“Dəniz, dəniz” (ingiliscə “The sea, the sea”) – Ayris Mördokun ən məşhur kitablarından biridir. Niyə? Bəlkə ona görə ki, romanda müəllifin təsirli “qapalılığı” açıq “qloballığa” keçir? Niyə? Bəlkə ona görə ki, yazıçının nəsrinin əsəbiliyi və natamamlığı burada ilk dəfə olaraq öz incə psixologizmini itirmədən stilistik tamlığa çevrilir. Niyə? Bəlkə də, səbəbini özünüz anlayacaqsınız…
Karandaşın izi ilə
Xoşbəxt həyatın sirrlərindən biri kiçik şeylərdən müntəzəm olaraq həzz almaqdır və daha yaxşı olar ki, bunu minimal pul və vaxt sərfi ilə əldə etmək mümkün olsun.
***
İt olan yerdə niyə özün hürəsən ki?
***
Xoşbəxtlikdən arıqlama vasitəsi kimi reklam olunan xırtxırtlı skandinaviya peçenyelərinin bütün növlərini çox xoşlayıram. (Əlbəttə ki, onlardan arıqlamırlar. Kimin alnına kökəlmək yazılıbsa, o, istənilən yeməkdən kökələcək. Mənimçün isə bu heç vaxt problem olmayıb)
***
Əgər sənə bir insanın daima yanında olması lazımdırsa, sevgi elə bu deməkdir.
***
Diqqətlə baxıldıqda hisslər ya insanın lap dərinliyində, ya da səthindədir. Orta səviyyədə hissləri ancaq oynayırlar. Ona görə də, bütün dünya səhnədir, buna görə teatr öz şöhrətini itirmir, məhz elə buna görə teatr var, buna görə həyata bənzəyir.Eyni zamanda bütün incəsənət növlərindən ən bayağısı və aşkar şərti olmasına rəğmən həyata bənzəyir.
***
Məni baletin mürəkkəb və mövzudan kənara çıxmayan musiqi dramı heyran edir, amma bax operadan zəhləm gedir. Klement bunu paxıllıqla əlaqələndirirdi. Doğrudan da, Vaqnerə paxıllıq edirdim.
***
Həqiqi böyük istedad olmayanda istehza ilə saflığın sərhədində dayanmaq çətin olur, istehza isə intiqamını absurd vasitəsilə alır.
***
Belə ki, məsələn, həyat gülməlidir, hərdən qorxuncdur, amma faciəvi deyil: faciə artıq teatrın hiyləgər uydurmasıdır. Sözsüz ki, əksər hallarda teatr çox vaxt orta səviyyəli işlərin kobud şəkildə hazırlanmasıdır, oxumağa gəldikdə isə (tək rejissor qeydləri üçün yox) ancaq böyük şairlərin pyeslərini oxumaq olar.
***
Biz maskalar taxırıq. İdeal halda maska üzə güclə toxunur.
***
Peleqrinin bir vaxtlar dediyi kimi, gözəl qadınlar çox az şey görürlər, çünki şöhrətpərəstlikdən eynək taxmırlar.
***
Sənə olan sevgim hansısa tükənməz indiki zamanda yaşayır, zaman, demək olar ki, onunla ölçülür. Bu boş sözlər deyil. Bu cür məhəbbət ümidsizlik, hüzur, itaət, yeknəsəkliyə uyğundur.
***
Hə, həlledici yoxlama – birisinin yanında olması səninçün nə qədər önəmlidir. Bu dəqiq ölçüdür, bu ehtiras və ya heyranlıq yaxud “sevgi”dən daha vacibdir.
***
Bir sözlə elə bir rayonda yaşayırdıq ki, orada tənhalıqla başqalarının nəzərlərindən qaçmağın mümkünsüzlüyü bir-birinə qarışmışdı.
***
Və düşünmə ki, məndən gizlənə bilərsən, mən sənin kölgənəm.
***
İrlandiyaya təkcə bir irlandın nifrət edə biləcəyi qədər nifrət edirdi.
***
La jalousie naît avec l’amour, mais ne meurt pas toujours avec lui.
Qısqanclıq məhəbbətlə birgə yaranır, lakin heç də həmişə onunla birlikdə ölmür.
***
O, həm başlanğıcımdır, həm sonumdur, alfa və omeqamdır.
***
Yalnız bir dəfə sevirlər, birinci dəfə.
***
Biz bir-birimizi sevirdik, bir-birimizdə və bir-birimizlə yaşayırdıq. Bir-birimiz idik.
***
Ah əzizim, səni necə də aydın görürəm. Məhz görürəm, təsəvvür etmirəm. Mağaradakı işıq atəş deyil, gün işığıdır. Bəlkə bu həyatdakı yeganə işıqdır, həqiqəti aydınladan işıq. Təəccüblü deyil ki, onu itirməkdən və həmişəlik zülmətdə qalmaqdan qorxurdum.
***
Bütün güclü hisslərdən qısqanclıq, yəqin ki, ən idarə olunmazıdır. O, ağlı başdan alır, təfəkkürdən dərində dayanır. Həmişə səninlədir və gözlərdəki qara ləkə kimi bütün dünyanı rəngsizləşdirir.
