, lap hər iki tərəfdən vaxtaşırı olaraq yetərincə xoş məramlar ortaya çıxsa belə, həmin nikah gəmisi ilk sualtı qayaya rast gələn kimi hökmən qəzaya uğrayacaq – o «sualtı qaya» isə hər hansı romantik bir gənc ola bilər.
***
Tamaşaçı qulaq asmır, əgər qulaq asırsa, deməli, eşitmir, əgər eşidirsə, deməli, anlamır
***
sakitlik bizə öz sirli düşüncələrimizin əks-sədasını qaytaran gözəgörünməz divardır.
***
Sevən adam öz daxili «mən»ini o dünyaya göndərir və bu dünyanın parıltısını görməyə ümid edir. Həqiqi məhəbbət iki nəfəri birləşdirir və bu adamlardan biri digərini özündən yuxarı qoymağı bacarmalıdır». Hə, sən nəinki o biri adamı qəbul etməlisən, həm də onu özündən yuxarı qoymalısan. «Məhəbbətin tükənməsi kədərlidir, çünki bəyəm sevmək o demək deyilmi ki, tədricən dəyərini itirən şeyin üzərində getdikcə daha çox əsəsən?
***
Siz, ey mənim əziz dostlarım, sevdiyim adamın adından sizə ərz edirəm ki, məhəbbətdə faciə yoxdur. Faciə yalnız sevginin yoxluğunda gizlənib. Parçalanmış, ikiyə bölünmüş duyğular xoşbəxtlik olmaya bilməz
***
Hazırda xoşbəxt nikahların dəbdə olduğu dövrdür, xanım. Siz, yəqin ki, deyəcəksiniz: «Roman müəlliflərinin işi heç də asan olmayacaq… Major tonlarda bəyaz simfoniya»… Qiyamət addır, amma belə adda kitab yazmaq asan deyil. Nə bilmək olar? Axı ağ rəngin nə qədər çalarları mövcuddur. Xoşbəxtlik yaz fəsli kimi öz simasını hər gün dəyişir.
***
Sizin təbiətiniz elədir ki, göz yaşları qəlbinizdə baş verən təbəddülatı, daxilinizdəki boşluğu, sınıqlığı, adətən, yaxşılığa doğru dəyişir.
***
O, belə fikirləşirdi ki, kitabı açan kimi lazımi səhifəni tapa bilməyən adam müəllifi tanımır.
***
Bir neçə ölməz əsəri diqqətlə oxuyub mənimsəmiş qadın özünü gün ərzində üç təzə kitabı fikri dağınıq halda tələsik gözdən keçirən qadından daha savadlı saya bilər.
***
Müəlliflə elə ilk görüşdəcə onun kitabını oxumaq üçün müvəqqəti borc götürmək münasib və hətta ağıllı hərəkətdir. Əgər tezliklə həmin kitabı «oğulluğa» götürmək qərarına gəliriksə, ona vətəndaşlıq hüququ vermək lazımdır. Eyni zamanda, yalnız bütün ömrün boyu yaşamaq istədiyin kitablarla «evlənmək» və yalnız onları almaq lazımdır.
***
Bəs necə oxumaq lazımdır? Əgər kitab bizi «tutursa», birinci dəfə onu tez, sürətlə və maraqla oxuyuruq. Biz, sadəcə, səhifələri gözümüzə təpir, onları birnəfəsə uduruq. Amma onu sonradan oxuyarkən (yaxşı kitabı dəfələrlə, təkrar-təkrar oxuyurlar) əlində karandaş, yaxud qələm olmalıdır. Xoşagələn parçaları, yaxud dərin fikirləri qeyd etməkdən yaxşı vərdiş yoxdur – zövqü və mühakimə düzgünlüyünü başqa heç nə bu cür formalaşdıra bilməz.
