“Rüsvayçılıq” (ingiliscə “Disgrace”) – müəllifin ikinci dəfə Buker mükafatına layiq görülməsinə səbəb olan bu romanın baş qəhrəmanı Devid Luri azadlığa doğru uzun bir yol gedir. O öz təbiətinin qəribəlikləri, bütün intellektuallara xas olan yaradıcılığa meyilliliyi ilə mübarizə aparmalı olur. Bu işdə Devidə qızı Lüsi kömək edir. O, öz rüsvayçılığını rasional düşüncə ilə dərk etməyə, bu və ya digər fikirlə əlaqələndirməyə çalışırsa, qızı ona, sadəcə, bu hadisə ilə barışıb yaşamağı öyrədir.
İrqi ayrıseçkilik siyasəti ilə vidalaşan Cənubi Afrikanın müasir həyatı Kutzeenin “Rüsvayçılıq” romanında bədii əksini tapmışdır. Yazıçı bu əsərində müstəmləkə rejimi şəraitindəki ölkələrdə хalqın maaarifləndirilməsi, milli mənəvi dəyərlərin yaşadılması baхımından ziyalının, müəllimin, universitet professorunun üzərinə nə qədər böyük və ciddi vəzifələr düşdüyünü açıqlamağa çalışmışdı.
Karandaşın izi ilə
İnsanın bir skeletini, bir də xasiyyətini dəyişdirmək müşkül məsələdir.
***
“Öz təbiətinə tabe ol” – o, bu fikrə fəlsəfə demək istəmir. “Fəlsəfə” həddən artıq böyük sözdür. Bu, sadəcə, qaydadır, müqəddəs Benediktin qaydaları kimi.
***
O, öz gəlirinin, xasiyyətinin, emosional imkanlarının dar çərçivəsində yaşayır.
***
Ölməyincə heç kimə xoşbəxt demə.
***
Nitq, əslində, nəğmələrdən yaranıb. Nəğmələr isə hədsiz dərəcədə geniş və boş insan ruhunu səslərlə doldurmaq ehtiyacından yaranıb.
***
Diqqəti qocaların əsl işinə – ölümə hazırlığa yönəltmək olar.
***
Şərab və musiqi: qadın və kişinin yerinə yetirməli olduğu ritual. Bu rituallarda pis heç nə yoxdur. Onlar naqolay vəziyyətləri yüngülləşdirmək üçün kəşf ediliblər.
***
Amma təcrübəmdən bilirəm ki, poeziya ya ilk dəfədən insana zövq verir, ya da, ümumiyyətlə, heç nə demir. İldırım çaxması kimi. Aşiq olmaq kimi.
***
Rolların dəyişdirilməsi: burjua komediyalarının əsas mövzusu.
***
Dərhal keçmişə çevrilən indiki zaman.
***
Səmimiyyət qığılcımı yoxdursa, deməli, heç nə yoxdur.
***
Olub-qalan qüvvələri ilə şirin duyğular aləmindən yapışdıqlarına görə onları qınamaq olarmı?
***
– Gəlin əvvəl aydınlaşdıraq, – vəkil deyir. – İttihamlar nə dərəcədə doğrudur?
– Kifayət qədər. Qızla münasibətim olub.
– Ciddi münasibət?
– Ciddi, qeyri-ciddi. Nə fərqi var? Müəyyən yaşdan sonra eynilə ürək tutmaları kimi bütün eşq macəraları ciddi olur.
***
Mən bu xoşməramlı xorda qadın səsi eşitmirəm.
***
Çıxış yolun yoxdursa, filosofluq elə.
***
Uşaqlar üçün valideyninin bədəninin çirkinliklərinə şahid olmaqdan daha xoşagəlməz mənzərə yoxdur.
***
Tarix təkrarlansa da, indi daha təvazökar görünür. Olsun ki, tarix də öz dərsini alıb.
***
– Məsələ təkcə bunda deyil. İnsan istəyir ki, özündən sonra bir iz qalsın. Hər halda, kişilər istəyir. Qadın üçün bu daha asandır.
– Niyə qadın üçün daha asandır?
– Yəni onlar üçün özlərindən bir parça daşıyan nəsə yaratmaq asandır.
– Bəs atalıq?