***
Hər kəsin həyatında o qədər fərqli “kaş ki”ləri var ki.
***
İnsanları necə asanlıqla qorxutmaq, çaşdırmaq, gözümçıxdıya salmaq olar ki, onlar artıq qorxudan özlərini unutsunlar və həyat eşqləri yox olsun. Diktatorlar əbəs yerə xoşbəxt yaşamırlar.
***
– Özünü belə bağlamırlar və mən də bağlı deyiləm. Bu vəd deyildi, sadəcə sözlər idi.
– Sözlərin özü elə vəddir.
***
Onun fonu bütün dünya idi.
***
Puşkinin polyaklar haqqında dediyi kimi, onların tarixi başdan-ayağa fəlakətdir. Lakin polyaklar həmişə faciəvi əzab çəkiblər, yəhudilər ağılla, hətta fərasətlə əziyyət çəkib, irlandlar isə axmaqcasına, bataqlıqda böyürən inək kimi əzab çəkirlər.
***
Hadisələrin baş verdiyi yer elədir ki, təsvir yox sadalanmaq istəyir.
***
– Sevgi bu cür kateqoriyalarla düşünmür. Qoy lap sevgi yarasa kimi kor olsun.
– Yarasaların radiolokatorları var. Səninki isə, görünür, xarab olub.
***
O, yenə sənə dəli kimi aşiq olub, bu retsidivdir, ondan qorxurdum. Və simptomlarından biri mənə nifrət etməsidir.
***
– Səni dinləsək, bura həbsxanadır.
– İnsanlar elə həbsxanada yaşayırlar.
– Yalnız oradan çıxa bilməyəndə.
– Yalnız deyil, həmişə deyil.
***
Özünü zorla məcbur edə bilməzsən. Sən mənim kimi, bizim kimi özünə bənzəməyən adamları başa düşə bilməzsən. Sən havada uçan quş, suda üzən balıq kimisən. Hərəkət edirsən, ora-bura baxırsan, ürəyin gah bir şey istəyir, gah başqa şey. Başqaları isə yer üzündə yaşayır, çətinliklə yeriyir və baxmırlar.
***
Axı nəticədə qorxu vərdişdir.
***
– Biz sadəcə qonaqlıqda təsadüfən tanış olmuşduq.
– Buradan nəticə çıxır – qonaqlıq verməmək.
***
Ölüm və itkinin dəhşətindən qorunmaq üçün necə bütün vasitələrə, bütün dəlillərə əl atırıq, sanki tale özü bizə zərbə vura-vura ona haqq qazandırmağımızı istəyir.
***
Beləcə bəzi adamlar özlərinin də xəbəri olmadan başqalarının həyatında illərlə işıq mənbəyi ola bilərlər, bu zaman isə onların öz həyatları başqa, gözlərdən uzaq yollarla davam edir. Və eynilə insan güclə xatırladığı, hətta, bəlkə də şəxsən tanış olmadığı biri üçün iblisə, xərçəng şişinə çevrilə bilər.
***
– Ümid edirəm, Fritsi Peleqrin üçün “Odissey”də rol tapacaq – dedim – o, qoca iti oynaya bilərdi.
***
– Həmişə istəmişəm ki, mənim uğrumda mübarizə aparsın.
– Troyalı Yelena kompleksi. Elə də nadir şey deyil.
***
İnsanlar haqqında mülahizələr heç vaxt sonlu olmur, onlar dərhal yenidən baxılması tələb olunan analizlərin nəticələrindən əmələ gəlir. İncəsənətin bütün təsəlli tipli iddialarına baxmayaraq, insanların baxışları sadəcə həlsiz qalan sonluqlar və dumanlı hesablamalardır.
***
Heç bir ölüm digərinə bənzəmir, lakin hər biri bizi eyni dünyaya aparır, çox az-az ayaq basdığımız dünyaya və orada bizə bu qədər uzun müddət arxasınca qaçdıqlarımızın və tezliklə qaçacaqlarımızın vecsizliyi aydın olur.
***
Ömür boyu komediya oynayan insanlar var. Ancaq ölüm artıq komediya deyil, ona qalsa heç faciə də deyil.
***
Onun olduğu yerə qatarlar getmirdi.
***
Hətta həqiqətən qarşısında baş əydiklərinizi də hərdən gizlicə alçatmağımız gəlir, bizim Tobi ilə birlikdə Ceymsi alçatmaqımız da buradan irəli gəlir – sadəcə qiymətli “mən”lərimizin güclü iştahasını razı salmaq üçün.
***
Lakin, ağrı, əlbəttə ki, keçmirdi və keçməyəcək. Bizim davranışımız şərti reflekslərə tabedir, zəng çalınır və ağzımızdan su axır.
***
Belə çıxır, hər halda, müqəddəslik yoluna dönmüşəm?
***
Həyat yollarımız ayrılıb və bunun taqsırı inam, cəsarət, nəciblik çatışmamazlığı, yersiz heysiyyət və ingilis ünsiyyətsizliyidir.
***
Özünü dəyişdirmək mümkündürmü? Çətin ki. Bu dəyişikliklər ən yaxşı halda millimetrin milyonda biri ilə ölçülür.
Tərcümə: Sevinc Məmmədova