***
Son dərəcə səmərəli mütaliə üsulu – «ulduzşəkilli» oxudur: oxucu əsas kitabdan, yaxud süjetdən başlayaraq müxtəlif istiqamətlərdə (sanki, ulduzların şüaları üzrə) hərəkət etməklə öz maraq dairəsini genişləndirir; misal üçün: mən Prustu oxuyur və ona heyran qalıram. Onun kitablarına dərindən baş vurmaqla öyrənirəm ki, Prust özü Reskinin, Jorj Sandın vurğunu olub. Reskini və Jorj Sandı oxumağa girişirəm: Prust kimi bir yazıçının yaxşı hesab etdiyinə mənim də biganə qalmağım mümkün deyil. Şatobrianın sayəsində mən Juberlə tanış oldum. Şarl Dyu Bo isə məni «İki dəfə itirilmiş Evridik»ə doğru itələdi. Vaxtilə Moris Barinq məni Çexovla, Qoqolla qovuşdurmuşdu. Mənəvi dostluq telləri məhz bu şəkildə yaranır.
***
Kilsə qabaqcadan tədbirli və ehtiyatkar tərpənib dindarlara təsbeh çevirməyi məsləhət gördüyü kimi, qəzetlər də müdrikcəsinə öz oxucularına krossvordla baş qatmağı təklif edir.
***
Gözlərini yumub təsəvvüründə canlandırdığın qoyunları saymaqmı? Bu yalnız ingilislərə kömək edir, özü də, ola bilsin ki, yalnız çobanlara.
***
Mənim özümdə yuxusuzluq əleyhinə üç resept var. Birinci resept – uşaqlıq, yaxud yeniyetməlik çağlarımla bağlı müxtəlif xatirələrimdir. Onlar beyinə girmiş qarayaxa ideyanı oradan qovub çıxarır, çünki onu doğuran hadisələr mənim öz yaddaşımda diriltmək istədiklərimdən sonra baş verib və keçmişin hüdudlarına, çərçivələrinə sığışmır. Amma bütün diqqəti bu epizodlara bənd etmək üçün böyük inadkarlıq lazımdır.
***
İkinci üsul – kirpiklərini bir-birinə sıxan kimi həmişə gözlərin qabağında yaranan parlaq işıq ləkələrini diqqətlə müşahidə etmək və onların cizgisində adamları, yaxud əşyaları tanımağa çalışmaq. Hansısa müddətdən sonra bu obrazlar yuxu gətirir. Bax beləcə, siz ölü nöqtədən tərpənmiş olursunuz.
Üçüncü və ən asan üsul – həkimdən yuxugətirici dərman xahiş etmək. Yuxu həbi yuxusuzluqdan az təhlükəlidir.
***
mən yaxşıların yaxşısı olan bizim dünyamızda hər şeyin heç də yaxşılığa doğru getdiyini düşünmürəm.
***
Bəli, biz bir ovuc çirkli torpağın üzərində fırlanırıq. Problem başqa şeydədir: bəs biz onun üzərində olarkən həmin müddətdə nə edə bilirik və nə etməliyik?
***
Bir sözlə, insanın köləliyi barədə danışmaqdansa, onun azadlığı barədə danışmaq daha yaxşıdır.
***
Əgər mən yıxılmaqdan qorxuramsa, mütləq yıxılasıyam; bu, başgicəllənmə adlanır və bütöv xalqlara xas olduğu kimi, ayrı-ayrı adamlara da xasdır.
***
Qadının imtina etmək hüququ olmalıdır. Mən təsdiq edirəm, mən inanıram ki, ya bütün varlığınla sevməlisən, ya da bəkarətini qoruyub saxlamaqla yaşamalısan…»
***
Günah heç də qadının sevmədiyi adamdan sevdiyi adamın üstünə getməsində deyil, sevmədiyi adamla (hətta bu, onun əri olsa belə) yaşadığı həyatdadır»
***
Jorj Sand kişilər üçün olduğu kimi, qadınlar üçün də nikah birliyinə sərbəst surətdə xitam vermək hüququ və öz gəlirlərindən sərbəst istifadə etmək hüququ tələb edirdi. Onun feminizminin hüdudları belə idi. Sand vətəndaş bərabərliyi məsələlərinə toxunmurdu. Ona görə yox ki siyasi əqidəyə malik deyildi: Sand qızğın respublikaçı və sosialist idi; lakin o, qadınlar üçün nə səsvermə hüququ tələb etmirdi, nə də seçilmə hüququ. Bax elə onun səhvi də bunda idi (burası bu gün bizə gün kimi aydındır), çünki məhz elə vətəndaş bərabərliyi, məhz mülki bərabərlik sayəsində qadın iqtisadiyyat sahəsində də yavaş-yavaş bərabərliyə yaxınlaşdı. Qadınlar səsvermədə iştirak etməyə başlayandan sonra isə bu səslərdə maraqlı olan deputatlar onların məqsəd və hüquqlarına hörmətlə yanaşmağa başladılar.