– Atalıq… Məncə, analıqla müqayisədə atalıq kifayət qədər abstrakt bir anlayışdır.
***
Sevgi sərhədlərindən uzaqlaşmış hər kəs kimi o da özünə diqqət yetirməyəcək.
***
Puritanlıq dövründə yaşayırıq. Şəxsi həyat ictimaiyyətin malına çevrilib. Hər kəsin həyatı ilə maraqlanmaq azarı və sentimentallıq isə hörmətəlayiq məziyyətlərə çevrilib.
***
Əxlaqsızlıqda günahkar olduğunu etiraf edib özünə qarşı mərhəmət gözləmək mənasızdır. Hər halda, müəyyən yaş həddinə çatdıqdan sonra bu mümkün deyil. Bu yaşdan sonra insan məlahətini itirir.
***
Boğulmuş arzular qocalarda olduğu qədər, cavanlarda da çirkin görünə bilər.
***
– Yaxınlıq etdiyim hər bir qadın mənə özüm haqqında yeni nəsə öyrədib. Bu baxımdan onlar məni daha yaxşı bir insana çeviriblər.
– Ümid edirəm ki, əksinə də iddialı deyilsən. Yəqin, deməzsən ki, səni tanımaq qadınları daha yaxşı insanlara çevirib.
***
Mən yaşayıram, mən yaşayırdım, mən yaşadım.
***
Devidin beyni getməyə başqa yeri olmayan avara, möhtac, əski fikirlər üçün sığınacağa çevrilib.
***
Məncə, heyvanların müdafiəçiləri xristianların ayrıca bir növünü təşkil edilər. Hamısı o qədər gümrah, o qədər xeyirxahdırlar ki, müəyyən bir müddət sonra insan kimisə zorlamaq, soyub talan etmək, ya da hansısa pişiyə təpik vurmaq istəyir.
***
Bəli, heyvanlara qarşı mərhəmətli olmalıyıq. Lakin, gəlin, həddi aşmayaq. Biz heyvan deyilik, biz onlardan fərqli varlıqlarıq. Üstün yox, sadəcə fərqli. Odur ki, əgər heyvanlara mərhəmətlə yanaşırıqsa, bunun yeganə səbəbi günah hissi, yaxud cəzalandırılmaq qorxusu yox, bizim alicənablığımız olmalıdır.
***
– Bağışla məni, Lüsi.
– Bağışlayım? Nəyə görə? – o, istehza ilə gülümsəyir.
Çünki mən səni dünyaya gətirən iki fani insandan biriyəm və sənə heç də yaxşı bələdçi ola bilməmişəm.
***
– Sağ olun, mister Luri. Lap vaxtında gəldiniz. Hiss edirəm ki, heyvanları sevirsiniz.
– Heyvanları sevirəmmi? Sevməkdən çox, mən onlarla qidalanıram. Deməli, heç olmasa, bəzi növlərini sevirəm.
***
Yola salanımız yoxdursa, heç birimiz ölməyə hazır deyilik.
***
Tualetə təzə rulon qoymaq, işıqları söndürmək, pişiyi divandan qovmaq olmaz.
***
Düz demirsən. Hətta dediyin kimi, mənəvi dinozavr da olsan, axı dinozavrın danışıqlarını eşitmək maraqlıdır; məsələn, mənə maraqlıdır. Eşitmək istəyirəm.
***
– Nə qədər ki günah keçisi səhrada gəzir, həmkarların rahat nəfəs ala bilərlər.
– Bilmirəm “günah keçisi” demək düzdürmü? – o, ehtiyatla cavab verir. – Günah keçiləri inancın qüdrəti ilə əməli fayda gətirirdilər. Şəhərin bütün günahlarını belinə yükləyib keçini səhraya göndərirdilər, vəssalam, şəhər təmizlənirdi. Bunun xeyri olurdu, çünki Tanrılar daxil olmaqla hamı bu ritualın mənasını bilirdi. Sonra tanrılar öldülər və məlum oldu ki, şəhərin yuxarılardan kömək almadan təmizləmək, rəmzləri həqiqi əməllərlə əvəz etmək lazım gələcək. Romada “senzura” sözü yarandı. Hər kəsin bir-birinə nəzarəti şüara çevrildi.