***
Qadınların xilası – onların özlərinin işi olmalıdır.
***
«Ola bilsin, hər iki cins bir-birinə düşünüldüyündən daha çox yaxındır, – Rilke demişdi, – və dünyanın böyük təzələnməsi, heç şübhəsiz, bundan ibarət olacaq: çaşqınlıqdan azad olmuş kişi və qadın bir-birinə rəqib kimi baxmaqdan əl çəkəcək. Onlar öz insani mahiyyətlərini ondan ötrü birləşdirəcəklər ki, yüz il boyunca onlara verilmiş ağır can yükünü birgə çəksinlər – ciddiyyət və təmkinlə… Günlərin bir xoş günü «qız» və «qadın» sözləri, sadəcə, kişidən fərqli olan cinsi ifadə etməklə kifayətlənməyəcək, həm də yalnız onların özlərinə xas olan hansısa bir məna kəsb edəcək. Onlar yalnız əlavə olaraq qalmaqdan qurtulacaq və varlığın bitkin formasını əldə edəcəklər – qadın onun həqiqi insanlığında peyda olacaq». Həmin gün gələndə qadınların xilası həmçinin kişilərin də xilası olacaq. Çünki tiran – eyni zamanda həm də kölədir.
***
Öz şəxsi heysiyyətinə heç bir zərər toxundurmadan qəbul etməyi bacardığın halda, həyatın sənə təklif etdiklərindən imtina etmək – sadəcə, ağılsızlıqdır. Bəli, cavanlıqda məhəbbəti dərk etmək lazımdır ki, sevginin bizə bir daha bəxş olunmadığı yaşlı çağlarda onun faciəvi əzab və hiddətini öz üzərində hiss etməyəsən. Bəli, qocalıq üçün şöhrət qazanmaq lazımdır ki, ömrün axırlarında acı və miskin günlər sürməyəsən. Uğur özlüyündə talantın şəhadəti deyil, amma o, istedadlı adamı qocalıqda uğur dalınca qaçmağın şirnikdiriciliyindən xilas edir. Nəsihət: heç bir ləyaqətsizliyə yol vermədən həyatda əldə edə biləcəyin heç nəyə etinasız yanaşmaq lazım deyil.
***
Həyatı boyu bəxtinə bircə dəfə də olsun səadət payı düşmə yən adamlar tək-tükdür, amma onu qoruyub saxlamağı bacaranların sayı daha azdır. Sizi əldə etdiyim halda, mənim əzizim, mən sizi itirmək istəmirəm və öz yanımda saxlayıram.
***
Hansısa yaşlı bir xanım («Axı bu yaşı ötmüş qadınlar niyə mövcuddur?» – Bayron təəccüblənirdi) soruşurdu:
***
Öz xeyirxahlığında ifrata varmaq bəzi adamlar üçün böyük tamahdır.
***
mərhəmət bağışlanmaz olur, çünki o, mərhəmət göstərilən adama ciddi ziyan vurur, sağalmaz xətər yetirir.
***
Bir çox uğursuz talelərin səbəbi – düzgün olmayan tərbiyədir.
***
Hər nəsildə müəyyən sayda qəhrəmanlar və xadimlər mövcuddur. Amma sülh şəraitində, dinc dövrlərdə belələri iş başında olmurlar.
***
Kleopatranın burnu qısa olsaydı, Romanın tarixi yenə öz axarıyla gedərdi – möhtəşəmliyi tənəzzül əvəz edərdi.
Sizin isə, xanım, burnunuz uzun olsaydı, mən indi yenə də yad qadına öz məktublarımı yazardım. Amma o yad qadın başqası olardı.
***
Bilirsiniz, qadın həm əşya, həm də şəxsiyyət ola bilər. Qadın şəxsiyyətdir – əgər o, sevdiyi kişidən öz müstəqilliyini qoruyursa; əgər öz baxışlarında və planlarını qurmaqda tam sərbəstdirsə və əgər öz bədəninin ağası, öz düşüncələrinin sahibidirsə. Qadın əşyadır – əgər özüylə əşya kimi davranmağa icazə verirsə; lap ən gözəl və qiymətli bir əşya olsa da, şəxsi iradədən məhrumdursa; öz sahibinin istək və şıltaqlıqlarına itaətkarcasına tabedirsə və yalnız iştaha gələndə ortaya gətirilən dadlı bir yeməyə bənzəyirsə.
***
Həmin vaxtlar şəxsiyyət olmağı arzu edən qadın, əlbəttə ki, kişini qıcıqlandırırdı. Jorj Sandın bədbəxtliyi də elə bu səbəbdən idi. O, hər şeydən öncə insan idi və tələb edirdi ki, onunla insan kimi davransınlar. Onu əhatə eləmiş kişilərin əksəriyyətindən ağıllı və dərrakəli olduğu üçün Jorj Sand kişilərə heç nədə güzəştə getmirdi. Onun öz baxışları vardı. Sevgi əlaqəsindən təngə gəlib o, bundan əl çəkdi – necə ki bunu kişilər edirlər. Gündəlik yaşayış üçün pulu o özü qazanırdı və öz mülkünü, öz sərvətini özü idarə etmək istəyirdi. Onun çaşbaş qalmış və bütün bu şeylərdən baş çıxarmayan bədxah əri şikayətlənirdi.
– Mən qadınla yox, deyəsən, kişiylə evlənmişəm, – deyirdi.
Təkcə əri deyil, Jorj Sandı, az qala, bütün cəmiyyət qınayırdı. Onda isə, əksinə, əsl qadınlıq vardı – Jorj Sand həm zahirən, həm davranış baxımından, həm öz hisslərinin ifadəsinə görə, həm də əqli cəhətdən xalis qadın idi. Ancaq o, qadın-şəxsiyyət idi, daha qadın-əşya deyildi. Bax bütün məsələ də bunda idi.
Bu yaxınlarda mən Fransanın iri şəhərlərinin birində bu mövzuda mühazirə oxumuşdum və sonda bildirmişdim ki, şəxsən mənim özümün qadın-şəxsiyyətlər daha çox ürəyimcədir, nəinki qadın-əşyalar.
***
Xoşxasiyyət qadın ərinin ən ağır günündə ona bir sığınacaqdır; daim narazı qadın isə «daim daman tavan» kimidir. Qıcıqlandırmağına qıcıqlandırır, amma müdafiə etmir.
***
Bundan başqa, özünün maddi yaşayışını təmin etməyə qabil olan qız zərurət ucbatından deyil, azad seçim əsasında ərə gedir. Peşə onu müdafiə edir, onu qoruyur və onun xeyirxah məsləhətçisi rolunda çıxış edir.
***
«Qadınların ilahi gücü – onların yoxluğunda, göz qabağında olmamasındadır». Bu mənada siz çox güclüsünüz, xanım.
***
Apolliner çox vaxt eyni gündə üç müxtəlif qadına məktub yazırmış, cüzi dəyişikliklərlə onlara məhz eyni şeirləri həsr edirmiş. Bütün bunlar qıcıqlandırırmı? Siz əsla haqlı deyilsiniz, mənim gözəlim. Epistolyar janrda parlayan sevgililərin hamısı məhz bu cür hərəkət edib. Şatobrian qabaqlar xanım Rekamye üçün yazdığı məktubların üzünü çox da fikirləşmədən xanım de Kastellan üçün yenidən «köçürə» bilərdi! Bu cür gözəl silahdan necə imtina edəsən və onu niyə də təkrar işlətməyəsən? Bu qeyri-səmimilik sizi dəhşətə gətirir? Lakin şairlər səmimi olur, querida, inanın ki, onlar son dərəcə səmimidirlər. Apollinerdən, yaxud Şatobriandan ötrü hər üç qadın öz təssəvvürlərində yaratdıqları eyni bir «nazənin» obrazında cəmləşir. Şairlər üçün bu cür «uydurma», bu cür «başqa cildə salma» mütləq lazımdır; bunsuz poeziya yoxdur.