***
İnsanların sayı həddindən artıq çoxdur, əşyalarsa həddindən azdır. İnsanların sahib olduqları mütləq dövr eləməlidir ki, hər kəsin, heç olmasa, bir gün xoşbəxt olmaq imkanı olsun. Nə insan qəlbində kök salmış pislik, nə mərhəmət, nə də faciə ilə heç bir əlaqəsi olmayan dövretmə sistemi. Bu ölkədəki həyata belə baxmaq lazımdır. Yoxsa dəli olarsan. Maşınlar, ayaqqabılar və qadınlar. Sistemdə başlarına gətirilənlərə görə qadınlar üçün bir daldanacaq yeri olmalıdır.
***
Müasir ingilis sözü “friend” – “dost” qədim “freon”, yəni “sevmək” felindən əmələ gəlib.
***
Ruha inanmayan insanların da ruhu ola bilərmi?
***
Qadınlar qadın icmalarında yaşayıb yalnız öz istədikləri vaxt kişiləri qəbul etsəydilər daha xoşbəxt olmazdılarmı?
***
Qoca olmaq – başdan-ayağanacan yorğun, ümidsiz, arzusuz, gələcəyə laqeyd olmaqdır.
***
Şam yeməyi ritualdır. Rituallar isə həyatı yüngülləşdirir.
***
Lüsi, intiqam yanğın kimidir. Nə qədər yandırırsa, aclığı bir o qədər artır.
***
Devid bir gün Petrasın rəvayətlərinə qulaq asmaq istərdi. Amma ingilis dilində yox. O getdikcə daha çox inanır ki, Cənubi Afrikada ingilis dili ilə bütün həqiqəti çatdırmaq mümkün deyil. İngilis dilinin lap çoxdan bərkiyib daşlaşmış cümlələri bir vaxtkı aydınlığını itirib. Can verən və palçıqda boğulub qalan dinozavrlar kimi ingilis dili də daşlaşıb. Petrasın rəvayətləri ingilis dilinin qəlibinə salınıb çıxdıqdan sonra podaqralı qocalara bənzəyəcək.
***
Kənd həyatı həmişə belə olub. Qonşu həmişə qonşusunun tarlasına ziyanvericilərin daraşmasını, məhsulunun qıt olmasını, özünə isə müflislik arzulayır.
***
Hansı qoyun qocalıqdan ölür? Qoyunların həyatı özlərinə məxsus deyil. Onlar sonuncu zərrələrinə qədər istifadə edilmək üçündür. Ətləri yeyilir, sümükləri üyüdülüb ev quşlarına yedirilir. Heç kimin yemək istəməyəcəyi öd kisəsini saymasaq, heç nə istifadəsiz qalmır. Dekart gərək bu haqda düşünərdi: “Öd kisəsinin qaranlığında gizlənmiş ruh”.
***
– İki qurbanlıq qoyunu gətirib ki, onları yeməyə hazırlaşan insanlarla tanış olsunlar!
– Bəs sən nə gözləyirdin? Qoyunları sallaqxanada kəssinlər ki, sən onlar haqqında düşünmək məcburiyyətində qalmayasan?
– Hə.
– Oyan, Devid. Bura bizim ölkəmizdir. Bura Afrikadır.
***
Bir ay. Üç ay. Ya da daha çox. Elm hələ insanın nə qədər gözləməli olduğuna məhdudiyyət qoymayıb. Bəlkə də, daima.
***
Kəndin şəhəri qınamağa haqqı olduğu qədər, şəhərin də kəndi qınamağa haqqı var.
***
Yalnız təkhecalı sözlərə etibar etmək olar, onların da yalnız bir qisminə.
***
Biz ədalətin sığorta şirkəti tərəfindən bərpa edilməsinə yol verə bilmərik.
***
Valideynlər və uşaqlar birgə yaşamaq üçün yaranmayıblar.
***
– Siz, yəqin ki, başqa növ həyata öyrəşmisiniz.
– Başqa növ? Heç bilməzdim ki, həyat da növlərə ayrılır.
***
Devid ilk böyük günündən sonra güzgünün qarşısında dayanmış Emma Bovarini xatırlayır: “Mənim məşuqum var! Məşuqum var!” – Emma dayanmadan oxuyurdu.