***
Görəsən, mən bu kişini necə dəyişim ki, o, məni xoşbəxt eləsin?»
***
əgər dünyada kişinin nə xudbin, nə tənbəl, nə koranə, nə də vasvası olmamasını tələb edən ağılsız, mühakiməsiz qadınlar hələ də mövcuddursa, onda razılaşaq ki, onların işi Allaha qalıb.
***
nsanları olduqları kimi qəbul etmək kifayət deyil; onların o cür olmasını arzu etmək lazımdır – bax əsl məhəbbətin mahiyyəti budur
***
Birinci üsul insanlara tənqidi gözlə baxmaqdan ibarət olan üsuldur – mümkündür ki, bu, ədalətli, lakin sərt üsuldur; bu, laqeyd adamların yanaşmasıdır. İkinci üsul isə zəriflik və yumor hissindən hörülmüş üsuldur; bu zaman bütün nöqsan və qüsurları görmək, amma onlara təbəssümlə baxmaq olar – sən onları çox mülayim tərzdə, xətrə dəyməyən zarafatla düzəldirsən. Bu, sevən adamların yanaşmasıdır.
***
Və sübut haradadır ki, hərgah sizin yaxın, doğma bildiyiniz adamlar başqa cür olsaydılar, onda siz daha xoşbəxt olacaqdınız?
***
Querida, hamı kimi siz də bilirsiniz ki, Cülyetta Drue bu yaxınlarda çox böyük təmtəraqla şöhrətləndirilən dahi Hüqoya tam əlli il ərzində səcdə edib; siz bilirsiniz ki, Cülyetta Drue ona iyirmi mindən artıq məktub yazmışdı və həmin məktublarda iyirmi mindən artıq ibarəni (bu vaxt yeknəsəqlikdən qaçmağı bacararaq) təkrar eləmişdi: «Sən hamıdan möhtəşəmsən, sən ən gözəlsən… Sevgilim, sənə olan sonsuz sevgimi, hüdudsuz məhəbbətimi mənə bağışla… Səni görmək – yaşamaq deməkdir; sənin səsini eşitmək – düşünmək deməkdir; səni öpmək – göylərdə qanad çalıb uçmaq deməkdir… Salam, mənim sevgilim, salam… Bu gün səhər sən özünü necə hiss edirsən? Mən ki yalnız bir şeyi bacarıram – sənə xeyir-dua verməyi, səndən vəcdə gəlməyi və bütün qəlbimlə, bütün varlığımla səni sevməyi…»
***
Siz – amazonkanın, siz – daşürəklinin, siz – qəddar qəlblinin, siz – dalaşqanın necə heyrətlə səsləndiyinizi mən artıq elə buradanca eşidirəm: «Əlli il pərəstiş? Əlli il itaətkarlıq? Ah, yəqin ki, o qadın Hüqonu əməlli-başlı bezdirib!»
***
sənətkarlar, siyasətçilər, görkəmli xadimlər gündəlik dozada sədaqət və itaətkarlığa tələbat duyurlar. Tərif, Ehtiram, Pərəstiş – bir-birinə yaxın olan bu anlayışların tərkibində məxsusi «TEP» vitamini var; bu vitaminsiz onların iradəsi zəifləyir. Bizim bədənimiz kalsiuma və fosfora ehtiyac duyur, ruhumuz isə təqdir və iltifata. Bədənimiz günəş şəfəqlərindən canlanır, ruhumuz – məhəbbət şüalarından.
***
İki sevən ürək bir olub indi,
İndən belə ayrı qalmaq çətindi,
Ah, Jülyetta, xatirələr yüz ildi
Artıq bizi birləşdirib, deyilmi?
Əziz dostum! Axşamların dincliyi,
Gündüzlərin sayrışan şən işığı,
Sənsən məhəbbətim, sənsən gəncliyim –
Bu dünyada hər şeyim sənsən mənim!
Sizə elə gəlmirmi ki, qocalıqda bu cür misralara layiq görül məkdən ötrü cavanlıqda şairə səcdə etməyə dəyərdi? Əzizim, elə bu dəqiqə qələmi götürüb mənə sayğı və pərəstiş dolu təsirli bir məktub yazın, mən isə sizin yubileyinizə sonet həsr etməyə söz verirəm
***
əgər övladlarınıza münasibətdə sizin laqeydliyiniz çılğınlığınızdan güclü olmasaydı, törəmələrinizin bu qədər ağılsızlığı sizi ümidsizliyə, ruh düşkünlüyünə salardı;
***
Sizin pulunuz o dərəcədə çoxdur ki, məzənnənin enə biləcəyinin, yaxud valyutanın dəyərdən düşəcəyinin mümkün ehtimalı sizi daimi təlaşda saxlayır.
***
Egeriya – bu adla Numa Pompiliyə ilham verən nimfanı1 çağırırdılar, – mən ona dedim. – Numanın təsdiq etdiyinə görə, guya, onlar müqəddəs ormanda görüşürlərmiş və nimfa ona hansı siyasəti yürütmək barədə məsləhətlər verirmiş.
***
mən düşünmürəm ki, qadın kişinin hakimiyyətə yolunu aça bilər, amma bir məsələ ilə razılaşıram ki, bəzən qadın kişini həmin hakimiyyət üçün layiqli edir.
***
Məhəbbət – simptomları hər dəfə müxtəlif şəkildə üzə çıxan bir xəstəlikdir.
***
Kasıblığı ucbatından Mariya Bidnell tərəfindən rədd edilən Dikkens sonradan zəhmli, deyingən, tündməzac, daim gileyli bir ərə çevrildi. Öz səadətlərini tapmaqda Bayrona da, Dikkensə də məhz ilk uğursuzluqları mane olmuşdu.
***
Cavanlıqda özündən xeyli yaşlı olan qadınla sevgi əlaqəsinə girən Balzak bütün ömrü boyu özünə inamını və bir qədər sadəlövh lovğalığını – çətin həyati döyüşlərdə ona xidmət göstərmiş keyfiyyəti qoruyub saxlamışdı.
***
İstedadlı adamın və ümumiyyətlə, istənilən adamın ilk məhəbbəti olmaq necə də dəhşətli məsuliyyətdir, xanım!
***
Sizi həyatda bircə dəfə də peşman etməyən və aldatmayan kişi ilə (yaxud qadınla) rastlaşmaq necə bir möcüzədir!
***
axşı yadıma düşdü, sizin hədsiz çox sevdiyiniz Viktor Hüqonun «Bəs haradadır səadət?» adlı gözəl bir şeri var. O şeirdən aydın olur ki, sizin ötəri səadətiniz – əslində, müsibətlərin uzun bir sırasıdır; vur-tut uzun bir sırası:
Biz bu yolu kədərlə adladıqca anladıq:
Beşik necə işıqlı!.. Qəbir necə qaranlıq!..
Doğulduq – qarşımızda uzun bir yol, tükənməz!
Böyüdük – nə yazıq ki, uşaqlıq geri dönməz.
Qocalıqda yanırıq gəncliyin ötdüyünə,
Öləndə də – həyatın ömürlük bitdiyinə!..
Bəs hardadır səadət, harda? – sordum əlbəəl.
– Onu sənə bəxş edən Tanrı idi, ay əfəl!
***
Xoşbəxtlik zahiri hadisələrdə deyil; xoşbəxtlik – onun toxunduğu adamların ürəyindədir. Xoşbəxtliyə mənim inandığım kimi inanmaq – onu həqiqi etmək deməkdir, çünki xoşbəxtlik – ona inamdadır.