***
Kaş izah edə biləydim. Amma izah eləyə bilmirəm. Sən sən, mən də mən olduğum üçün izah eləyə bilmirəm.
***
– Nifrət… Devid, söhbət kişilərdən və seksdən gedəndə məni nə iləsə təəccübləndirmək daha mümkün deyil. Bəlkə də, kişi qadına nifrət elədiyi üçün daha çox ehtirasa gəlir. Sən kişisən, sən bilərsən. Sən yad bir qadına sahib olanda, onu tutub əlindən çıxmağa qoymayanda, bütün ağırlığını qadının üstünə salanda bu, bir az da adam öldürməyə bənzəmirmi? Bıçağı batırıb qurbanı qan içində qoyub getməyə bənzəmirmi? Bu, cinayət işləyib, cəzasız qalmaq kimi deyilmi?
***
Sınmamaq şərti ilə hərdən düşmək bizim üçün faydalıdır.
***
İnsan müəyyən yaşa çatdıqdan sonra baş verənlərdən dərs çıxarmaq qabiliyyətini itirir və bir-birinin ardınca cəzalara dözməkdən başqa əlacı qalmır.
***
Altı ay əvvəl düşündüyünün əksinə, onun səsinə erotika, yaxud elegiya yox, komediya cavab verir.
***
– Özünü aldatmağı həmişə yaxşı bacarmısan, Devid. Həm özünü, həm başqalarını. Bəlkə, nəhayət, sadəcə, şalvarın aşağı çəkilmiş vəziyyətdə yaxalandığını başa düşəsən?
***
Bu ölkə qocalar üçün deyil.
***
Heyifsilənmə – hər şey həmişə bu notda bitir.
***
Mövcudluğun bu vaxta qədər çoxdan öyrəşməli olduğu zərbələri.
***
Bəsdir. Özünü elə aparırsan, elə bil, mənim bütüm hərəkətlərim səndən bəhs edən bir hekayənin hissəsidir. Sən baş qəhrəman, mənsə pyesin yarısı oynanıldıqdan sonra ortaya çıxan ikinci dərəcəli personajam. Başa düş, sənin özün haqqında hansı fikirdə olduğundan asılı olmayaraq, insanlar əsas və ikinci dərəcəli aktyorlara bölünmürlər. Mən ikinci dərəcəli deyiləm.
***
– Rüsvayçılıqdır,- nəhayət, o dillənir. – O cür ümidlər bəsləyəsən, axırı da belə ola.
– Hə, razıyam, rüsvayçılıqdır. Amma bəlkə də, bu, yaxşı başlanğıc nöqtəsidir. Bəlkə də, mən vəziyyətimlə barışmağı, sıfırdan, heç nədən başlamağı öyrənməliyəm. Yox, heç nədən yox. Heç nəsiz. Kartsız, silahsız, mülkiyyətsiz, heysiyyətsiz.
– İt kimi.
– Hə, it kimi.
***
“Dərsini ver. Yerini göstər”. Deməli, amansızlıq belə olurmuş!
***
Qəzəbə təslim olmuş ruhlar bir-biri ilə didişirlər. Günaha layiq cəza.
***
Heç vaxt səhnəyə qoyulmayacaq bir əsərdə nəyə desən icazə yoxdurmu?
***
Beləliklə, bir vaxtlar anasının bətnində kiçik bir çömçəquruq olan Lüsi indi ondan dəfələrlə möhkəm təbiətli qadındır. Əgər bəxti gətirsə, ondan çox, dəfələrlə çox yaşayacaq. Əgər bəxti gətirsə, o öləndə qızı hələ də burada güllərin arasında həmişəki işləri ilə məşğul olacaq. Ondan yeni bir varlıq dünyaya gələcək. Bəxti gətirsə,o da anası kimi güclü, uzunömürlü olacaq. Və bu minvalla davam edəcək həyat zəncirində onun payı, onun xidmətləri getdikcə kiçilib heçə çevriləcək.
***
Qocalara xas məziyyətlərdən – təmkinlilikdən, xeyirxahlıqdan, səbirdən məhrumdur.
***
İnsan vəziyyətin get-gedə ağırlaşmasına vərdiş edir. Onsuz da, çox ağır olanın daha da ağırlaşa bilməsi insanı təəccübləndirmir.
Tərcümə: Ülkər Nəsibbəyli