***
Xoşbəxtlik və yalan bir yerdə, yan-yana mövcud ola bilməz, çünki səadət yalan kimi tanındığı gün səadət olmaqdan qalır.
***
ifrat dərəcədə kədərli romanlardan qorunun və bu gözəl yay fəslindən ləzzət alın.
***
Tərbiyəni həzz və məmnunluqların cərgəsinə qoşmağa cəhd göstərməyin.
***
Uşağı tərbiyə etmək – onun ağlını və xasiyyətini yüksəltmək, deməli, onu mənəvi ucalığa aparmaqdır.
***
Amur məzuniyyət vaxtını gözləyərkən
***
Üstəlik də, tənhalıq qeyri-təbii vəziyyətdir və burada darıxdırıcılıq aradüzəldən rolunda çıxış edir.
***
Sevgidə ilk qəzanın dəyəri pulla ölçülmür – onun dəyəri xoşbəxtlikdir.
***
Bütün sevgi məktubları onların ünvanlandığı kişilərin və qadınların gözündə gözəldir. Sevgi məktublarının üslubu – sevdiyin həmin adamdır
***
Onlar üçün ata o adamdır ki, ona həmişə arxayın ola bilərsən; ana – daim mərhəmətli və sadiq məsləhətçidir. Amma valideynlərin qayğı yükünü yüngülləşdirmək barədə ciddi düşünən çoxmu uşaq var?
***
Başqasını onun özündən ötrü sevmək – ondan nə aldığın barədə yox, ona nə verdiyin barədə düşünməkdir.
***
Bizim öz istəklərimiz, öz arzularımız var və aydın olanda ki, bəs biz istəyən şeylər bizi sevənlərin arzularıyla çəp gəlir, onda öz vicdanımızı satmağa başlayırıq.
***
Başqaları üzərində ağalıq etməyə can atan adam həyatın adi sevinclərindən imtina etməyi bacarmalıdır. Rəhbər, ona nə qədər çətin də olsa, asketliyə, tərki-dünyalığa ehtiyac duyur. Adamlar onların maraq və əyləncələrini bölüşəni xoşlayır, amma beləsinə nadir halda hörmət qoyurlar.
***
Sevgi ilə seçilmiş hədiyyəni – hədiyyə verənin onu məhz kiminçün seçdiyinə, seçimin təkrarsızlığına və necə təqdim olunmasına əsasən – digər hədiyyələrin arasında çox asanlıqla tanıyırsan. Bax elə buna görə də bütün mümkün simvol və alleqoriyalar bayram günlərində öz daimi əhəmiyyətlərini qoruyub saxlayır. Bir çox ətirlərə müəyyən xatirələrlə, yaxud təsirli ümidlərlə bağlı məhz ona görə bu qədər ifadəli adlar qoyulur ki, onları hədiyyə edərkən birbaşa deyilməsi mümkün olmayan arzuları ifadə etmək mümkün olsun.
***
Hədiyyələri hədiyyə veriləcək adamdan ötrü seçmək lazımdır, onu təqdim edəcək adamdan ötrü yox.
***
Qız uşaqları üçün – kukla və mətbəx ləvazimatı; oğlan uşaqları üçün – müharibə və nəqliyyat vasitələri. Vəssalam, daimi mövzu yalnız budur. Əlbəttə ki, müharibələrin xarakteri dəyişir. Və hindu qəbiləsinin silahı olan ox-yayın əvəzinə, indi vitrinlərdə bombaları avtomatik şəkildə şəhər maketinin ortasına atan bombardmançı oyuncaq dəstinə rast gəlmək mümkündür. Lakin bunu tərəqqi adlandırmaq olmaz. Əvəzində kuklalar – onların bəxtindən – dəyişmir. Bax elə məhz qadın, Alenin dediyi kimi, saxlanması lazım olan şeyi qoruyub saxlayır, təki kişi adam olaraq qalsın. Qoy dünyaya əmin-amanlıq bəxş etməkdə qadın bizə yardımçı olsun. Yeni iliniz mübarək, mənim əzizim. Əlvida.